Səfirlik bəyanatına Putinin KTMT Assambleyasındakı çıxışına istinadla başlayır və orada Rusiya prezidentinin keçmiş Sovet İttifaqında bioloji təhlükəsizliyin vacibliyi haqqında sözləri qeyd olunur. Daha sonra səfirliyin bəyanatında Ermənistan və Rusiya arasında biotəhlükəsizlik sahəsində əməkdaşlığa dair 2021-ci ilin mayında imzalanmış əməkdaşlıq memorandumuna istinad edilir və memorandum çərçivəsində Ermənistan və Rusiyanın kifayət qədər səmərəli əməkdaşlıq etdiyi qeyd edilir.
Daha sonra bəyanatda Amerika laboratoriyaları haqqında danışılır. Bəyanatda deyilir ki, Rusiya tərəfinin Ermənistanın ABŞ və onun müttəfiqləri ilə bioloji sahədə əməkdaşlığı barədə əldə etdiyi məlumatlarla bağlı sualları var. Lakin Rusiya səfirliyi söhbətin hansı məlumatdan getdiyini, məlumatın haradan gəldiyini, hansı sualların olduğunu açıqlamır.
“ABŞ və müttəfiqləri Ermənistanda, Rusiya sərhədi yaxınlığında nə etdiklərini izah etmirlər”, - deyə bəyanatda bildirilir.
Bəyanat kifayət qədər hədələyici tonla bitir: “Əlbəttə, biz bu amili Rusiyanın bioloji təhlükəsizliyi kontekstində nəzərə alırıq”.
Rusiya səfirliyinin “Facebook” səhifəsində yerləşdirilən bəyanat xəbərdarlıq tonundadır. Ermənistanda ABŞ tərəfindən maliyyələşdirilən biolaboratoriyalarla bağlı məsələ yenidən gündəmə gətirilir. İrəvan 2016-cı ildən fəaliyyət göstərən bu laboratoriyaların ABŞ-ın maliyyəsi ilə yaradıldığını dəfələrlə bəyan edib və qeyd edib ki, bunlar Ermənistana məxsus strukturlardır və onları Ermənistan idarə edir. Bununla belə, Rusiyanın Ukraynadakı analoji laboratoriyaları qiymətləndirməsini nəzərə alsaq, bu məsələnin Ermənistana da ciddi təsir göstərəcəyini anlayarıq.
Asif Cəfərov
Ordu.az