Kəlbəcərdəki təxribatların intensivləşməsi nəyə ünvanlanıb? – BAXIŞ BUCAĞI

2019/01/6456-1548761496.jpg
Oxunub: 1499     16:16     19 May 2022    
Müdafiə Nazirliyinin məlumatına görə, mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənistan tərəfi son bir neçə həftə ərzində dəfələrlə Kəlbəcər istiqamətində təxribatlar törədir. Adətən Ermənistan silahlı qüvvələri daha ciddi təxribatlarına zəmin yaratmaq üçün bu formada insidentlər törədir. Bu insidentlər nə ilə əlaqəlidir? Görünür, Ermənistan danışıqlar prosesindən narazıdır və öz narazılığını bu formada diqqətə çatdırır.

Prezident İlham Əliyev litvalı həmkarı ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib ki, Ermənistan hökumətinin çox qəribə addımları yaranan müəyyən etimadı pozur. Məlumata görə, Ermənistan tərəfi sərhədin demarkasiyası ilə bağlı planlaşdırılan görüşdə iştirak etməkdən imtina edib. Bu görüş Avropa İttifaqının vasitəçiliyi ilə təşkil olunmuşdu.

“Sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur”, - deyə dövlət başçısı bildirib.

Eyni zamanda Paşinyan daxili siyasətdə çəyin vəziyyətdədir. Kütləvi mitinqlərdə 200-dən artıq şəxs həbs olunub. Bir sıra Qərb təşkilatları və rəsmiləri hökumətin sərt gücdən istifadə etməsini tənqid edib. Bu baxımdan, Kəlbəcərdəki təxribatların bu və ya digər formada Ermənistanın daxili siyasi həyatı ilə əlaqəsi ola bilər.

İrəvan psixoloji meydanda, aktiv diplomatik mərhələdə oynamağa, Azərbaycanı gərgin vəziyyətdə saxlamağa çalışır. Bu, təxribat riskini və ya ehtimalını istisna etmir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəlbəcər   Təxribat  


Bizi "telegram"da izləyin