Erməni ekspert: “Onilliklərin işi iflasa uğradı, İran 2004-cü ilin razılaşmasını ləğv etdi”

2022/05/timth-1652438214.jpg
Oxunub: 713     13:51     14 May 2022    
“Tehranın 2004-cü ildə Ermənistanla imzaladığı müqaviləni bu yaxınlarda ləğv etməsi və İrana daxil olan erməni nömrəli avtomobillərdən 120 dollar almaq qərarı Ermənistan-İran münasibətlərinin dərinləşməsinə yönəlmiş, onilliklər ərzində aparılan işin 2018-ci ilin məxməri “vakxanaliya”sından sonra iflasa uğradığının növbəti sübutudur”.

Ordu.az xəbər verir ki, bu barədə enerji təhlükəsizliyi üzrə erməni ekspert Vahe Davtyan “Telegram” kanalında yazıb.

“Bu işin bəzi əsas nəticələri bunlardır: 2005-ci ildə İranın maliyyə dəstəyi ilə Ermənistanda Cənubi Qafqazda ilk külək elektrik stansiyası (Puşkin aşırımı, Lori) istifadəyə verilib. Mehri-Şvanidzor-Tsav-Daravan avtomobil yolu 2005-ci ildə tikilib istifadəyə verilib. İran-Ermənistan qaz kəmərinin birinci hissəsi 2007-ci ildə istifadəyə verilib. 2008-ci ildə “qaz enerjisi müqabilində” mübadilə sövdələşməsinin imzalanması ilə qaz kəmərinin ikinci hissəsinin tikintisi başa çatdırılıb. 2007-ci ildə İrəvanla Tehran arasında Ermənistan üçün daha əlverişli şərtlərlə Mehri SES-in tikintisinə dair saziş imzalanıb. 2015-ci ildə Şimal-Cənub Beynəlxalq Elektrik Dəhlizi layihəsinə başlanılıb, onun əsas hissəsi olan İran-Ermənistan 3-cü xəttinin tikintisi hələ də iflic vəziyyətdədir. 2017-ci ildə Mehri Azad İqtisadi Zonasının yaradılmasına başlanılıb, 2018-ci ildən sonra bu, dövlətlərarası gündəmdən çıxarılıb. Yuxarıda göstərilən nəticələrin hər biri göstərir ki, Ermənistan 2018-ci ilə qədər özünün aydın maraqları və böyük strateji potensialı olan güclü regional amil olub. Çoxəsrlik Ermənistan-İran sivilizasiya əlaqələrini nəzərə alaraq, mən əminəm ki, formalaşmaqda olan dünya düzənində Qafqaz-Xəzər regionunda Tehran və İrəvan arasında strateji dialoqdan çox şey asılı olacaq. Təbii ki, özümüzü bir millət kimi təzahür etdirsək. Bunun üçün isə nə lazım olduğunu hamınız bilirsiniz”, - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin