Rusiya karvanlarını dayandıran PUA-lar| “Aerorozvidka” hava kəşfiyyat bölməsi hər kəsə nümunədir

2022/05/1652426164.jpg
Oxunub: 10972     14:52     13 May 2022    
Ukraynaya hücumundan bir həftə sonra Rusiya şimaldan Kiyevə böyük hücum təşkil etmək üçün onlarla kilometr uzunluğunda zirehli texnikalardan ibarət karvan topladı. Lakin zirehli texnika və yük maşınlarından ibarət karvan bir neçə gün ərzində dayandı və hücum uğursuzluqla nəticələndi. Bunun əsas səbəbi PUA operatorlarının fəaliyyəti və 30 nəfərlik Ukrayna xüsusi təyinatlıları tərəfindən kvadromotosikllarda həyata keçirilən bir sıra gecə pusqularıdır.

PUA operatorları səkkiz il əvvəl könüllü İT mütəxəssisləri və öz maşınlarını dizayn edən hobbilər qrupu kimi başlayan və Ukraynanın uğurlu müqavimətində mühüm elementə çevrilən “Aerorozvidka” hava kəşfiyyat bölməsindən götürülüb.

Bununla belə, Ukraynanın qərb tərəfdarları minlərlə tank və zenit raketləri və digər hərbi texnika tədarük etdiyi halda, “Aerorozvidka” kraudfandinqə və şəxsi əlaqələr şəbəkəsinə müraciət etmək məcburiyyətində qalıb.

Bölmənin komandiri polkovnik-leytenant Yaroslav Honçar İvankiv şəhəri yaxınlığındakı pusqu haqqında məlumat Verdi. O deyir ki, bu hücumlar Rusiyanın geniş, amansız hücumunu dayandırmağa kömək etdi. Onun sözlərinə görə, kvadromotosiklli ukraynalı döyüşçülər gecə vaxtı Çernobıl istiqamətindən cənuba Kiyevə gedən yolun hər iki tərəfində meşədən keçərək irəliləyən Rusiya karvanlarına yaxınlaşa biliblər.

Ukrayna əsgərləri gecəgörmə eynəkləri, snayper tüfəngləri, uzaqdan partladıla bilən minalar, termal görüntüləmə kameraları ilə təchiz olunmuş PUA-lar və 1,5 kq-lıq kiçik bomba atmağa qadir olan PUA-larla təchiz edilib.

“Bu kiçik birlik gecə vaxtı bu karvanın önündəki iki-üç maşını sıradan çıxardı, qalanların onların arxasında ilişib qaldı. Növbəti iki gücədə texnikaların daha çoxu məhv edildi”, - deyə Honçar bildirib.
Ruslar Ukraynanın paytaxtına doğru irəliləməyə çalışmaq üçün karvanı daha kiçik hissələrə ayırdılar, lakin eyni hücum komandası rusların təchizat anbarına hücum edə bildi, bu da rusların irəliləmək qabiliyyətini zəiflətdi.

“Rusiya qüvvələrinin birinci eşalonu istiliksiz, neftsiz, bombasız və qazsız qalıb. Və bütün bunlar 30 nəfərin əməyi sayəsində baş verdi”, - deyə Honçar bildirib.

“Aerorozvidka” bölməsinin rəisi qeyd edir ki, onlar Kiyevin şimal-qərbində yerləşən Qostomel hava limanında Rusiyanın hava-desant hücumunun məğlub edilməsinə kömək edib. Komanda 200-ə yaxın rus paraşütçünün yerini müəyyən etmək, hədəfə almaq və atəşə tutmaq üçün PUA-lardan istifadə edib.

“Bu sistemlər rusların bu aerodromdan hücum üçün istifadə etməsinə maneə yaratdı”, - deyə Honçarın köməkçilərindən biri olan leytenant Taras qeyd edib.

Bu iddiaların bütün təfərrüatlarını müstəqil şəkildə yoxlamaq mümkün deyil, lakin ABŞ müdafiə rəsmiləri Ukraynanın hücumlarının İvankiv ətrafındakı zirehli karvanın dayanmasına kömək etdiyini bildiriblər. Ukraynalılar tərəfindən yayımlanan çoxlu sayda hava görüntüləri PUA-ların müqavimət göstərməsinin vacibliyini vurğulayır.

Bölmə 2014-cü ildə Maydan qiyamının bir hissəsi olmuş və Krımda və Donbas bölgəsində Rusiyanın ilk hücumuna qarşı müqavimətdə öz texniki bacarıqlarından istifadə etmək üçün könüllü olaraq universitet təhsilli gənc ukraynalılar tərəfindən yaradılıb. Onun təsisçisi Volodimir Koçetkov-Sukaç 2015-ci ildə Donbasda döyüş zamanı öldürülən investisiya bankiri idi. Bu bölmənin riskləri çoxdur, ruslar PUA-nın elektron imzasını aşkarlaya və tez bir zamanda minaatanlarla zərbə endirə bilər, ona görə də “Aerorozvidka” komandaları sürətlə qaçmağı bacarmalıdırlar.

Honçar ilk rus hücumundan sonra orduya qayıdan keçmiş hərbi qulluqçu, İT marketinq məsləhətçisidir. Soyadından istifadə etməməyi xahiş edən Taras bölmə üçün vəsait toplamaq üzrə ixtisaslaşmış və yalnız fevral ayında döyüşçü kimi bölməyə qoşulan idarəçi məsləhətçidir.

İlk günlərində bölmə kommersiya müşahidə PUA-larından istifadə edirdi, lakin onun mühəndislər, proqram dizaynerləri və PUA həvəskarlarından ibarət komandası daha sonra öz dizaynlarını inkişaf etdirdi.

Onlar bir sıra PUA-ları, həmçinin bomba və tank əleyhinə qumbaraatanları atmağa qadir olan 1,5 metrlik səkkiz rotorlu iri platformalar düzəltdilər. Onlar “Delta” adlı bir sistem yaratdılar, bu sistem cəbhə xətti boyunca sensorlar şəbəkəsinə arxalanır və rəqəmsal xəritə yaratmağa kömək edir, bu xəritə sayəsində komandirlər rusların hərəkətlərini başa düşürlər. Hazırda bu sistemlər Ukrayna artilleriya bölmələrini real məlumatlarla təmin etmək üçün İlon Mask tərəfindən təchiz edilmiş “Starlink” peyk sistemindən istifadə edir və bu, onlara Rusiya hədəflərini məhv etmətə imkan verir.

Bölmə 2019-cu ildə ovaxtkı Müdafiə naziri tərəfindən ləğv edildi, lakin Rusiyanın hücum təhlükəsi yarandığı üçün keçən ilin oktyabrında tələsik bərpa edildi.

Rusların fəaliyyətlərinin havadan görünüşünü əldə etmək bacarığı Ukraynanın partizan tipli taktikasının uğuru üçün mühüm rol oynayıb. Lakin “Aerorozvidka”nın genişləndirilməsi və itirilmiş avadanlığın dəyişdirilməsi səylərinə PUA-ların və komponentlərin məhdud tədarükü mane oldu və Müdafiə Nazirliyinin tədarükü ilə onların təhlükəsizliyini təmin etmək səyləri qismən silahlı qüvvələrə yeni qoşulduqları üçün çox az nəticə verdi.

Bundan əlavə, ABŞ və Kanadada istehsal edilən bəzi qabaqcıl modemlər və termal görüntü kameraları ixrac nəzarətinə tabedir, buna görə də onlar qlobal dostlar və tərəfdarlar şəbəkəsindən onları “eBay” və ya digər internet saytlarında tapmağı xahiş ediblər.

Taras ilə universitetdə iqtisadiyyat tələbəsi olan Marina Borozna bölmənin ehtiyac duyduğu sistemləri satın almağın yollarını araşdırır və ləvazimatları sərhəddən keçirmək üçün marşrutlar tapır.

“Mən bilirəm ki, onlara döyüşməkdə kömək etmək istəyənlər var, humanitar yardımdan bir az daha çox şey etmək istəyən insanlar var. Əgər bu əzabın səbəbini həll etmək istəyirsinizsə, rus işğalını məğlub etməlisiniz. “Aerorozvidka” böyük fərq yaradır və onların dəstəyimizə ehtiyacı var”, - deyə Borozona bildirib.

Onun partnyoru, Kembricdə molekulyar bioloq olan Klaus Hentrix də Alman ordusunda çağırışçı kimi təcrübəsindən istifadə edərək bu səylərə kömək edir.

“Mən özüm artilleriya kəşfiyyat bölməsində idim, ona görə də “Aerorozvidka”nın böyük təsirini dərhal anladım. Onlar effektiv şəkildə artilleriyaya koordinatlar təmin edir. Əsas hədəf beynəlxalq dəstəyi toplamaqdır”, - deyə o qeyd edib.

Bölmə, həmçinin Ukraynada bombalar, mərmilər və raketlərə paralel olaraq aparılan radioelektron müharibədə Rusiyanın qarşısını almağa çalışır. “Aerorozvidka” rusların öz PUA-larını işə salmaq üçün radioelektron mübarizə avadanlıqlarını söndürməsini gözləyir. Söndürdükdən sonra bu sistemləri aşkar edərək onları məhv edə bilirlər.

Honçar bu texnoloji döyüşləri və “Aerorozvidka”nın döyüş tərzini, qarşılıqlı etimad və qabaqcıl rabitə ilə birləşən kiçik komandaların dəstələrinin daha böyük və daha ağır silahlı düşməni məğlub edə biləcəyini müharibənin gələcəyi kimi təsvir edir.

“Biz arı pətəyi kimiyik. Bir arı heç bir şey deyil, amma min arı böyük bir qüvvəni məğlub edə bilər. Arı kimiyik, amma gecələr işləyirik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin