Super güclü Rusiyanın PUA müharibəsini uduzmasının səbəbləri – ANALİZ

2022/05/1653122060.jpg
Oxunub: 1768     12:47     21 May 2022    
Rusiya-Ukrayna müharibəsinin son nəticəsindən asılı olmayaraq, Ukraynaya hücumun başlamasından təxminən iki ay sonra rusların hələ də döyüş meydanında olmasının Moskvanın hərbi qüdrətinə xeyli ziyan vurması faktı gələcək tarixçilərin araşdırmalarından xüsusi yer tutacaq.

Hərbi ekspertlərin fikrincə, Pilotsuz Uçuş Aparatlarının (PUA) Rusiya-Ukrayna müharibəsində indiyədək oynadığı rol eyni zamanda tarixi bir əlamətə çevriləcək. Qeyd olunur ki, bir vaxtlar tank əsas olsa da, indi PUA-lar daha həlledici silah sistemi ola bilər.

İndiyədək bu PUA müharibəsində Ukrayna Rusiyadan qat-qat yaxşı iş görüb. Ukraynanın PUA parkı - yerli, dəstəkləyən ölkələrin hədiyyə etdiyi kiçik PUA-lar və idxal edilən Türkiyə istehsalı “Bayraktar TB2” Rusiyanın təchizat maşınlarını və Hava Hücumundan Müdafiə (HHM) sistemlərini məhv etmək üçün düzgün şəkildə istifadə edilib.

Videoların birində görünür ki, gecə saatlarında Ukrayna ordusuna məxsus PUA Rusiya hərbi texnikasına kiçik partlayıcı sursat atır və onu məhv edir. Rusiyanın Kiyev yaxınlığındakı hava limanını ələ keçirmək cəhdini də məhz Ukrayna PUA-ları uğurla dəf edib.

Rusiyanın PUA müharibəsində bu qədər zəif çıxış etməsi ekspertlər üçün böyük sürprizdir. Ruslar sonuncu dəfə 2014-cü ildə Krım üzərində Ukraynaya müdaxilə edəndə PUA-lardan geniş şəkildə istifadə edib. PUA rus ordusunun döyüş taktikasına çox yaxşı inteqrasiya olunmuşdu. Lakin bu dəfə ruslar öz PUA-ları ilə əvvəlki uğur səviyyəsinə yaxınlaşa bilməyiblər.

Açıq mənbə kəşfiyyatının məlumatına görə, Rusiya bu müharibədə 50-dən artıq PUA itirib. Maraqlıdır ki, 2014-cü ildə Rusiya Krımı ilhaq edən zaman Ukraynanın heç bir nəzərəçarpan PUA gücü yox idi. Lakin o vaxtdan bəri Kiyev öz PUA parkını zənginləşdirməyə başladı.

PUA parkının əsasını ölkə daxilində istehsal edilən A1-SM “Fury” və “Leleka-100” kəşfiyyat PUA-ları təşkil edir. Lakin, ən öldürücü və təsirli olanı Türkiyənin “Bayraktar TB2” PUA-larıdır. Qanadları 12 metr olan PUA dörd lazerlə idarə olunan sursat daşıyır. Bu PUA-lar xüsusi olaraq tankları, HHM sistemlərini və komanda məntəqələrini məhv etmək üçün nəzərdə tutulub.

Bu Türkiyə istehsalı PUA-lar 2020-ci ildə Ermənistan və Azərbaycan arasında baş vermiş müharibədə öz effektivliyini sübut edib. ABŞ Hərbi Hava Qüvvələrinin PUA parkının onurğasını təşkil edən MQ-9 “Reaper”lə müqayisədə qat-qat ucuz olan “Bayraktar” 2020-ci ilin payızında əsasən Rusiya istehsalı texnikalardan istifadə edən Ermənistan ordusuna ağır zərbələr endirdi.

Rusiya niyə Ukraynaya qarşı öz PUA-larından effektiv istifadə etmir?

Rusiyanın özündə güclü PUA-ların olmaması fikri yanlışdır. “Zala Kub”, S-70 “Oxotnik-B”, “Qrom” (Thunder), “Altius-U”, “Sirius”, “Orion”, “Qranat 1, -2, -3, -4”, “Taxion”, ENIKS (Eleron-3), “Orlan-10” və “Leer-3” kimi PUA-lar Rusiya ordusu üçün istehsal edilib. Son zamanlar Suriya və Ukrayna kimi yerlərdə istifadə edilən ən çox yayılmış PUA-lar “Eleron-3” və “Orlan-10”dur.

Rusiya ordusunda PUA-lara qarşı mübarizə sistemləri də çoxdur. Müdafiə üçün Rusiya düşmən PUA-larına qarşı radioelektron mübarizə (REM) vasitələrindən istifadə edir. Bu sistemlər havaya radiotezlik enerjisi ilə kütləvi siqnallar göndərir və pilot PUA-nın idarəetmə siqnallarını ayırd edə bilmir.

Digər standart PUA əleyhinə texnika PUA-ya yalan siqnallar göndərməkdir, PUA-lara saxta GPS siqnalları göndərilir və onları ya istiqaməti dəyişməyə, ya da yerə düşməyə məcbur edirlər. Rusiya həmçinin “Pantsir-S1” kimi raket əsaslı sistemlərdən istifadə edir.

Bununla belə, həm Suriyada, həm də Ermənistanda Rusiyanın REM vasitələri Türkiyə və Azərbaycanın “Bayraktar TB2”lərinə qarşı zəif nəticə göstərdi. “Bayraktar TB2” PUA-larının düşmənin hava hücumundan müdafiəsini zəiflədə biləcəyi görüldü. Onlar “Pantsir-S1” sistemlərini zərərsizləşdirməyə müvəffəq olublar.

Bundan əlavə, ukraynalıların istifadə etdiyi yeni PUA-lara yeni xüsusiyyətlər də daxildir. Məsələn, PUA-lar aldadıcı siqnalları aşkar edə və ya siqnal itərsə avtonom geri qayıda bilir, eyni zamanda müdaxilə edilən tezliyi də dəyişdirən PUA-lar var.

Aparıcı hərbi istehsalçı olan Rusiyanın bu dərsləri öyrənməməsi bir çox ekspertləri heyrətləndirib. Rusiyanın çox yaxşı qurulmuş hərbi texnoloq şəbəkələri var ki, onlar rəqib ölkələrdəki ən son texnoloji inkişafları izləyir və onların çatışmazlıqlarını aşkar etməklə yanaşı, həm də onlardan üstün olmaq üçün vasitələr tapırlar.

Komanda, idarəetmə, rabitə, kompüterlər, kəşfiyyat, müşahidə və nəzarətin (C4ISR) inteqrasiyası ilə kompleks modernləşdirmə prosesinin bir hissəsi kimi mərkəzi və kritik xüsusiyyət kimi özünü korreksiya Rusiya ordusu üçün həmişə prioritet olub.

Rusiyanın Ukraynadakı PUA müharibəsində zəif çıxışını nə izah edir? Mütəxəssislər iki mümkün cavab verirlər.

Birincisi, Rusiya ordusuna texnoloji embarqolar və 2014-cü ildən bəri tətbiq edilən sanksiyalara görə son illərdə bir qədər durğunlaşmadır ki, nəticədə kritik imkanlardan məhrum olan yerli sənaye bazası effektiv texnologiya hazırlaya bilmir.

Nəhəng yerli bazasına baxmayaraq, Rusiya ordusunun xarici texnologiyaya ehtiyacı var. Məlum olub ki, onların hər bir əsas PUA-sında GPS modulları, elektron hissələr, kameralar və mühərriklər kimi kommersiya və ikili təyinatlı komponentlər var ki, onlar Çexiya, Fransa, Almaniya, İsrail, Yaponiya, Koreya, İspaniya, İsveçrə, Böyük Britaniya və ABŞ-da istehsal olunur.

Bu xarici asılılıqların gələcəkdə azalacağı ehtimalı olsa da, yerli müdafiə sənayesi bu reallıqlara uyğunlaşdıqca, yerli texnologiyalar da ortaya çıxacaq.

İkincisi, Rusiya hərbi rəhbərliyinin Ukraynada müharibənin davam etdirilməsində və qalib gəlməsində “Quru qoşunları taktikasına” həddən artıq əhəmiyyət verməsi ilə bağlı mümkün səhv hesablamadır. Operativ və taktiki səviyyədə Rusiya hərbi əməliyyatları Ukraynaya hücumun ilkin mərhələsində çoxsaylı səhvlər və səhv hesablamalar etdi.

Eyni şəkildə, belə görünür ki, Rusiyanın əməliyyat dizaynı yüksək texnologiyalı hərbi imkanların istismarına əsaslanmayıb və bu, PUA platformalarının məhdud, arabir və səmərəsiz istifadəsini əhatə edib.

Ruslar yəqin ki, öz imkanlarını həddən artıq, ukraynalıları isə aşağı qiymətləndiriblər. Ola bilsin ki, onlar öz quru qoşunlarının əsas hədəfləri sürətlə ələ keçirə biləcəklərinə və buna görə də operativ-taktiki aviasiyadan geniş istifadəyə ehtiyac olmadığına inanıblar.

Bu, yerüstü hücumdan əvvəl raket-aviasiya və artilleriya hücumlarının ilkin mərhələdə olduqca qısa olması ilə təsdiqlənir. Bir çox analitik bunun daha uzun və daha intensiv olacağını gözləyirdi. Sonradan taktiki təyyarələrin daha az istifadə edilməsinə səbəb həddindən artıq itkilərə məruz qalmaq qorxusu ilə bağlı ola bilər.

Ancaq indi Ukraynadan öyrənilən dərslər gələcək müharibələrdə ruslara taktiki hava hücumundan müdafiə sistemlərinə qarşı PUA-lardan istifadə etmək təcrübəsi qazandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Bayraktar   Rusiya  


Bizi "telegram"da izləyin