Ukrayna müharibəsi: PUA-lar müharibəni necə dəyişir?

2022/07/1657781318.jpg
Oxunub: 1336     12:20     14 İyul 2022    
Ukraynadakı müharibə göstərir ki, Pilotsuz Uçuş Aparatları (PUA) müasir müharibənin tərkib hissəsidir. Onlar müharibədə bir çox tapşırıqda istifadə olunur.

PUA-lar müasir müharibənin tələblərinə cavab verir. ABŞ Müdafiə Nazirliyi Ukraynanın bütün tələblərinə cavab verən PUA hazırlandığını bildirib. Bu, “Phoenix Ghost” adlı yeni PUA-dır.

“Biz inanırdıq ki, bu xüsusi sistem onların ehtiyaclarını qarşılayacaq, xüsusən Ukraynanın şərqində çox gözəl şəkildə uyğunlaşacaq”, - deyə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

Kirbi ABŞ-ın müharibə başlamazdan əvvəl “Phoenix Ghost”u inkişaf etdirməyə başladığını və Ukraynanın tələblərinə daha yaxşı cavab vermək üçün işin indi sürətləndiriləcəyini bildirib.

Əsas məqsəd 800 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsi kimi 120-dən çox PUA-nın çatdırılmasıdır.

Bəs “Phoenix Ghost” nə edir? Digər silah sistemlərindən nə ilə fərqlənir?

PUA haqqında çox məlumat yoxdur. Fotoları da yayımlanmayıb. Bildiyimiz odur ki, “Phoenix Ghost” ABŞ-ın müdafiə podratçısı “Aevex Aerospace” tərəfindən ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdə hazırlanıb. Kirbinin fikrincə, PUA-ları idarə etmək üçün personalın çoxlu təlimə ehtiyacı olmayacaq.

Kirbi bildirib ki, yeni PUA 2012-ci ildə ABŞ-ın Əfqanıstanda xüsusi təyinatlı qüvvələri tərəfindən istifadə edilmək üçün ABŞ-ın “AeroVironment” şirkəti tərəfindən istehsal edilmiş köhnə “Switchblade” PUA-larına bənzəyir.

“Switchblade” bel çantasında daşına bilən “gəzən sursat” və ya “kamikadze PUA” kateqoriyasına aiddir. Ekspertlər belə tip sursatları raket və PUA-ların qarışığı hesab edir.

“Gəzən sursatlar” öz adını iş üsulundan alır. Onlar konkret hədəf olmadan buraxılır və yerdəki operator tərəfindən hədəf təyin olunana qədər ərazi üzərində dövrə vururlar və hədəf tapıldıqdan sonra zərbə endirir. O, ortaya çıxan hədəfləri aşkar edə bilən sensorlara malikdir. Modelin ölçüsü və çəkisindən asılı olaraq, 10 ilə 40 kilometr məsafədə 15 ilə 40 dəqiqə arasında havada qala bilir.

Böyük PUA-lardan fərqli olaraq belə sursatların işə salınması üçün xüsusi aerodrom və ya xüsusi infrastruktura ehtiyac yoxdur. Raketdən fərqli olaraq, PUA hədəfi müəyyən etmək, situasiya haqqında məlumat əldə etmək və hədəfi məhv etmək üçün müəyyən zamana malik olur.

“Switchblade 300” təxminən 5,5 funt ağırlığındadır və 15 dəqiqə havada qala bilər. Onlar zərbə zamanı özlərini də məhv etdikləri üçün “kamikaze” PUA-sı kimi də tanınırlar.

“Phoenix Ghost” oxşar imkanlara malik olsa da, “Switchblade” ilə tamamilə eyni deyil. “Aevex Aerospace”in direktorlar şurasının rəsmisi, istefada olan general-leytenant David Deptula “Politico”ya bildirib ki, “Phoenix Ghost” “Switchblade”dən daha uzun müddət - altı saata qədər uça bilər.

Deptula “Phoenix Ghost”un şaquli olaraq atılan PUA olduğunu və gecələr infraqırmızı sensorlarla işləyə biləcəyini bildirib. “Politico” Deptulanın sözlərinə istinadən yazır ki, PUA orta ölçülü zirehli texnikalara qarşı təsirli olacaq.

Ukrayna silahlı qüvvələri Almaniyanın “Quantum Systems” şirkəti tərəfindən istehsal edilən müşahidə PUA-larından da istifadə edir.

Bavariyada yerləşən şirkətin baş direktoru Florian Şeybel Almaniyanın RND xəbər agentliyinə bildirib ki, onların istehsal etdikləri PUA artıq Ukrayna ordusu tərəfindən istifadə edilir.

“Vektor” adlı PUA zərbə vurmaq üçün nəzərdə tutulmayıb, lakin hansısa silah sisteminin tərkib hissəsi kimi çıxış edə bilər. Onun müşahidə üçün ən yaxşı şəkildə istifadə edildiyi deyilir. Məsələn, Ukrayna bundan öz artilleriyasının hədəflərini optimallaşdırmaq üçün istifadə edə bilər.

“Vektor” 15 kilometrdən çox yüksək keyfiyyətə malik real zaman kəsiyində video təqdim edir və PUA iki saata qədər havada qala bilir. Yaponiya da Ukraynaya PUA-lar tədarük edib. Ukrayna eyni zamanda yerli sistemlərdən də istifadə edir. Ən çox istifadə edilən yerli PUA təxminən beş kiloqram ağırlığında olan və Ukraynanın mərkəzindəki Dneprdə yerləşən “Deviro” şirkəti tərəfindən istehsal olunan “Leleka-100” sistemləridir.

Rusiya ordusu da nisbətən az sada olsa da PUA-lardan istifadə edir. Rusiya Ordusunun əsas istifadə etdiyi aparat Sankt-Peterburqdakı Xüsusi Texnologiyalar Mərkəzində hazırlanmış “Orlan-10” adlı kiçik kəşfiyyat və müşahidə PUA-sıdır.

3,1 metr qanad açılımına malik “Orlan-10” 100 kilometrə qədər uça bilir. Kəşfiyyat sistemi dizayn baxımından sadədir: O, aerofotoqrafiya üçün kommersiya məqsədli “Canon EOS-D” kameralardan, həmçinin termal təsvir və video kameralardan istifadə edir.

Lakin avtomatlaşdırılmış müharibədəki bütün bu inkişaflar fonunda PUA-larla bağlı risklər və narahatlıqlar olduğunu bilməliyik.

Məsələn: İstifadəçilərin güc tətbiq edib-etməmək barədə qərar qəbul etmək üçün kifayət qədər situasiya məlumatlılığı varmı? Silahlar haker hücumuna məruz qalırmı? Əgər PUA-lar təsadüfən zərər verirsə, insanlar bu zərərə görə necə cavabdeh ola bilərlər? Mülki vətəndaşlar necə müdafiə oluna bilər?

Sevinc Əliyeva  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin