Ukrayna özünü total müharibəyə necə hazırladı? – O, gözləntiləri birə-beş üstələyib

2022/05/1653035561.jpg
Oxunub: 1139     14:57     20 May 2022    
Rusiya ordusunun Ukraynaya hücumu davam edir, amma müharibənin əvvəlində bir çoxları bunun tezliklə bitəcəyini deyirdi. Bir çoxlarının əvvəlcə Ukraynanın bir neçə gün ərzində dağılacağına inandığını unutmayaq. Fevralın əvvəlində ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley amerikalı konqresmenlərə Kiyevin 7 saat ərzində süquta uğraya biləcəyi barədə xəbərdarlıq etmişdi. Hücum başlayan kimi bir çox mənbələr Vaşinqtonun Kiyevin 1-4 gün ərzində süqut edəcəyinə dair gözləntilərini səsləndirirdi. Ukrayna rəsmiləri iddia edirlər ki, Almaniyanın maliyyə naziri Ukraynanın bir neçə saat ərzində çökəcəyini düşünürdü. Bir anlıq Qərb və Rusiya hekayələri arasında nadir uyğunlaşma baş verdi. Bununla belə, hücumdan iki aydan çox vaxt keçməsinə baxmayaraq, Kiyev hələ də Ukraynanın əlindədir. Ukrayna paytaxtını sürətlə mühasirəyə alan Rusiya qoşunları tamamilə geri çəkilib. Bu uğur bəzi şərhçilərin Ukraynanın nəinki uduzmadığını, həm də qalib gəldiyini bəyan etməsinə səbəb oldu. Bu, çox nikbin düçüncədir: Rusiya qoşunları Ukrayna ərazisinin böyük hissəsini ələ keçirib və şərqdə yeni “möhtəşəm” hücuma hazırlaşdıqları bildirilir. Buna baxmayaraq, aydındır ki, Ukrayna hətta ən yüksək səviyyəli Qərb analitiklərinin gözləntilərini üstələyib və hələ ki, Rusiya ilə mübarizəyə davam edir.

Bu təəccüblü nəticədə Rusiyanın taktiki və maddi-texniki cəhətdən zəif performansı, eləcə də Qərbin Ukraynaya hərbi yardımı rol oynayıb. Lakin daha böyük amil Ukrayna Silahlı Qüvvələrinin gücünü və hazırlığını qəbul etməkdə ümumi uğursuzluqdur. Ötən ilin dekabrında Ukraynanın müdafiə naziri Oleksi Reznikov “Atlantik Şura”sı üçün yazdığı bir məqalədə Rusiyanın hava üstünlüyü və raket sistemlərinin Ukraynanın şəhər mərkəzlərini viran qoya biləcəyini, eyni zamanda onun qüvvələrinin “Ukrayna qoşunlarını üstələyə və əraziləri ələ keçirə biləcəyini” dəqiq proqnozlaşdırmışdı. Onun Rusiyanın ordusunun güclənməsindən təşvişə düşməməsi sadəcə olaraq ona görə idi ki, Ukrayna son 8 ildə belə bir hücuma hazırlaşırdı. “Rusiyanın qüdrətli ordusu, şübhəsiz ki, güclə irəliləyə bilər, lakin Ukrayna torpaqları onların ayaqları altında yanacaq”. Plan, görünür, qüvvələrin böyük hissəsini Ukrayna şəhərlərinin müdafiəsinə yönəltmək idi, burada Rusiya zirehli birləşmələri pusquya qarşı çox həssas olacaq və uğurlu müdafiə Rusiya tərəfindən təchizat əməliyyatları üçün vacib olan əsas dəmiryol qovşaqlarına nəzarətə imkan verməyəcəkdi.

2014-cü ildə Ukrayna ordusu Rusiyanın Krımı ilhaqını və Donbasa hibrid hücumun dayandırmaqda aciz idi. Heç bir xüsusi nişanı olmayan rus qoşunları Krıma daxil oldu və yarımadanı atəşə tutmadan ələ keçirdi, hərbi bazaları və Ukrayna donanmasının çox hissəsini ələ keçirdi. Donbasda aylarla davam edən amansız müharibə atəşkəsə, sonra isə dondurulmuş münaqişəyə gətirib çıxardı. Münaqişədən sonrakı təhlillər göstərdi ki, o zaman 100 mindən çox Ukrayna əsgərindən yalnız 6 mini döyüşə hazır idi. Bir çox əsgər əhval-ruhiyyənin aşağı olması səbəbindən sadəcə olaraq fərarilik etdi və yalnız motivasiyalı könüllü diviziyalar sayəsində Donbasdakı xətt saxlanıla bildi. Rusiya xəbər mənbələrinin məlumatına görə, 2014-cü ilin aprel ayına qədər 16 mindən çox keçmiş ukraynalı hərbçi və mülki şəxs Rusiya ordusunda yenidən işə götürülüb.

Üstəlik, Ukraynanın yüksək səviyyəli müdafiə və təhlükəsizlik məmurlarının çoxu mahiyyətcə Rusiyanın “beşinci kolon” nümayəndələri idi və bir neçə yüksək rütbəli hərbçi böhran zamanı birbaşa Rusiyaya qaçdı. Məsələn, ukraynalı kontr-admiral Denis Berezovski 2014-cü il martın 1-də Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edildi. Elə ertəsi gün o, donanmaya Rusiyaya qarşı silahı yerə qoymağı əmr etdi. O, dərhal vəzifəsindən azad edildi. 2012-ci ildən Ukraynanın müdafiə naziri vəzifəsini icra edən Pavlo Lebedyev də eyni şəkildə Rusiya tərəfə keçib, Krıma köçüb və Moskvada keçirilən rəsmi ilhaq mərasimində iştirak edib.

Ukraynanın rusiyayönlü prezidenti, 2010-cu ildən 2014-cü ildə devrilənə qədər vəzifəsini icra edən Viktor Yanukoviçin təhlükəsizlik xidmətlərinə rusiyapərəst fiqurları qoyduğunu nəzərə alsaq, bu, bəlkə də təəccüblü deyildi. Yanukoviçin ilk müdafiə naziri Mixailo Yejel, 2016-cı ildə Ukrayna dövlətinin onu 2011-ci ildə Rusiyaya qeyri-qanuni hərbi texnika satmaqda və pulu mənimsəməkdə ittiham etməsindən sonra Belarusa qaçdı. Onun qızı rus admiralla evlidir. Yanukoviçin 2012-ci ildə Ukrayna Xüsusi Kəşfiyyatınun rəhbəri təyin etdiyi İqor Kalinin (postsovet Ukrayna DTK-nın ekvivalenti) Moskvada anadan olmuş Rusiya vətəndaşı idi və yalnız 2004-cü ildə 45 yaşında Ukrayna vətəndaşı olub.

2014-2019-cu illərdə Ukrayna Baş Qərargahının rəisi vəzifəsində çalışmış Viktor Mujenko o vaxt Ukraynadakı vəziyyəti belə ifadə edib: “Sözün həqiqi mənasında xarabalığa çevrilmiş ordu, Ukrayna silahlı qüvvələrinin və təhlükəsizlik orqanlarının başında rus generalları var idi və tam demoralizasiya hökm sürürdü”. Ukraynanın hərbi mübarizəsi bir çox cəhətdən Rusiyanın Sovet İttifaqının dağılmasından sonrakı vəziyyətini əks etdirir. 1991-ci ilə qədər Qırmızı Ordu var idi, sovetlərin dağılmasından sonra bütün şəxsi heyətin 40 faizi Rusiya ilə güclü əlaqələri olan köhnəlmiş orduların qurulması ilə nəticələndi. İlkin hərbi islahatlar yalnız ordunun sayını azaltmağa yönəlmişdi. Ukrayna ordusu 2010-cu illərdə Sovet sistemində qaldı və bu, onun təşkilati strukturunda, hərbi xidmətə çağırış sistemində, sovet dövründən qalma texnikanın böyük ehtiyatında və hərbi strategiyasında öz əksini tapdı. 2014-cü ildən əvvəlki Ukrayna müdafiə sənədlərində Rusiyanın potensial rəqib kimi adı belə çəkilmirdi. İslahatın olmaması həm də o deməkdir ki, Ukrayna qüvvələrinin yerləşdirilməsi tamamilə Soyuq Müharibə dövründəki Sovet narahatlıqlarına əsaslanırdı, qoşunların əksəriyyəti ölkənin qərbində yerləşdirilərək NATO-dan mövcud olmayan təhlükəni gözləyirdi.

Ukrayna islahatları

Rusiyanın Ukraynadakı problemlərini Ukrayna ordusunun bugünkü vəziyyəti ilə bağlı yanlış fərziyyə ilə izah etmək olar. Rusiya rəhbərliyinin Ukraynanın tez bir zamanda dağılacağını gözlədiyinə dair kifayət qədər sübutlar var. Lakin “Avromaydan inqilabı”ndan, Yanukoviçin devrilməsindən və Donbasda atəşkəsdən sonra hərbi islahatlar Ukrayna hökumətinin əsas prioritetlərindən birinə çevrildi. 2015-ci ildə hökumətin strateji sənədlərinin yenidən yazılması ilə hərbi doktrina və strategiyada dəyişiklik qüvvəyə minib. Həmin il yeni Hərbi Doktrina və Təhlükəsizlik və Müdafiə Sektorlarının İnkişafı Konsepsiyası ilə birlikdə yeni Milli Təhlükəsizlik Strategiyası nəşr olundu.

Bu yenidən işlənmiş strategiyanın iki məqsədi var idi: Rusiya hücumunun qarşısını almaq və “müvəqqəti olaraq işğal olunmuş ərazilərin azad edilməsi” üçün əlverişli şərait yaratmaq. Yəni söhbət Krımın və Donbasın azad edilməsindən gedirdi. Bu, Ukraynada ölkəni hücumdan müdafiə etməyə və Rusiyanın 2014-cü ildəki “hibrid hücum”una bənzər bir şeyə qarşı durmağa qadir ordunun yaradılmasını tələb edirdi. Avadanlıq, təlim, logistika və daha çox şey tamamilə əsaslı şəkildə yenidən qurulmalı idi. Prezident Petro Poroşenkonun beş kateqoriyaya bölünmüş geniş islahatlar planını tətbiq etməsi 2016-cı ilə qədər çəkdi: komandanlıq və nəzarət, planlaşdırma, əməliyyatlar, tibbi və maddi-texniki təminat və ordunun peşəkar inkişafı.

Bu islahatın üç əsas məqsədi ölkənin silahlı qüvvələrinin peşəkarlaşdırılması, Ərazi Müdafiə Qoşunlarının yenidən yaradılması və düşmən xəttinin arxasında fəaliyyət göstərə bilən xüsusi təyinatlıların daha da gücləndirilməsi idi. Bütün bunların məqsədi bir idi, bu sənədlər Rusiyanı “hərbi rəqib” adlandırır və genişmiqyaslı hücumun yüksək ehtimalını vurğulayırdı. Rusiyanın üçdə birindən az olan bir ölkə olaraq, bu, böyük problem kimi qəbul edildi. Bu sənədlərdə iki ölkə arasında hərbi gücdə böyük fərq açıq şəkildə etiraf olunurdu. Həll yolu “müqavimət mədəniyyətini” inkişaf etdirmək, dövlətə istənilən işğalçıya kütləvi tələfat vermək üçün bütün cəmiyyəti səfərbər etmək və nisbi hərbi zəifliyi kompensasiya etmək üçün ölkənin strateji dərinliyindən istifadə etmək imkanı vermək idi.

Belə böyük islahatları həyata keçirmək asan deyil. Lakin 2014-cü ildə rusiyayönlü komandirlərin işdən çıxarılması və fərarilikdən nəticə çıxaran Ukrayna hökuməti daha etibarlı şəxsləri rəhbərliyə gətirdi. Poroşenkonun hərbi islahatlarını həyata keçirənlər 2014-cü ildən 2019-cu ilə qədər onun administrasiyasında nisbətən sabit qaldılar. Mujenko buna misaldır, lakin Poroşenkonun müdafiə naziri Stepan Poltorak da uzun müddət (2014-2019-cu illərdə) xidmət edib.

Hərbçilərin peşəkarlaşması üçün sovet tipli yüksək səviyyəli komandanlıq strukturundan daha çevik, aşağı rütbəli kiçik zabitlərin döyüş meydanında qərar qəbul edə bildiyi struktura keçid həyata keçirildi. Əvvəllər aşağı səviyyəli zabitlər əmrləri dəyişdirmək üçün yuxarı rütbəli zabitlərdən icazə istəməli idi. Hərbi mədəniyyətdəki bu dəyişikliyə Qərbin hərbi təlimi də az da olsa kömək etdi. Qərb hərbi təlimatçıları Ukrayna silahlı qüvvələrinin peşəkarlaşdırılmasında əsas rol oynasalar da, Rusiya ordusu da mühüm rol oynayıb. 2014-cü ildən bəri Donbasda aşağı səviyyəli, lakin aktiv müharibə yüz minlərlə ukraynalıya öz ərazilərində ruslarla real döyüş təcrübəsi qazandırıb. 2014-cü ilə qədər ordu əsasən kağız üzərində mövcud idi və şərqdəki rus separatçılarını geri çəkilməyə məcbur etmək üçün tamamilə könüllü diviziyalara arxalanırdı. Bu yüksək motivasiyalı və döyüşdə möhkəmlənmiş könüllü diviziyaların əksəriyyəti indi Ukrayna silahlı qüvvələrinə inteqrasiya olunub.

NATO ölkələri həm Rusiyanı təhrik etməmək istəyi, həm də Ukrayna islahatlarının uğuru və ciddiliyinə dərin şübhə ilə bağlı Kiyevə qarşı öhdəlik götürməkdə çoxdan tərəddüd edir. Korrupsiya ordunun üzləşdiyi əsas problem olaraq qalmaqda davam edir və onun ləng dövlət müdafiə sənayesi inhisarı “Ukroboronprom” dəhşətli rüşvət mənbəyi olaraq qalır. Bununla belə, nəticədə, NLAW və ya “Javelin” tank əleyhinə idarə olunan raketlərdən və “Stinger” hava hücumundan müdafiə sistemlərindən (MANPAD) tutmuş tanklara və piyada döyüş maşınlarına qədər genişmiqyaslı Qərb hərbi texnikası korrupsiya və ləng satınalma prosesini kompensasiya etmək üçün çox şey edir. Habelə bu avadanlığın böyük hissəsi hücumdan əvvəl yalnız son bir neçə həftə ərzində gəlib və Ukrayna qoşunları onunla məhdud məşq keçib. Kiyevin Qərbin avadanlığı ilə təmin edilməsi Rusiyanın Ukraynanın müqavimətini zəiflətmək qabiliyyətinə ciddi zərbə vurdu. Davamlı pusqular Ukrayna hərbçilərinə Kiyevə hücumu dəf etməyə kömək etdi.

Müharibədən əvvəl Ukraynanın hərbi islahatlarının uğurlu olub-olmaması ilə bağlı fikirlər müxtəlif idi. Bəzi analitiklər onları uğursuzluq kimi qiymətləndirirlər. Digərləri öz çatışmazlıqlarını etiraf etməklə yanaşı, onların Ukraynanın Rusiya qüvvələrinə ciddi ağrılar vurması üçün kifayət qədər uğurlu olduğuna inanırlar. Sonuncu fakt, deyəsən, özünü doğruldub. Ukrayna ordusu Rusiyadan xeyli geridə olsa da, 2014-cü ildən bəri həyata keçirilən strategiya və islahatların həyata keçirilməsi total müharibə vəziyyətinə düşə bilən ordu və cəmiyyət yaratmağa müvəffəq olub. Bunun Rusiya qüvvələrini dəf etmək üçün kifayət edib-etməyəcəyi hələ də məlum deyil, lakin o, artıq öz effektivliyini nümayiş etdirib və 2014-cü ildən əvvəlki təsirsiz və dişsiz ordu tendensiyasını qəti şəkildə geri qaytarıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Qərb   Müharibə  


Bizi "telegram"da izləyin