Donbas uğrunda müharibədə kim qalib gələcək?

2022/05/1652348925.jpg
Oxunub: 564     16:07     12 May 2022    
Rusiya qüvvələri hər iki tərəfin müharibənin gedişində həlledici olacağını söylədiyi şərq hücumuna başlayıb, bunun fonunda 1945-ci ildən bəri Avropada ən böyük humanitar fəlakətə son qoymaq üçün mənalı sülh danışıqlarının perspektivləri həmişəkindən daha zəif görünür.

Ukrayna müharibəsinin ikinci mərhələsinə qədəm qoyduğu bir vaxtda Rusiya ordusu məqsədlərinə aydınlıq gətirib. “Xüsusi əməliyyatın ikinci mərhələsi başlayandan bəri Rusiya ordusunun vəzifələrindən biri Donbas və Ukraynanın cənubuna tam nəzarəti bərqərar etməkdir. Bu, Krıma quru dəhlizi təmin edəcək”, - deyə Rusiya Mərkəzi Hərbi Dairəsinin komandanı səlahiyyətlərini icra edən general-mayor Rüstəm Minnekaev bildirib.

Minnekaevin açıqlaması, Rusiyanın yaxınlaşan hücumunun ölkənin Donbas bölgələri ilə məhdudlaşacağına dair Ukrayna və Qərbin əvvəlki qiymətləndirmələrinə zidd görünür, burada Rusiya ordusu qısa, təhlükəsiz təchizat xətlərinə malikdir və döyüş meydanında daha əlverişli ərazilərdən faydalanır.

Rusiyanın Odessanın əsas cənub-qərb limanına birbaşa və ya separatçı Donetsk-Luqanska bənzəyən proksi dövlət razılaşmaları vasitəsilə nəzarət etmək niyyətində olub-olmaması hələ də aydın deyil, Kreml artıq ələ keçirilən Ukrayna əraziləri ilə bağlı planlarını açıqlamayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukraynanın “Ukrayinska Pravda” qəzetinə müsahibəsində bildirib ki, Rusiya Xersonda qondarma qurum yaratmaq istəyir.

Kreml onun haqlı olduğunu sübut edə bilər, son məlumata görə, rus siyasətçiləri Xersonda Krımın bir hissəsi əhatə edəcək referendum təşkil etməklə, onu Rusiyaya ilhaq etmək üçün planlar hazırlayırlar.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə günü bildirib ki, Moskva aprelin 15-də Kiyevə sülh təklifi təqdim edib, lakin Ukrayna tərəfindən hələ də cavab ala bilməyib. Zaxarovanın fikirlərini Kremlin sözçüsü Dmitri Peskov da səsləndirib. “Hazırda Ukrayna tərəfi dəqiq ifadə olunmuş bəndləri özündə əks etdirən sənəd layihəsini alıb. Top onların meydançasındadır. Biz cavab gözləyirik”, - deyə Peskov bildirib.

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak aprelin 20-də təsdiqləyib ki, Ukrayna Rusiyadan təklifləri alıb və yaxın günlərdə onlara baxacaq.

Ukrayna hələ ki, rəsmi cavab verməsə də, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov cümə günü sülh sazişinin mümkünlüyü ilə bağlı bədbin olduğunu bildirib. “Müharibə istənilən vaxt qayıda bilər. Mən Rusiya Federasiyası ilə heç bir sülh sazişinə inanmıram. Tariximizdə zaman keçdikcə bunu dəfələrlə yaşamışıq. Onlarla sülh müqavilələri daim pozulub”, - deyə o qeyd edib.

Böyük Britaniyanın baş naziri Boris Conson bu həftə xəbərdarlıq edib ki, Rusiya-Ukrayna sülh danışıqları Rusiya prezidenti Vladimir Putinin xoş niyyətli olmaması səbəbindən uğursuzluğa düçar olub. “Ukraynalıların Putinin açıq-aşkar xoş niyyətsizliyini nəzərə alaraq, indi onunla necə danışıqlar apara biləcəyini görmək çox çətindir. Timsah ayağını çənəsinə qoyub, onunla necə danışa bilərsən? Ukraynalıların üzləşdiyi çətinlik budur. Biz sadəcə olaraq strategiyaya davam etməliyik, onları silahla təmin etməliyik”, - deyə o, jurnalistlərə bildirib.

Görünür, həm Moskva, həm də Kiyev Donbasda və ölkənin cənubunda qarşıdan gələn döyüşlərin müharibənin nəticəsi üçün həlledici olacağına inanırlar.

“Bizim üçün Donbas uğrunda döyüş çox vacibdir. Müxtəlif səbəblərdən, ilk növbədə təhlükəsizlik baxımından vacibdir. Donbasda yerləşən qruplaşmamız əlimizdə olan ən yaxşı ordulardan biridir. Bu, böyük bir qruplaşmadır və Rusiya onları mühasirəyə alıb məhv etmək istəyir”, - deyə Ukrayna prezidenti Zelenski əvvəlki müsahibəsində bildirib və əlavə edib ki, qarşıdan gələn döyüşlər “bütün müharibənin gedişatına təsir edə bilər”.

Ukrayna Rusiyanın Donbas bölgəsindəki qüvvələrini böyük məğlubiyyətə uğrada bilsə, Kreml bu müharibəni davam etdirmək üçün kəskin məhdud imkanlara möhtac qalacaq. Rusiyanın Donbasdakı potensial uğursuzluğunun nəticəsi olaraq, hücumun ilkin iki məqsədinə (rejimin dəyişdirilməsi və Ukraynanın hərbi potensialının daimi deqradasiyasına) fəlakətli nüvə eskalasiyasına əl atmadan nail olmaq demək olar ki, mümkün olmaya bilər.

Lakin Rusiya hərbçiləri Ukraynanın şərq qoşunlarını uğurla təcrid edə bilsələr, Moskva Ukraynanın təlim keçmiş silahlı qüvvələrinin böyük bir hissəsini zərərsizləşdirmiş olacaq. İstefada olan polkovnik-leytenant və Müdafiə Prioritetlərinin baş əməkdaşı Daniel Davisin qeyd edir ki, rusların daha böyük Donbas bölgəsi üzərində nəzarəti möhkəmləndirməsinə və Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovun mühasirəsi ilə irəliləməsinə mane olmaq kifayət deyil. Donbasda həlledici qələbə Rusiya qüvvələrini Odessa istiqamətində zərbə endirmək və nəhayət, Kiyev bölgəsinə qayıtmaq üçün əlverişli vəziyyətə sala bilər.

Kremlin Ukraynadakı müharibəyə dair cədvəli güclü daxili mülahizədən irəli gəlir: təbii ki, Moskva mayın 9-da Rusiyanın İkinci Dünya Müharibəsində Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsini qeyd etdiyi günə qədər böyük döyüş meydanında qələbələr əldə etməyə çalışırdı.

Hər iki tərəfin daha çox təsir imkanları əldə etmək niyyətində olduğu bir vaxtda, Donbas uğrunda döyüşə qərar verilməyənə qədər mənalı sülh danışıqları mümkün olmayacaq.

Conson Qərbi Rusiyanın müharibədə qalib gələ biləcəyi “real ehtimala” hazır olmağa çağıraraq, bölgədəki vəziyyəti “gözlənilməz” adlandırıb. Ukraynaya hücum ikinci ayına qədəm qoyana qədər Consonun bəyanatı Qərb liderinin Rusiyanın qalib gələ biləcəyinə dair ilk ictimai etirafı idi. Kreml döyüş meydanında mühüm nailiyyətlər əldə etməzsə, NATO-nun əsas üzvlərinin Ukraynaya Rusiya hücumunu dəf etməyə və ola bilsin ki, məğlub etməyə kömək etmək məqsədi daşıyan misli görünməmiş silah transferi proqramını koordinasiya etməyə yönəlmiş yanaşmalarını tənzimləməyə çalışıb-çalışmayacağını görmək qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   Rusiya  


Bizi "telegram"da izləyin