Rusiya hərbi əməliyyatı| Qalib gəlmək üçün Ukraynanın ən çox ehtiyacı olan silahlar hansılardır?

2022/05/1652348663.jpg
Oxunub: 1353     17:43     12 May 2022    
Rusiyanın başlatdığı müharibə Kiyevi ələ keçirməyə hesablanmış ildırım sürətli hücumdan Ukraynanı sıxışdırmaq üçün hazırlanmış vəhşicəsinə məhvetmə müharibəsinə keçdi. Şimalda Rusiya Kiyev ətrafında mühasirə taktikasından istifadə etsə də, uğursuzluğa düçar oldu. Rusiya mülki ərazilərə ayrıseçkilik etmədən hücumlar edir və şəhərləri tamamilə yerlə-yeksan etmək kimi Qroznı taktikasından istifadə edir. Cənubda Rusiya Mariupolu dağıtmaq üçün də bu cür taktikalar tətbiq edir və Krımdan Donbasa gedən quru dəhlizinin möhkəmləndirilməsini demək olar ki, başa çatdırmaq üzrədir. Rusiya tezliklə Odessaya üz tutacaq və Krımdan Moldovanın Dnestryanı bölgəsinə quru dəhlizi yaratmağa çalışacaq. Bu məqsədlərə çatdıqdan sonra düşünmək olar ki, Rusiya aşındırma müharibəsinə başlayacaq, Ukraynanı tədarükdən məhrum edəcək, Qara dənizə çıxışı bağlayacaq və nəticədə ukraynalı fermerlər məhsullarını yığa bilmədikləri üçün aclıq başlayacaq.

Rusiya hərbi əməliyyatı

Hava və hava hücumundan müdafiə. Rusiya hələ də hava üstünlüyünü təmin edə bilməyib və bunun nəticəsində böyük təyyarə itkiləri yaşayır. Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın uzaq qərbindəki hədəflərə raket hücumlarını nəzərəçarpacaq dərəcədə artırıb və çox güman ki, ABŞ və Avropanın Ukrayna qüvvələrini Polşa vasitəsilə silahla təmin etməsinə qarşı təhdidlərini davam etdirəcək.

Təyyarə və helikopterlərin sürətli itkisi davam edir. Rusiyanın artıq yüzlərlə helikopteri, qırıcıları və Pilotsuz Uçuş Apratları (PUA) vurulub. Hava hədəfləri əsasən “yer-hava” raketləri (SAM-lar), o cümlədən mobil, uzun mənzilli S-300 sistemləri və ABŞ-ın təchiz etdiyi, çiyinə qoyularaq atılan porativ “Stinger” Hava Hücumundan Müdafiə (HHM) sistemləri (MANPADS) ilə vurulur. Rusiya hava platformaları hücumları əsasən çox aşağı hündürlükdən həyata keçirir bu da onları portativ HHM sistemləri üçün asan yemə çevirir.

Cari hava fəaliyyəti. Rusiya gündə təxminən 200 döyüş uçuşu həyata keçirir, bu döyüş missiyalarının bir çoxu Ukrayna hava məkanından kənarda edlir, təxminən 56 döyüş təyyarəsi olan Ukrayna Hərbi Hava Qüvvələri isə gündə cəmi beş-on döyüş uçuşu həyata keçirir.

Rusiya aviasiyası Yavoriv təlim bazasına zərbə endirib. Martın 13-də Rusiya Polşa sərhədindən cəmi 10 mil məsafədə Ukraynanın təlim bazasına qanadlı raket zərbələri endirilib. Baza əvvəllər ABŞ və digər NATO ölkələri tərəfindən Ukrayna qüvvələrinə NATO silah standartları üzrə təlim keçmək üçün istifadə edilib. Florida Milli Qvardiyasının bir dəstəsi Rusiyanın hücumundan əvvəl fevral ayında təlim bazasını tərk edib. Yavoriv zərbəsi Rusiyanın Ukraynanın uzaq guşələrində istənilən hədəfi vurmaq qabiliyyətini nümayiş etdirdi və bu, ABŞ və NATO-ya Kremlin NATO-nun gələcək müdaxiləsini qəbul etməyəcəyi ilə bağlı aydın mesaj vermək üçün həyata keçirilib.

Çarpaz xəttlərdə təchizat xətləri. Martın 12-də Rusiya ABŞ və Avropanı Ukraynaya silah tədarükü xətlərini hədəf alacağı ilə hədələyib. Kəskin ritorikaya baxmayaraq, Rusiyanın hazırda Polşa ilə qərb sərhədindən Ukraynaya daxil olan tədarükün qarşısını almaq üçün demək olar ki, heç bir imkanı yoxdur. İndiyədək Rusiya Hərbi Hava Qüvvələri mobil hədəfləri tapmaq, müəyyən etmək və məhv etmək qabiliyyətini göstərməyib. Mobil S-300 sistemlərinin hələ də işləməsi Rusiyanın dinamik hədəfləmə aparmaq qabiliyyətinin olmadığını göstərir. Bundan əlavə, Ukraynanın uzaq qərbindəki hücumlar hava hücumlarından fərqli olaraq raket xarakterli görünür. Rusiya Hərbi Hava Qüvvələri təchizat karvanlarına aviazərbələr endirə bilmir, yüzlərlə mil uzaqdan atılan raketlər mobil hədəfləri vura bilməyəcək. Beləliklə, Rusiyanın mobil təchizatının qarşısını almaq üçün demək olar ki, heç bir imkanı yoxdur.

Quru qüvvələri. Müharibənin növbəti mərhələsində Rusiya strategiyasına düzəlişlər edib və maksimum təzyiq göstərmək üçün mühasirə taktikası üzərində qərarlaşıb. Rusiya Ukraynaya humanitar yardım göndərilməsi də daxil olmaqla, getdikcə daha çox xarici maddi və kadr dəstəyini hədəf alacaq. Bundan əlavə, uzun müddət davam edən müharibə zamanı qüvvələrini saxlamaq üçün logistika sistemlərini işə salacaq.

Mühasirə müharibəsi. Rusiya Ukraynanı təslim olmağa məcbur etmək üçün böyük şəhərlərə qarşı mühasirə taktikası tətbiq edir. Rusiya indiyədək öz itkiləri ilə bağlı yalnız kiçik narahatlıq nümayiş etdirib və düşmən və mülki əhali itkilərini nəzərə almayıb. Rusiya bu yaxınlarda bəyan etdi ki, Qərbdən istənilən silah tədarükü qanuni hədəflərdir, bu bəyanat NATO-nun eskalasiya qorxusunu gücləndirmək və gələcək tədarük planlarını yavaşlatmaq məqsədi daşıyır.

Rus logistikası. Rusiyanın Ukraynaya hücuma başladıqdan sonra Çindən hərbi texnika və yardım istəməsi barədə məlumatlar var. Bu, Rusiyanın genişləndirilmiş kampaniyanı dəstəkləmək üçün hərbi-sənaye kompleksini tam səfərbər etmədiyini göstərir. Müharibə uzandıqca, Rusiya öz qüvvələrini saxlamaq üçün öz maddi-texniki bazası və şəxsi heyətin təchizatı sistemlərini daha yüksək mexanizmə keçirəcək.

Artan risklər. Rusiya Ukraynanın qərbinə hücumlarını artırdıqca, NATO ilə eskalasiya riskləri artır. NATO və Rusiya gözlənilməz nəticələrdən qorunmaq üçün kommunikasiya xətlərini açıq saxlamaq səylərini ikiqat artırmalıdır.

İnformasiya müharibəsi. Rusiya daha çox öz ərazisinə və ya Belarusa humanitar dəhlizlər açır, az sayda ukraynalının getmək istədiyi yerlərə getməsinə icazə verir və onlardan təbliğat vasitəsi kimi istifadə edir. Rusiya həm də öz vətəndaşları üçün söz və mətbuat azadlığını ciddi şəkildə məhdudlaşdırır, müharibə ərəfəsində ictimai dəstəyi manipulyasiya edir. Xaricdə Rusiya informasiya müharibəsində uduzur. Ukrayna rəhbərliyi Rusiyaya təsirli strateji kommunikasiyaları ilə cavab verir və nəticədə Ukraynaya müqavimətini genişləndirməyə kömək edəcək maddi yardımın sürətlənməsinə səbəb olur.

Dəniz qüvvələri. Qara dənizdəki dəniz üstünlüyü Rusiyaya kömək edir. Rusiya Donbasdan quru dəhlizini tamamlamaq üçün sahil boyu qərbə hücumunu davam etdirəcək. Rusiya qüvvələrinin növbəti hədəfinin Odessa olduğunu proqnozlaşdırmaq olar. O, Ukraynanın ən böyük limanı kimi ölkənin dəniz ticarətinin 80 faizini təşkil edir və onun itkisi Ukraynanı dənizə çıxışı olmayan vəziyyətə salacaq.

Dəniz döyüşü. Ukrayna Rusiyanın iki böyük hərbi gəmisini vurub. Bunlardan sonuncu olan “Moskva” raket kreyseri yerli istehsal “Neptun” raketləri ilə batırılıb.

Amfibiya əməliyyatları. Rusiyanın Odessaya qarşı amfibiya hücumu cəhdi ehtimalı aşağı qiymətləndirilir. Rusların amfibiya hücumlarında heç bir döyüş təcrübəsi yoxdur və yaxşı müdafiə olunan mövqeyə qarşı effektiv şəkildə hücum həyata keçirmək üçün gəmi-sahil koordinasiyası yoxdur. Daha çox ehtimal olunan ssenari, Rusiya Hərbi Dəniz Piyadalarının artıq davam edən quru hücumuna öz döyüş gücünü əlavə etməsidir. Müharibənin əvvəlində Rusiyanın Antonov Hava Limanına pis planlaşdırılmış və zəif yerinə yetirilən hava desant hücumu, ərazidəki taktiki reallığa uyğun olmayan imkanlardan istifadə etmək cəhdinin axmaqlığını göstərir.

Quru əsaslı gəmi əleyhinə raketlər. Norveç Donanmasının Zərbə Raketi (NSM) hazırda Norveç, Polşa və ABŞ tərəfindən istifadə edilir və bu ölkələrdən biri tərəfindən asanlıqla ukraynalılara çatdırıla bilər. Sistem mobildir və yüz dəniz mili məsafəsinə malikdir. NSM-nin Odessa ətrafında yerləşdirilməsi Rusiya donanmasının Kremlin cənub hücumuna verdiyi dəstəyi pozmaq potensialına malikdir.

Ukraynaya silah tədarükü. Ukraynaya dəniz tədarükü yolları tamamilə kəsilmiş və hava təchizatı ciddi şəkildə məhdudlaşdırılmış olaraq qalır, lakin yerüstü təchizat marşrutları açıqdır (əsasən Polşa və Rumıniya vasitəsilə). Ehtimal olunur ki, Rusiya gələn həftələrdə Ukraynaya hava və artilleriya bombardmanı, pusqu və dəmiryol xətlərinin təxribatı da daxil olmaqla, xarici təchizatın qarşısının alınmasına üstünlük verəcək.

Ukraynaya həqiqətən hansı avadanlıq lazımdır?

Polşadan Ukraynaya MiQ-29 döyüş təyyarələrinin göndərilməsi ilə bağlı yenidən və təkrar razılaşmanın ictimaiyyətə çatdırılması fonunda gələcək təhlükəsizlik yardımının diqqəti ilk növbədə təyyarələr ətrafında cəmlənib. Hələ də mövcud 56 döyüş təyyarəsi ilə Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın hava üstünlüyünə qarşı çıxmaq üçün döyüş təyyarələrindən faydalanacaq. Bununla belə, döyüş təyyarələri Ukrayna ordusunun hazırda ehtiyac duyduğu ən kritik avadanlıq deyil. Quru əsaslı HHM vasitələri, atəşə qarşı qoruma vasitələri və Pilotsuz Uçuş Aparatları (PUA) qırıcılara nisbətən münaqişəyə daha ani və əhəmiyyətli təsir göstərəcək. Bu üç kritik ehtiyac ABŞ, NATO və/və ya Avropa İttifaqı tərəfindən ödənilə bilər:

Hava hücumundan müdafiə vasitələri. Ukraynanın Rusiyanın hava üstünlüyünə qarşı uğuru qırıcı təyyarələrdən daha çox HHM vasitələri ilə bağlıdır. Sovet istehsalı olan S-300 indiyədək müharibədə yüksək effektivlik nümayiş etdirib. Mobil, uzaq mənzilli sistem Rusiya Hərbi Hava Qüvvələrinə itkilər verməkdə davam edir. NATO-nun üç ölkəsi - Bolqarıstan, Yunanıstan və Slovakiya S-300-dən istifadə edir. Slovakiya artıq öz sistemlərini Ukraynaya ötürüb. Ukrayna qüvvələrinin yaxşı bildiyi bu sistemlərin ötürülməsi “Stinger” kimi aşağı hündürlük üçün nəzərdə tutulmuş MANPADS-ları tamamlayacaq və əlavə MiQ-29-larla müqayisədə Rusiyanın hava üstünlüyünün qarşısını almaqda daha əhəmiyyətli təsir göstərəcək güclü hava əleyhinə qabiliyyəti təmin edəcək.

Atəşə qarşı imkanlar. Rusiyanın lokallaşdırılmış hava üstünlüyünü inkişaf etdirə bilməməsi onun quru hücumunu tam dəstəkləmək üçün havadakı say və texnoloji üstünlüyündən istifadə etməsinə mane oldu. Ölüm və dağıntıların üstünlüyü YARS, uzaqmənzilli artilleriya və minaatan kimi yerdən atılan atəşlərdəndir. Bu sistemlərin atəş və məhvetmə sürətini azaltmaq üçün ən yaxşı vasitə düşmən silahlarına qarşı əks atəşdir. Atəşə qarşı mübarizə sistemləri atəş açan quru əsaslı silahı tapmaq və sonra bu silahı məhv etmək üçün tez bir zamanda dəqiq atəşə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. Birləşmiş Ştatlar bundan əvvəl Ukraynaya əks-atəş radarları təmin edib. 2019-cu ildə Ukraynaya iki qabaqcıl AN/TPQ-30 radarları verilib. Ukraynanın artıq necə işlədiyini bildiyi bu radarların daha çoxu Rusiyanın Ukrayna şəhərlərində təxribat törədən yerüstü sistemlərinin müəyyən edilməsində və məhv edilməsində faydalı olacaq. Münaqişədən xeyli əvvəl Ukrayna ABŞ-ın artıq tədarük etdiyi AN/TPQ-30 radarlarına uyğun gələn, “Vilxa-M” adlandırdıqları Sovet istehsalı BM-30 sisteminin inkişaf etdirilmiş versiyası olan YARS-larını qurmağa başladı.

PUA-lar. Ukrayna Türkiyə istehsalı olan “Bayraktar”ın Rusiya zirehli texnikası və HHM sistemlərini məhv etdiyinə dair onlarla video yayımlayıb. TB2 döyüş sahəsində kəşfiyyat toplamaq və dəqiq idarə olunan silahlarla hədəfləri məhv etmək üçün istifadə edilə bilər. Ukraynanın müdafiə naziri bu ay Türkiyənin Ukraynaya daha çox “Bayraktar” tədarük etdiyini bildirib. Əlavə TB2-lər Rusiyanın şimalda irəliləyişini dayandırmağa kömək etdi və Rusiya döyüş maşınlarına əhəmiyyətli itkilər verməyə davam edir. Həmçinin, ABŞ Ukraynaya kamikadze tipli “Switchblade-300” PUA-ları göndərib. Ukrayna Rusiyanın zirehli texnikalarını məhv etmək üçün yüzlərlə kamikadze PUA-lardan istifadə edə bilər. Ukraynanı qabaqcıl PUA-ların “yüksək/aşağı” qarışığı ilə təmin etmək onun Rusiyanın zireh və hava hücumundan müdafiə sistemlərinə böyük və qeyri-dayanıqlı itkilər verməkdə davam etməsini təmin edərdi. Ağ Ev Ukraynaya əlavə yüz “taktiki” PUA göndərəcəyini açıqlayıb.

NSM. Norveç NSM-i rusların Qara dənizdəki dəniz üstünlüyünü pozmaq və cənub irəliləmə oxunda əldə olunan üstünlüyün aradan qaldırılması üçün istifadə edilə bilər. Polşa Hərbi Dəniz Qüvvələrinin hazırda hər biri quruda yerləşən 12 NSM ilə təchiz edilmiş 2 Sahil Gəmi Əleyhinə Raket Diviziyası var. Bu, Odesanın müdafiəsində istifadə ediləcək sistemin ideal variantıdır. Varşava Ukraynaya bir neçə NSM verməyə hazır olsa, polşalılar raketləri Odessaya çatdırmazdan əvvəl ukraynalılara öz ölkələrində təlim keçə bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin