Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib

2022/05/627b9-1652265864.jpg
Oxunub: 408     14:35     11 May 2022    
Mayın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Ordu.az FHN-in saytına istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimi açıq elan olunub.

Çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərlərin andiçmə mərasiminin Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə təsadüf etdiyini vurğulayıblar. Qeyd edilib ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan əzəli torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.

Mərasimdə çıxış edən gənc əsgər Süleyman Qafarov hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verib.

Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mülki-müdafiə  


Bizi "telegram"da izləyin