Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşrə görə, bu günlərdə məlum olub ki, ABŞ hakimiyyəti Ermənistan hüquq-mühafizə orqanlarının müraciəti əsasında Ermənistan Dövlət Gəlirlər Komitəsinin rəhbəri Qaqik Xaçatryanın ailəsinə aid olan mülkün qanuniliyinin araşdırılmasına başlayıb.
“Qanunsuz əmlakın müsadirə edilməsi mexanizmi tam həcmdə fəaliyyət göstərməyə başlasa, yəqin ki, yaxın gələcəkdə bu cür bir sıra yeni məlumatlar alına bilər. İyirmi ildən artıqdır ki, Ermənistanın hakim “elita”sı öz rifahını durmadan artırıb, faktiki olaraq zəruri dövlət təhlükəsizliyi strategiyası üçün məsuliyyəti öz üzərinə götürməyib”, - deyə nəşr bildirib.
Müəllif vurğulayıb ki, yalnız Aprel döyüşlərindən sonra erməni “elita”sı öz pullarının bir hissəsini cəbhə xəttində müşahidə, təhlükəsizlik, müəyyən maddi-texniki və infrastruktur məsələlərinə xərcləyib, lakin ciddi nailiyyətə ancaq adekvat investisiya və sərmayə qoyuluşu ilə çatmaq mümkün idi.
Məqalədə qeyd olunub ki, erməni hakim “elitasının” müxtəlif fraksiya və qrupları Serj Sarkisyanı hakimiyyətdə saxlamaqla məşğul idi, çünki şəxsi rifah və təhlükəsizlik perspektivləri bu məsələlərdən asılı idi.
Alpər Mövludoğlu
Ordu.az