Veteranlarla görüş keçirilib - FOTOLAR

2022/05/fhn_v-1652016553.jpg
Oxunub: 1465     16:50     08 May 2022    
Mayın 8-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun tapşırığı ilə İkinci Dünya müharibəsində qələbənin 77-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub.

FHN-dən Ordu.az-a bildirilib ki, təşkilatın rəhbəri Fatma Səttarova ilə görüşən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov veteranları faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edərək, Fövqəladə Hallar Nazirliyi adından əklil və Təşkilatın üzvü olan veteranlara bayram sovqatı təqdim edib.

Baş idarə rəisi tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsindən, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasından, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrindən böyük məmnunluq hissilə danışıb.

N.Zamanov xüsusi vurğulayıb ki, artıq ikinci ildir bu bayramı 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Ermənistan üzərində qazanılmış parlaq Zəfərin yaratdığı sonsuz sevinc və qürur hissilə qarşılayırıq. Dövlətçiliyimizin ən şərəfli səhifəsi olan tarixi Zəfərlə Azərbaycan Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.

N.Zamanov veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun daim yüksək saxlanılmasında səylərini əsirgəməməsini qeyd edib, şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlığı və şücaətini gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi adlandırıb.

Görüşdə İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova zəngin və şərəfli tarixə malik olan Azərbaycan xalqının İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında böyük xidmətlərini vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qəhrəmanlıq salnaməmizə imzalarını atmış ön və arxa cəbhə veteranlarına, onların ailələrinə daim yüksək diqqət və qayğı göstərildiyini razılıq hissilə dilə gətirib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin