“Jerusalem Post”: Ermənistan Rusiyanın geosiyasi girovudur

2022/01/61d83-1641560410.jpg
Oxunub: 1075     20:45     06 May 2022    
İsrailin “Jerusalem Post” qəzetində "Ermənistan Rusiyanın geosiyasi girovudur" sərlövhəli məqalə dərc olunub.

Ordu.az məqaləni təqdim edir:

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı məhv etmək üçün hərbi müdaxiləyə başlayıb. Lakin işğal planlaşdırıldığı kimi getmədi. Rusiya Ukraynanın strateji əhəmiyyət daşıyan heç bir şəhərini tuta bilməyib, ordu isə böyük itki verib.

Digər tərəfdən, Rusiya üzrə ekspertlər xəbərdarlıq edirlər ki, bu geri çəkilmə Ukraynanın həlledici qələbəsi kimi qəbul edilməməlidir. Qoşunların çıxarılması Putinin planlarının alt-üst edildiyini göstərsə də, bu həm də Putinin aqressiv döyüş maşınının yenidən toparlanmasına və Ukraynaya yeni zərbələr endirməsinə şərait yaradır. Prezident Zelenski çağırışlarının birində “Bizi bacardığınız qədər dəstəkləyin” deyərək gərgin mübarizənin gözlənildiyinə işarə vurub. Bununla belə, Kiyev müharibənin ən pis mərhələsinə hazırlıq üçün müttəfiq axtaran yeganə ölkə deyil. Moskva da bunu edir. Rusiyanın ənənəvi uzunmüddətli hərbi-siyasi müttəfiqi olan Ermənistan həmin siyahının başındadır.

Ermənistan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir. Burada Rusiya hərbi bazası var, bu bazalar NATO-nun şərq bazasına qarşıdır. Ermənistan Kremlin rəhbərlik etdiyi bir sıra neoimperiya layihələrində iştirak edir. 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra yaradılan Avrasiya İqtisadi İttifaqı (Aİİ) Moskvanın Avrasiyadakı qonşularına hökmranlıq etmək üçün yaradılan ticarət orbitidir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) isə NATO-nu dünyanın qalan hissəsi ilə balanslaşdırmağa çalışır. Rusiya rəsmi olaraq Ermənistanın hava məkanını, dövlət sərhədlərini qoruyur. Moskva ilə bu qədər sıx hərbi-siyasi əlaqələri olan ölkənin Putinin ən yaxın müttəfiqlərindən biri olması təəccüblü deyil.

İrəvanın manevr imkanları çox azdır, çünki o, Moskvadan çox asılı olaraq qalır. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı və investorudur, iki ölkə Avrasiya ticarət blokuna üzv olduqları üçün ortaq bazarı bölüşürlər. Ölkələrin müdafiə sistemləri əsasən inteqrasiya olunub, Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Onun təhlükəsizlik arxitekturası Rusiya tərəfindən hazırlanıb və erməni hərbçiləri Rusiya akademiyalarında təhsil alırlar ki, bu da çoxdan mövcud olan postsovet siyasətidir.

Ermənistan faktiki olaraq Rusiyanın geosiyasi girovudur. Fevralda Ermənistan Rusiyanı qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağıran BMT-nin təhlükəsizlik qətnaməsinə səsvermədə bitərəf qalıb. Bir neçə gün sonra BMT-nin İnsan Haqları Şurası müharibənin təcili müzakirəsinə çağıranda Ermənistan yenidən bitərəf qalıb. Ermənistanın beynəlxalq aləmdə Rusiyaya siyasi dəstəyi yeni deyil. 2014-cü ildə Rusiya Şərqi Ukraynanı işğal edəndə Ermənistan öz geosiyasi mövqeyinə aydınlıq gətirdi və Aİ ilə əməkdaşlıqdan imtina etdi. Məlumatlara görə, Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan 2014-cü ilin martında Krımın ilhaqı münasibətilə Kremli təbrik edən ilk lider olub. Şimali Koreya, Suriya və İran kimi Ermənistan da davamlı olaraq Rusiyanın Ukraynaya təcavüzünü pisləyən BMT qətnamələrinin əleyhinə səs verib. İrəvan hətta Ukrayna qanunlarını pozaraq işğal etdiyi Krımla ticarət əlaqələri qurub.

Rusiya Ukraynaya təcavüzü nəticəsində zəiflədiyindən, Ermənistan Qərbə yaxınlaşmaq üçün daha böyük təzyiqlərə məruz qala bilər. Martın əvvəlində iki ölkənin xarici işlər nazirləri beynəlxalq müstəvidə yanaşmaların əlaqələndirilməsini müzakirə etmək üçün danışıqlar aparanda İrəvan siyasi baxımdan artıq Moskvanın təzyiqinə məruz qalıb.

İrəvan Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Benjamin Poğosyan əmindir ki, Ukrayna müharibəsi münaqişədən sonrakı dünyanın yaranması prosesini sürətləndirəcək. “Rusiyada rejim dəyişikliyi olmasa, Rusiya ilə Qərb arasında aydın bölücü xətlərlə uzunmüddətli “soyuq müharibə” başlayacaq”, - deyə Poğosyan qeyd edir. Bu ssenaridə Ermənistan Rusiyanın təsir dairəsinin bir hissəsi kimi barrikadanın o biri tərəfində görünəcək, bu da Ermənistanın Avroatlantik strukturlar və ayrı-ayrı dövlətlərlə münasibətlərinə mütləq mənfi təsir göstərəcək. Ermənistanın Aİ ilə azad ticarət sazişi yoxdur, lakin Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü kimi Rusiya ekosistemində möhkəm kök salıb. Bu yolla Ermənistan Rusiyanın dünya iqtisadiyyatına qoşulmasına kömək edə bilər.

Ermənistan İqtisadiyyat Nazirliyi hətta Ermənistana köçmək istəyən Rusiya şirkətləri üçün bələdçi nəşrlər dərc edib, orada biznesin qeydiyyatından, mənzil kirayəsindən tutmuş, sərhəddən ev heyvanlarının keçirilməsinə qədər hər şey izah edilir. Bunun üçün bir presedent var: İrəvanın Rusiya ilə münasibətləri onun İranla əməkdaşlığına paralel ola bilər.

2014-cü ildən bəri ABŞ-ın genişmiqyaslı sanksiyalarına baxmayaraq, İrəvan Tehranla ticarəti məhdudlaşdırmayıb. 2018-ci ildə qonşular Aİİ ilə müvəqqəti azad ticarət sazişi imzaladılar, bu da onlara gömrük rüsumları olmadan daha sıx ticarət etməyə imkan verdi. Buna baxmayaraq, Ermənistanın fəaliyyəti sanki Qərb dövlətlərinin diqqətini cəlb edib. Blinken Ermənistanın baş naziri Paşinyanla telefon danışığında deyib: “Baş katib həmkarları ilə birlikdə ABŞ-ın Moskva və onun tərəfdarlarını Kremlin Ukraynaya qarşı əsassız müharibəsinə görə məsuliyyətə cəlb etməkdə davam etmək öhdəliyini vurğulayıb”.

Lakin bu xatırlatma yetərli görünmədi, ABŞ bu yaxınlarda bəyan etdi ki, İrəvanın sanksiyalardan yayınmaqda Rusiyaya dəstək verməməsi üçün Ermənistan rəsmiləri ilə əlaqə saxlayır. İrəliyə baxanda demək olar ki, Rusiyanın Ukraynaya müdaxiləsi regionda qüvvələrin bölgüsünü dəyişməyə qadirdir. Ukraynanın sərt müqaviməti və Rusiya tərəfinin bir sıra kobud səhvləri Moskvanı çuxura atdı. Zəifləmiş Rusiya, demək olar ki, Ermənistanın təhlükəsizlik sisteminin risklərini artıracaq, çünki ölkənin silahlanmasının 90%-i Rusiyadan gəlir, onun təhlükəsizliyini Rusiya diktə edir. Ermənistanın seçimləri məhduddur.

2020-ci il müharibəsində Azərbaycan 1990-cı illərin əvvəllərində birinci müharibədə Ermənistan tərəfindən işğal edilən ərazilərin çoxunu geri aldı. Lakin Ermənistan Qarabağın qalan hissəsinə nəzarət etməkdə davam edir. Rusiya bu ərazini tərk etsə, Ermənistan çox güman ki, sonuncu sütununu da itirəcək. Əgər növbəti müharibə başlasa, Rusiyanın Ermənistana hətta silah da verə biləcəyinə zəmanət yoxdur. Bu ssenaridə Moskva Ermənistanı Ukraynanın cənub-şərqindəki Donetsk-Luqansk bölgələrini müstəqil və ya Rusiyanın nəzarətində olan ərazilər kimi tanımağa məcbur edə bilər. Rusiya Ermənistanı da Belarusla eyni oxa gətirməyə cəhd edə bilər. Belarus prezidenti Aleksandr Lukaşenko artıq Ermənistanın belə bir inkişafdan qaça bilməyəcəyini bildirib.

Ukrayna Putinin, xüsusən də güman edilən qardaşlarına qarşı nə qədər gözlənilməz ola biləcəyini göstərdi. Rusiya Ukrayna külündən çıxanda Ermənistan atəş altında qala bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Ukrayna  


Bizi "telegram"da izləyin