Kəngərlidən Qızıllı Kəngərliyə düşən işıq| "Nə qədər ki, nəfəsin üstündədi, döyüşməlisən..."

2022/04/eeaa5-3302632496.jpg
Oxunub: 776     15:00     19 May 2022    
Bu işıq azərbaycançılığın işığıdı, Hərbi anda sədaqətin işığıdı, min illərin cığırdaşı olan tariximizi yaşadan mənəvi işığın zərrəsidi, Vətənə sevginin - Vətən sevgisinin işığıdı. Bir azdan bu işıq əsgərlərimizin nəfəsiylə əhatələnəcək; bir müqəddəslik zərrəsinin düşüncələrimizə düşəcək işığına yol gedirik. Vətən müqəddəsdi, şəhidlik müqəddəsdi. Vətən adına müqəddəs döyüşlərdə şəhid olan baş leytenant Əhməd Mehbalıyevin ruhunu əsgərlərlə nəfəs-nəfəsə anmağa gedirik. Bu yol indi yolçularını bir vaxtlar gözlərimizdən uzaq düşsə də, könlümüzdən iraq olmayan ərazilərə aparır. Şahbulaq qəsrini keçəcəyik, Qızıllı Kəngərliyə çatacağıq. Yol boyunca Zəfərin davamı kimi quruculuq işləri gedir - yollar genişləndirilir, körpülər salınır, su axarları üçün boru-keçidlər quraşdırılır - Böyük Qayıdış bu yollardan keçəcək.

Yolun sağında-solunda bir vaxtlar şenliklər - kəndlər olub. O şenliklərin evlərini ermənilik dağıdıb, qapı-pəncərələrini ermənilik aparıb. Bu görkəmə düşən şenliyə necə şenlik deyəsən? Bu görkəm qəlbimizi qana döndərsə də, 30 il əvvəli xatırlayırıq - gözəl kəndləriydi, "Qarabağ şikəstəsi" o kəndlərin də gözəlliyini sürmələyirdi. Erməniliyin bu günə saldığı kəndlərimizin hamısı yenidən qurulacaq. Şəhidlərin, bu sıradan anım tədbirinə getdiyimiz şəhid baş leytenant Əhməd Mehbalıyevin ruhu da bunun intizarındadı...

Görkəmi ürək göynədən bu kəndlərin evləri daş qalağına dönüb. Heç bir müharibədə bu səviyyədə qəddarlıq, bu səviyyədə vəhşilik olmayıb. İkinci Dünya müharibəsində faşistlər belə etməmişdi, Vyetnamda da, Əfqanıstanda da, Suriyada da, ...işğalçı bu səviyyədə dağıntılar törətməyib. Evlərin çoxunun divarları arasında ağaclar bitib. Görən kövrələr. Şəhid baş leytenant Əhməd Mehbalıyevin də ruhu bu görüntülərin sıxıntılarından sıxılmaqdadı, düşünürəm...


Bir dəlisov rüzgarın kükrəyişindən sonra divarlar arasında ağac cücərib, bitib, böyüyüb. Divarları uçub-dağılmış ev bu gəlişi, bitişi arzulanmayan ağaca dibçəkdi elə bil. Çiçəklərə görə dibçəkləri sevməmişəm, indi evə görə ağaca nə deyim, nə? Evin yan-yörəsində ağac yoxdu, quruyubmu, kəsilibmi? - ağacsız həyət laylasız beşiyin eynidi. İllərdi ağacsız, beşiksiz, laylasız, qalmış evlərin səssiz fəryadı eşidilməyib...

Şahbulaq qəsri görünür. Qəsr "Yeddi gözəl" adıyla tanınan hündür təpəliklərin bu üzündədi, o üzü Qızıllı Kəngərli kəndidi. Baş leytenant Əhməd Mehbalıyevin komandiri olduğu tank taqımı düşmənlə orada qarşılaşıb, orada döyüşüb. Döyüş 3-4 saat davam edib...

Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin ssenarisi ilə keçirilən tədbirdə baş leytenant Əhməd Mehbalıyevin timsalında bütün şəhidlər anılır.

Abdulla Qurbani şəhidliyin mahiyyətindən danışır, bu tədbirin baş leytenant Əhməd Mehbalıyevin ruhuna ehtiram tədbiri olduğunu bildirir:

- Əhməd Mehbalıyev 1968-ci il sentyabrın 1-də Naxçıvanın Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdu. Qıvraq indi qəsəbədi, sonralar yaradılan Kəngərli rayonunun mərkəzidi. Əhməd Mehbalıyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdı, Kazan Ali Tank Məktəbini bitirmişdi. Kiyevdə, Moskvada xidmət etmişdi. Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlayanda Azərbaycana qayıtmışdı. Şuşanın müdafiə döyüşlərində iştirak etmişdi, düşmənin onlarla döyüş maşınını sıradan çıxartmışdı...

Şuşa adı çəkilincə əsgərlərin baxışlarında Zəfər ovqatlı qürur görünür. Xatırlayıram ki, Vətən müharibəsinə kimi Şuşa xatırlananda əsgərlərin qaşları çatılardı, yumruqları düyünlənərdi.

Neçə il əvvəl ön xətdə - düşmənin şərti olaraq "otuz-qırx" addımlığında keçirilən "Qarabağa yaz gələcək!" vətənpərvərlik tədbirində əsgərlər, əsgərlərin qırımını, niyyətini görən cavanlar oradan düşmən üstünə getməyə bənd idilər; gözəl niyyətin tədbiri ürəkləri coşdurmuşdu. İndi burada dağlara meyillənən baxışlarda həmin ruhun eynini görürəm. Bu, Kəngərlidən Kəngərliyə düşən işığın qüdrətindəndi...

- Baş leytenant Əhməd Mehbalıyev Şuşada tank komandiri idi. Döyüşlərdə düşmənin neçə-neçə döyüş texnikasını, canlı qüvvəsini məhv etmişdi. Şuşa işğal edildikdən sonra taqım komandiri kimi Laçında, Qubadlıda, Kəlbəcərdə döyüşmüşdü. Qətiyyətlə döyüşmüşdü, cəsarətlə döyüşmüşdü, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qayibanə səsini eşidərək döyüşmüşdü, döyüş əmrini yerinə yetirəndə taqımın döyüşünü bacarıqla idarə edərək döyüşmüşdü...

Düşmən Ağdam istiqamətində həmlələrini, hücumlarını gücləndirmişdi. Mövqeyə gün ərzində 2-3 dəfə həmlə, hücum edirdi. Həmlələrə, hücumlara əlavə qüvvələr də cəlb edirdi. Düşmənin həmlələrinin, hücumlarının qarşısını almaq baş leytenant Əhməd Mehbalıyevin rəhbərlik etdiyi tank taqımına tapşırılmışdı.

1993-cü ilin iyun ayı idi.

İyunun 25-i idi.

Düşmənlə Qızıllı Kəngərlidə üz-üzə gəldilər.

Düşmənin xeyli döyüş texnikası müdafiə xəttinə doğru irəliləyirdi. Tankçılar döyüşə baş leytenant Əhməd Mehbalıyevin müəyyənləşdirdiyi döyüş üslubu ilə başladılar...

"Yeddi gözəl"in kəndə baxar səmtində döyüşürdülər. Həmişə tankçılara: "Nə qədər ki, nəfəsin üstündədi, döyüşməlisən..." - deyən cəsur tankçı zabit Əhməd Mehbalıyevin idarə etdiyi tank qəflətən alışdı. Minaatan mərmisi tankı sıradan çıxartdı. Yaralanmasına məhəl qoymadan döyüşü atıcı silahla davam etdirdi...

Baş leytenant Əhməd Mehbalıyev döyüşdə atışa-atışa şəhid oldu...

Abdulla Qurbani əsgərlərə şəhid zabitin döyüşdüyü, şəhid olduğu yeri göstərir. 29 il əvvəlin şəhidlik məqamına dikilir baxışlar. Minnətdarlıq var baxışlarda - işğaldan qurtuluş üçün döyüşmüşdülər...

Abdulla Qurbani Vətən müharibəsini xatırladır, "Döyüşlərdə heç bir döyüş bayrağımız düşmən əlinə keçmədi...", - deyir. Əsgərlərin sayı qədər "Azərbaycan!" - sədası eşidilir. "Bayraqlarımızı, bayraqlarımızın arzuladığı yerə siz sancacaqsınız!" - deyir. Əsgərlər duyğulanır. Necə gözəl niyyətdi! Bu yaz günü bu gözəl niyyət əsgərlərin əhatəsində elə gözəl yaşanılır ki! Bu niyyətə baş leytenant Əhməd Mehbalıyevin ruhu da alqışçıdı", - Abdulla Qurbani belə deyir...

- Belə qəhrəmanların döyüş yolunu öyrənə-öyrənə xidmət edən əsgərlər Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin başlanğıcı bilirlər. Əllərdə, könüllərdə ucalan bayrağımız dövlət sərhədlərimiz daxilində hər yerdə dalğalanacaq. Qürurla dalğalanacaq! Anım tədbiri bu inamı, bu əminliyi hamıya yaşadır. Belə duyğuları 2016-cı ilin Aprel döyüşləri yaşatmışdı. Vətən müharibəsi o qələbəni tamamladı. İşğaldan azad edilmiş ərazilərdə gedən quruculuq işləri bu zəfərin davamıdır. Şəhid baş leytenant Əhməd Mehbalıyevin də, digər şəhidlərimizin də ruhu quruculuq işlərinin başa çatacağı günün intizarındadı. O ruhları narahatlıqdan siz qurtaracaqsınız, - kəlmələrin əsgərlərin düşüncələrinin nizamını müəyyənləşdirdiyinə əminliklə üzü dağlara sarı baxıram. Dağlardan üzü aşağıya yellər teylənir...

Ssenariyə əsasən, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifa etdiyi vətənpərvərlik mahnıları da, rəqslər də tədbirin daha əhatəli dərki üçündü: Naxçıvanın Kəngərli rayonundan Ağdamın Qızıllı Kəngərli kəndinə düşən işıq bir şəhid ömrünün timsalında şəhidliyin işığıdı. Min illərin o üzündən düşən şəhidlik işığı günümüzdən keçib min illəri də tarixləşdirəcək...

Polkovnik Seymur Həbibullahov belə tədbirlərin, məhz bu tədbirin əsgərlərin mənəvi-psixoloji hazırlığında əhəmiyyətindən, zamanında ön xətdə keçirilmiş vətənpərvərlik tədbirlərinin Vətən müharibəsində döyüşçülərin döyüş əzmini, qələbə ruhunu yüksəltməsindən söz açır, belə tədbirlərin, məhz bu tədbirin ideya müəllifinə - Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaniyə təşəkkürünü bildirir. Hər baxışda bu təşəkkürə şəriklik görünür...

"Vətən müharibəsindən əvvəl ön xətdə xidmət edən əsgərlərin əhatəsində "Qarabağa yaz gələcək!" - deyirdik, Qarabağa yaz gəldi, indi Cıdır düzünün çiçəkləri göy üzünə əl eləyir. Arzuladığımız ərazilərə də yaz gələcək. Sizin gətirəcəyiniz yaz təbiətin yazını daha da gözəlləşdirəcək", - tədbirin ideya və ssenari müəllifi Abdulla Qurbani belə deyir...

Vətənpərvərlik tədbirində səslənən fikirlər əsgərlərə bir gerçəkliyi yenidən yaşadır: şəhidlik də, şəhidlər də heç zaman unudulmur. Bu gerçəklik Vətən müharibəsində qazanılan Zəfərin qüdrətindən qürurlananların Azərbaycanın xəritə bütövlüyünün bərpa ediləcəyinə inamını kükrədir. Bu kükrəyişin belə bir tədbirdə duyulması da Vətənə sevginin təzahürüdü. Həm də işğaldan azad edilmiş ərazidə. Əsgərlər baş leytenant Əhməd Mehbalıyevin şəhid olduğu yerin söykəndiyi təpəliklər massivini də, bu massivin söykəndiyi dağı da düşüncələrinə eşitdiklərinin işığında köçürür...

Vətən müharibəsindən əvvəl keçirilən vətənpərvərlik tədbirləri əsgərlərin döyüş əzmini, qələbə ruhunu yüksəldirdi. Vətən müharibəsində bu yüksəliş Zəfərlə tamamlandı. Əsgərlərin baxışlarında Zəfərdən sonra keçirilən belə tədbirlərin də qələbə ruhunu kükrədəcəyinə əminlik görürəm. Mənə elə gəlir ki, Hərbi anda sədaqətlə xidmət edən əsgərlər 1993-cü il iyunun 25-də baş leytenant Əhməd Mehbalıyevin şəhid olduğu yerdə də and içəcəklər. Azərbaycanın xəritə bütövlüyünün bərpa edilməsi üçün. Fikrimi bildirincə çavuş Saməddin İbadov, əsgərlər Emin Rzayev, Zamin İbrahimov, Orxan Rzayev,... "Elədir..." - deyirlər. Bu qətiyyət də Kəngərlidən Qızıllı Kəngərliyə düşən işığın qətiyyətidi. Həm də dönməz qətiyyəti...

...Kəngərlidən Qızıllı Kəngərliyə düşən işığa əsgərlərin düşüncələrinin işığını tamamlayan ruhmisal rəmz deyərdim. Şəhidlərin ruhunun qayibanə səsini eşidirəm: Şəhid ömrü ömürlərdə yaşayır deyə haqlısan...

Rəşid Hüseynov əməkdar jurnalist
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin