"Bu məktubu sizə böyük minnətdarlıqla yazıram, çünki biz rahat yaşayırıqsa, bunu sizə borcluyuq" - Əsgərə məktub

2022/04/c4c96-1651316161.jpg
Oxunub: 403     16:12     16 May 2022    
Ordu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Ərazi bütövlüyümüzün təminatçısı və qoruyucusu olan ordumuz dünyanın ən güclü ordularındandır. Bu gün hər bir vətəndaşımız rəşadətli ordusu, qalib əsgəri ilə qürur duyur. Cəmiyyətdə əsgərlərimizə hər zaman yüksək rəğbət bəslənir. İkinci Qarabağ müharibəsində də xalqımızın ordusuna olan dəstəyi qələbəni təmin edən amillərdən oldu. Dövlət-xalq-ordu birliyi şanlı zəfərimizlə başa çatdı. Azərbaycan əsgəri ona göstərilən etimadı doğruldaraq xalqına Böyük Qələbə sevinci yaşatdı.

Dövlətçilik atributlarından olan ordumuz cəmiyyətimizin tərkib hissəsi kimi həmişə hörmətlə əhatələnib.

Yaşından, peşəsindən asılı olmayaraq hər kəs ordumuzla qürur duyur. Azərbaycan əsgərinə sonsuz sevgi bəsləyir. Ordu-ictimaiyyət münasibətinin əsasında Vətənə sevgi, dövlətə, dövlətçiliyə sədaqət dayanır. Xalq ordusuna inanır, ordu xalqa güvənir.


Mütəmadi olaraq hərbi hissələrdə xalq-ordu birliyinin bariz nümunəsi olan müxtəlif layihələr, tədbirlər keçirilir. Dövlət qurumlarının, özəl təşkilatların, müxtəlif müəssisələrin nümayəndələri, məktəblilər və tələbələr vaxtaşırı əsgərlərlə görüşə gedir, birlikdə bayram şənlikləri, tədbirlər keçirirlər.

Azərbaycan əsgərinin döyüş ruhunun daha da artırılmasına, xalq-ordu birliyinin möhkəmləndirilməsinə xidmət edən belə tədbirlərdən biri də "Əsgərə məktub" layihəsidir. "Əsgərə məktub" layihəsi çərçivəsində şagirdlər Vətən keşiyində dayanan əsgərlərə arzu və minnətdarlıq dolu məktublarını böyük sevinc hissi ilə yazırlar. Yazılan məktubların əsgərlərə böyük ruh yüksəkliyi verəcəyinə ümid edən şagirdlərimiz bu prosesdə həvəslə iştirak edirlər. Böyük coşqu ilə davam edən bu layihə çərçivəsində növbəti dəfə Bakı şəhəri, Nizami rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 1G sinif şagirdləri əsgərlərə olan sevgilərini yazdıqları məktublarla çatdırdılar. Redaksiyamızın poçtuna göndərilən məktubları əsgərlərə çatdırmaq isə bizim mənəvi borcumuzdur...

"N" hərbi hissəsində asudə vaxtın olmasından yararlanaraq gətirdiyimiz əmanətləri əsgərlərimizə çatdırdıq. Bu məktublara kiçik qəlblərə sığmayan böyük sevgilər yazılmışdı. Bu namələr yüzlərlə kilometr məsafəni santimetrlərə qədər azaltmışdı. Parta arxasında yazılan kağızlarda olan sevgi və qürur dolu cümlələr xalq-ordu birliyinin təzahürü idi. Hələ yazıb oxumağı yeni öyrənən şagirdlərin qələmə aldığı bu məktublar ailələrdə, təhsil ocaqlarında uşaqların milli-mənəvi dəyərlərə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə olunduğunun bariz nümunəsidir. Onların dilindən yazılan sadə cümlələr əsgərlərin simasında böyük sevincə, könül xoşluğuna səbəb olurdu. Şagirdlər məktublarında sözlərlə kifayətlənməyib, rəsmlər də çəkmişdilər. Azərbaycan Bayrağı, əlində üçrəngli bayrağımızı dalğalandıran əsgər, tank üstündə olan əsgərlər, silahını göyə qaldırıb qələbə sevinci yaşayan əsgər... və digər maraqlı rəsmləri yazdıqları gözəl arzuları tamamlayırdı. Şagirdlərin əsgərlərimizə ünvanladığı "Sizi çox sevirik, sizinlə fəxr edirik", "Biz sizin zəfərlərinizlə qürur duyuruq, Vətən keşiyində dayanan əsgərlərimizi Allah qorusun", "Biz demək olar ki, hər gün sizi yad edirik, sizə arzularımız sonsuzdur, sağ-salamat evinizə qayıdasınız", "Mən sizi tanımasam da, bütün əsgərlərimizi çox sevirəm, əlinizdə silah bizi və torpaqlarımızı qoruyursunuz, Allah da sizi qorusun", "Sizin qüdrətli və cəsur olduğunuzu bilirik, sizlərin mərdliyi sayəsində qələbə sevinci yaşadıq, mən də böyüyəndə sizin kimi Vətənimi sevib qoruyacağıma söz verirəm", "Bu məktubu sizə böyük minnətdarlıqla yazıram, çünki biz rahat yaşayırıqsa, bunu sizə borcluyuq, siz səngərdə dayanıb bizim üçün sipər olursunuz, sizə sonsuz güvənirik"... sözləri oxuyan əsgərlərin hər birində xoş təəssürat yaradır.

Məktubları oxuyan əsgərlərin hər birinin simasında təbəssüm canlanırdı. Parta arxasından ordu sıralarına uzanan bu ülvi sevginin yaratdığı təbəssüm xalq-ordu birliyinin təntənəsi kimi ətrafa saçılırdı. Onlara ünvanlanan sevgi dolu sözləri oxuyan əsgərlər də öz növbəsində qələmə sarılıb məktub müəlliflərinə ürək sözlərini və minnətdarlıqlarını yazırdılar.

Bu qəbildən olan hər bir təşəbbüs, keçirilən layihə və tədbirlər mahiyyəti etibarilə vətənpərvərlik deməkdir. Belə təşəbbüslər istər əhatəliyi, istərsə də məzmunu ilə hər zaman təqdirəlayiq qarşılanır və diqqət mərkəzində olur. Ayrı-ayrı məktəblərin şagirdləri tanımadıqları əsgərlərə məktublar yazır, onlara arzu və istəklərini bildirirdilər.

Hər məktub bir ürəyin diqtəsi, hər məktub bir vətəndaşın ordumuza, ordumuzun əsgərinə səmimi müraciətidir. Bu müraciət Vətən müharibəsində yumruq olan ordu-ictimaiyyət münasibətinin göstəricisidir. "Əsgərə məktub" layihəsi yeniyetmələrdə vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca dəyərli layihədir. Müxtəlif siniflərdə oxuyan şagirdlərin yazdığı məktublar təsdiqləyir ki, onlar Vətəni, ordumuzu sevirlər. Bu sevgi də vətənpərvərlikdir.

Mahmud Möhbaliyev "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu  


Bizi "telegram"da izləyin