Qərbi Avropanın ən böyük artilleriya qüvvəsinə kim məxsusdur? – Hər kəs onu qısqanır

2022/04/CyB70-1650450257.jpg
Oxunub: 1620     15:23     21 Aprel 2022    
24 fevral 2022-ci il tarixində Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibə artilleriya sistemlərinin əhəmiyyətini bir daha sübut etdi. Həm Ukrayna, həm də Rusiya artilleriya sistemlərindən səmərəli istifadə etməyə davam edir.

Ukrayna hadisələrindən sonra bir çox Qərb ölkələri öz artilleriya sistemlərini və şəxsi heyətini inkişaf etdirmək və hazırlamaq üçün hərəkətə keçiblər.

Müharibənin nəticələri bütün Avropa qitəsində hiss olunur, xüsusilə artilleriya sistemləri ilə məşhur olan Skandinaviya ölkəsi ön plana çıxır. Söhbət Finlandiyadan gedir.

Finlandiya Müdafiə Qüvvələrinin (Puolustusvoimat) hazırda inventarında 1500-ə yaxın artilleriya sistemi var. Finlandiya Qərbi Avropada ən çox artilleriya sisteminə malik ölkədir. Bu açıq mənbə məlumatlarına etibar edilməməlidir, çünki Finlandiya Ordusunun inventarında daha çox sistemin olduğu iddia edilir.

Rəsmi məlumatlara görə, ölkənin inventarında 700 haubitsa, 700 ağır minaatan və 100 Yaylım Atəşli Reaktiv Sistem (YARS) var. Eyni zamanda, fin xalqı daim öz torpaqlarını müdafiə etmək üçün hazırlanır.

Baltik dənizi regionunda Rusiya istisna olmaqla, Finlandiyanın bu sahədə ən yaxın rəqibi Polşadır. Polşada 700-ə yaxın artilleriya sistemi var. Almaniyanın inventarında cəmi 200 artilleriya sistemi var.

Finlandiyanın qonşuları İsveç və Norveçdə vəziyyət daha pisdir. İsveçin inventarında 100, Norveçdə isə daha az sistem var.

Finlandiya Quru Qoşunlarının rəisi Petri Hulkko ölkəsinin artilleriya sistemlərindəki reputasiyası ilə fəxr edir. Hulkko bildirir ki, Türkiyədən sonra Avropanın ən böyük quru qüvvələri gücü Finlandiyadır. Hulkko vurğulayır ki, bu xüsusiyyət bir çox ölkələr tərəfindən “paxıllıqla” qarşılanır.

Finlandiyanın bu xüsusiyyəti Qərb müttəfiqlərini cəlb edir. Bir çox ölkələr beynəlxalq təlimlər vasitəsilə Finlandiya təcrübəsini öz ordularına əlavə etməyə çalışırlar.

Finlandiyalı mütəxəssislərin fikrincə, artilleriya sistemlərində effektivlik üçün təkcə texnikanın özü kifayət etmir. Burada bir çox amillər rol oynayır. Fin artilleriyasının effektivliyini müəyyən edən bir çox amillər var: Məsələn, sürətli atəş, atəş stansiyasından bunkerlərə sürətli hərəkət və yeni bir missiyaya başlamaq və s.

Sürətin çox vacib amil olduğunu dərk edən Finlandiya Quru Qoşunları Cənubi Koreya istehsalı olan K9 tipli Özüyeriyən Artilleriya Qurğularına (ÖAQ) daha çox sərmayə qoyur. Finlandiya Quru Qoşunlarında K9 haubitsalarının yerli adı K9FIN “Moukari”dir.

2017-ci ildə 160 milyon dollara 48 “Moukari” sifariş edən Finlandiya, əvvəlki müqavilədəki seçim hüququndan istifadə edərək, keçən il əlavə 10 “Moukari” sifarişi verdi. Beləliklə, Finlandiyanın sifariş etdiyi K9 haubitsalarının sayı 58-ə yüksəlib.

Finlandiya artilleriya sistemlərində kadr hazırlığına böyük əhəmiyyət verir. Bu kontekstdə bir çox tərəfdaş ölkələr, xüsusilə İsveç, Norveç və ABŞ Finlandiya qüvvələri ilə sıx təmasdadır.

Müasir döyüş meydanında artilleriya sistemlərinin effektivliyini artıran ən böyük amillərdən biri müşahidə aparatları (PUA və s.) və artilleriya aşkarlayıcı radarları olan təyyarələrdir. Bu baxımdan əskiklik olduğunu hiss edən Finlandiya Ordusu 2019-cu ildə İsrailə müraciət edib və işin hələ də yüksək məxfilik şəraitində davam etdiyi məlumdur.

Finlandiya ordusunun “Saab” şirkətindən “Arthur” radarlarını və “Elta” şirkətindən ELM-2084 radarlarını aldığı məlumdur. Bu radarlar sayəsində düşmən artilleriyasının mövqeyi aşkar edilir və artilleriya atəşə tutulur. Bəzi hallarda bu sistemlər sayəsində hətta düşmən artilleriyasının mərmisi əraziyə çatmamış əsgərə xəbərdarlıq belə ötürülə bilir.

Finlandiya ordusu indiki şöhrətini İkinci Dünya Müharibəsi illərinə borcludur. Bunun ən yaxşı nümunəsi 1944-cü ilin yayında Tali-İhantala və Ayräpäan-Vuosalmen döyüşləri zamanı Kareliya İstmusunda dayandırılmış Sovet Ordusudur.

Tali-İhantala bölgəsində yerləşən 21 artilleriya batareyası ilə Finlandiya Qüvvələri ondan daha çox artilleriya batareyasına malik Sovet Ordusunu darmadağın etmişdi. Bu uğurda ən böyük pay Finlandiya heyətinin dəqiqliyi və hədəfləri qüsursuz məhv etməsidir. Həmçinin fin artilleriyasının bu gün dünyada məşhur olmasının səbəbi keçmişə gedib çıxır.

Fin artilleriyasının “əcdadı” Qış Müharibəsinin qəhrəmanı hesab edilən General Vilho Petter Nenonendir. Nenonenin o dövrdə tətbiq etdiyi bir çox təlimlər bu gün də artilleriya kadrlarının hazırlanmasında həyati əhəmiyyət kəsb edir.

Mütəxəssislərin fikrincə, silah sistemləri döyüş meydanında daha çox texniki xarakter alacaq və bu, gələcəkdə dəyişəcək. Müxtəlif növ artilleriya sistemlərinə tələbat azalır. Atəş gücünə və müxtəlifliyə tələbat artır. Xüsusilə sursatların dəyişməsi diqqəti çəkir. Sursatlar daha ağıllı olur və daha az ağıllı döyüş sursatı ilə daha çox səmərəliliyə nail olmaq olar.

Məsələn, Finlandiya Ordusu son illərdə 105 mm, 130 mm və 152 mm-lik artilleriya sistemlərini ləğv etmək qərarına gəlib. Hazırda diqqət YARS-lara (Fin Ordusunun inventarında ABŞ istehsalı olan 298 M270 YARS var) və 155 mm-lik artilleriya sistemlərinə yönəlib.

Ukraynada müharibə qızışdıqca və Finlandiyanın NATO-ya qoşulma ehtimalı getdikcə artdıqca, Fin artilleriyasını nəzərdən qaçırmaq olmaz...

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Ukrayna  


Bizi "telegram"da izləyin