Rusiya-Ukrayna müharibəsində Ermənistanın manevr cəhdləri – ANALİZ

2022/04/76876-1650099520.jpg
Oxunub: 3285     12:55     16 Aprel 2022    
Uzun müddətdir ki, Ermənistanın təhlükəsizlik baxımından çətin vəziyyəti nəzərə alınaraq, Rusiya ilə düşmənçilikdən yayınmaq cəhdləri bu ölkənin siyasətinin əsas xüsusiyyətlərindən biri olub. Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) və ya Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasından irəli gələn öhdəliklər heç vaxt şübhə altına alınmayıb. Belə ki, Ermənistanın 2022-ci ildə KTMT-yə sədrlik növbəsinə keçməsi ilə əlaqədar yanvarın əvvəlində Qazaxıstanda “sülhməramlı” əməliyyatını rəsmən elan edən baş nazir Nikol Paşinyan olub. Ermənistan həmçinin BMT Baş Assambleyasında, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) və digər beynəlxalq forumlarda Rusiyanı pisləyən qətnamələrin, xüsusən də Gürcüstan və Ukraynanın işğalı ilə bağlı qəbul edilən qətnamələrin əleyhinə səs verib.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdıqdan bir gün sonra Ermənistan XİN qondarma respublikaların tanınmasının nəzərdən keçirilmədiyini bildirdi. Ancaq ertəsi gün səhər Rusiyanın genişmiqyaslı hərbi müharibəsi balanslaşdırma tələb etdi.

Hələlik Ermənistanın bilavasitə siyasət prioritetlərini belə ümumiləşdirmək olar: qondarma “xalq respublikaları”nın tanınmasından qaçmaq, Rusiyaya hərbi dəstəkdən qaçmaq, Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda birbaşa iştirakdan yayınmaq, Moskvanı hansısa düşmənçilik hərəkətlərinə və ya hərbi hissələrini Qarabağdan çıxarmağa təhrik etməmək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası istiqamətində irəliləyiş.

Ermənistan hökuməti neytral mövqe tutmaq üçün bəzi ehtiyatlı addımlar atdı. Ukrayna nümayəndə heyəti Rusiyanın təcavüzü nəticəsində insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq təhqiqat üçün təcili müzakirələrin aparılmasını tələb edərkən Ermənistan BMT-nin İnsan Hüquqları Şurasında səsvermədə bitərəf qalıb. BMT Baş Assambleyası Rusiyadan Ukraynadakı hərbi əməliyyatları dərhal dayandırmağı tələb edən qətnamə qəbul etdiyi üçün o, həmçinin səsvermədə bitərəf qalıb. Rusiyadan başqa, yalnız Belarus, Eritreya, Şimali Koreya və Suriya bu qətnamənin əleyhinə səs verib. Hər iki halda Ukraynanın müvəqqəti işlər vəkili bunun müsbət əlamətlər olduğunu qeyd edib. Daha sonra Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinə dair sənədi qəbul edən AŞPA-da Ermənistan nümayəndələri səsvermədə iştirak etməyiblər.

Hətta belə ehtiyatlı yanaşma Moskvanın qəzəbli reaksiyasına səbəb oldu. Rusiya təbliğat orqanları Qazaxıstan və Qırğızıstanı neytrallıq cəhdlərinə görə qınasa da, Ermənistanın Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləməməsi təhdidlərlə müşayiət olunub. Paşinyanın “belə kritik geosiyasi vəziyyətdə Vladimir Putinə dəstək ifadə etmək əvəzinə” Parisə səfəri və martın 9-da Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşlərinin təcəssümü olan “xəyanət” Moskvanı xüsusilə qıcıqlandırıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın NATO-nun qərargahına planlaşdırılan səfərinin vaxtı da Rusiya mətbuatında təşviş yaradıb.

Bu arada, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzünün başlamasına az qalmış, parlament müxalifətinin liderləri, o cümlədən eks-prezident Robert Köçəryan Rusiya-Belarus İttifaqına qoşulmağı açıq şəkildə təbliğ etməyə başladılar. Belə təkliflər Belarusun bir neçə ay əvvəl etdiyi kimi Aİ-nin Şərq Tərəfdaşlığından çıxmaq tələbləri ilə müşayiət olunurdu. Bundan başqa, fevralın 21-22-də İrəvanda Şərq Tərəfdaşlığının Avronest parlament assambleyasının sessiyası keçirilən zaman etiraz aksiyaları keçirən müxalifət fəalları Rusiyanın təzyiqinin tezliklə onlara hazırkı hökuməti devirməyə kömək edəcəyini gözləyirdilər.

Suverenlikdən imtina etmək və Rusiya-Belarus İttifaqına qoşulmaq ideyasını normallaşdırmaq cəhdləri güclənir. Rusiyada çirkli pulların yuyulması ilə məşğul olarkən sərvət qazanmış və 2021-ci ildə yaradılmış “Yaşayacaq Ölkə” partiyasının əsas maliyyəçisi, “Gələcək erməni” hərəkatının həmtəsisçisi Ruben Vardanyan “Kentron TV”yə müsahibəsində iddia edib ki, həm Rusiya, həm də ABŞ tərəfindən təzyiqlər artsa da, birliyə üzvlük tezliklə qaçılmaz ola bilər, ona görə də bu halda məqsəd “Rusiyanın ən qabaqcıl regionlarından birinə – Tatarıstana çevrilmək” olmalıdır.

Öz növbəsində, Ermənistan Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov da Moskvanın müharibənin Rusiya ilə Ukrayna arasında deyil, Rusiya ilə Qərb arasında olması barədə təbliğat xarakterli nağılını yayır və seçim etmək imperativi ilə bağlı spekulyasiyalar aparır. Görünən odur ki, bu cür təbliğat Paşinyanın Moskvaya bu ay üçün planlaşdırılan səfəri öncəsi istifadə olunan təzyiq üsullarından biridir. Erməni müxalifəti Rusiyanın siyasi məqsədlərinə çatmaq üçün fəaliyyətini daha da gücləndirəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin