“Qızılgül və Narıncı inqilab” arasında savaş| Gürcüstan-Ukrayna düyünü çözüləcəkmi?

2022/04/1650099290.jpg
Oxunub: 1133     18:41     16 Aprel 2022    
Gürcüstan və Ukrayna arasında münasibətlər bir çoxları üçün maraqlı deyil. Ancaq 2003-cü ildə Gürcüstanda baş verən “Qızılgül inqilabı” və daha sonra 2008-ci il müharibəsi, Ukraynada “Narıncı inqilab” və Avromaydan, sonrasında Donbasda müharibə və Krımın ilhaqı bu iki ölkəni eyni aqibəti bölüşməyə vadar etdi.

Bütün bunların baş verməsindən öncə 4 postsovet respublikasını birləşdirən GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) adlı təşkilat yaranmışdı. Gürcüstan-Ukrayna münasibətləri dostluq münasibətlərinə çevrilib. Bu dostluğu 2008-ci il müharibəsi veteranı Mamuk Mamulaşvili və 2014-cü ildə Donbasda ruslara qarşı mübarizə aparan və 2022-ci il Rusiya-Ukrayna müharibəsində 700 əsgərdən ibarət Gürcüstan Milli Legionuna çevrilmiş 10 nəfər davamçısının yaratdığı gürcü könüllülər batalyonu da göstərdi. Bu, əcnəbilərdən ibarət ən böyük hərbi birlik hesab olunur.

Lakin Gürcüstan-Ukrayna dostluğu Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Rusiyanın işğalından dörd gün sonra ölkəsinin Rusiyaya qarşı Qərb sanksiyalarına qoşulmaqdan imtina etdiyini açıqlamasına mane olmadı. O, bunu iqtisadi maraqlarla əsaslandırdı. Əgər onlar qoşulsaydı, Gürcüstanın şərabçılıq və turizm sənayesi zərər görəcəkdi. Bu fenomen Qaribaşvilinin Gürcüstanın milli-dövlət maraqlarını yüksək səviyyədə dərk etdiyini göstərir. Aprelin əvvəlində Qaribaşvili yenidən Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bildirib. Bu, Gürcüstan prezidenti Salome Zurabişvilinin Gürcüstanın Qərbin bütün maliyyə sanksiyalarına qoşulduğunu elan etməsindən sonra baş verdi. Zurabişvili Fransada doğulub, böyüyüb və təhsil alıb. Daha sonra ABŞ-da təhsil alıb və uzun illər Fransa Xarici İşlər Nazirliyində işləyib. 2003-cü ildə o, Fransanın Gürcüstandakı səfiri təyin edilib, bir il sonra isə Mixail Saakaşvili ona Gürcüstanın xarici işlər naziri vəzifəsini təklif edib.

Bu yaxınlarda Ukrayna və Gürcüstan arasında daha bir qalmaqal baş verdi. Ukrayna baş nazirinin müavini İrina Vereşçuk və xarici işlər naziri Dmitri Kuleba Tblisini üçüncü ölkələrdən Rusiyaya Gürcüstan üzərindən qaçaqmalçılıq yolu ilə sanksiyaya məruz qalan bir sıra malları, o cümlədən hərbi təyinatlı malları keçirməkdə ittiham etdi. Məlumatları Ukrayna kəşfiyyatı aşkarlayıb.

“Ya Ukraynanın müvafiq xidmətləri Gürcüstana qarşı iyrənc ittihamların açıq-aşkar sübutlarını təqdim edəcəklər, ya da açıq şəkildə və eyni mənbələrdən istifadə edərək bu absurd iddiaları təkzib edəcəklər”, - deyə hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

Partiyanın lideri İrakli Kobaxidze bildirib ki, Gürcüstana qarşı irəli sürülən ittihamlar absurd və məntiqsizdir.

“Söhbət qaçaqmalçılıqdan gedirsə, Ukrayna sərhəddini maneəsiz keçməyi bacaran qaçaqmalçılıq məhsulunu xatırlatmaq istərdim. Onun adı Mixail Saakaşvili idi”, - deyə o qeyd edib.

Gürcüstan hökumətinin nümayəndələri əmindirlər ki, Kiyevdən irəli sürülən ittihamlar əsasən daxili siyasi tərkibə malikdir və onların arxasında keçmiş prezident Mixail Saakaşvili tərəfindən Ukraynaya köçürülən, Ukrayna pasportu alan gürcülər dayanır. Bunun Qərb kəşfiyyatının konspirativ davranışının təzahürü olduğu bildirilir.

Ukrayna prezidenti Zelenski Gürcüstanın “xəyanətkar” davranışına cavab olaraq Tbilisidəki səfirini geri çağırıb. Məlum olub ki, Ukraynanın Mərakeşdəki diplomatik missiyasının rəhbəri də eyni əsasla geri çağırılıb. Amma Gürcüstan-Ukrayna münasibətlərində problemlərin yaranması Aİ rəhbərliyinin Gürcüstana münasibətini dəyişməyib. Gürcüstan Moldova ilə birlikdə Avropa İttifaqına üzv olmaq üçün mart ayında Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra müraciət edib. Müraciət qəbul edilib və təşkilatın tərtib etdiyi rəsmi sorğu vərəqəsi Gürcüstana təqdim edilib, bunun əsasında Gürcüstan Avropa İttifaqına üzv ola biləcək.

Gürcüstan anti-Rusiya sanksiyalarında iştirakdan imtina etsə də, bu, onun xarici siyasətinin dəyişdiyi və ya Rusiyaya qarşı çox mənfi münasibət bəslədiyi anlamına gəlmir. Və son 5 ildə Gürcüstana 5 milyon rusiyalı turistin səfər etməsinə baxmayaraq, sadə ruslara qarşı da eyni münasibət var. Bu, Qərbin sanksiyalarına görə Rusiyanı tərk edən bir çox informasiya mütəxəssislərinin ilk dəfə Gürcüstanda məskunlaşmağa cəhd etməsi ilə bir daha üzə çıxdı. Onlar bir sıra amilləri nəzərə alıblar: internetdə informasiya mübadiləsinin yüksək sürəti, əlverişli hava şəraiti, Avropanın qonşuluğu, müharibənin olmaması, sahilin olması və s. Lakin onlar Gürcüstan banklarında hesab açarkən Rusiya rəhbərliyini pisləyən məktublara imza atmağa məcbur olublar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Rusiya  


Bizi "telegram"da izləyin