Avropa İttifaqı Rusiyanın 21 aviaşirkətini "qara siyahı"ya salıb

2020/10/AI-ba-1602943665.jpg
Oxunub: 337     15:18     11 Aprel 2022    
Avropa Komissiyası Rusiyanın 21 aviaşirkətini aviasiya təhlükəsizliyi üzrə “qara siyahı”sına daxil edib.

Ordu.az Avropa Komissiyasına istinadən xəbər verir ki, qeyd olunan siyahıya “Aeroflot”, “Rusiya”, “Pobeda” və “UTair” şirkətləri də daxildir.

“Qara siyahı”ya daxil olan şirkətlərə Aİ ölkələrinin hava limanlarına və onun ərazisi üzərindən uçuşlar qadağan edilib.

Qeyd edək ki, Brüssel artıq Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində bütün bunları qadağan edib.

“Bu, Rusiyanın xaricə məxsus təyyarələri məcburi yenidən qeydiyyata alması, onların etibarlı uçuşa yararlılıq sertifikatları olmadan istismarına bilərəkdən icazə verməsi səbəbindən ciddi təhlükəsizlik narahatlıqlarını əks etdirir. Bu, beynəlxalq aviasiya təhlükəsizliyi standartlarını pozur”, - Avropa Komissiyasının məlumatında bildirilib.

Sözügedən siyahının yeniləməsindən sonra ümumilikdə 117 aviaşirkətin Aİ səmasında uçuşuna qadağan qoyulub.

Bunlar 15 müxtəlif dövlətdə sertifikatlaşdırılmış 90 aviaşirkət və müəyyən edilmiş ciddi təhlükəsizlik çatışmazlıqlarına görə Rusiyada sertifikatlaşdırılmış 21 aviaşirkət, eləcə də digər dövlətlərin 6 fərdi aviaşirkətidir:

“Avior Airlines” (Venesuela), “Blue Wing Airlines” (Surinam), “Iran Aseman Airlines” (İran), “Iraqi Airways” (İraq), “Med Airlines” (Nigeriya) və “Air Zimbabwe” (Zimbabve) şirkətləri;

Əlavə iki aviaşirkət əməliyyat məhdudiyyətlərinə məruz qalıb. Belə ki, onlar Aİ-yə yalnız xüsusi təyyarə növləri ilə uça bilər: “Iran Air” (İran) və “Air Koryo” (Şimali Koreya).

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin