Rubrika| Hərb Tarixi| Manna dövlәtinin ictimai hәyatı xәfiyyәlәrin xәbәrlәrindә

2023/12/1701937549.jpg
Oxunub: 2868     17:57     27 Dekabr 2023    
E.ә. VIII әsrin sonlarında Aşşur dövlәtinin Şәrq әyalәtlәrindә, o cümlәdәn qәdim Azәrbaycan dövlәti Mannada baş verәnlәr haqqında mәlumatın toplanması vә çatdırılması mәqsәdilә kәşfiyyat şәbәkәsi tәşkil olunmuşdu. Bu strukturun xәfiyyәlәri Aşşur sarayını yerlәrdә baş verәn әhәmiyyәtli hadisәlәrlә bağlı operativ qaydada mәlumatlandırırdı. Gil lövhәlәr üzәrinә yazılan mәlumatlar yerli canişinlәr vә sәlahiyyәtli xәfiyyәlәr vasitәsilә çatdırılırdı. Mәlumatlarda, әsasәn, Aşşur dövlәtinә düşmәn olan hәrbi birlәşmәlәrin manevrlәrinә, siyasi vә sosial iğtişaşlara, xәracın yığılmasını vә çatdırılmasını әngәllәyәn fәaliyyәtlәrә diqqәt yetirilirdi.

Toplanan mәlumatlar Aşşur rәsmi dairәlәrinin qabaqlayıcı tәdbirlәr görmәsini tәmin edirdi. Mannanın siyasi elitasında, eyni zamanda urartumeyilli qüvvәlәr dә mövcud idi vә onlar vaxtaşırı olaraq әks-kәşfiyyat fәaliyyәtlәri ilә Aşşur sarayına yanlış mәlumatlar ötürürdülәr. Kәşfiyyat xәbәrlәri bәzi hallarda qeyri-rәsmi mәtnlәr (mәsәlәn, kahinlәrin Günәş tanrısına fal sorğuları) vasitәsilә çatdırılırdı.

5000 illik dövlәtçilik tarixindә Azәrbaycanda mövcud olmuş siyasi qurumların (tayfa birliklәrinin vә dövlәtlәrin) fәaliyyәti qonşularla olan hәrbi münaqişәlәrә paralel sıx iqtisadi vә etnomәdәni münasibәtlәr sәviyyәsindә davam edib. Bu siyasi qurumların әsrlәrlә davam edәn varlığı, heç şübhәsiz dövlәt idarәçiliyi üçün vacib tәsisatlarla, vahid mәrkәzdәn tәnzimlәnәn güc strukturları vә diplomatik vasitәlәrlә yanaşı, xәfiyyә vә kәşfiyyat strukturlarının sәmәrәli fәaliyyәtindәn asılı olub. Urmiya gölü hövzәsindә formalaşan ilk siyasi qurumlarımızı lullubi, quti vә turukku kimi tayfaların hәrbi birliklәri tәşkil edirdi. Mesopotamiyanın yazılı ilk mәnbәlәri göstәrir ki, bu birliklәrlә mübarizә coğrafi hüdudlarını vә siyasi tәsirini hövzәyә doğru genişlәndirmәyә can atan Mesopotamiya hökmdarlarının daima marağında olub.

E.ә. IX әsrin әvvәlindә yerli tayfaların konsolidasiyası nәticәsindә Azәrbaycanın tarixi cәnub torpaqlarında yeni güc mәrkәzinin, paytaxtı İzirtu olan Manna (vә ya Mana) dövlәti yaranır. Hәmin vaxtdan Aşşur şahlarının imperiya qurmaq maraqları Mannaya olan hәrbi yürüşlәr kontekstindә xüsusilә kәskin hal alır. Manna vә qonşuluqdakı Mada tayfa birliyinin әrazilәri hesabına Şәrq cәbhәsindә yeni dayaq mәntәqәlәri yaratmaq vә onları әyalәt sistemindә birlәşdirmәk planları Aşşur hökmdarı II Sarqonun (e.ә. 722–705-ci illәr) vә onun varislәrinin xarici siyasәtindә prioritet mәsәlәyә çevrilir. E.ә. 719–714-cü illәrdә mәhz II Sarqonun hәrbi dәstәyi Manna dövlәtini dağılmaqdan, Urartuya yem olmaqdan xilas etdi, itaәtdәn çıxan vilayәtlәrin mәrkәzi hakimiyyәtә tabeliyi yenidәn bәrpa olundu. Bunun mәntiqi nәticәsi olaraq Manna bir müddәt Urartu ilә mübarizәdә Aşşur dövlәtinin müttәfiqinә çevrildi. Manna әyalәtlәrindә әhalini itaәtdә saxlamaq, onlardan alınan xәracın Aşşur sarayına vaxtı- vaxtında vә maneәsiz çatdırılmasını tәmin etmәk üçün yerli canişinliyә tabe edilmiş güclü kәşfiyyat sistemi yaradılıb. Onun aşşurlulardan, bәzәn dә yerli sakinlәrdәn tәşkil olunmuş әmәkdaşları mütәmadi olaraq bölgәdә baş verәn vә mәrkәz üçün maraq doğuracaq mәlumatları Aşşur sarayına ötürürdülәr. Lakonik mәlumatlar müxtәlifölçülü gil lövhәlәrin hәr iki üzünә yazılmaqla, әsasәn, әrazidә müşahidә olunan kütlәvi әhali yerdәyişmәlәrini, hәrbi qarşıdurmaları, tәbәәlәr arasında itaәtsizliyә olan meyillәri әks etdirirdi.

Deyilәnlәrә baxmayaraq, Mannanın hakim elitasının xarici siyasәtә baxışında ikimeyillik qalmaqda idi. Әyanların bir qrupu Aşşurla ittifaqa meyil göstәrәrәk ölkәni Urartu basqınlarından sığortalamağa çalışırdı. Digәr qrup isә siyasәtini Urartuya әsasәn, nizamlayaraq Aşşur әleyhinә fәaliyyәt göstәrәn qüvvәlәrә qoşulmağa üstünlük verirdi. Tәbii ki, Mannanın daxilindәki әks qüvvәlәrdәn Urartu sarayının xeyrinә, Aşşur hәrbi-siyasi dairәlәrinә isә dezinformasiya mәqsәdli kәşfiyyat xәbәrlәri ötürülürdü.

Hövzәnin tarixinin öyrәnilmәsindә xeyli әhәmiyyәtli olan bu tip rәsmi sәnәdlәr XIX әsrin sonlarından etibarәn müxtәlif ölkәlәrdә alimlәr tәrәfindәn dәfәlәrlә tәdqiqata cәlb olunub vә indi dә öz әhәmiyyәtini saxlamaqdadır. Mövzumuzla bağlı sәnәdlәr e.ә. 720–650-ci illәri әhatә edir. Әksәriyyәtinin zәdәli olmasına baxmayaraq, sinxron mәtnlәrlә müqayisәli tәhlil әsasında onların mәzmununu bәrpa etmәk çәtinlik yaratmır. Tipoloji baxımdan onları 2 qrupa ayırmaq olar. Hәr iki qrupa daxil olan sәnәdlәr müvafiq standarta uyğun tәrtib olunub, yәni vahid tәrtibat qaydalarına tabedir. Daha qәdim olan birinci qrupa sırf kәşfiyyat xarakterli sәnәdlәr daxildir vә onlar konkret şәxsә (şaha vә ya canişinә) hesabat kimi mәlumat verәnin adını göstәrmәklә tәrtib olunub. İkinci qrup kәşfiyyat xәbәrlәri Babil kahinlәrinin fal sorğuları şәklindә çatıb. İlk xәfiyyә mәlumatları II Sarqonun e.ә. 716-cı ildә Mannadan keçmәklә Mada tayfa birliyinin siyasi әhatә dairәsinә (indiki Әsәdabad vadisinә) dağıdıcı yürüşü әrәfәsindә baş verәn hadisәlәrә hәsr edilib. Onlar, bir qayda olaraq, Aşşur şahına salamla başlayır. Aşağıda bu mәktubların yalnız Manna vә onun sakinlәrinә aid olan mәlumatları nәzәrdәn keçirilir. İlk kәşfiyyat xәbәrlәrindәn biri Aşşur-risuanın II Sarqona mәktubunda qeydә alınıb. Mәktubda deyilir: “...Urartu şahının dәniz kәnarındakı vilayәtlәrindә mannalılar qiyam etdilәr vә dağlara qalxdılar. Abalukunu – Musasir şәhәrinin başçısı vә Tunnaun – Kar-sipara şәhәrinin başçısı mühafizәni tәmin etmәk üçün mannalıların ölkәsinin sәrhәddinә yollandılar”.

Mәlumatda Urmiya gölünün qәrb sahili boyu yerlәşәn әrazilәrindәn bәhs edilir. Bu mübahisәli әrazilәr vaxtaşırı Urartunun, gah da Mannanın nәzarәtinә keçirdi. Baq-Teşubun II Sarqona mәktubu da hәmin dövrә tәsadüf edir. Onun mәlumatında bildirilir:

“...Urartu şahına dair xәbәrlәr barәdә, hansıları ki, şah, mәnim ağam mәnә “Nә eşitsәn, tәcili mәnә xәbәr ver” yazmışdı, [bunu deyirәm]. “Yalan mәlumat eşitmişәm...indi...An[dia] şәhәri... indi әgәr...mannalıların ölkәsindә axta[rırlar]. Eşitmişәm ki,...onu ziqirtuların ölkәsinә [canişin] qoyublar. Belә eşitmişәm!”.

Mәktubda söhbәt Mannanın ucqar şimal-şәrq vilayәti Andiyaya (Sәfidrud (vә ya Qızılüzәn) çayından Xәzәrin sahillәrinәdәk uzanan vadilәri әhatә edirdi) yeni canişinin tәyin olunmasından bәhs edilir. II Sarqonun salnamәlәrindәn bәlli olur ki, Telusina adlı bu canişin qısa vaxt әrzindә Mannanın Ziqirtu vә Uişdiş vilayәtlәrinin hakimlәri ilә birlәşәrәk Manna mәrkәzi hakimiyyәtinә qarşı üsyan qaldırıb. “Telusina” ismi hurrimәnşәli hesab olunur. Әslindә bu toponim akkadca telu (“tәpә”) + hurricә sini (“2”) sözlәrindәn yaranıb vә “Qoşa tәpә” kimi mәnalandırıla bilәr. Ziqirtu (bәzi mәnbәlәrdә Zakruti, Zikitu, Asaqarta, Saqartiya) vә Uişdiş (Urartu mәtnlәrindә Uqiştini) vilayәtlәri indiki Marağa ilә Tәbriz şәhәrlәri arasında yerlәşirdi.

İştar-şumu-ukişin II Sarqona ünvanladığı mәktubda deyilir:

“...İndicә ziqirtuluların elçilәri buraya gәldilәr vә bildirdilәr: “Urartu şahının canişinlәrinin nümayәndәlәri, hansılar ki, ziqirtululara qarşı göndәrilmişlәr, hәbs olunublar. İndi onlarla birgә sәnin üzәrinә hücum edәcәklәr. Ziqirtuluların üzündәn gümüşü aparıb qalada gizlәtdim. Atları Paşşatu vilayәtinә verirәm. Qoy indi elçilәrin gözü qarşısında müti olsunlar (?). Elçilәr tәhrikedici ifadәlәr söylәyirdilәr: “[Biz vilayәt] başçısından heç bir göstәriş almamışıq”. Qoy şah[ım] ikinci elçidәn soruşsun, onlar bu xәbәri qoşun komandanına çatdıranda [o] onların yanında idi?”.

Bәzi hallarda mәxfi mәlumatlar vilayәt başçıları (canişinlәr) tәrәfindәn Aşşur sarayına çatdırılırdı.

Mәsәlәn, Allabriya canişini Bel-iddinin II Sarqona mәktubunda deyilir:

“Urartu şahı barәdә xәbәrlәrә dair [bunu bildirirәm]: Andiyalıların vә ziqirtuluların elçilәri Uesi şәhәrinә gәldilәr vә ona (Urartu şahına – A.Ә.) dedilәr: “Aşşur şahı üstümüzә gәlir”. O (Urartu şahı – A.Ә.) elçilәrlә görüşәn kimi Zigi[r]tu vilayәtinә yürüş etdi. O, öz qoşunu vә hub[uş]kiyalılarla [birgә] 5 keçid mәsafәdә [yerlәşdilәr], sonra qayıdıb öz әyanlarına dedi: “Qoşununuzu sәfәrbәr edin, mәn isә Aşşur şahını mәğlub etmәk üçün dolayı yolla döyüşә girәcәyәm”. O[nun qoşunu] döyüşә dolayı yolla girmәk üçün düzüldü”.

Bu mәktubda urartuluların dәstәyi sayәsindә qiyamçı mannalıların Aşşur ordusunu mühasirәyә alaraq mәğlub etmәk planları haqqında mәlumat verilir. Allabriya Mannanın Aşşur vә Urartu ilә sәrhәddi olan şimal-qәrbindә dağlıq vilayәt idi. Allabriya vilayәt başçısının akkadmәnşәli adının tam forması Bel- apal-iddin (Ağam mәnә övlad verdi) olub.

Bir mәtnin mәlumatına görә Aşşurun paytaxtı Ninevaya (Nineviya, Neynәva) gәlmiş Birduşupa adlı ziqirtulu elçini Qikii adlı mannalı tәrcümәçi müşayiәt edirdi. Mәtndә onlara vә onları müşayiәt edәn digәr şәxslәrә (cangüdәn Mannuki-Aşşura, Kitirata şәhәrindәn Buziyә) hәdiyyәlik (?) әşyaların (1 at, 1 qalxan, kәtan paltar) verilmәdiyi bildirilir. Mәtnin 6  11-ci sәtirlәrindә: mgi-ki-i LU2 tar-gu-ma-nu ša2 KUR. man-nu-a-a mbir-du-šu-pa LU2 KIN. ša2 KUR. zi-ki-ir-ta-a-a. Ziqirtulu elçinin isminin yazıldığı işarәlәri İ.M. Dyakonov “Sabduşupa”, S.Qaşqay isә “Addakupa” kimi oxumuşlar. Sonuncu oxunuş ümumiyyәtlә yanlışdır. İsmin birinci işarәsi loqo-sillabik (sözlü-hecalı) sәciyyәlidir vә әsasәn, “qoşun” (vә ya “döyüşçü”, şumercә erim, akkadca şābu) sözünün, bәzi hallarda -bir- hecasının yazılışı üçün tәtbiq olunurdu. Aşşur-Babil mirzәlәri yalnız mәnasını anladıqları akkadmәnşәli adları loqo-sillabik (sözlü-hecalı) variantda yazırdılar, әcnәbi adlar isә, әsasәn, açıq hecalarla yazılırdı. Mәsәlәn, әgәr ziqirtulu elçinin ismi hәqiqәtәn dә “Sabduşupa” olsaydı, mirzә onu rebuslu formada (şābu-du-šu-pa) yox, açıq hecalarla (şa-ab-du-šu-pa) yazardı. Bu sәbәbdәn hesab edirik ki, elçinin adı Birduşupa idi.

Vaxtında çatdırılan mәlumatlar sayәsindә II Sarqon vәziyyәti nizama salmaq üçün e.ә. 716-cı ildә Mannaya hәrbi yürüş etmәklә kifayәtlәnmәyib, iki ildәn sonra Uauş dağı rayonunda Urartu şahı II Rusanın qoşununu vә onun müttәfiqi olan qiyamçı mannalıları mәğlub edib.

Bәzi hallarda kәşfiyyat mәlumatları Aşşur hökmdarına şahzadә Sinaheribin vasitәsilә çatdırılırdı.

Belә mәktubların birindә deyilir:

“...Ululu ayının 11-ci günündә Aşşur-risuanın mәktubu mәnә çatdı. [Mәktubda yazılıb:] “Urartu şahı ziqirtuluların ona gәtirdiklәrini qәbul etmәdi, onlar [mәqsәdlәrinә çatmadan] әliboş geri qayıtdılar. O (Urartu şahı – A.Ә.) öz qoşunu ilә Uaisi şәhәrinә yürüş etdi. [İndi] onun qoşunu Uaisidә yerlәşib, özü isә yalnız yardımçı dәstәsi ilә ...mannalıların ölkәsinә yürüş [etmәk istәyir]...Mәktubdakılarla bağlı...indiyә kimi heçnә...Eşidәn kimi [bu barәdә sәnә yazdım]. Haqqlarında sәnә yazdı[ğım] vilayәt başçıları Uaisidәdirlәr...mәn görmәmişәm. Onlarla bir[gә çıx]dılar...Onun çıxışı Uaisidәndir...görmәdim. Әks-tәrәfdә olan yollar [pis vәziyyәtdәdir], onlar [yolları] yaxşı vәziyyәtә gәtirirlәr, körpülәri [bәrpa edirlәr]. Mәn bunları eşidәn kimi düşündüm: “O (Urartu şahı – A.Ә.) öz qoşunu ilә hücum edәcәkmi? Bunu şaha tәcili yazaram”. Aşşur-risuanın xәbәri budur.

Arsabiyalı mәnә belә yazmışdı: “Qoy ukkiyalını qarşımda döysünlәr. O mәni nә üçün öldürmәlidir? Siz isә susursunuz?” Öz [can]güdәnimi ukkiyalının yanına göndәrdim. Arsabiyadan olan çapar [deyir: “Ukkiyalı buraya gәldi, qalanı...Ukkiyalı[ların] nümayәndәlәri yanıma gәldilәr..., mәnә xәrac gәtirdilәr, mannalıların ölkәsi [barәdә] bәzi mәlumatlar verdilәr, lakin...qayıtdı, mәn onu qovdum. Sadudalı [qasid] yanıma, Kalhu şәhәrinә [gәldi]. Mәn onu qәbul etdim vә ona möhürlü sәnәd tәqdim etdim...ululu ayında...mәktubu gәtirdi”.

Bu mәktub e.ә. 715-ci ilә aid edilә bilәr. Mәzmunundan bәlli olur ki, Urmiya gölündәn şәrqdә yaşayan әhali Aşşur boyunduruğundan qurtulmaq üçün Urartu ilә ittifaq yaratmağa çalışır.

Adı bәlli olmayan bir nәfәr (Sinaherib ?) Nabu-hamatua adlı canişindәn aldığı xәbәri II Sarqona göndәrdiyi mәktubda belә bildirir:

“...o sağlamdır vә ... Nabu-hamatua mәnә yazır ki, Aşşur-le[e] Ulisuninin hüzuruna gedib. Ulisuni Aşşur-leyә 5 at verib. Nabu-hamatua mәnә göndәrdiyi mәktubda ona verilәn atların rәngini sadalayıb. Mәn Nabu-hamatuanın mәktubunu Ninevaya yolladım, [qoy] onu şahıma oxusunlar. Şah mәnә yazdığı kimi, Aşşur-leenin hәrәmağası [indi] Nabu-hamatuanın yanındadır. O, 3 ildir ki, Nabu- hamatuanın yanına qaçıb, onu şәhәrdә tutmaq olmur. O, öz ölkәsindә olanda onu mәnim yanıma gәtirәrlәr. Şah[ın], mәnim ağamın yazdığı kimi, tacir Bel-aheylә onlara tapşıracağam ki, onu (Aşşur- leenin hәrәm ağasını – A.Ә.) mәnim yanıma yollasınlar, mәn dә onu şah[a], mәnim ağama tәslim edim”.

Parsua әyalәtinin canişini aldığı kәşfiyyat mәlumatları әsasında II Sarqona göndәrdiyi mәktubda Mannada yaşayan vә qaçqın vәziyyәtinә düşmüş itaballılar haqqında belә yazır:

“...50 nәfәr Nikur şәhәrinә, mәnim [hüzuruma] gәldi. Sәrәncamımda olan adamlardan 35 nәfәr ölüb. Kar-Şarrukindn gәlәn karvanla [itaballılara] xәbәr göndәrdim ki, ölәnlәrin müsadirә olunmuş atlarını mәnә gәtirsinlәr, onların qaramalını, qoyunlarını vә qadınlarını mәnә versinlәr. Şahın mühafizlәri onların qaramalını, qoyunlarını, qadınlarını tutdular, [lakin qadınlar] aclıq sәbәbindәn qaçdılar. Әgәr onlar hәqiqәtәn dә aclıq sәbәbindәn qaçıblarsa, gәrәk mәnim yanıma gәlәydilәr, nә üçün mannalılar tәrәfә keçdilәr? Şaha, mәnim ağama, tanrılara and olsun, bilmirdim ki, [ita]ballılar qaçacaqlar. Bu barәdә Mada ölkәsindәn çıxanda xәbәr tutdum. Mannalıların ölkәsinә, Mazamua, Haban ölkәlәrinә [xәbәr] yolladım vә onlardan bir neçәsini Mannadan [hüzuruma] gәtirdilәr. İndi şah mәnә yazdı vә mәn әsirlәri әrzaqla tәmin etmişәm. Şah, mәnim ağam, әgәr mәn sәhlәnkar olsam vә ya tәdbir görmәsәm bilәr. Qoy şah, mәnim ağam [...], Nikur, Tizu, Ki[n]quhtu vә Kizahazi şәhәrlәrinә, döşmәn sәrhәddindә yerlәşәn vә tәrk edilmiş qalalara nәzәr yetirsin. Әgәr mәn onlardan birini bәrpa etsәm cinayәtmi olar? Qoy şah mәni haqlı yerә cәzalandırsın. Şah mәnә 2000 döyüşçü verdi. Ya şahın әyanları, ya da mühafizlәri gәlib ... ehtiyatları ... vilayәtdә ... gö[rә bilәrlәr]. Qaçqınlardan 20 nәfәr...”. Mәktubu tәdqiq edәnlәr fraqmentar […]-ba-la-a-a yazılışını “taballılar” kimi bәrpa edirlәr. Lakin Tabal ölkәsi mәktubda tәsvir olunan coğrafiyadan xeyli kәnarda, Anadolunun mәrkәzindә yerlәşdiyindәn bu fikir qәbul oluna bilmәz.

Kәşfiyyatın Aşşur sarayına ötürdüyü xәbәrlәr Mannada vәtәndaş müharibәsinin genişlәnmәsinin qarşısını almaq, mәrkәzi hakimiyyәtә asi olan vilayәt başçılarını cәzalandırmaqla ölkәdә sabitliyi bәrpa etmәk üçün e.ә. 715 vә 714-cü illәrdә II Sarqonun böyük ordu ilә baş tutmuş yürüş zәmin hazırlamışdı. Bu yürüşün tәsvirini verәn xronikadan görünür ki, hәlә yürüş әrәfәsindә II Sarqon Manna vilayәtlәrinin tәbii şәraiti, relyef xüsusiyyәtlәri, iqtisadi vәziyyәti, asi vilayәtlәrdәki qalalar vә yaşayış mәntәqәlәri haqqında kifayәt qәdәr mәlumatlı idi.Bu faktorlar vә әlavә olaraq Manna şahının hәrbi tәchizatı aşşurluların qәlәbәsindә әhәmiyyәtli rol oynadı.

II Sarqonun varisi Sinaherib 25 illik hakimiyyәti dövründә bütün diqqәtini Misir vә Babilә yönәltdiyindәn Şәrq cәbhәsindә, o cümlәdәn Mannada baş verәn olaylar haqqında kәşfiyyat xәbәrlәrinә ara verilir. Görünür, II Sarqonun zamanında Şәrq cәbhәsindә aparılan tәdbirlәr nәticәsindә Mannada nisbi sabitliyә nail olunub, hәtta müttәfiqlik münasibәtlәri yaranıb.

Namәlum canişinin Aşşur şahına (ehtimal etmәk olar ki, bu Sinaherib idi) ünvanladığı bir mәktubda silahlı qüvvәnin yardımı ilә hansısa ölkәdәn lacivәrd (akkadca aban ûknu “göy rәngli daş”) gәtirmәyin mümkünlüyündәn bәhs olunur. Mәktubun 16-cı sәtrindәn sonra deyilir:

“...Lacivәrd barәdә, necә ki, şah, mәnim ağam yazmışdı, [bunu] deyirәm: “Qoy onlar lacivәrd gәtirsinlәr”. [Mәgәr] şah, mәnim ağam bilmir ki, mәn lacivәrdi necә әldә etdim? Mәn lacivәrdi gәtirәndә ölkә mәnә qarşı üsyan qaldırdı. Әgәr bu şah[ın], mәnim ağamın nәzәrindәdirsә, qoy çoxsaylı qoşunla gәlib lacivәrdi alsın. [Onda] mәn onunla nә yemәk yeyәcәm, nә dә su içәcәyәm vә onunla bir sırada getmәyәcәyәm. Sizin qasidiniz gәlәnәdәk qalxmayacağam vә şah[ın], mәnim ağamın firavanlığı? naminә [ondan] heç nә soruşmayacağam. Qoy şah bunu qәbahәt saymasın...”.

Mәtnin zәdәlәnmiş başlığında “Urartu şahı” ifadәsinin işlәnmәsi lacivәrd nәqlinin Urartunun cәnub-şәrq torpaqlarından keçdiyini ehtimal etmәyә әsas verir. Urmiya gölündәn cәnub-qәrbdәki torpaqlar (keçmiş Qilzan şahlığı) e.ә. IX yüzilliyin sonunda Sanqibutu (Aşşur terminologiyası) vә ya Bara (biayni terminologiyası) adları ilә Urartunun tәrkibinә qatılıb. Bәdәxşandan gәtirilәn lacivәrd Mada vә Manna torpaqlarından keçmәdәn bu vilayәtә daxil ola bilmәzdi.

E.ә. VII әsrin әvvәllәrindә skif qruplarının axını ilә Anadolunun şәrqindә vә Urmiya gölü hövzәsindә demoqrafik vә siyasi vәziyyәt kәskinlәşir. Urartu qoşunlarını ağır mәğlubiyyәtә uğradan skiflәrin bir qrupu Manna vilayәtlәrinin birindә yerlәşәrәk orada hәrbi-siyasi mәrkәzlәrini yaradırlar. Nәticәdә, Sinaheribin zamanında yaranan nisbi siyasi sakitlik onun varisi Aşşurahaiddinin vaxtında pozulur. Aşşurahaiddin Şәrq cәbhәsinin qapısı sayılan Mannada vәziyyәti normallaşdırmaq, әhalini әvvәlki itaәtkarlığa qaytarmaq vә vergilәri bәrpa etmәk mәqsәdilә e.ә. 678-ci ildә Mannaya vә onun müttәfiqi skiflәrә qarşı hәrbi әmәliyyatlar aparmalı olur. Manna qoşunu vә ona yardıma gәlәn skif şahı İşpakanın dәstәlәri darmadağın edilir. Fal sorğularının birindә İşpakanın adının son hecaları qeydә alınıb. Hәmin sorğu Antarpatianu, Karzitalu vә Bit-tatti şәhәrlәrindәn gәtirilәcәk atların Aşşura vaxtında çatdırılacağının falına hәsr olunub. Bu sorğudakı hadisәlәrin Kaştaritunun üsyanına aidiyyәti yoxdur vә ondan әvvәl baş verib. Bu fakt bir dә onunla tәsdiqlәnir ki, Karzitalu şәhәrinin başçısı Bur-Dadi e.ә. 673-cü ildә Aşşurahaiddinlә vassal şәrtlәr әsasında müqavilә bağlanıb.

Lakin bu mәğlubiyyәt mannalıların vә skiflәrin azadlıq ruhunu sarsıtmır. Azsaylı kәşfiyyat xәbәrlәrindә, mәsәlәn, Bel-uşezibin Aşşurahaiddinә mәktubunda Mannadakı skiflәrdәn gözlәnilәn tәhlükәnin işartılarını görmәk olur. Mәktubda deyilir:

“...Buna baxmayaraq, şah öz qoşununa belә әmr etdi: “Mannanın içәrilәrinә girin, lakin qoşun hamılıqla girmәsin. Qoy suvarilәr vә Dakku “kimmerlәrlә” döyüşә atılsın, [çünki] onlar deyirdilәr: “Manna sizindir, biz [sizә] maneә yaratmayacağıq”. Әlbәttә, bu yalandır. Onlar qovulmuşların törәmәlәridir, onlar nә tanrı andını, nә dә [insani] razılaşmanı saymırlar. Qoy döyüş arabaları aşırımın hәr iki tәrәfindә mövqelәrini tutsunlar. Ondan sonra onlar Dakkunun atlıları ilә birgә daxil olub Mannanın düzlәrini qәsb etsinlәr. [Sonra] qoy onlar qayıtsınlar vә aşırımda onları...bir vә ya iki dәfә daxil olsunlar vә...yağmalasınlar, kimmerlәr isә...onlar Mannanın şәhәrlәrinә gәlәcәklәr...mannalı Belhabu...onlar şah[ın], mәnim ağamın әlinә keçәcәklәr...[? ayının] 15-ci günündә Ay Günәşlә birgә çıxdı. Bu [әlamәt] onların әleyhinәdir. Siz “kimmerlәrin” [cәld] ayaqlarını saxlaya bilәcәksiniz? Әgәr onlar yaxınlaşarlarsa, onların gәlişini vә gedişini heç kim bilmәyәcәkmi? Mәn şah[a], mәnim ağama xәbәr göndәrdim. Qoy şahların ağası bu ölkәni bilәn adamdan soruşsun vә şah qoy öz fikri ilә kәşfiyyatçılarını, әlavә olaraq, digәr döyüşçülәrinin yanına göndәrsin. Orada özünüzü qala ilә tәmin edin. Qoy qoşun bütünlüklә Qududanu şәhәrinә daxil olsun. Qoy onların adamlarını düzәnlikdә әsir alsınlar vә qoy [onlardan] soruşsunlar, “Qarşılarındakı indarualı[lar] (skiflәr – A.Ә.) yox oldularmı?” Qoy qoşun öz şәhәrlәrinә daxil olsun”.

Tәxminәn e.ә. 675-ci ildә yazılmış bu mәktubdan aydın olur ki, “kimmerlәrlә” (skiflәrlә!) aparılan danışıqlardan sonra onların Manna – Aşşur münaqişәsinә qarışmayacaqlarına dair zәmanәt alınmışdı. Lakin Beluşezib onların vәdinә inanmamağa çağırır vә Aşşur şahına mәslәhәt görür ki, Mannaya aparan dağ keçidlәrindәn vә kәşfiyyat xәbәrlәrindәn istifadә etsin. Mәktubda xatırlanan “mannalı” Belhabunun sosial ranqı göstәrilmir. İ.M.Dyakonov onu Mannanın şahı hesab etsә dә, bu fikir inandırıcı görünmür. Çünki o vaxtadәk Manna yerli sülalә tәrәfindәn idarә olunurdu vә hakim elita II Sarqonun zamanında Aşşurla yaxşı münasibәtlәr qura bilmişdi. Әgәr o hansısa saray çevrilişi nәticәsindә Manna taxtına yiyәlәnmiş olsaydı, bu fakt Aşşur mәtnlәrindә әksini tapardı. Ehtimal ki, Belhabu Aşşurun Mannadakı elçisi (vә ya sәfiri), ya da Mannanın skiflәr mәskunlaşan vilayәtinin canişini olub. “Bel-habu” (akkad dilindәn tәrcümәdә “Ağanın zavallısı”) babillilәr arasında yayılmış ad olduğundan mәktub müәllifi “mannalı Bel-habu” yazmaqla onu Aşşur sarayına yaxın olan digәr adaşlarından fәrqlәndirib. Mәktubun yazıldığı vaxt Ahşeri Manna taxtına yenicә sahib olub; onun adı vә düşәrgәsi (=şah qәrargahı; akkadca: madaktu) fraqmentar fal sorğularının birindә, skiflәrlә eyni kontekstdә qeydә alınıb.

Mәktub Aşşur mixi qrafikası ilә tәrtib olunduğundan ilk nәzәrdәn söhbәtin kimmerlәrdәn getdiyi şübhә doğurmur. Lakin nәzәrә almaq lazımdır ki, Aşşurahaiddinin zamanında Babilistan asılı vәziyyәtә salınıb vә hәrbi әmәliyyatlardan xәbәr verәn sәnәdlәri bәzi hallarda, sifarişlә babilli kahinlәr dә yazırdılar. Babilli mirzәlәr isә “gimirra” adı ilә skiflәri ifadә edirdilәr. Bununla belә, “Belhabu” ismi babillilәr üçün xarakterik olduğundan, güman etmәk olar ki, mәktub müәllifi dә әslәn Babildәn idi vә “gimirra” termini ilә skiflәri ifadә etmişdi (yalnız e.ә. VI әsrin sonlarında Babil mirzәlәri onları tәdim fars terminologiyasına uyğun olaraq, nadir hallarda “saka” adlandırıblar). O da nәzәrә alınmalıdır ki, Aşşurahaiddinin zamanında kimmerlәr toplu halda Anadoluda mәskunlaşdıqlarından İran yaylasında cәrәyan edәn siyasi proseslәrә, hәrbi әmәliyyatlara müdaxilә edә bilmirdilәr. Deyilәn sәbәblәrdәn, mәktubda “šī zēr amēlu halgati” (onlar qovulmuşların törәmәlәridir) ifadәsi skiflәrә şamil olunub.

Aşşur әyalәtlәri üçün yaranmış belә ağır şәraitdә Şәrq cәbhәsindә baş verәnlәrdәn operativ mәlumat almaq üçün II Sarqonun zamanında tәşkilatlanmış vә 30 il fәaliyyәtsiz qalmış kәşfiyyat sisteminә ehtiyac yenidәn gündәmә gәlir. Yerlәrdә fәaliyyәt göstәrәn cәsusların canişinlәrә vә onların vasitәsilә Aşşur sarayı Ninevaya çatdırılan mәlumatlar üsyançılara qarşı atılacaq strateji vә taktiki gedişlәrin tәminatı idi. Mәsәlәn, cәsus Aşşuruşallimin Aşşurahaiddinә mәktubunda deyilir:

“...(Şaha tәrifdәn sonra) Urartu, mannalıların ölkәsi, Mada vә Hubuşkianın qalalarına qarşı yaradılmış mühafizә xidmәtinә dair şah, mәnim ağam mәnә yazmışdı: “Onlara әmr et, onların gözlәri qarşısında...öz xidmәti borcunuza etinasız yanaşmayın vә qoy onların diqqәti әtrafdakı fәrarilәrә yönәlsin. Fәr[ari] ma[nnalıların] ölkәsindәn, Hubu[şkiyadan] onlar tәrәfә keç[әrsә], sәn dәrhal onu [tutub,] elçinin müşayiәti ilә şahzadәyә (Aşşurbanapala – A.Ә.) tәhvil ver. Әgәr onlarda (fәrarilәrdә – A.Ә.) [dәyәrli] mәlumat varsa, sәn vaxtında şahzadәyә de, mәlumatı [yubatma]. [Man]nalı mirzә (?)... onlar gәlsinlәr vә onların ifadәlәrini qoy yazsın vә möhürlәsin (?) Ahidurenşi, şahzadәnin qoşun başçısı xidmәtçilәri vasitәsilә tәcili şahzadәdәn gәlәn mәlumatları mәnә çatdırsın. İndicә mannalıların ölkәsindәn iki fәrari tutulub; biri – qoşun komandanı, digәri – icma [başçısı]. Mәn onları şahzadәnin hüzuruna göndәrdim, onlarda [yeni] mәlumat var”.

Tәdqiqatçılar hesab edir ki, Aşşurahaiddinin zamanında qaynar nöqtәlәrdәn gәlәn kәşfiyyat mәlumatlarının Aşşur dövlәti üçün uğurlu olub-olmayacağını proqnozlaşdırmaq praktikası yayılmağa başlayır. Bunun üçün Aşşur şahının adından gәlәcәkdә baş verә bilәcәk hadisәlәri proqnozlaşdırmaq üzrә “ixtisaslaşan” Babil kahinlәrinә müraciәt olunurdu, onlar da Günәş Tanrısı Şamaşa ünvanladıqları fal sorğularında (akkadca: tērtu) hadisәnin ritual mәnzәrәsini qeydә alırdılar. Qәrb elmi әdәbiyyatında onlar qәdim yunan termininә әsasәn, “orakul mәtnlәri” adlandırılır. E.ә. 670-ci illәrdә Manna vә Madada baş verәn siyasi hadisәlәrә hәsr olunmuş 22 fal sorğusu müәyyәn ixtisarlarla mәrhum tarixçimiz S.Qaşqay tәrәfindәn dilimizә tәrcümә olunub. Babilistan hәlә III Tiqlatpalasarın zamanında siyasi cәhәtdәn Aşşura tabe edilmişdi. Köhnә dini inancların dәrin kök saldığı Babilistan gәlәcәkdәn xәbәr verәn münәccimlәri, rәmmalları vә falçıları ilә bütün Yaxın Şәrqdә mәşhurlaşmışdı. Qurrbanlıq davarın daxili orqanlarının vәziyyәti ilә bağlı gәlәcәk olaylardan xәbәr vermәk (gepataskopiya) babilli kahinlәrin (bāru) dini ayinlәrlә bağlı әnәnәyә gәtirdiklәri mühüm yenilik idi. Bu sahә xüsusilә kәldani sülalәsi (Yeni Babil mәrhәlәsi) dönәmindә geniş intişar tapdığından, sonralar bu sülalәnin adı bütövlükdә “cadugәr” sözünün sinoniminә çevrildi: babilcә kaldu > rusca “кaлдун”. O dövrdә fal sorğuları, adәtәn, bir tәqvim ayı üçün (nadir hallarda 3 ay üçün) nәzәrdә tutulurdu vә proqnoz qurbanlıq qoyunun (vә ya keçinin) içalatının (daha çox qara çiyәrin) vәziyyәtinә (sağlamlıq vә ya xәstәlik dәrәcәsinә) görә tәyin olunurdu. Orqanlarda hәr hansı xәstәlik vә ya pataloji qüsurlar müәyyәn edildikdә gözlәnilәn hadisә üçün mәnfi proqnoz verilirdi, sağlam orqanlar isә olayın uğurlu nәticәlәnәcәyinә işarә kimi dәyәrlәndirilirdi. Standard formulla tәrtib olunan sorğular dUTU.EN.GAL- u2 ša2 a-šal-lu-ka an-na GI.NA. a-pal-an-ni “Tanrı Şamaş, böyük hakim, sәnә verdiyim suala qәti, inamlı cavab ver” ifadәsi ilә başlayır. Sonra proqnozu soruşulan olay haqqında mәlumat verilir. Sorğu Tanrı Şamaşa bu olayın baş verә bilmә ehtimalı (uğurlu vә ya uğursuz nәticәlәnәcәyi bildirilmәdәn) sualı ilә tamamlanır.

Bu fal sorğuları, heç şübhәsiz ki, kәşfiyyat mәlumatları vә casus xәbәrlәri әsasında tәrtib olunurdu. Bu fakt sorğularda tarixin göstәrilmәsi, xәbәri çatdıranın isә namәlum saxlanılması ilә tәsdiqlәnir. Belә ki, sorğularda bir neçә gün, bәzәn dә ay göstәrilir, halbuki qurbanlıq davarın içalatına әsasәn, proqnoz vermәk üçün 1–2 saat da kifayәt edir. Sorğulardakı mәlumatlar kәşfiyyat mәktublarındakı xәbәrlәrdәn götürülüb, lakin bu xәbәrlәri gәtirәnlәrin birbaşa diktәsi ilә yazılmayıb. Sorğuların orijinalları, yәni köçürüldüyü mәnbә tapılmayıb. Aşağıda sadalayacağımız bir sıra әlamәtlәr fal sorğularının әks etdirdiyi vaxtda yox, xeyli sonralar yazıldığını söylәmәyә imkan verir.

1. Sorğuların biri üsyançıların Kişassu şәhәrini azad etmәyә hazırlaşması ilә bağlıdır. Mәlumdur ki, hәlә e.ә. 715-ci ildә II Sarqonun göstәrişi ilә şәhәrin adı Kar-Uriqallu (vә ya Kar-Ninurta) ilә әvәz olunub. Lakin Aşşur xәzinәsinә illik xәrac vermәkdә mükәllәfiyyәtli olan bu әyalәt şәhәrinin sorğuda rәsmilәşmiş ad ilә deyil, köhnә ad ilә göstәrilmәsi tәәccüb doğurur. Halbuki ötәn onilliklәr әrzindә (e.ә. 714–671-ci illәr arasında) yazılmış mәtnlәrdә şәhәrә köhnә adının qaytarılması barәdә tәsdiqlәyәcәk mәlumat yoxdur.

2. Adi halda, operativ çalışan babilli kahin bu vә ya digәr olayı proqnozlaşdırarkәn informasiyanı ilkin mәnbәdәn, aşşurlu xәfiyyәnin (vә ya Aşşur sarayına çalışan mannalı cәsusun) diktәsi ilә yazmalı idi. Әgәr belә olsaydı;

a) sorğu Şamaşa (Babilistanın şimal şәhәri Sipparın qoruyucu tanrısı) yox, tanrı Aşşura ünvanlanmış olardı.

b) skiflәri “kimmer” etnik adı ilә yox, aşşurluların tәtbiq etdiyi “işquza” termini ilә ifadә edәrdilәr.

3. Diqqәt çәkәn haldır ki, fala tәqdim olunan sorğularda Aşşur hökmdarının diplomatik fәaliyyәtini vә ya hәrbi uğurlarını tәrәnnüm edәn rәsmi mәtnlәrdә (salnamәlәrdә, xronikalarda) әks olunmuş olaylara rast gәlinmir. Mәsәlәn, onlarda Kaştaritunun rәhbәrliyi ilә baş verәn azadlıq hәrәkatı, skiflәrin başçısı Partatuanın Aşşur şahının qızına izdivac tәklifi ilә Ninevaya elçi göndәrmәsi vә s. haqqında heç bir mәlumat yoxdur. Başqa sözlә, sorğulara Aşşurun mәğlubiyyәti vә ya onun üçün uğursuzluqla nәticәlәnәn hadisәlәr daxil edilib.

Bu arqumentlәr göstәrir ki, fal sorğuları operativlikdәn uzaq, qeyri-rәsmi mәtnlәrdir vә tәsvir olunan hadisәlәrdәn xeyli sonralar yazılıb. Mәsәlәn, Manna vә Madada baş verәn hadisәlәrә hәsr olunmuş fal sorğularının Aşşur dövlәtinin süqutundan sonra (e.ә. 605-ci il) Babildә yazılması vә XIX әsrdә Aşşurun paytaxtında (indiki Qoyuncuq kәndindә) aşkara çıxarılması belә izah oluna bilәr. Mәlumdur ki, Aşşurla müharibәdә Babil vә Mada şahlıqları arasında hәrbi ittifaq yaranmışdı. Müharibәdәn sonra Aşşur imperiyasının torpaqlarının müttәfiqlәr arasında bölünmәsi nәticәsindә Mannanın (e.ә. 649-cu ildәn Aşşurun müttәfiqi idi) әrazisi bütünlüklә Madanın tәrkibinә qatılır. Yenicә imperiya yaradan madalılar ideoloji baxımdan öz dövlәtçilik tarixini yazmaqda tәcrübәsiz olduğundan, bu tarixin bәzi mәqamlarının әbәdilәşdirilmәsi missiyası babilli mirzәlәrә hәvalә edilib. Madalılar da öz növbәsindә xoşmәramlı jest göstәrәrәk Babil ilahәsi Nanayın Aşşur şәhәri Arraphada saxlanan heykәlini babillilәrә tәhvil veriblәr.

E.ә. 670-ci illәrin birinci yarısına aid edilәn fal sorğularında mannalıların kәnar qüvvәnin hәrbi dәstәyi olmadan Aşşurla sәrhәddәki qalalara gözlәnilәn hücumlarından xәbәr verilir. Onların birinin nisbәtәn salamat qalmış arxa tәrәfindә deyilir:

“...Tanrı Şamaş, böyük hakim, [sәnә verәcәyim suala qәti, inamlı cavab ver] ...Aşşur şahı [Aşşurahaiddinin Dur-İllil qalasını] mannalılar zәbt edib, orada öz döyüşçülәrini yerlәşdirәcәklәrmi. Dur-İllil qalasını...qoşunu ilә zәbt etmәyә getsә, istәr savaşla, [ya da dostluq vә sülhlә], yaxud divarları sökmәklә vә ya lağım atmaqla, ya da qaladakı müdafiәçilәri aclıq[da sax]lamaqla tuta bilәcәkmi ?”. Analoji mәlumat başqa bir fal sorğusunda qeydә alınıb.

Başqa bir fal sorğusunda deyilir:

“...ya qarәt etmәklә..., ya aclıq vә ehtiyac sәbәbindәn... Şarruikbi şәhәrini qorxmadan tutarlarmı? Aşşur şahı Aşşurahaiddinin tutduğu şәhәri manalıların qoşunu hiylә ilә [zәbt edәrlәrmi] vә Şarruikbi şәhәrini [yenidәn] tutarlarmı? Şarruikbi şәhәri onlara tәhvil verilәcәkmi ?...”.

Başqa bir fal sorğusunda bu planın qarşısını almaq üçün Aşşur elçisinin Hubuşkiyaya ezam olunduğu bildirilir.

Mannalılar ara-sıra qonşuluqdakı Aşşur әyalәti Parsuaya da (Poşte-kuh massivindә) yürüş edirdilәr. III Tiqlatpalasarın zamanında Parsuanın paytaxtı Nikur (vә ya Nikkar) Şәrq cәbhәsindә yerlәşәn asılı vilayәtlәrdәn Aşşur xәzinәsi üçün xәractoplama mәrkәzinә çevrilmişdi. Naburimanni adlı mәmurun Aşşur şahına ünvanladığı kәşfiyyat mәktubunda deyilir:

“...Mәn Parsuadan olan kәşfiyyatçını gördüm. [O mәnә dedi]: “Zaliplәr [şәhәrdәn] çıxıblar, 100 atla çıxıblar. Onlardan 4 әsgәr sәhraya qaçıb Nikur şәhәrinә gәlib. Onlar deyiblәr: “Biz öz vilayәtimizdәn at gәtirirdik, lakin mannalılar [bizim atları] öz ölkәlәrindә müsadirә ediblәr”. Mәn indi şaha, ağama yazıram: “Qoy şah, mәnim ağam, mühafizә [dәstәsi] göndәrsin, zaliplәrin dediklәrini eşitsin. Onlar bәlkә [atları] qaytara bildilәr. Mәn şah[a], mәnim ağ[ama] yardım edәrәm”.

Mәktubu şәrh edәn İ.M.Dyakonov zalip tayfasının inzibati cәhәtdәn Parsua әyalәtinin tabeliyindә olduğunu qeyd edirdi. Bu әyalәt Mannanın qonşuluğunda yerlәşdiyindәn, zalip tayfasının Mannada da yaşadığını söylәmәk olar.

O dövrdә Aşşur istismarına qarşı qiyam qaldıranlar silahlı tәxribatçı dәstәlәr yaradaraq Aşşur sarayına xәrac aparan karvanlara hücum edir vә әn dәyәrli malı – atları әlә keçirdilәr. Qoşqu vә döyüş atlarını әlә keçirmәklә, bir tәrәfdәn Aşşur ordusunun tәchizatına zәrbә vurur, digәr tәrәfdәn özlәrinin proteinә olan gündәlik tәlabatlarını tәmin edirdilәr. Bir mәktubdan mәlum olur ki, mannalıların rasionunda at әti işlәnirdi.

Bir mәktubda Parsua vilayәtinin canişini hansısa ixtişaşı yatırmaq üçün Mannada vә Mazamua vilayәtindә dislokasiya olunmuş Aşşura sadiq olan qoşuna ehtiyac duyduğunu bildirir.

Bir neçә il sonraya aid fal sorğularında mannalıların skiflәrlә ittifaqda Aşşur sәrhәddindәki qalalar üçün tәhlükә yartdıqlarına dair mәlumatlar yer almağa başlayır. Mannalılar vә skiflәr Aşşur istismarına qarşı yönәlmiş bu azadlıq hәrәkatına qoşularaq Aşşur xәzinәsi üçün xәrac toplayan mәmurlara silahlı müqavimәt göstәrirdilәr.

Mәsәlәn, bir sorğuda e.ә. 674-cü ilin may-iyun aylarında Manna vilayәtlәrinin birindә dislokasiya olunmuş skif hәrbi birlәşmәlәrinin qonşuluqdakı Hubuşkia vilayәtinin (Van gölündәn cәnub-şәrqdә) aşırımından keçmәklә Aşşurla sәrhәddәki Harrania vә Anisus şәhәrlәrinә qarәt mәqsәdli yürüşünün nәzәrdә tutulduğu haqqında xәbәr verilir. Sorğuda deyilir:

“...Bu ilin siman ayından gәlәn dumuzu ayının 21-ci gününә qәdәr, 30 gün vә 30 gecә әrzindә fala baxmaq üçün vaxt verilib. Görәsәn bu vaxt әrzindә mannalıların ölkәsindәki vilayәtdә yerlәşәn skiflәr öz qoşunu ilә mannalıların ölkәsindәn hücum edәrlәrmi (vә ya buna) cәhd edәrlәrmi ? Әgәr onlar Harrania şәhәrinә (vә) Anisus[...] şәhәrinә hücum etsәlәr Hubuşkia şәhәri [yaxınlığındakı] aşırımdan keçәrlәrmi, Aşşur torpaqlarını qarәt edib, bol qәnimәt apararlarmı ?...”.

E.ә. 671-ci ildә Kar-kaşşi şәhәrinin başçısı Kaştaritunun rәhbәrliyi ilә bütün Luristanı әhatә edәn azadlıq hәrәkatı bürüyür. Müasir dünya tarixşünaslığında bu antiAşşur üsyanı, birmәnalı şәkildә, madalıların azadlıq hәrәkatı kimi tәqdim olunur vә hesab edirlәr ki, qazanılan qәlәbә nәticәsindә Mada (antik yazarların әsәrlәrindә “Midiya” adı ilә tanınır) dövlәti meydana gәlir. Әslindә bu azadlıq hәrәkatının ocağı Mada tayfa ittifaqının formalaşmağa başladığı әrazilәrdәn qәrbdә (Luristanda, Әsәdabad vadisi rayonunda) yerlәşirdi. Bu azadlıq hәrәkatının siyasi mәrkәzinin (Kar-kaşşi) vә üsyana rәhbәrlik edәnin adının (Kaştaritu) etimoloji tәhlili nәticәsindә maraqlı detallar üzә çıxır. Alimlәr “Kaştaritu” adını qәdim İran termini xšaθrita (“şah”) әsasında izah edәrәk titul olduğunu qeyd edirlәr. Lakin fal sorğularında o, ali hökmdar titulu (akkaddilli mәtnlәrdә šarru) daşımır, “Kar-kaşşi şәhәrinin başçısı” (EN.URU. ša URU. kar-kaš-ši-i) kimi göstәrilir. Demәli, onun adını qәdim İran dillәrindәki “hökmdar” tituluna bağlamaq olmaz. Zәnnimizcә, “Kaştaritu” adı kaššu+tālittu/tārītu (“Kaşşu törәmәsi”) komponentlәrindәn yaranıb. Sonuncu komponent (tālittu/tārītu) II Sarqonun müasiri olan Ellipi dövlәtinin (Luristanda) çarı Taltanın adında (“Varis”) vә onun qalasının adında (Dur-taliti “Varisin qalası”) nәzәrә çarpır. Adın tәklif olunan etimologiyası onu demәyә әsas verir ki, e.ә. 671-ci il Mada azadlıq hәrәkatının aparıcı qüvvәsi kaşşumәnşәli elita olub. Tәsadüfi deyil ki, ilk mәrhәlәdә üsyançıların azad etmәyә çalışdıqları şәhәr vә qalalar qeyri- iranmәnşәli adlar (Kişassu, Zuba[...], Uşişi, Kukkuma, Kilman vә s.) daşıyırdılar, yәni yerli tayfaların mәskunlaşdığı bölgәlәr idi.

O dövrdә baş verәn hadisәlәrin falına hәsr olunmuş sorğuların birindә deyilir:

“Tanrı Şamaş, böyük hakim, sәnә verdiyim suala qәti, inamlı cavab ver. Bu gündәn, bu ayın 3-cü günündәn bu ilin ayaru ayından, abu ayın ın 11-ci gününә kimi, 100 gün v ә 100 gecә fala baxmaq nәzәrdә tutulub. Bu vaxtda Kaştaritu öz qoşunu vә ya skiflәrin qoşunu, ya da madalıların qoşunu, yaxud da mannalıların qoşunu vә ya hәr hansı düşmәnlә pis niyyәt edib, hiylә quracaqmı? Onlar güc ilә, ya döyüşlә vә ya lağım qazmaqla, yaxud torpaq tökmәklә, yaxud da divar deşәnlәr vasitәsilә vә yaxud da әrzaq qıtlığı [yaratmaqla], yaxud tanrılara vә ilahәlәrә dua etmәklә, ya dostluq vә sülh yaratmaqla, ya da ayrı bir hiylәgәrliklә şәhәri, Kişassu şәhәrini zәbt edәcәklәrmi? Onlar Kişassu şәhәrinә daxil olacaqlarmı, tutarlarmı bu şәhәri, Kişassunu? [Şәhәr] onlara tәhvil verilәrmi? Böyük tanrı, bunu bilirsәnmi ? Bu şәhәr, Kişassu, hәr hansı düşmәn tәrәfindәn işğal olunarmı?...”.

Digәr fal sorğularından bәlli olur ki, e.ә. 671-ci il üsyanı әrәfәsindә Kaştaritu “Mada şәhәrlәrinin başçısı” titulunu daşıyan Mamitiarşu vә Saparda şәhәrinin başçısı Dusanniyә mәktub göndәrәrәk onları da azadlıq hәrәkatına cәlb edib.

Başqa bir sorğuda ayar ayında mannalıların Kaştaritu vә Dusanni ilә ittifaqda Kilman şәhәrinә yürüş edәcәyi barәdә xәbәr verilir.

Mannalıların Saparda şәhәr başçısı Dusanni ilә olan hәrbi birliyinә az sonra skiflәr dә qoşulurlar.

Bu koalisiyanın ayar-sivan ayında hansısa şәhәrә hücumuna dair xәbәr dә mәlum idi.

Fal sorğularının birindә “manna[lıların] döyüşçülәrinin” (şabe MEŠ. LU2 man-na-[a-a]) madalılarla ittifaqda Kukkuma, Ramadani vә digәr iki şәhәrin azad etmәk niyyәtindәn xәbәr verilir. Sorğudakı Ramadani e.ә. 716-cı ildә II Sarqonun Madaya yürüşü zamanı keçdiyi Ramanda şәhәri ilә eynilәşdirilә bilәr.

Manna vә onun sakinlәri digәr fraqmentar fal sorğularında da qeydә alınıblar. Mәsәlәn, bir sorğunu 3-cü sәtrindә Mannanın hansısa vilayәti (KUR. man-na-a-a i-na na-ge-e) xatırlanır. Digәr fal sorğusunun 3-cü sәtrindә eyni ifadә qismәn fәrqli yazılıb: [...a-na na]-ge-e ša2 LU2 man-na-a-[a].

Aşşur hakim dairәlәri Mannada yaranmış qeyri-stabil vәziyyәti Aşşurbanapalın (e.ә. 669–635) zamanında aradan qaldıra bildi. Nәzarәtdәn çıxan Mannadan gәlәn xәbәrlәr Aşşurbanapalı ciddi addımlar atmağa vadar edirdi. Öncә atası Aşşurahaiddinin zamanında itirilәn qalalar geri qaytarılır. Lakin mannalıların cavab hәmlәsindәn ehtiyatlanan Aşşurbanapal gözlәnilәn qarşıdurmanın aqibәti barәdә Babil kahinlәrinә müraciәt edir. Babilistan o zaman onun qardaşı Şamaşşumukin tәrәfindәn idarә olunurdu. E.ә. 648-ci ildә Şamaş-şumukin Elam hökmdarı ilә ittifaq bağlayaraq Aşşurbanapala qarşı üsyan qaldırdı, lakin Aşşur qoşununun Babilә hücumu zamanı yanğında hәlak oldu. Buradan aydın olur ki, Babil kahinlәrinә müraciәt bu hadisә әrәfәsindә, yәni qardaşlar arasında normal münasibәtin olduğu vaxtlarda (e.ә. 660–655-ci illәrdә ?) baş tuta bilәrdi. Hәmin sorğuda deyilir:

“Sәndәn soruşuram, tanrı Şamaş, böyük hakim, Nabuşarriusur, “xacәlәrin başçısı” adamları atları vә sәrәncamında olan Aşşur şahı Aşşurbanapalın qoşunu ilә mannalıların tutduğu Aşşur qalalarını qaytarmağa gedәcәklәrmi? O döyüşlә, dostluqla vә ya sülh danışıqları, ya da hәr hansı hiylә ilә bu qalaları qaytaracaqmı?”.

Bu azsaylı kәşfiyyat xәbәrlәri e.ә. 650-ci ildә Aşşurbanapalı Manna ilә müharibәyә vadar etdi. Mannanın şәhәr vә qalaları dağıdıldı, paytaxt İzirtu yandırıldı, sәrvәti talandı, әsirlәr Ninevaya aparıldı. Ordunun mәğlubiyyәtini Ahşerinin yanlış siyәsәtinin nәticәsi hesab edәn әhali şaha qarşı üsyan qaldırdı. Aşşurbanapalın bir mәtnindә bidirilir ki, tәbәәlәri Ahşerini qәtlә yetirib, meyitini şәhәr meydanına atdılar. Aşşurbanapal hakimiyyәtdә oturuşmuş vәrәsәlik qanunlarını pozmadı, boş qalmış Manna taxtına Ahşerinin oğlu Uallini tәyin etdi. Yeni şah Assurbanapaldan asıllığını qәbul etdi, mәğlubiyyәti ilә barışdı, әvvәlkindәn daha artıq xәrac ödәmәyә mәhkum olundu, oğlunu vә qızını girov qismindә Aşşur sarayına yolladı. Tәrәflәr arasında yaranan müttәfiqlik sonda Mannanın taleyini hәll etdi. E.ә. 605-ci ildә ağır mәğlubiyyәtә uğrayan müttәfiqlәr siyasi müstәqilliklәrindәn mәhrum oldular vә torpaqları Mada imperiyasının tәrkibinә qatıldı.

tar.ü.f.d. Allahverdi Әlimirzәyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin