NATO vә Rusiya Silahlı Qüvvәlәrindә istifadә edilәn müasir tank әleyhinә vasitәlәr – ARAŞDIRMA (CƏDVƏL)

2024/06/1718358861.jpg
Oxunub: 6605     14:35     16 Sentyabr 2024    
NATO bloku İkinci Dünya müharibәsindәn sonra vә dünyanın tәhlükәsizlik sistemindә baş verәn gәrgin bir dövrdә yaranmışdı. 2009-2014-cü illәrdә NATO-nun baş katibi olmuş Andersa Foq Rasmussenin sözlәrinә görә tәşkilat, Avropanı Sovetlәr birliyinin müdaxilәsindәn qorumaq üçün yaranıb.

Hәrbi blok uzunmüddәt “Soyuq müharibә” tәrәflәrindәn biri kimi yarandığı gündәn daha çox dünyada sülh vә tәhlükәsizliyin tәminatçısı kimi çıxış edir. Buna baxmayaraq, NATO-ya üzv olan ölkәlәri iki kateqoriyaya bölmәk lazımdır. Birinci kateqoriyaya hәrbi blok yaranan andan beynәlxalq tәhlükәsizliyin tәminatında әsas rol oynamış iqtisadi vә hәrbi baxımdan inkişaf etmiş ölkәlәri, ikinci kateqoriyaya isә hәrbi alyansın çәtiri altında öz tәhlükәsizliyini tәmin etmәk mәcburiyyәtindә qalan, vaxtı ilә alyansa qarşı davam edәn “Soyuq müharibә”nin başa çatması ilә azadlığa qovuşmuş vә NATO blokuna inteqrasiya yolunu seçmiş Şәrqi Avropa ölkәlәrini daxil etmәk olar. Digәr tәrәfdәn qeyd etmәk lazımdır ki, “Soyuq müharibә” başa çatana qәdәr NATO qüvvәlәri rәsmi olaraq heç bir hәrbi әmәliyyatda iştirak etmәyib. XX әsrin sonu XXI әsrin әvvәllәrindә NATO qoşunları 1991-ci ildә Küveyt vә İraq әrazisindә İraq Ordusuna, keçmiş Yuqoslaviyada 1992-1995-ci illәrdә Bosniya vә Herseqovinada, 1999-2003-cü illәrdә Makedoniyada, 2001-2014-cü illәrdә Әfqanıstanda, 2003-2011-ci illәrdә isә İraqda keçirilәn әmәliyyatlarda iştirak edib.

Hazırda NATO blokuna 29 üzv ölkә daxildir, bir çox ölkә Azәrbaycan Respublikası da olmaqla “Sülh naminә tәrәfdaşlıq” vә “Fәrdi әmәkdaşlıq proqramı” çәrçivәsindә alyansla әmәkdaşlıq edir vә beynәlxalq sülhә töhfә verir. Alyansa üzv ölkәlәr Avroatlantik mәkanda yerlәşir, әrazisinә, әhalisinin sayına vә iqtisadi inkişafına görә böyük gücә malikdir. Üzv ölkәlәrin әrazisi 24.586.153 km2, әhalisi 940.810.329 nәfәr tәşkil edir. Müqayisә üçün Rusiya Federasiyasının әrazisi 17.100.000 km2, әhalisi 146.745.098 nәfәr, Çin Xalq Respublikasının әrazisi 9.596.960 km2, әhalisi isә 1.403.500.365 nәfәrdir. Dünyanın quru әrazisinin 16%-ni NATO-ya üzv ölkәlәr, 11%-ni Rusiya Federasiyası, 6%-ni isә Çin Xalq Respublikası, dünya әhalisinin 15%-ni NATO-ya üzv ölkәlәr, 2,4%-ni Rusiya Federasiyası, 22%-ni isә Çin Xalq Respublikası tәşkil edir. 2015-ci ildә NATO silahlanmaya 892 mlrd., Çin 215 mlrd., Rusiya Federasiyası isә 66 mlrd. ABŞ dolları xәrclәyib. NATO-nun Silahlı Qüvvәlәrinin strukturu hәrbi blokun sәrәncamında olan birlәşmiş qüvvәlәrdәn vә milli hökumәtlәrin sәrәncamında qalan qüvvәlәrdәn ibarәtdir. 2018-ci ilin statistik göstәricilәrinә әsasәn, NATO-ya üzv ölkәlәrin Silahlı Qüvvәlәrinin sayı 3,2 mln., Rusiya Federasiyasının Silahlı Qüvvәlәrinin sayı 766 min, Çin Xalq Azadlıq Ordusunun sayı isә 2 mln. nәfәr tәşkil edir. Lakin “Global Firepower” analitik şirkәtinin dünya ordularının döyüş potensialı vә müxtәlif sahәlәri әhatә edәn 50 adda parametr üzrә qiymәtlәndirmәsinә görә 2020-ci ilin reytinq sıralamasında NATO-nun әn güclü ordusu ABŞ birinci, RF ikinci, Çin Xalq Azadlıq Ordusu isә üçüncü yerdәdir.

Texnologiyanın çoxşaxәli olması hәrb elminin dinamik inkişafına xeyli tәsir göstәrir. Belә vәziyyәtdәn istifadә edәn ölkәlәr vә hәrbi bloklar dünya liderliyinә can atır, açıq şәkildә güc nümayiş etdirir, bu zaman tәhlükә ilә üzlәşәn ölkәlәr milli maraqlarını qorumaq mәcburiyyәtindә qalır vә hәrbi sәnaye kompleksini müstәqil inkişaf etdirmәyә mәcbur olur. Hazırda beynәlxalq alәmdә NATO vә Rusiya arasındakı hәrbi sahәdә qarşıdurma açıq şәkildә görünür vә getdikcә daha da dәrinlәşir. Belә bir vәziyyәtdә hәr iki tәrәf müasir silah nümunәlәri yaradır, hәmin silahlara zirehli döyüş texnikaları vә onlara qarşı mübarizә vasitәlәri dә aiddir. Müasir zirehli döyüş texnikaları vә tank әleyhinә vasitәlәr dünyanın müxtәlif bölgәlәrindә, xüsusilә Suriyada, İraqda, Liviyada lokal müharibәlәrdә vә daxili silahlı münaqişәlәrdә tәtbiq olunur, döyüş şәraitindә sınaqdan keçirilir vә daha da tәkmillәşdirilir. Bu münaqişәyә cәlb olunan tәrәflәrin mәqsәdi hәrbi xәrclәri nәzәrә almaqla müasir silah nümunәlәrini döyüşdә tәtbiq edәrәk sınaqdan keçirmәk, qarşı tәrәf üzәrindә әzici üstünlük qazanmaq vә belә vәziyyәti yaxın gәlәcәkdә dә qorumaqdır.

Hәlә Çinli strateq, hәrbi mütәfәkkir vә nәzәriyyәçi Sun-Tzu “Hәrb sәnәti haqqında risalә”dә müharibәni belә qiymәtlәndirir: “Müharibә – dövlәt üçün böyük iş dir, bu ölüm vә qalım, hәmçinin hәyatda qala bilmә vә mәhvolma yoludur. Bunu anlamamaq mümkün deyil”.

Göründüyü kimi, hәyatda qala bilmәk, tәhlükәsizliyi vә milli maraqları tәmin etmәk çәtin sınaqlardan, müharibәlәrdәn keçir. Müasir ümumqoşun döyüşlәrinin tәcrübәsi göstәrir ki, silahlı qarşıdurma yaranmış şәraitdәn asılı olaraq quruda, havada vә dәnizdә müştәrәk fәaliyyәtlәrin tәtbiqi ilә, elәcә dә müxtәlif şәrtlәr daxilindә baş verә bilәr. Bu kimi mәsәlәlәr NATO vә Rusiya Ordusunda mövcud olan tank әleyhinә vasitәlәrin vәziyyәtinin tәhlilini vә yeni elmi baxışların formalaşdırılmasını zәruri edir. Buna hәr iki tәrәfin mürәkkәb qarşıdurma fonunda müxtәlif döyüş növlәrindә tәtbiq olunan müasir tank әleyhinә vasitәlәrin imkanlarının müqayisәsi, onların üstün vә zәif cәhәtlәrinin tәhlili, hәmin amillәrin tank әleyhinә bölmәlәrin döyüş tәtbiqinә tәsirinin nәzәrdәn keçirilmәsi ilә nail olmaq olar.

NATO ordularında istifadә edilәn tank әleyhinә vasitәlәr

Böyük dövlәtlәrin liderliyini qoruması, digәrlәrinin isә liderliyә can atması müxtәlif regionlarda baş verәn lokal müharibәlәrdә vә daxili silahlı münaqişәlәrdә özünü açıq şәkildә göstәrir. Çünki böyük güclәr lokal müharibә vә daxili silahlı münaqişә tәrәfl әrin ә gizli dәstәk olmaqla onları özündәn asılı vәziyyәtә salır, belәliklә dә münaqişәlәrin hәlli uzanır. Bu zaman yumşaq gücdәn istifadәyә üstünlük verilir. Son zamanlar isә özәl hәrbi kompaniyaların münaqişә ocaqlarında istifadәsi daha çox müşahidә olunur.

Hazırda NATO ordularının qarşısında duran әsas vәzifә quruda, havada vә dәnizdә keçirilәn müştәrәk fәaliyyәtә hazır olmaqdır. Lakin müasir ümumqoşun döyüşü yüksәk gәrginliyi, döyüş fәaliyyәtlәrinin dinamikliyi vә sürәtli olması, elәcә dә mürәkkәb taktiki vәziyyәtin vә döyüş fәaliyyәtinin bir növündәn digәrinә keçmәsi ilә xarakterizә olunur. NATO-nun birlәşmiş qoşun qruplaşmaları bu tәlәblәrә cavab verә bilmәk üçün çevik daşınma vә hәrtәrәfli dәstәklәnmә imkanlarına malik olmalıdır. Bu da müştәrәk fәaliyyәt zamanı tank әleyhinә vasitәlәrin tәtbiqindә NATO ordularından elastiklik tәlәb edir. Zirehli döyüş texnikaları ilә möhkәmlәndirilmiş rayonlara, müqavimәt ocaqlarına vә yaşayış mәntәqәlәrinә hәmlә zamanı yüngül daşına bilәn vә hәrәkәtli baza üzәrindә yerlәşәn tank әleyhinә vasitәlәr lazımdır. Hazırda bu mәsәlә NATO ordularında bölmәlәrin tәrkibindә kifayәt qәdәr tank әleyhinә vasitәlәrin olması ilә öz hәllini tapıb.

Lakin texnologiyanın inkişafı ilә tank әleyhinә vasitәlәrin yeni nümunәlәrinin istehsalı arasında paralelik mövcuddur. Buna adi vә müxtәlif şәrtlәrdә hücum vә müdafiә döyüşlәrindә tank әleyhinә vasitәlәrin tanklara vә zirehli döyüş texnikalarına mübarizәsi zamanı bir neçә aspektdәn yanaşmaq lazımdır. NATO ilә SSRİ arasında başlayan silahlanma yarışında SSRİ, NATO blokuna nisbәtdә tankların sayında vә keyfiyyәtindә әhәmiyyәtli üstünlük qazanmışdı. ABŞ hәmin üstünlüyә müxtәlif növ tank әleyhinә vasitәlәr istehsal etmәklә vә hәr bir әsgәrin döyüş tәchizatına bir dәfә istifadә olunan reaktiv qumbaraatanlar daxil etmәklә nail olmuşdu. Ona görә dә NATO ölkәlәrinin, xüsusilә ABŞ Ordusunun silahlanmasında tank әleyhinә vasitәlәr mühüm yer tutur. Lakin XX әsrin sonlarında müxtәlif bölgәlәrdә xüsusi әmәliyyatlar icra edәn NATO komandanlığı tank әleyhinә vasitәlәrin tәlәblәrә cavab vermәdiyini müәyyәnlәşdirib. Mürәkkәb әrazi vә iqlim şәrtlәrindә fәaliyyәt göstәrәn xüsusi tәyinatlılara, desantlara vә dәniz piyadalarına zirehli texnikalara qarşı mübarizә aparan, elәcә dә obyekt vә hәdәflәrә hәmlә edәn, divarlardan, maneәlәrdәn keçid açan zaman atәşlә dәstәk üçün daha müasir silahlar tәlәb olunurdu. Bu tәlәblәrә cavab verәn tank әleyhinә vasit әlәrin üstün vә zәif cәhәtlәri var, mәsәlәn, tank әleyhinә vasitәlәrin zirehdәlmә, müxtәlif şәrtlәrdә tәtbiq olunma, daşınma, elәcә dә döyüş tapşırıqlarının icrası zamanı aşkar edilәn çatışmazlıqları nәzәrәalma imkanları vә s.

NATO ordularının silahlanmasına, hәmçinin qumbaraatanlar, tank әleyhinә idarәolunan raket komplekslәri vә tank әleyhinә artilleriya vasitәlәri dә daxilidir.

Qumbaraatların yüngül olması vә asan daşınması NATO ordularında istifadәsinә şәrait yaradır.

XX әsrin sonlarında SSRİ-nin Avropada yerlәşәn tank vә motoatıcı bölmәlәrinin zәrbә gücünü artırması, T-64, T-72 vә T-80 tankları ilә kütlәvi silahlanma 70 mm FGR-17 Viper qumbaraatanın rolunu kifayәt aktuallaşdırdı. Amerika istehsalı olan FGR-17 Viper qumbaraatanın çәkisi 4 kq olsa da, onun çәkisi М72 LAW qumbaraatanın çәkisindәn 0,5 kq çoxdur. Fәrdi daşınan döyüş dәsti 4 әdәddir. Qumbaraatanın 257 m/s başlanğıc sürәtindә maksimal atış uzaqlığı 500 m, hәrәkәtli hәdәflәrә buraxmanın effektli atış mәsafәsi 250 m, zireh dәlmә – 350 mm-ә qәdәr, döyüş vәziyyәtinә gәtirmә vaxtı isә 12 san tәşkil edir.

Bir müddәtdәn sonra 83,5 mm universal qumbaraatan silahlanmaya qәbul edildi vә onun üçün döyüş sursatlarının bir neçә ixtisaslaşmış növü yaradıldı. Mk 80 NE termobarik qarışıqla doldurulmuş reaktiv qumbara, o, dağıtma gücünә görә tәxminәn 3,5 kq trotil effektivliyinә bәrabәrdir. Bir neçә il bundan әvvәl isә qumbaraatan üçün dәmir-beton vә kәrpic divarları deşә bilәn tandem döyüş başlıqlı qәlpәli-fuqas qumbara istehsal olunmağa başladı. Hәmin qumbaranın әsas döyüş başlığı ilә ilk növbәdә, maneәdәn (divardan) deşik açılır vә sonra örtüdә yerlәşәn düşmәni mәhv etmәk üçün ikinci qәlpәlәnәn döyüş başlığı ora daxil edilir. Hazırda NATO qoşunları yaşayış mәntәqәsindә qapalı mәkanda atәş apara bilmәk üçün CS (Closed Space – qapalı mәkan) markalı qumbaraatan atımları ilә tәmin olunub. Kumulyativ qumbaralardan başqa bütün reaktiv döyüş qumbaraları yüngül zirehli texnikaları mәhv etmәk üçün istifadә edilir.

Amerikan Ordusunun dәniz piyadaları bölüyünün atәş dәstәk taqımında altı Мк 153 SMAW qumbaraatan mövcuddur. Taqımın tәrkibinә atәş dәstәyinin hәmlә manqası daxildir vә hәr manqa altı heyәtdәn ibarәtdir. ABŞ Ordusu İraqda “Sәhrada tufan” әmәliyyatı zamanı SMAW qumbaraatanlarını sәhra istehkamlarını dağıtmaq üçün istifadә etmişdi. Bu zaman dәniz piyadalarının sәrәncamında cәmi 150 qumbaraatan vә 5000 әdәd atım var idi. Ordu komandanlığı Мк 153 SMAW hәmlә qumbaraatanın tәtbiqinin müsbәt tәcrübәsini nәzәrә alaraq, paraşüt desant qüvvәlәrindә dә istifadәsini mәqsәdәuyğun hesab edib. Ona görә dә XX әsrin sonlarında ordu bölmәlәrindә birdәfәlik istifadә üçün М141 SMAW-D hәmlә qumbaraatanı istehsal olundu. Hәmin qumbaraatanın çәkisi 7,1 kq-dır.

Hәrbi sәnaye kompleksinin inkişafı ilә 2008-ci ildә Мk 153 SMAW qumbaraatanının döyüş tәtbiqi tәcrübәsinin әsasında tәkrar istifadә edilә bilәn SMAW II qumbaraatanının istehsalına qәrar verildi. Yenilәnәn qumbaraatan üçün mövcud sursatların nomenklaturasını saxlamaqla onun çәkisini azaltmaq, heyәtin tәhlükәsizliyini tәmin etmәk vә mәhdud şәrtlәrdә tәtbiq edilmә imkanları artırmaq qarşıya tәlәb qoyulmuşdu. Yeni möhkәm kompozit materialların, lazer mәsafәölçәnin vә ballistik prosessorun istifadәsi hesabına buraxma qurğusunun çәkisini 2 kq azaltmaq mümkün olmuşdu. 2012-ci ildә hәmin qumbaraatanın sınaq tәcrübәsi keçirildi. Sәngәrdә yerlәşәn canlı qüvvәnin qәlpәlәnәn sursatların hava partlayışları ilә mәhv edilmәsi nәticәsindә qumbaraatanın effektivliyi daha da artırıldı. Mәhvetmә imkanlarına görә Mk 153 SMAW vә М141 SMAW-D qumbaraatanları NATO qoşunlarında daha çox istifadә olunur. Çoxfunksiyalı hәmlә qumbaraatanları Әfqanıstan vә İraqda dağlıq әrazidә, elәcә dә yaşayış mәntәqәlәrindә döyüş fәaliyyәtlәrinin gedişindә uzunmüddәtli atәş nöqtәlәrinә vә möhkәmlәndirilmiş mövqelәrә qarşı mübarizәdә özünü kifayәt qәdәr dәqiq vә güclü silah kimi göstәrib, hәmçinin düşmәnin canlı qüvvәsini effektiv olaraq mәhv edib. Әfqanıstanda dağlıq әrazidә canlı qüvvәnin gizlәndiyi mağaralara qarşı Mk 153 qumbaraatanı, divarları gildәn vә çiy kәrpicdәn olan yaşayış mәntәqәlәrindә silahlı müqavimәt göstәrәn canlı qüvvәyә qarşı isә Mk 3 HEDP reaktiv fuqas qumbaraları tәtbiq edilib. İlk dәfә olaraq 2007-ci ildә İraqın Mosul şәhәrindә küçә döyüşlәri zamanı 83 mm termobarik döyüş başlıqlı Mk 80 NE reaktiv qumbaralarından istifadә olunmuşdu. Şәxsi heyәt yerlәşәn binanın pәncәrә vә qapı boşluqlarına dәyәn zaman belә sursatların daha effektiv olduğu qeyd edilir. Yaşayış mәntәqәlәrinә vә yaranmış taktiki şәraitә görә düşmәnlә bilavasitә tәmasda olan zaman aviasiyanı vә artilleriyanı tәtbiq etmәk mümkün olmadıqda SMAW qumbaraatanları vә daşınan TӘRK döyüş tapşırığını yerinә yetirmәk üçün daha әlverişlidir. NATO ordularının silahlanmasında olan tank әleyhinә vasitәlәrin әsas xüsusiyyәtlәrini Cәdvәl 1-dә nәzәrdәn keçirәk.

Cәdvәl 1. NATO ordularında olan tank әleyhinә vasitәlәrin әsas xüsusiyyәtlәri


NATO-nun potensial üzlәşә bilәcәyi orduların silahlanmasındakı tankların zirehinin qalınlığını nәzәrdәn keçirәk. T-64 tankının çoxqatlı kombinә olunmuş zirehinin qalınlığı 105 mm, T-72 tankının polad vә kompozitdәn olan zirehinin qalınlığı 550 mm, T-80 tankının dinamik qoruyucu ilә tökmә polad vә kombinә olunmuş zirehinin qalınlığı 700 mm, T-90 tankının yarımaktiv kombinә olunmuş zirehinin qalınlığı 830 mm vә T-14 (Armata) tankının dinamik vә aktiv qoruyucu ilә çoxqatlı kombinә olunmuş zirehinin qalınlığı çapaltı mәrmilәrә qarşı 950 mm, kumulyativ mәrmilәrә qarşı isә 1500 mm tәşkil edir. Cәdvәldәn göründüyü kimi, tank әleyhinә vasitәlәrin 730 mm-dәn 1090 mm-ә qәdәr qalınlıqda olan zirehi deşә bilmәsi, istәnilәn tanka vә zirehli döyüş texnikasına qarşı mübarizәdә onların istifadәsinә, 8000 m uzağa atış mәsafәsi isә tankların döyüş tәtbiqindәn әvvәl mәhv edilmәsinә imkan verir. Tank әleyhinә vasitәlәrin helikopter vә yüksәkmanevrli döyüş maşınlarının bazasında quraşdırılması müxtәlif döyüş növlәrindә tank әleyhinә mübarizәnin tәşkilindә üstünlüyü tәmin edir. Bununla da döyüş helikopterləri qısa zamanda atәş hәddinә manevr edir vә tapşırıq yerinә yetirәn bölmәlәrin atәş dәstәyini tәmin etmiş olur. Müxtәliftәrkibli döyüş dәsti termobarik vә tandem başlıqlı kumulyativ raketlәr istәnilәn hәdәfә qarşı mübarizә aparmağa imkan verir. Helikopter vә zirehli döyüş bazasında yerlәşәn tank әleyhinә vasitәlәr manevr imkanlarına görә düşmәnin tank vә zirehli döyüş texnikalarına qarşı mübarizәdә onları qabaqlayır vә döyüş tapşırıqlarının müvәffәqiyyәtlә yerinә yetirilmәsini tәmin edir. NATO ordularında tank әleyhinә bölmәlәrin döyüş tәtbiqinin tәhlili onu göstәrir ki, düşmәn tanklarına vә zirehli döyüş texnikalarına qarşı mübarizә aparan bölmәlәr kifayәt qәdәr tank әleyhinә vasitә ilә tәmin olunub. Bu isә tank әleyhinә mübarizәnin tәşkilinin vә aparılmasının sәrbәstliyini tәmin edir. Digәr halda isә bölmәlәr döyüş helikopterlərinin ayrılan uçuş resursları ilә güclәndirilir vә onların tәtbiqi çağırışlarla hәyata keçirilir. Daşınan TӘRK-lәr arasından FGM-148 Javelin tanklara vә zirehli döyüş texnikalarına, elәcә dә uzunmüddәtli atәş nöqtәlәrinә, örtüdә yerlәşәn piyadalara qarşı mübarizәdә әsas vasitә hesab olunur. O, düşmәnin zirehli döyüş texnikalarını gündüz vә gecә, elәcә dә mәhdudgörmә şәraitindә mәhvetmә imkanına malikdir. Javelini bir vә ya iki-üç nәfәrdәn ibarәt olan heyәt tәtbiq edә bilәr.

Javelinin “at-unut” sistemi operatora atәş açmağa, mövqeyini dәrhal dәyişәrәk gizlәnmәyә vә ya onu yenidәn doldurmağa imkan verir. Javelin, TӘRK Drakondan fәrqli olaraq, tandem başlıqlı raketlәrlә zirehli texnikalara qarşı mübarizәdә daha effektiv vә mәhvedici tәsirә malikdir. O, hәm hәrәkәtli, hәm dә hәrәkәtsiz hәdәflәrә qarşı eyni tәsiretmә imkanına malikdir. Javelinin uzağa atış mәsafәsi Drakondan 2,5 dәfә böyükdür, bu da onun tәtbiqi diapazonunu genişlәndirir.

Javelin, hәmçinin bunkerlәri, havadan asılı helikopterləri mәhv edә, hәmlә edәn piyadalara qarşı müdafiә tapşırıqlarını icra edә bilәr. Son lokal müharibә vә münaqişәlәrdә düşmәn әrazisini müşahidә etmәk vә hәdәflәri aşkarlamaq mәqsәdilә komanda buraxma bloku ayrıca istifadә edilmişdi. Operator digәr TӘRK-lәrdәn fәrqli olaraq, hәdәfә yuxarıdan vә ya düzünә hәmlә rejimini seçә bilir. Hәr bir hәmlә rejimi öz profilinә vә uçuş trayektoriyasına görә fәrqlidir. Nәzәrә alsaq ki, tankların vә zirehli döyüş texnikalarının әn zәif yeri üst hissәsidir, Javelin, onları yuxarıdan hәmlә rejimindә mәhv edә bilir. Bu operatora hәdәfә ön vә arxa hiss әdәn, yanlardan hәmlә etmәyә, elәcә dә hәdәfi mәhvetmә ehtimalını kifayәt qәdәr artırmağa imkan verir. Hәdәfә yuxarıdan hәmlә düşmәnin tank vә zirehli döyüş texnikalarının örtünün arxasında gizlәnmәsinә maneә olur. Bu halda hәdәfә hәmlәnin minimal atış mәsafәsi 150 m-dәn az olmamalıdır.

Raketin uçuş trayektoriyasının dәqiq profili hәdәfә qәdәr olan mәsafәdәn asılıdır vә bunu avtomatik olaraq raketin bort tәminat proqramı müәyyәn edir. 2000 m mәsafәdә yerlәşәn hәdәfә buraxma icra edilәn zaman raketin uçuş trayektoriyasının hündürlüyü 160 m tәşkil edә bilәr. Әgәr yuxarıdan hәmlә rejimi zamanı hәdәf qoruyucu örtünün altında yerlәşәrsә, o zaman raket hәdәfә deyil örtüyә dәyib partlayır. Belә olduqda operatorun hәdәfә düzünә hәmlә rejimini seçmәsi daha mәqsәd әuyğundur. Raket düzünә hәmlә rejimindә daha çox düzünә trayektoriya üzrә uçur. Raket hәdәfin bort (ön, arxa vә ya yan) proyeksiyasına dәyib partlayır, bu zaman minimal atış uzaqlığı 65 m tәşkil etmәlidir.

TӘRK Javelin bir çox parametrlәrinә vә texniki xüsusiyyәtlәrinә görә digәr daşınan TӘRK-lәrdәn uzağa atış mәsafәsi, “at-unut” sisteminin mövcudluğu, infraqırmızı tuşlama sisteminin raketi buraxmadan sonra müstәqil olaraq hәdәfә tuşlaması, hәdәfi yuxarıdan vә düzünә hәmlә rejimi ilә mәhvetmә, 2 dәqiqәdә üç raket buraxma, tandem kumulyativ başlıqlı raketlә bütün zirehli döyüş texnikalarını sıradan çıxarma, operatorun raket hәdәfә çatana qәdәr gizlәnә bilmә imkanlarına vә hәdәfi tutmaq mәqsәdilә istifadә edilәn passiv infraqırmızı tuşlama sistemini düşmәnin aşkar edә bilmәmәsi kimi üstünlüklәrә malikdir.

Tank әleyhinә vasitәlәrin tətbiqi zamanı üstünlüklәrlә yanaşı, mәhdudiyyәtlәr yaradan amillәrә dә rast gәlinir. Komanda buraxma blokunun 2000 m- dәn uzaq mәsafәdә yerlәşәn hәdәfi eynilәşdirә bilmәmәsi, enerji tәchizatı blokunun işә salınandan vә aktivlәşәndәn sonra soyutma müddәtinin 4 dәqiqә olması, nişangahın mәhdudgörmә şәraitindә istifadәsinin çәtinlәşmәsi, sәhәr vә axşam (alaqaranlıq) vaxtı infraqırmızı şüaların hәdәfin әrazi ilә birlәşmәsinә imkan verәn temperatura çox yaxın olması vә s. hallar Javelinin tәtbiqinә mәnfi tәsir göstәrir. Bu o, vaxta qәdәr davam edir ki, aşkar olunan hәdәfin vә ya fonun temperaturu dәyişsin. Bu hal әn az bir saat davam edә bilәr. Güclü duman operatorun hәdәfi aşkaretmә vә atәşaparma imkanlarını zәiflәdir. Raketin uçuş trayektoriyası onun meşәdә, dağlıq әrazidә vә yaşayış mәntәqәsindә tәtbiqini çәtinlәşdirir. Çünki operatorun hәdәfi tutması üçün özütuşlanma başlığının hәdәflә birbaşa görüntüsü olmalıdır. Javelin döyüş zamanı yaşayış mәntәqәlәrindә ilk növbәdә tankları vә digәr zirehli döyüş texnikalarını mәhv etmәk üçün tәtbiq olunur. O, adәtәn, yaşayış mәntәqәlәrindә aşkar olunan bunkerlәri vә digәr möhkәmlәndirilmiş mövqelәri mәhvetmә imkanına malikdir. Yaşayış mәntәqәlәrindә sıx tikilmiş binalar minimal mәsafәyә buraxmanın icra edilmәsini mәhdudlaşdırır. Bu zaman Javelinlә yanaşı, digәr tank әleyhinә vasitәlәr dә tәtbiq edilmәlidir. Müxtәlif sәbәblәr, mәsәlәn, yanğın ocağı, döyüş meydanında mövcud olan maneәlәr hәdәfin tutulmasını, tikililәr isә nişanalma xәttini mәhdudlaşdırmaqla onun tәtbiqinә maneәlәr yaradır. Javelinin unikal uçuş trayektoriyası yaşayış mәntәqәsindә operatoru üç istiqamәtdә düşünmәyә vadar edir. Yaşayış mәntәqәsindә mövcud tikililәr, yol nişanları, işıq dirәklәri vә naqillәr raketin uçuş istiqamәtindә yerlәşәrәk onun tәtbiqinә maneә olur. Yaşayış mәntәqәsindә döyüş zamanı buraxma, adәtәn, minimal atış uzaqlığında icra edilir. Bu zaman küçәlәr vә dәmiryolu boyu, elәcә dә park vә ya meydanlardan atәş aparmaq çәtindir. Lakin binanın yuxarı mәrtәbәlәrindәn vә ya damından digәr binalara buraxma icra etmәk mümkündür. Belә hallarda hәdәfi mәhv etmәyә şәrait yaransa da, kifayәt qәdәr vaxt olmadığından operator bu imkandan istifadә edә bilmir. Kәsişәn küçәlәrdә vә ya binalar arasında yerdәyişmә edәn texnikalara 10-15 san müddәtindә raket buraxmaq mümkündür, lakin bu müddәt operatora raketi hәdәfә tuşlamağa vә buraxmağa imkan vermir. Daşınan divarların dağıdılmasında Javelinin tәtbiqi effektiv hesab edilmir, çünki o, bu mәqsәdlәr üçün nәzәrdә tutulmayıb.

Havadan asılı helikopterə buraxmada düzünә hәmlә rejimindәn istifadә edilmәlidir, çünki yuxarıdan hәmlә rejimindә helikopterin rotoru raketin datçikinә mәnfi tәsir göstәrmәklә onun arzuolunmaz uçuşuna vә hәdәf itkisinә sәbәb ola bilәr. Lakin zaman keçdikcә lokal müharibәlәrin vә daxili silahlı münaqişәlәrin tәcrübәsi, texnologiyanın inkişafı NATO ordularında mövcud olan tank әleyhinә vasitәlәrin modernlәşdirilmәsini vә müasir tank әleyhinә vasitәlәrin yaradılmasını zәruri edib. NATO-nun Avropanın şәrqinә doğru genişlәnmәsindәn sonra Şәrqi Avropa ölk әlәrinә, xüsusilә dә Gürcüstan vә Ukraynaya Javelin tipli tank әleyhinә raket kompleksinin verilmәsi Rusiya Federasiyası tәrәfindәn etirazla qarşılanır. Javelin yüksәk dәqiqliklә idarәolunan vasitә kimi tanklara vә zirehli döyüş texnikalarına qarşı mübarizәdә mühüm әhәmiyyәtә malikdir. Türkiyә istehsalı olan ortamәnzilli tank әleyhinә raket (OMTAS) vә uzaqmәnzilli tank әleyhinә raket (UMTAS) bütün parametrlәrinә görә ABŞ-ın “Xelfayr” tank әleyhinә raket kompleksinin xüsusiyyәtlәrini üstәlәyir. Hazırda hәmin vasitәlәr yüksәkmanevrli tırtıllı vә tәkәrli nәqliyyat vasitәlәrinin bazasında yerlәşdirilir. “Kaplan” vә “Pars” tank әleyhinә vasitәlәrin sınaqları uğurla davam etdirilir. T-129 “Atak” helikopterləri hәmin tank әleyhinә UMTAS “Mızrak-2” raketlәri ilә tәchiz olunub.

Lokal müharibәlәrin tәcrübәsi göstәrir ki, düşmәnә atәşlә zәrәrvurmanın tәşkili vә keçirilmәsindә baş verәn dәyişikliklәr tank әleyhinә bölmәlәrin döyüş tәtbiqinә formalaşan baxışların yenidәn nәzәrdәn keçirilmәsini zәruri edir. Son zamanlar PUA-ların lokal müharibәlәrdә tәtbiqi taktiki fәaliyyәtlәrin icrasında yeniliklәrә sәbәb olub. PUA-ların yüksәkmanevrli hәdәflәri aşkarlaması, izlәmәsi vә tәlәb olunan anda onları mәhv etmәsi qarşı tәrәf üzәrindә üstünlüyün әldә edilmәsinә imkan verir. Bu ilin mart ayında Türkiyәnin TB-2 “Bayraktar” zәrbә PUA-ları Suriyanın İdlib bölgәsindә hökumәt qüvvәlәrinә qarşı keçirilәn “Bahar qalxanı” әmәliyyatında 150-dәn çox tank vә zirehli döyüş texnikasını mәhv edә bildi. Bu, dünyada ilk dәfә olaraq PUA-ların sürü halında tәtbiqi ilә hәrb tarixinә keçdi. Bu zaman Suriyanın bağlı elan etdiyi hava mәkanı REM vasitәlәri ilә qarşılıqlı fәaliyyәtdә PUA-lar tәrәfindә yarıldı. Hazırda hәmin taktiki fәaliyyәtlәr müsbәt nәticәlәr verir, qarşı tәrәfin döyüş potensialını tәşkil edәn istәnilәn hәdәf vә obyektin mәhvini tәmin edir. ABŞ-da daxil olmaqla NATO-ya üzv ölkәlәr Türkiyәnin tәcrübәsini öyrәnir vә gәlәcәk döyüş fәaliyyәtlәrindә tәtbiqinin mәqsәdә uyğunluğunu nәzәrdәn keçirir. Hәmin tәcrübәnin Türkiyәnin dәstәklәdiyi Liviyanın hökumәt qüvvәlәri tәrәfindәn tәtbiq edilmәsi vә qısa zamanda müdafiәdәn hücuma keçmәklә böyük әrazilәrin, yaşayış mәntәqәlәrinin, hәrbi әhәmiyyәtli aerodromların, infrastruktur obyektlәrinin, neft vә qaz yataqlarının azad olunması onu göstәrir ki, düşmәnin istәnilәn hәdәf vә obyektinә sutkanın istәnilәn vaxtı zәrbәlәr endirmәk mümkündür. Bunun nәticәsindә düşmәn qruplaşması böyük itkilәr verir, döyüş düzülüşü vә idarәetmә sistemi pozulur.

Buna baxmayaraq, NATO ordularında zirehli döyüş texnikalarının inkişafı nәzarәtdә saxlanır. Mәrkәzi Avropanın hәrbi fәaliyyәt meydanında quru qoşunları qruplaşmasının tәrkibinin 70%-ә qәdәrini tank, mexaniklәşdirilmiş diviziyalar tәşkil edir. Hәmin diviziyalarda mindәn çox zirehli döyüş texnikası (tank, PDM, ZTR vә özüyeriyәn tank әleyhinә kompleks) mövcuddur, onların 30%-ә qәdәrini tanklar tәşkil edir. Müasir tankların xüsusiyyәtlәrinin tәhlili göstәrir ki, tanklar yerindәn 2500-3000 m, hәrәkәtdәn isә 1800-2100 m mәsafәyә effektli atәş apara bilir. Tankların әsas hissәsinin zirehi 500-600 mm olmaqla çox qatlıdır, yaxın gәlәcәkdә isә 900-1400 mm ola bilәr. Bundan әlavә, tankların müdafiәsini artırmaq mәqsәdilә, tank әleyhinә idarәolunan raketlәrin vә kumulyativ mәrmilәrin döyüş effektivliyini 1,4 dәfә vә daha çox azalda bilәn dinamik vә aktiv müdafiә sistemilә tәchiz olunurlar. Zirehli döyüş texnikalarının sayı artdıqca tank әleyhinә mübarizә vasitәlәrinә olan tәlәbat da artır. Ona görә dә müasir şәraitdә vә yaxın gәlәcәkdә tank vә zirehli döyüş texnikalarına qarşı yerinә yetirilәn tapşırıqların әsas hissәsi hәlә dә tank әleyhinә vasitәlәrin payına düşür.

Rusiya Ordusunda istifadә olunan tank әleyhinә vasitәlәr

SSRİ dövründәn istehsal olunan tank ә leyhinә vasitәlәr Rusiya Ordusunda olan vasitәlәrin әsasını tәşkil edir. Soyuq müharibә başa çatdıqdan vә SSRİ-nin dağılmasından sonra ordunun tank әleyhinә vasitәlәrin yeni nümunәlәri ilә tәminatında fasilә yarandı. Buna iki amil tәsir göstәrib. İlk növbәdә SSRİ-nin dağılması ilә hәrbi sәnaye kompleksinin istehsalat zәnciri pozuldu, tank әleyhinә vasitәlәrin istehsalı ilә mәşğul olan elmi tәdqiqat mәrkәzlәri vә hәrbi zavodlar müstәqil dövlәtlәrin әrazisindә qaldı. Sonra isә iqtisadi sahәdә mövcud olan çәtinliklәr bunu mümkün etmәdi. Bu zaman rәqib ölkәlәr yaranmış fürsәtdәn istifadә edәrәk dünya silah bazarında tank әleyhinә vasitәlәrә olan tәlәbatı qarşılamaq üçün, sanki, yarışırdı. Son on ildә tank әleyhinә vasitәlәrә olan tәlәbatın dinamikasına nәzәr saldıqda SPİEK vә Javelin sistemlәrinin daha çox üstünlük tәşkil etdiyi mәlum olur. Buna baxmayaraq, hәrbi sәnaye kompleksinin inkişafında vә silah satışı bazarında böyük payı olan RF tank әleyhinә vasitәlәrin istehsalına diqqәtsiz qala bilmәzdi. Belә vasitәlәrә daşınan “Kornet-E” vә özüyeriyәn “Xrizantema”nı aid etmәk olar. Rusiya Ordusunun silahlanmasında olan tank әleyhinә vasitәlәrin әsas xüsusiyyәtlәri Cәdvәl 2-dә göstәrilib.

Cәdvәl 2. RF Ordusunda mövcud olan tank әleyhinә vasitәlәrin әsas xüsusiyyәtlәri


Cәdvәldәn göründüyü kimi, mövcud tank әleyhinә vasitәlәrin, demәk olar ki, әsas hissәsi (Kornet-E” vә “Xrizantema” istisna olmaqla) SSRİ zamanında istehsal olunub. Birlәşmә, hissә vә bölmәlәrin tәrkibində tank әleyhinә vasitәlәrlә silahlanmış tank әleyhinә әl qumbaraatanı ӘTQ-7 manqaları vә tank әleyhinә dәzgahlı qumbaraatan DTQ-9 taqımları mövcuddur. ӘTQ-7 vә DTQ-9 qumbaraatanlarının qәlpәlәnәn, kumulyativ, tandem kumulyativ vә termobarik başlıqlı raketlәri düşmәnin müxtәlif növ hәdәf vә obyektlәrinә qarşı mübarizә aparmağa imkan verir. SSRİ dövründә istehsal olunan tank әleyhinә vasitәlәrin zirehdәlmә imkanları 460–560 mm tәşkil edir, belә vasitәlәr müasir tanklara qarşı effektiv mübarizә aparmağa imkan vermir. Yeni tank әleyhinә vasitәlәrin zirehdәlmә imkanlarının 1000-1100 mm tәşkil etmәsi isә orta vә ağır tanklara qarşı mübarizәni tәmin edir. ABŞ Ordusunda әsas olan M1 “Abrams” tankının zirehinin qalınlığı çapaltı mәrmilәrә qarşı 900 mm, kumulyativ mәrmilәrә qarşı 1600 mm, Almaniya istehsalı olan “Leopard 2A” tanklarının zirehinin qalınlığı çapaltı mәrmilәrә qarşı 700 mm, kumulyativ mәrmilәrә qarşı 1200 mm tәşkil edir. Müasir tankların aktiv vә dinamik qoruyucusu onlara qarşı mübarizә imkanlarını aşağı salır. Tank әleyhinә vasitәlәrin bir çoxunun daşınan vә yedәklәnәn olması manevr imkanları baxımından tank әleyhinә mübarizәnin effektiv tәşkilini tәmin etmir. Belә vәziyyәt tank әleyhinә bölmәlәri qabaqcadan atәş hәddini tutmağa mәcbur edir. Bu isә qarşı tәrәfin tank әleyhinә bölmәlәrinin vaxtından әvvәl aşkarlanmasına sәbәb olur. Digәr halda isә tank әleyhinә vasitәlәrdәn buraxma icra edildikdәn sonra operator mәcburdur ki, raketi hәdәfә qәdәr müşayiәt etsin. Bu isә öz növbәsindә buraxmadan sonra vasitәnin yerinin aşkarlanmasına vә heyәtin müәyyәn tәhlükәlәrlә üzlәşmәsinә sәbәb olur. Tank әleyhinә bölmәlәrә tank әleyhinә taqım, batareya vә divizion daxildir. Müxtәlif döyüş növlәrindә hәmin bölmәlәrdәn tank әleyhinә ehtiyat yaradılır. Tank әleyhinә ehtiyat, adәtәn, tank әleyhinә artilleriya vә tank әleyhinә idarәolunan raketlәr bölmәsindәn qarışıq tәrkibdә yaradılır. Hәmin bölmәlәrin bir-birindәn fәrqli üstün vә zәif cәhәtlәri var. Qarışıq tәrkibli yaradılmaqla onlar bir- birini döyüş zamanı dәstәklәyә, hәm dә düşm әnә qarşı mübarizә apara bilir. Rusiya Ordusunda tank әleyhinә vasitәlәrin xüsusiyyәtlәrini NATO-ya daxil olan ölkәlәrin ordularının oxşar nümunәlәri ilә müqayisә edәn zaman, onların uzağa atış mәsafәsinin v ә atışın dәqiqliyinin tәxminәn eyni göstәriciyә malik olduğu, atıştezliyindә, qorunma vә zirehdәlmәdә isә bir neçә dәfә geri qaldığı mә lum olur. Mövcud tank әleyhinә vasitәlәrin aşağı zirehdәlmә imkanları nәinki silahlanmaya yeni qәbul olunan döyüş texnikalarına, hәmçinin daha әvvәl istehsal edilәn aktiv vә dinamik müdafiә sistemi ilә tәchiz olmuş tanklara qarşı mübarizә aparmağa da imkan vermir. 100 mm MT-12 tank әleyhinә topların aşağı manevrliliyi vә zәif müdafiә olunması döyüş meydanında birbaşa artıq itkilәrә sәbәb olur vә praktiki olaraq mövcud döyüş potensialını reallaşdırmağa imkan vermir. Ona görә dә vaxt göstәricilәri baxımından yedәkdә daşınan tank әleyhinә artilleriyanın müxtәlif döyüş növlәrindә tәtbiqini çәtinlәşdirir. Hәmin vasitәlәrin, ancaq möhkәmlәndirilmiş rayonların vә yaşayış mәntәqәlәrinin müdafiәsi zamanı tәtbiqi daha mәqsәdәuyğundur. Praktiki olaraq hücum döyüşlәrindә hәmin vasitәlәr müasir ümumqoşun döyüşlәrinin tәlәblәrinә cavab vermir.

Belә vәziyyәt Rusiya Ordusunda tank әleyhinә vasitәlәrin texniki xarakteristikası, elәcә dә müasir nümunәlәrin hazırlanması mәsәlәsinә yenidәn baxılmasını tәlәb edir. Tank әleyhinә artilleriya vasitәlәrinin mövcud nümunәlәrinin gәlәcәkdә tәkmillәşdirilmәsi onların döyüş imkanlarını artıra bilmәz. Yaxın gәlәcәkdә prinsipcә elә yeni tank әleyhinә raket komplekslәri vә toplar istehsal etmәk lazımdır ki, onlar tankla atış duelindә üstünlüyә malik olmaqla yanaşı, hәm dә kifayәt qәdәr müdafiә olunan, yüksәkmanevrli, maneәyәdavamlı, ilin vә sutkanın istәnilәn vaxtı döyüş tapşırığını yerinә yetirmәk imkanında olsun. RF-nın yeni istehsalı olan “Xrizantema” tank әleyhinә raket kompleksi “Şturm-S” bazasında tәkmillәşdirilәrәk istehsal olunub. Әsas fәrqli cәhәti ondan ibarәtdir ki, zirehdәlmә vә atış tezliyi iki dәfә artırılıb, hәmçinin kompleksin bazasına yerlәşdirilәn RLS vasitәsilә mәhdudgörmә şәraitindә hәdәfin aşkarlanaraq mәhv edilmәsi mümkündür. Lakin “Xrizantema”nı NATO ordularının silahlanmasında yer alan TӘRK-lәrlә, xüsusilә idarәetmә sistemindә mövcud olan “at-unut sistemi”, elәcә dә hәdәfә müxtәlif rejimdә hәmlәetmә imkanları ilә müqayisә etmәk mümkün deyil. RF Ordusunda mövcud olan tank әleyhinә vasitәlәrin әsas xüsusiyyәtlәrindәn biri dә odur ki, buraxma icra edildikdәn sonra operator raketi mütlәq hәdәfә qәdәr müşayiәt etmәlidir, yәni operator hәdәfi mütlәq görmәlidir. 2014-2017-ci illәrdә Ukraynanın şәrqindә baş verәn lokal müharibә zamanı qarşıduran hәr iki tәrәf dә eynitipli tank әleyhinә vasitәdәn istifadә etmişdi. Bu zaman tank әleyhinә vasitәlәrin tәtbiqindә yenilik müşahidә olunmadı, demәk olar ki, hәmin proses RF-nin cәlb olunduğu Suriya vә Liviya münaqişәsindә dә davam edir. Bundan başqa, RF-nin Ordusunda silahlanmada olan tank әleyhinә vasitәlәr adi şәraitdә tәtbiq üçün daha әlverişlidir, nәinki, müxtәlif şәraitlәrdә . Dağlıq әrazidә Әfqanıstan vә Çeçenistanda aparılan müharibәlәrin tәhlili bunu bir daha tәsdiqlәyir. Avropa hәrbi fәaliyyәt meydanında әnәnәvi üsulla müdafiә vә hücum döyüşlәrinin tәşkili vә aparılması artıq özünü doğrultmur. Tәhlil etdiyimiz tank әleyhinә vasitәlәrin tәtbiqi isә daha çox hәmin fәaliyyәt meydanları üçün mәqsәduyğundur.

Bir çox ölkә tanklara qarşı mübarizә vasitәsi kimi zәrbә PUA-larının tәtbiqinә üstünlük, lakin Rusiya Federasiyasında tank әleyhinә vasitәlәrin inkişaf istiqamәtlәri vә PUA-ların tәtbiqi haqqında fikirlәr hәlә dә formalaşmayıb. Keçirilәn tәlimlәrdә dә tank әleyhinә vasitәlәrin digәr zәrәrvurma vә REM vasitәlәri ilә qarşılıqlı fәaliyyәtdә tәtbiqi nümayiş etdirilmir.

Nәticə

Tankların vә zirehli döyüş texnikalarının yeni nümunәlәrinin istehsalı inkişaf etmiş ölkәlәrin ordularında prioritet mәsәlәlәrdәndir. Buna baxmayaraq, texnologiyanın inkişafı onlara qarşı mübarizә vasitәlәrinin yeni nümunәlәrinin yaranmasına xeyli tәsir göstәrib. Son lokal müharibәlәrin tәhlili onu göstәrir ki, tankların vә zirehli döyüş texnikalarının tәtbiqi ayrılıqda qarşı tәrәf üzәrindә üstünlüyü tәmin edә bilmir. Çünki tank әleyhinә vasitәlәr tanklara qarşı mübarizәdә daha çox üstünlüyә malikdir. Bu ilin mart ayında Suriyanın İdlib bölgәsindә baş verәn döyüşlәrin nәticәsi bunu praktiki olaraq nümayiş etdirib. NATO ölkәlәri ordularında istifadә olunan tank әleyhinә vasitәlәr, RF SQ-dә istifadә olunan tank әleyhinә vasitәlәri zirehdәlmә, atıştezliyi, raketi hәdәfә vә obyektә tuşlama, buraxmadan sonra raketi hәdәfә qәdәr müşayiәtetmә, elәcә dә hәdәfә müxtәlif rejimlәrdә hәmlәetmә imkanlarına görә üstündür. Tank әleyhinә bölmәlәrin imkanları onların sәrbәstliyini, manevrliliyini, sutkanın vә ilin istәnilәn vaxtında, elәcә dә adi vә müxtәlif şәrtlәrdә tәtbiqini tәmin edir. Tank әleyhinә vasitәlәr uzağa atış mәsafәsinә, aşkaretmә imkanlarına görә üstündür, bu da tankların hәlә döyüşdәn әvvәl mәhv edilmәsini tәmin edir. Görünәn odur ki, bu iki qarşı duran tәrәf arasında mübarizәnin qalibi ağıllı güc olacaq. Az maliyyә xәrclәri ilә müasir tank әleyhinә vasitәlәrә malik olmaq qarşıda duran әsas vәzifәdir. Buna isә, yalnız texnologiyada baş verәn inqilabı dәyişikliklәrin tәtbiqi ilә nail olmaq olar.

İstifadә edilmiş әdәbiyyat siyahısı

1. Rasmussen, A.F. Why it is more important than ever to invest in defence of democracy): [Electronic resource] // The Telegraph, 06 Apr 2014. URL: https://www.telegraph.co.uk/news/uknews/ defence/.
2. Defence Expenditures of NATO Countries (2009-2016): [Electronic resource]. 2016. URL: https://yandex.ru/search/.
3. Dünyanın әn güclü orduları: [Elektron resurs]. 2020. URL: https://www.sonhaberler. com/.
4. Сунь-цзы о военном искусстве. Пекин: Military Science Press. 1996. 341 c.
5. Противотанковые средства американской пехоты (часть 4): [Електронный ресурс] //Военное обозрение. 2018. URL: https://topwar.ru/.
6. Hüseynov K. Ümumqoşun döyüşlәrindә hissә vә bölmәlәrin hava hücumundan müdafiәsi. –Bakı: Hәrbi nәşriyyat, 2004. – 134 s.
7. Обзор танка Т-14 «Армата»: [Електронный ресурс] // Армейский вестник. 2016. URL: https://yandex.ru/search/.
8. FGM-148 Javelin: [Electronic resource]. 2018. URL: https://www.yandex.com.tr/search/.
9. Türkiyәnin “Kaplan” vә “Pars” tank әleyhinә sistemlәrin uğurlu sınaqları: [Elektron resurs]. 2020. URL: https://www.yandex.com.tr/search/
10. İdlib döyüşlәri: [Elektron resurs]. 20 mart 2020. https://www.yandex.com.tr/search/.
11. Какой танк лучше: Т-80, М1 “Абрамс”, Леопард-2: [Електронный ресурс]. 2019. URL: https://yandex.com.tr/gorsel/search/
12. Ukraynanın şәrqindә ağır döyüşlәr: [Elektron resurs]. 2020. https://www.yandex.com.tr/search/.


Pofessor Elşәn Hәşimov, Professor Azad Bayramov, Polkovnik Yaşar Kәrimov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   TƏİR   TƏİRK  


Bizi "telegram"da izləyin