“Azərbaycan diplomatiyası daha böyük nailiyyətlər əldə edəcək” – Erməni ictimai-siyasi xadimlər

2022/02/1645982001.jpg
Oxunub: 792     12:47     19 Mart 2022    
“Qarabağda fəlakət var. Rəqib müqavimət göstərmədən Ermənistanı ələ keçirməkdə davam edir. Sərhəd kəndlərinin sakinləri təşviş içərisindədirlər”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Avetik İşxanyan bildirib.

Onun sözlərinə görə, əslində Ermənistan ordusu yoxdur.

“Müdafiə nazirinin müavini özündən razı şəkildə üfürür. “Sülh” adı altında təslim olmağa, torpağı təhvil verməyə, növbəti kapitulyasiyaya imza atmağa hazırlaşırlar”, - deyə İşxanyan qeyd edib.

Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, erməni ekspert Vahe Hovhannisyan bildirib ki, Ermənistan hakimiyyəti və Türkiyə-Azərbaycan koalisiyası açıq kartlarla, “Qarabağ Azərbaycandır”, “Yollar bizimdir” və “Bunun müqabilində sülh” sxemi ilə oynayırlar.

“Hakimiyyət fəlakətə haqq qazandırmaq üçün 1991-ci ilə qayıtmağa başladı. Hakimiyyətin öz qərarını verdiyi və gələcəyin uğursuzluğunu keçmişdə axtardığı süni proses”, - deyə o qeyd edib.

Erməni ictimai xadim Kristine Vardanyan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərini sitat gətirərək qeyd edib ki, Türkiyə Ermənistanla bağlı atacağı addımları hər mərhələdə Bakı ilə müzakirə edir: “Türkiyə-Azərbaycan-Ermənistan işbirlikçi söhbəti var. Söhbətin gündəliyi: 1) Azərbaycan və Türkiyənin ərazi bütövlüyünün tanınması. Qarabağdan imtina. 2) “Soyqırımı” (qondarma-red.) məsələsinin inkarı. 3) Gələcək nəsillər üçün müqavilələrin imzalanması”.

“The California Courier” qəzetinin baş redaktoru Harut Sasunyan qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Antalyaya səfəri böyük səhv idi.

O bildirib ki, Türkiyə özünü inkişaf etmiş dövlətlərlə bərabər tutaraq, nüfuzlu bir ölkə olduğunu dünyaya göstərmək üçün öz ölkəsində müxtəlif beynəlxalq konfranslar təşkil edərək daima ölkəsinə böyük əhəmiyyət verməyə çalışır.

“Biz özümüz üçün ən əlverişli həll yollarını tapa bilərik, amma bu hakimiyyətin dövründə yox”, - deyə Sasunyan əlavə edib.

Ermənistan konstitusiya məhkəməsinin keçmiş administrasiya rəhbəri Edqar Qazaryanın sözlərinə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, onlar üçün Qarabağ problemi ərazi məsələsi yox, hüquq məsələsidir.

“Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan: “Qarabağın Azərbaycan tərkibində olması prosesi müzakirə edilməlidir”. Bu bir-birini tamamlayan fikirlərə Ermənistan Baş naziri Nikol Paşinyanın xüsusilə müharibədən sonra verdiyi bəyanatları da əlavə etsək, nəticə bu məqalənin başlığında yazılanlardan ibarətdir”, - deyə Qazaryan qeyd edib.

Erməni türkşünas Anahit Vəziryanın sözlərinə görə, Türkiyə Qafqazda mövqelərini möhkəmləndirmək üçün Ermənistanla münasibətlərini normallaşdırır: “Türkiyənin Rusiya üçün rolu artıb. Biz təhlükəli risklərlə üzləşirik”.

Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, erməni akademik Aşot Melkonyan deyib ki, erməni-türk yox, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ifadəsi düzgündür.

O iddia edib ki, Türkiyə Ermənistan-diaspor münasibətlərini pozmaq üçün hər şeyi edir.

Ermənistanın “5165” hərəkatının qurucularından olan Hovhannes Qazaryan qeyd edib ki, Azərbaycan diplomatiyasının daha böyük nailiyyətlər əldə etməsinə imkan verən təhlükəli hadisələr baş verir.

“Geosiyasi proseslərin bu kontekstində indiki hakimiyyətin daxili resursları səfərbər etmək üçün atdığı hər hansı addımı görmürük, bu hakimiyyət tərəfindən heç bir addım atılmır”, - deyə Qazaryan əlavə edib.

Sözügedən hərəkatın digər bir qurucusu Menua Soğomonyan vurğulayıb ki, Ermənistanın hazırkı hakimiyyəti Qarabağ məsələsi ilə bağlı heç nə etmir. “Hərbi əsirlər, onların qaytarılması məsələsi açıq şəkildə qaldırılmalıdır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Diplomatiya   Nailiyyət  


Bizi "telegram"da izləyin