Hər kəsin diqqəti Ukraynadadır| Bəs Yunanıstanın rekord qıran müdafiə xərcləri necə olsun?

2022/03/1647330962.jpg
Oxunub: 10428     12:00     15 Mart 2022    
Fevralın 24-də Rusiya Ukraynaya hücum edib. Döyüşlər artıq 4-cü həftədir davam edir. Avropanın şərqində gərginliyin artması fonunda Balkan yarımdasında da gərginlik artmaqdadır. Bosniya və Hersoqovina daxilində bölünmə ilə bağlı müzakirələr gedərkən Yunanıstan və Türkiyə arasında gərginlik yaşanır. Yunanıstan Türkiyənin Afrika və Asiya bazarlarına silah satışından dərin narahat olduğunu bildirib. Yunan mətbuatının məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyində bir müddət əvvəl Türkiyənin xüsusilə Afrikaya PUA satışları ilə bağlı iclas keçirilib və narahatlıq ifadə olunub.

Fevralın 23-də Yunanıstan qüvvələri Egey dənizində Türkiyənin iki balıqçı qayığına hücum edib. Nəticədə 1 nəfər yaralanıb. Daha sonra Yunanıstanın Türkiyədəki səfirliyinin müşaviri Xarici İşlər Nazirliyinə çağırılıb. Yunan müşavirə Türkiyə vətəndaşlarının Yunanıstanın Sahil Təhlükəsizliyi əməkdaşları tərəfindən hücuma məruz qalmaqları ilə bağlı etiraz notası təqdim edilib.

Türkiyənin 212 kilometrlik quru sərhədi olan qonşu Yunanıstan son illərdəki iqtisadi böhranın təsirlərini aradan qaldıraraq sürətlə silahlanmağa davam edir.

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 2021-ci ilin iyun ayında dərc etdiyi NATO ölkələrinin (2014-2021) ən aktual müdafiə xərclərini ehtiva edən hesabatda Yunanıstanın nə qədər silahlanmış olduğunu və iqtisadiyyatından müdafiəsinə qədər nə qədər pay ayırdığını asanlıqla görə bilərik.

Hər il NATO müttəfiqlərdən müdafiə xərcləri haqqında məlumat toplayır və onları müntəzəm olaraq dərc edir. Hər bir müttəfiqin Müdafiə Departamenti müdafiə xərclərinin razılaşdırılmış tərifinə əsaslanaraq cari və təxmin edilən gələcək müdafiə xərclərini bildirir.

Bu məcmu hesabatlardakı məbləğlər maliyyə ili ərzində milli hökumət tərəfindən silahlı qüvvələrin, müttəfiqlərin və ya ittifaqın ehtiyaclarını ödəmək üçün faktiki olaraq edilmiş və ya ediləcək ödənişləri əks etdirir.

Türkiyə və Yunanıstan rəsmilərinin açıqlamaları

Yunanıstan müdafiə xərclərinin artmasının iqtisadi böhrandan sonra bərpa üçün normal olduğunu iddia etsə də, Türkiyə Yunanıstanın silahlandırılmasını yaxından izləyir. Əslində bu məsələ ilə bağlı Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın açıqlamaları diqqət çəkir.

Akar Yunanıstanın son vaxtlar çox bahalı silah sistemləri aldığını və bu silahlanmanın nə üçün olduğunu sual altına aldığını bildirir.

“Biz deyirik ki, bu silahlanma nə üçündür? Normal müdafiə üçün çox, Türkiyə üçün çox az. Boyu hündürlüyünü aşan iddialarla yeriməyə davam edirlər. Alyans daxilində alyans NATO-nu zəiflədir. Bu, silahlanma yarışı deyil, silah nümayişidir. Bəzi ölkələrin təşviqi və təxribatı ilə silahlanaraq Türkiyə üzərində üstünlük əldə etməyə çalışırlar. Bu boş bir səydir. Bundan əlavə, onlar NATO daxilində müttəfiq olsalar da, yeni alyanslarla nəsə etməyə çalışırlar. Biz bunların hamısının süni olduğunu deyirik. Bunun nəticəsidir ki, nə edirlərsə etsinlər, Türkiyə Cümhuriyyəti Dövləti və Türkiyə Silahlı Qüvvələri ölkəmizin və millətimizin hüquq və mənafelərini qorumağa qərarlı, qətiyyətli və qadirdir. İstəyirik ki, hamı bunu bilsin”.

Yunanıstan Müdafiə naziri Panagiotopoulosun sözlərinə görə, Yunanıstan hökuməti Yunanıstan Silahlı Qüvvələrinin büdcəsini 2009-cu il səviyyəsinə qaytarıb, lakin nazir bu səviyyəyə yenidən çatmağı “Türkiyə ilə silahlanma yarışı” deyil, “təcili ehtiyacların ödənilməsi” kimi müəyyən edir.

Büdcə Artımı Davam Edir

Yunanıstanın silahlanma motivasiyası müzakirə olunarkən Yunanıstan Müdafiə Nazirliyinin büdcəsi artmaqda davam edir. 2020-ci ildə 3,35 milyard avro olan büdcə 2021-ci ildə 5,44 milyard avroya yüksəldilib. Bu nisbət 2022-ci ildə 6,39 milyard avroya yüksələcək. İllik artımın 17,5% olduğu görünür. Eyni zamanda, Yunanıstan Müdafiə Nazirliyinin büdcəsi Yunanıstan iqtisadi böhranından əvvəlki səviyyələrə qayıdıb.

Bundan əlavə, 2022-ci ildə silah alışı üçün ayrılan büdcə 856 milyon avro artırılıb. Bu göstərici 2021-ci illə müqayisədə 34% artımdan xəbər verir. Məqsədlərinin Türkiyə ilə silahlanma yarışı olmadığını bir daha vurğulayan Yunanıstan naziri, bunun “illər ərzində yaranan uçurumu aradan qaldırmaq” məqsədi daşıdığını bildirir.

Eyni zamanda Yunanıstan 24 iyul 1923-cü il tarixli Lozanna müqaviləsini pozaraq, Rodos, Lesbos, Samos və Sakız kimi Türkiyə sahillərinə yaxın böyük adaları silahlandırır və orada hərbi hava limanları yaradır. Razılaşmada qeyd olunan 23 adanın adı açıq şəkildə göstərilsə də, bu adalardan 16-sı silahlıdır. Və bu silahlanma günü-gündən artmaqda davam edir.

Əslində, açıq mənbə kəşfiyyatı (OSINT) sayəsində adalardakı silahlanma fəaliyyəti ictimaiyyətə açıqlanıb.

Yunanıstan Egey dənizində həyata keçirdiyi və dünyada heç bir ölkənin tətbiq etmədiyi bir yanaşma tərzi ilə ərazi sularını 6 mil olaraq qəbul etməklə yanaşı, milli hava məkanının eninin 10 dəniz mili olduğunu iddia edir. Bu səbəbdən Yunanıstan Baş Qərargahı davamlı olaraq türk təyyarələrinin ölkənin hava məkanını tez-tez pozduğuna dair açıqlamalar verir.

Yunanıstan son illərdə Egeydəki ərazi sularının 12 milə qədər genişləndirilməsi iddiasını gündəmə gətirib. Bənzər iddialar keçmişdə də müzakirəyə çıxarılıb və Türkiyə bunu 1955-ci il Parlament Bəyannaməsi ilə “Casus Belli” (müharibə səbəbi) hesab edəcəyini bəyan edib.

Türkiyə Böyük Millət Məclisinin bəyannaməsində Yunanıstanın 12 mil tələbinin Türkiyə üçün qəbuledilməz olduğu bildirilir və onun ərazi sularını 6 mildən kənara çıxarmasının “müharibə səbəbi” olacağı vurğulanır.

8 iyun 1995-ci il tarixli bəyanatda, “TBMM Yunan hökumətinin Lozanna ilə qurulan tarazlığı pozacaq şəkildə Egeydəki ərazi sularını 6 mildən çox artırmaq qərarı verməyəcəyinə ümid etməklə yanaşı, bənzər bir hadisənin baş verəcəyi təqdirdə, Türkiyə Cümhuriyyəti Hökumətinə, ölkənin həyati mənafelərinin qorunması və müdafiəsi üçün, hərbi baxımdan zəruri hesab edilənlər də daxil olmaqla, bütün səlahiyyətlərin verilməsi və bu vəziyyətin Yunanıstan və dünya ictimaiyyətinə dostluq hissləri ilə çatdırılması qərara alındı” ifadələri yer alıb.

Təbii ki, iki ölkə arasında mövcud olan fikir ayrılıqları yuxarıda qeyd olunan problemlərlə məhdudlaşmır. Bu nöqtədə Yunanıstanın iddialarını reallaşdırmaq motivasiyası ilə artırdığı hərbi xərclərinə nəzər salmaq lazımdır.

Yunanıstanın müdafiə xərcləri 2021-ci ildə o həddə çatıb ki, dünyanın ən çox müdafiə xərclərinə malik ölkəsi ABŞ proporsional xərclərdə Yunanıstandan geri qalıb.

ÜDM ilə müqayisədə rekord xərclər

ABŞ-ın müdafiə xərcləri Ümumi Daxili Məhsula (ÜDM) nisbətdə 3,52% olduğu halda, Yunanıstan müdafiə xərclərinin ÜDM-ə nisbəti 3,82% təşkil edib.

Bu, bütün NATO ölkələri arasında ən yüksək göstəricidir.

Yunanıstanın 2021-ci ildə müdafiə xərclərinin bölgüsü belədir:

Kadr xərcləri: 55,4%
Əməliyyatlar, saxlama və digər xərclər: 5,9%
İnfrastruktur: 0,4%
Hərbi texnika alışı: 38,3%


Bu məqamda açıq şəkildə görmək olar ki, hərbi texnika alışı üçün çox yüksək faiz qorunur. NATO ölkələri arasında Xorvatiya (43,5%) və Lüksemburqdan (42,4%) sonra hərbi texnikaya ən çox pay ayıran ölkə Yunanıstandır.

Türkiyənin 2021-ci ildə müdafiə büdcəsindən hərbi texnika alışına ayırdığı nisbət 29% civarındadır.

Yunanıstanın 2014-cü ildən müdafiəyə ayırdığı məbləğdəki artımı aşağıdakı cədvəldə müşahidə etmək olar:

2014: 5,2 milyard dollar
2015: 4,5 milyard dollar
2016: 4,6 milyard dollar
2017: 4,7 milyard dollar
2018: 5,3 milyard dollar
2019: 4,8 milyard dollar
2020: 5 milyard dollar
2021: 8 milyard dollar


Eyni dövrdə Türkiyənin müdafiə xərclərini də nəzərdən keçirək:

2014: 13,5 milyard dollar
2015: 11,9 milyard dollar
2016: 12,6 milyard dollar
2017: 12,9 milyard dollar
2018: 14,1 milyard dollar
2019: 14 milyard dollar
2020: 13,9 milyard dollar
2021: 13 milyard dollar


Təbii ki, onu da əlavə etmək lazımdır ki, Yunanıstanın əhalisi cəmi 10,3 milyon nəfərdir. Türkiyənin 2022-ci il üçün ən son əhali sayı barədə məlumatı 84 milyonu əhatə edir.

ÜDM-də müdafiəyə ayrılan əmsallarla daha bir müqayisə aparaq.

İlk növbədə, Yunanıstan:

2014: %2.2
2015: %2,31
2016: 2,40%
2017: %2,38
2018: %2,54
2019: %2,36
2020: %2,65
2021: %3,82


Xüsusilə 2021-ci ildə Yunanıstanın müdafiə büdcəsinin nə qədər artdığını açıq şəkildə görmək olar. 3% minimumu aşmaqla yanaşı, demək olar ki, 4% olan müdafiə xərcləri dərəcəsi mövcuddur.

İndi Türkiyə:

2014: %1,45
2015: %1,38
2016: %1,45
2017: %1,51
2018: %1,82
2019: %1,85
2020: %1,86
2021: %1,57


Hərbi Təchizat Xərcləri

Nəhayət, iki ölkənin müdafiə büdcəsinin avadanlıq alışı üçün nisbətlərini müqayisə edək.

Yunanıstan:

2014: %8,14
2015: %10,40
2016: %13,45
2017: %11,28
2018: %11.03
2019: %12,51
2020: %12.06
2021: %38,30


Yunanıstanın 2021-ci ildə yenidən böyük bir artımla hərbi modernləşmə prosesinə daxil olduğu görülə bilər.

Türkiyə:

2014: %25.08
2015: %25.13
2016: %25,55
2017: %30,30
2018: %37,64
2019: %34,32
2020: %28.25
2021: %29.05


Yunanıstan Baş naziri Kiryakos Mitsotakis tərəfindən 2020-ci ilin sentyabrında açıqlanan yeni silahlanma paketinin Yunanıstanın müdafiə büdcəsinə təsiri olduqca aydın görünür.

Mitsotakisin verdiyi açıqlamaya görə, yeni silah paketinə aşağıdakı alışlar daxildir:

18 “Rafale” qırıcısı,
4 yeni nəsil freqat,
4 MH-60R “SeaHawk” helikopteri
Sualtı qayıqlar üçün ağır torpedolar


Yunanıstandan bu alışların ümumilikdə 10 milyard avroya başa gələcəyi gözlənilsə də, Afina bu alışlarla kifayətlənmir və əlavə alışlar edir.

Məsələn, “Rafale” qırıcı təyyarələrinin sifarişlərinin sayı 24-ə çatdırılıb. Freqatlarla yanaşı, korvet alqı-satqısı da gündəmdədir. Bundan əlavə, yeni hücum və nəqliyyat helikopterləri üçün tələb məktublarının göndərildiyi məlumdur. F-35 “Lightning II” döyüş təyyarəsi ilə Yunanıstanın da yaxından maraqlanması məlum faktdır.

Artış Trendi Davam Edəcək

Bu faktları nəzərə alsaq, Yunanıstanın müdafiə büdcəsində 2021-ci ildə başlayan anormal artımın əlavə platforma alışları üçün qısa müddətdə astronomik səviyyədə qalmağa davam edəcəyini söyləmək səhv olmaz.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Yunanıstan  


Bizi "telegram"da izləyin