Pentaqon rəsmiləri hipersəs silahlarla bağlı müdafiə şirkətləri ilə görüşüb

2022/02/FC3DI-1644055998.jpg
Oxunub: 642     14:45     05 Fevral 2022    
Pentaqonun yüksək səviyyəli rəsmiləri və müdafiə sənayesi rəhbərləri bu həftə hipersəs silahlarının inkişafı ilə bağlı bir araya gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşri yazıb.

ABŞ Müdafiə nazirinin müavini Ketlin Hiks tərəfindən cümə axşamı çağırılan və ondan çox müdafiə şirkətinin rəhbərinin iştirak etdiyi qeyri-məxfi iclas əsasən hipersəs silahların inkişafının sürətləndirilməsinin qarşısında duran maneələrə həsr olunub.

Söhbət əsasən ABŞ Müdafiə nazirinin Tədqiqat və Mühəndislik üzrə müşaviri Heidi Şyu tərəfindən aparılıb, lakin müdafiə naziri Lloyd Ouustin sonda çıxış edərək hipersəs silahların əhəmiyyətinə və Çinin bu sahədə uğurlarını qabaqlamaq üçün sürətlə getməyin zəruriliyinə toxunub.

Qeyd olunub ki, gələn ilin müdafiə büdcəsində hipersəs silahlarla bağlı problemlərin həllinə yönəlmiş təkliflər olacaq.

Toplantıya “Lockheed Martin”, “Raytheon Technologies”, “Northrop Grumman”, “Boeing”, “Leidos”, “Aerojet Rocketdyne”, “BAE Systems”, “L3Harris” və bir sıra digər müdafiə şirkətlərinin rəhbərləri dəvət olunub.

ABŞ Kosmik Qüvvələrinin generalı Devid Tompson deyib ki, Vaşinqton Çin və Rusiyanın hipersəs silahlarından geridədir.

2021-ci ilin dekabr ayının sonunda ABŞ Hərbi Hava Qüvvələri üçüncü dəfə AGM-183A ARRW hipersəs raketini sınaqdan keçirə bilmədi. Problemin nədən yarandığı hələ müəyyən edilməyib. AGM-183A ARRW raketinin bundan əvvəlki uğursuz sınağı mart ayında baş tutub. Həmin vaxt ABŞ Hərbi Hava Qüvvələri bildirmişdi ki, raket “planlaşdırılmış hərəkətlər ardıcıllığını yerinə yetirə bilməyib” və buraxılış aparılmalı olan təyyarənin göyərtəsində qalıb.

Hipersəs raketlər atmosferin yuxarı hissəsində səs sürətindən beş dəfə çox və ya saatda təxminən 6200 km sürətlə hərəkət edirlər. Bu, qitələrarası ballistik raketdən daha yavaş olsa da, hipersəs raketlərin forması ona hədəfə doğru və ya HHM sistemlərindən uzaqda ikən manevr etməyə imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Hipersəs  


Bizi "telegram"da izləyin