Pentaqon hipersəs raketlərinin hazırlanmasını sürətləndirmək üçün şirkətlərlə görüşəcək

2021/07/10795-1625814003.jpg
Oxunub: 595     16:35     01 Fevral 2022    
Pentaqon ABŞ-ın ən böyük müdafiə şirkətlərinin rəhbərliyi ilə görüşə hazırlaşır.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, müdafiə naziri Loyd Oustinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli görüşün məqsədi hipersəs raketlərinin hazırlanmasını sürətləndirmək olacaq.

Fevralın 3-nə planlaşdırılan görüşə dəvət olunmuş iki müdafiə şirkətinin rəhbərlərinin sözlərinə görə, məqsəd “bütün hipersəs sənayesini inkişaf etdirmək” və “sənayeni sürət qazanmağa təşviq etmək”dir. Pentaqon Oustinin görüşün əvvəlində qısa açıqlamalar verəcəyini, lakin müdafiə nazirinin müavini Ketlin Hiksin iclasa sədrlik edəcəyini bildirib.

Toplantıya “Lockheed Martin”, “Raytheon Technologies”, “Northrop Grumman”, “Boeing”, “Leidos”, “Aerojet Rocketdyne”, “BAE Systems”, “L3Harris” və bir sıra digər müdafiə şirkətlərinin rəhbərləri dəvət olunub.

ABŞ Kosmik Qüvvələrinin generalı Devid Tompson deyib ki, Vaşinqton Çin və Rusiyanın hipersəs silahlarından geridədir.

2021-ci ilin dekabr ayının sonunda ABŞ Hərbi Hava Qüvvələri üçüncü dəfə AGM-183A ARRW hipersəs raketini sınaqdan keçirə bilmədi. Problemin nədən yarandığı hələ müəyyən edilməyib. AGM-183A ARRW raketinin bundan əvvəlki uğursuz sınağı mart ayında baş tutub. Həmin vaxt ABŞ Hərbi Hava Qüvvələri bildirmişdi ki, raket “planlaşdırılmış hərəkətlər ardıcıllığını yerinə yetirə bilməyib” və buraxılış aparılmalı olan təyyarənin göyərtəsində qalıb.

Hipersəs raketlər atmosferin yuxarı hissəsində səs sürətindən beş dəfə çox və ya saatda təxminən 6200 km sürətlə hərəkət edirlər. Bu, qitələrarası ballistik raketdən daha yavaşdır, lakin hipersəs raketlərin forması ona hədəfə doğru və ya HHM sistemlərindən uzaqda ikən manevr etməyə imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hipersəs  


Bizi "telegram"da izləyin