Gürcüstanda Rusiya-Ukrayna münaqişəsi ətrafında qeyri-müəyyənlik – Rəsmi Tbilisi gözləmədədir

2022/01/56756-1643368839.jpg
Oxunub: 1078     16:20     28 Yanvar 2022    
Yanvarın 22-də “Utanc Hərəkatı”nın və bir sıra digər qərbyönlü qeyri-hökumət təşkilatlarının (QHT) fəalları Tbilisidəki Ukrayna səfirliyinin yaxınlığında toplaşıblar. Mitinqə bir çox ictimai xadimlər və siyasi partiyaların nümayəndələri qatılsa da, hakim “Gürcü Arzusu” partiyasından bir nəfər də olsun iştirak etməyib.

Nümayişçilər Ukrayna və Gürcüstanın dövlət himnlərini oxuyub, hər iki ölkənin bayraqlarını açıblar. Onlar əllərində “Rusiyasız Ukrayna və Gürcüstan”, “Ukraynaya qələbə”, “Biz heç vaxt Sovet İttifaqına qayıtmayacağıq” və bu kimi şüarlar yazılmış plakatlar qaldırıblar. Mitinqə toplaşanlar Gürcüstan hökumətinin Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı “utancverici susqunluğundan” gileylənib, Tbilisinin mövqeyini “Gürcüstanın gələcək təhlükəsizliyinə zərər vuran” adlandırıblar.

“Droa” siyasi partiyasının təsisçisi Batu Kuteliya yanvarın 22-də verdiyi müsahibədə bildirdi ki, baş nazir İrakli Qaribaşvilinin “Rusiyanı qıcıqlandırmamaq” siyasəti hansısa şəkildə “Gürcü Arzusu”nun yaradıcısı və milyarder Bidzina İvanişvilinin xeyrinə ola bilər, lakin bu hal ümumən Gürcüstan üçün sərfəli deyil. “Rusiyanın təcavüzünə qarşı Ukraynaya fəal dəstək vermək şübhəsiz ki, Gürcüstanın fundamental maraqlarına cavab verir”, - deyə Kuteliya vurğulayıb. O iddia edib ki, 2008-ci ildə Moskvanın Gürcüstana təcavüzündən sonra Rusiyanın Ukraynaya qarşı başlayan təcavüzü indi kulminasiya nöqtəsinə yaxınlaşır: “Təəssüf ki, “Gürcü Arzusu” hakimiyyəti dövründə ölkəmiz hətta həmrəylik ifadə etmək və ya müttəfiqləri və ya strateji tərəfdaş ölkə olan Ukraynanı dəstəkləmək üçün hər hansı konkret addımlar atmaq baxımından yoxsundur”.

Siyasətçi iddia edib ki, Ukrayna xalqını ədalətli mübarizəsində emosional dəstəkləyən gürcü cəmiyyəti “nə “Gürcü Arzusu” hökumətindən, nə də parlamentdən heç bir mənalı addım görmür”. Bundan başqa, Kuteliya iddia edir ki, Gürcüstan hökuməti və digər dövlət qurumları ümumiyyətlə “Rusiyanın adını çəkməkdən ümumiyyətlə çəkinirlər”.

Bunun əksinə olaraq, səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilən Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili tez-tez Ukraynayönümlü bəyanatlar verir, onun müxalif Vahid Milli Hərəkat (VMH) partiyası isə milli qanunverici orqanda mühüm addımlar atmağı planlaşdırır. 2015-2016-cı illərdə Ukrayna Milli Polisinə rəhbərlik etmiş Gürcüstan parlamentinin üzvü Xatia Dekanoidze qeyd edib ki, VMH Ukraynaya dəstək üçün Gürcüstan qanunvericilərinin yaxın vaxtlarda nəzərdən keçirəcəyi qətnamə layihəsi hazırlayıb: “Lakin mən “Gürcü Arzusu”nun bu sənədə dəstəy olacağına çox da optimist deyiləm”.

Onun sözlərinə görə, qətnamə layihəsi digər müxalifət partiyaları tərəfindən bəyəniləcək, lakin “Gürcü Arzusu”nun necə davranacağını heç kim bilmir.

Gürcüstan hökumətinin Ukrayna ilə bağlı ümumiyyətlə heç bir mövqe bildirmədiyini söyləmək mübaliğə olardı. Baxmayaraq ki, hökumət və hakim partiya liderləri açıqlamalarını tez-tez ümumi ifadələrlə məhdudlaşdırmağa çalışırlar.

Belə ki, ötən ilin yayında Kiyevə rəsmi səfəri zamanı baş nazir Qaribaşvili Ukrayna liderləri, o cümlədən prezident Vladimir Zelenski və baş nazir Denis Şmıxalla görüşlər keçirib. Bundan başqa, Gürcüstan hökumətinin başçısı Krım Platformasının ilk sammitində çıxış edib.

“13 il əvvəl Rusiya Federasiyası Gürcüstana qarşı genişmiqyaslı hərbi hücuma keçdi. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi Avropanın təhlükəsizliyini və qaydalara əsaslanan beynəlxalq nizamı darmadağın etdi. Ukrayna 2014-cü ildə də eyni aqibəti bölüşdü”, - deyə Qaribaşvili bildirib. Gürcüstan lideri Rusiyanı “sülh proseslərinə xələl gətirməyə” və “təhlükəsizlik vəziyyətini qeyri-sabitləşdirməyə” yönəlmiş “qəsdən” addımlar atmaqda ittiham edib.

Ukrayna və Gürcüstan arasında son bir ildə digər yüksək səviyyəli əlaqələrə baş nazir (2-4 iyun) və Ukrayna müdafiə nazirinin (25-27 may) Tbilisiyə səfərləri daxildir. Lakin bu səfərlər zamanı Gürcüstan tərəfi regional münaqişələrin sülh yolu ilə həlli ilə bağlı bəzi ehtiyatlı ifadələr istisna olmaqla, Rusiyaya qarşı heç bir kəskin bəyanatla çıxış etməyib.

Kiyevlə Tbilisinin güman edildiyi qədər yaxın olmamasının səbəblərindən biri də Mixail Saakaşvili məsələsidir. Gürcüstanın keçmiş prezidenti Ukrayna vətəndaşıdır və Ukrayna hakimiyyəti onun azadlığa buraxılmasını tələb edir, Gürcüstan hökuməti bundan imtina edir. Bu ayın əvvəlində Saakaşvilinin vəkili bildirib ki, Ukrayna Prokurorluğu Saakaşvilinin hüquqlarını pozmaqda ittiham olunan bir neçə gürcü məmura qarşı cinayət işi açıb.

Bununla belə, əksər gürcü ekspertlər hesab edirlər ki, Gürcüstanın hakim partiyası və hökumətinin kəskin bəyanatlardan və ya addımlardan şüurlu şəkildə yayınmasının əsas səbəbi onların Rusiyanın necə reaksiya verəcəyi ilə bağlı narahatlığıdır. “Nation.ge” müstəqil xəbər və analitik agentliyinin köşə yazarı David Avalişvili qeyd edib ki, Rusiya ordusunun bölmələri Tbilisidən cəmi 35 kilometr aralıda, işğal olunmuş Cənubi Osetiya ərazisində yerləşir. Moskvanın dəstəklədiyi qondarma Cənubi Osetiya “hökuməti”nin rəsmiləri dəfələrlə Gürcüstanın digər ərazilərini zəbt etmək üçün vaxt gözlədiklərini bildiriblər. Ekspert həmçinin narahatlığını dilə gətirib ki, Moskva osetin separatçılarından istifadə etməklə Gürcüstanı cəzalandıra və onların Truso dərəsinə və Kazbeqiyə hücumunu təşviq edə bilər.

Digər gürcü analitiklər isə bu məntiqlə razılaşmırlar. İliya Dövlət Universitetinin professoru Gia Nodianın sözlərinə görə, Gürcüstan hökumətinin mövqeyi “heç bir mövqeyə malik olmamaq” və “sadəcə hər hansı mövqedən yayınmaqdır”. Nodia həmçinin iddia edib ki, Gürcü Arzusunun son doqquz ildəki ümumi siyasəti Moskvanı qıcıqlandırmamağa çalışmaqdan ibarət olub: “Rusiyanın məqsədi qonşuluqda və bütün postsovet məkanında, o cümlədən Gürcüstanda hökmranlıq etməkdir. Buna görə də, Ukraynanın maraqları Gürcüstanın maraqlarına çox yaxındır”.

“Gürcü Arzusu” hökumətinin susqunluğundan fərqli olaraq, Qərb diplomatları gürcüləri Cənubi Qafqaz ölkəsinin müstəqilliyinə, ərazi bütövlüyünə və öz alyanslarını seçmək hüququna güclü dəstəyinə inandırmaq üçün əllərindən gələni edirlər. Məsələn, yanvarın 11-də ABŞ səfiri Kelli Deqnan Rusiya haqqında görünməmiş sərt bəyanatla çıxış edib. ABŞ diplomatı qeyd edib ki, Vaşinqton Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü “sarsılmaz” şəkildə dəstəkləyir. O əlavə edib ki, Vaşinqton müharibənin qarşısını almaq üçün Moskva ilə danışıqlara hazır olsa da, heç bir Avropa ölkəsi Gürcüstanın suverenliyi ilə “alver” etməyəcək: “Rusiya sizin suveren qərarlarınıza veto qoymaq hüququna malik deyil. Biz Gürcüstansız Gürcüstanla bağlı danışıqlar aparmayacağıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin