Ərdoğan-Putin münasibətləri müharibənin qarşısını ala biləcək? – TƏFƏRRÜAT

2021/09/04b56-1632460038.jpg
Oxunub: 823     20:03     28 Yanvar 2022    
Rusiya-Qərb Son gərginliklər fonunda Türkiyə Moskva ilə bağlı gərginliyin azaldılmasında fəal iştirak edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə səfərə dəvət edib. Ərdoğan Ukrayna ətrafında vəziyyətin gərginləşməsinə istinad edərək bildirib ki, böhrandan xilas olmaq üçün lazımi addımları atırlar: “Biz regionda sülh və sabitlik istəyirik. Biz məsələnin dialoq yolu ilə həllini, gücdən istifadə etməməyi zəruri hesab edirik. NATO-nun müəyyən etdiyi sxemlər var. Ümid edirəm ki, Rusiya Ukraynaya silahlı hücum etməyəcək. Biz iki ölkənin liderlərini qəbul edib sülhə yol aça bilərik. Biz cənab Putini ölkəmizə dəvət etmişik. Cavab gözləyirik. Biz ikitərəfli görüşün keçirilməsi üçün müəyyən addımlar atmaq istərdik”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, epidemioloji vəziyyət imkan verdiyi halda Putin Türkiyəyə səfər edəcək. “Bəli, bu mövzu prezident Putin və Ərdoğan arasında son bir neçə təmasda dəfələrlə qaldırılıb”, - deyə Peskov jurnalistlərə bildirib.

Peskovun sözlərinə görə, Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəyə səfər dəvətini minnətdarlıqla qəbul edib. O qeyd edib ki, prezidentlərin görüşü ikitərəfli olacaq. Türkiyədə Ukrayna prezidenti Vladimir Zelenski ilə heç bir əlaqə planlaşdırılmır.

Bununla belə, vasitəçi rolunu üzərinə götürən Ərdoğan, Rusiya-Ukrayna münaqişəsi baş verəcəyi təqdirdə Ankaranın NATO qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyini açıq şəkildə bildirib.

“Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə yaranacağı təqdirdə Türkiyə NATO çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək. İndi biz mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmaq istəyirik. Biz Rusiya və Ukraynanı konstruktiv və təmkinli olmağa çağırmaqda davam edirik. Ancaq Türkiyə NATO-ya üzvlük tələblərini yerinə yetirəcək”, - deyə Ərdoğan qeyd edib.

Eyni zamanda, Türkiyə lideri belə bir inkişaf olacağı təqdirdə Türkiyənin hansı addımları atmağa hazır olduğunu, alyansın üzvü kimi hansı öhdəliklərin nə olduğunu açıqlamayıb.

Dünyanın hər yerində baş verən qarşıdurmalarda Ərdoğan çox fəal siyasət yürüdür, Türkiyəni həlledici oyunçu kimi irəli aparır.

Təbii ki, Putin Ərdoğanın təsirinin artdığını nəzərə alır. O, Türkiyəyə gedəcək və bu addımı ilə Ərdoğanın çəkisini artıracaq. Qərblə münasibətlərinin pisləşməsi fonunda Putin Ankara ilə təmaslara girmək üçün heç bir fürsəti əldən verməyəcək.

Amma Putin də anlayır ki, Ərdoğan ən həlledici anda strukturun üzvü kimi NATO-nun maraqlarını müdafiə edəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Putin  


Bizi "telegram"da izləyin