Rusiya desant gəmisi flotiliyası cənubda “blef”lə məşğuldur? – Türkiyənin cavabı nəticəni müəyyən edəcək

2022/01/76876-1643357624.jpg
Oxunub: 1327     12:21     28 Yanvar 2022    
Yanvarın 18-də Rusiya gəmiləri Baltik dənizi regionunu, La-Manş boğazını keçərək Atlantik okeanına daxil olub. Bunlar “Ropuça” sinfinə (Layihə 775) məxsus “Oleneqorski Qornyak” və “Girogi Pobedonosets”, eləcə də Şimal Donanmasının “İvan Qren” sinfinə (Layihə 11711) məxsus “Pyotr Morqunov” desant gəmiləri, Baltik Donanmasından “Ropuça” sinfinə məxsus “Korolev”, “Minsk” və “Kalininqrad” gəmiləridir.

Qrupa hərbi qüvvələrin uzaq ərazilərə göndərilməsi və körpü başlarının tutulması vəzifələrini yerinə yetirmək üçün inşa edilmiş Rusiyanın ən yeni “Pyotr Morqunov” desant gəmisi daxildir. Gəmi göyərtəsində 13 tank və ya 36 zirehli texnika daşıya bilir. “İvan Qren” sinfi əlavə olaraq çoxlu sayda dəniz minasını daşımaq üçün nəzərdə tutulub. Bu minaların sayı nəinki hər hansı bir boğaz zonasını, hətta nəhəng dəniz məkanlarını da bağlamaq üçün kifayət qədər çoxdur. Bu döyüş gəmisi iki Ka-29 hücum helikopteri daşıyır və dənizdə qoşun və texnikanın boşaldılması üçün xüsusi pontonlarla təchiz olunub.

Cənuba gedən bu altı gəminin hamısı tam doludur, onların su xətlərinin (gəminin gövdəsinin suya toxunduğu yer) su səviyyəsindən aşağıda (Yəni gəmilər ağır olduğu üçün onların gövdəsi suya daha çox daxil olub) olduğu müşahidə edilir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun bəyanatları fonunda bəzi rusiyalı ekspertlər gəmilərin Rusiya raket sistemlərinin xaricə harasa köçürülməsində iştirak edə biləcəyini ehtimal edirlər. Lakin Moskva, məsələn, Kuba və ya Venesuelaya silah daşımaq istəyərsə, bunun üçün başqa gəmilər və vasitələrə malikdir. Desant gəmiləri strateji dəniz nəqliyyatı kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulmayıb. Onlar xüsusi olaraq amfibiya hücum əməliyyatları üçün nəzərdə tutulub. Beləliklə, bir sıra ekspertlər buna inanır ki, onlar Qara dənizə gedəcək və Rusiya qüvvələrinin Ukraynaya potensial yeni işğalında iştirak edəcək.

Yanvarın 24-nə olan məlumata görə, gəmilər Cəbəllütariqə doğru hərəkət etsə də, Kreml bu fəaliyyəti ümumiyyətlə şərh etməyib. Bununla belə, Moskva yanvar-fevral aylarında bütün dəniz teatrlarında - Atlantik, Arktika, Sakit okean və Aralıq dənizində - 140-a yaxın döyüş gəmisi və köməkçi gəmilərin, 60-dan çox təyyarənin və təxminən 10.000 şəxsi heyətin iştirak edəcəyi genişmiqyaslı dəniz təlimləri elan edib. Yuxarıda müzakirə olunan desant gəmisinin göndərilməsi Rusiyanın Ukraynaya qarşı suda-quruda və digər hücumlar həyata keçirməyə dair mümkün planlarını gizlətmək üçün baş verə biləcək bu kütləvi dəniz təlimlərinin bir hissəsi ola bilər. Tankerlə yanacaq doldurmaq və ya məsələn Suriyanın Tartus şəhərindəki Rusiya bazasında yanacaq və ehtiyat üçün dayanmağa lazım olan vaxtı nəzərə aldıqda saatda 22-25 km sürətlə hərəkət edən bu gəmilərin fevralın əvvəlində Çanaqqala boğazına çatacağı təxmin edilə bilər. Əgər onlar Qara dəniz hövzəsinə daxil olsalar, onda Rusiyanın orada cəmləşmiş 14 böyük desant gəmisi olacaq. Orada “Alligator” və “Ropuça” siniflərinə aid Qara dəniz donanmasının aktivləri (Saratov, Orsk, Nikolay Filçinkov, Sezar Kunikov, Novoçerkassk, Yamal və Azov ) var. Birlikdə, belə böyük bir desant gəmisi qrupu amfibiya hücum əməliyyatı üçün təxminən 4500-5000 dəniz piyadası, 160 əsas döyüş tankı və ya 280-ə qədər zirehli maşın götürə bilər. Belə bir desant əməliyyatında iştirak edən regional Rusiya qüvvələrinə 810-cu Dəniz Piyada Briqadası (Sevastopol, Krım) və 382-ci Dəniz Piyada Batalyonu (Temryuk, Krasnodar vilayəti) daxil ola bilər. Onlar Rusiyanın hava desant bölmələri və Baltik və Şimaldan dəniz piyadaları tərəfindən gücləndirilir.

Xatırladaq ki, Rusiya artıq Azov dənizinə bitişik olan bir sıra desant və katerləri, həmçinin Xəzər flotiliyasının dəniz piyadalarını yerləşdirib. Bu, sonuncu dəfə 2021-ci ilin yazında, Rusiya onları “Krımı qorumaq üçün təlimlərdə iştirak etmək məqsədilə” Azov dənizinə göndərəndə həyata keçirilib, amma əslində bu hərbi təlimlər müdafiə xarakterli deyildi, yalnız hücum tipli amfibiya əməliyyatı hazırlamaq məqsədi daşıyırdı. Hər halda, bu desant qayıqları Ukraynanın Azov sahillərində amfibiya əməliyyatı aparmaq üçün ən uyğun vasitədir.

Tarix, şübhəsiz ki, amfibiya hücum əməliyyatlarının həyata keçirilməsinin çətin olduğunu göstərir. Bu, üxtəlif silahlı qüvvələrin bölmələri tərəfindən əlaqələndirilmiş fəaliyyət, dəqiq atəş dəstəyi və s. tələb edir. Bəzi şərtlərdə olduqca riskli və həddindən artıq qanlı ola bilər. Ancaq Kreml bunu həyata keçirmək qərarına gəlsə, Rusiya qüvvələri Qara dənizdə keçmiş amfibiya əməliyyatları təcrübəsinə güvənəcək: Sovet Qara dəniz donanması İkinci Dünya Müharibəsində ən azı 13 amfibiya əməliyyatı həyata keçirdi. Son illərdə Moskva Rusiya dəniz piyadalarının və paraşütçülərinin təliminə çoxlu vəsait və vaxt sərf edib. 2014-cü ildən etibarən Krımın Opuk poliqonunda ən azı 85 amfibiya hücumu təlimi keçirilib. Sonuncu belə hərbi təlimlər bu ayın əvvəlində baş tutub.

Qara dəniz teatrında yerləşdirilən Rusiya qüvvələrinin yuxarıda qeyd olunan təxmini sayı təkcə Ukraynaya deyil, həm də digər sahilyanı dövlətlərə qarşı hücum xarakterli amfibiya əməliyyatları üçün kifayət edərdi.

Beləliklə, əgər Şimal və Baltik donanmasının desant gəmiləri qrupu həqiqətən də Qara dənizə doğru gedirsə, bu, Rusiyanın regionda təhlükəsizlik vəziyyətini gərginləşdirmək niyyətindən xəbər verir. Bu baxımdan, bu desant gəmilərinin Türkiyə boğazlarından keçməsi ilə bağlı Moskvadan gələn müvafiq diplomatik bildirişləri diqqətlə izləmək vacibdir (Ankara bu niyyət barədə keçidə ən azı səkkiz gün qalmış xəbərdar edilməlidir, lakin hələlik heç bir bildiriş göndərilməyib). Belə bir yerləşdirmənin ciddi təhlükəsini anlayan və regionda sülh arzusunu rəhbər tutan Türkiyə Rusiyanın belə bir istəyini məhdudlaşdıra və ya hətta əngəlləyə bilər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin