Prezidentin Ukrayna səfərində dəstək siqnalları – GUAM-ın canlanması kimi narahat edir?

2022/01/df3a3-1642165002.jpg
Oxunub: 1530     20:39     27 Yanvar 2022    
Rusiya ilə Ukrayna arasında gərginliyin artmaqda davam etdiyi bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gedib. Danışıqlardan sonra iki lider bütün sahələrdə, o cümlədən iqtisadiyyat, nəqliyyat və milli təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Azərbaycanın gərgin bir vaxtda Ukraynaya meyl etməsi müxtəlif səbəblərdən Moskvada həyəcan təbili çalıb. Lakin Azərbaycan Prezidentinin Kiyevə səfərindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə telefonla Ukraynanı müzakirə etməsi Rusiyanın narahatlığını bir qədər yumşaldıb. Bu çağırış onu deməyə əsas verir ki, Bakı Ukraynanın suverenliyini dəstəkləyir, ancaq Rusiya ilə öz problemlərini artırmaq istəmir.

Ötən ilin sonunda Brüsseldə Zelenski ilə görüşməsinə baxmayaraq, İlham Əliyevin bu məqamda Kiyevə getməsi Bakının Krım üzərində Ukraynanın suverenliyi məsələsində Kiyevi nə qədər qətiyyətlə dəstəklədiyini göstərir. İlham Əliyevin son səfəri Ukrayna ilə Azərbaycan arasında hərbi və iqtisadi əməkdaşlığın davamlı olduğunu vurğulayır. Ukrayna uzun müddət Azərbaycanın əsas silah tədarükçüsü olub və Azərbaycanı ərzaq məhsulları ilə təmin edir, Azərbaycan isə Ukraynanın enerji ehtiyaclarında mühüm paya sahibdir.

Lakin əlavə olaraq, ikitərəfli sammit onu göstərir ki, Azərbaycan Rusiya gücünün öz hüdudlarından kənara çıxmasından narahatdır. Bakı üçün Qarabağın dağlıq hissəsində və Ermənistan-Azərbaycan sərhədləri boyunca rusların olması qıcıqlandırıcı faktordur. Azərbaycan Rusiyanın Qara dəniz regionunda və son zamanlar Mərkəzi Asiyada fəaliyyətindən də narahatdır. Azərbaycanın bu ayın əvvəlində Moskvanın rəhbərlik etdiyi KTMT qoşunlarının Qazaxıstanda yerləşdirilməsinə dəstəyini açıq şəkildə ifadə etməməsi buna misaldır.

Moskva uzun müddətdir ki, Bakının Krımla bağlı mövqeyinə göz yumur. Kreml ən azı rasional olaraq, Azərbaycanla Ukrayna arasında neft və təbii qazın bir istiqamətə, ərzaq və silah-sursatın digər istiqamətə getdiyi davam edən ticarəti, xoş qarşılamasa da, başa düşür. Moskva İlham Əliyevlə Zelenski arasında keçirilən görüşdən sonra Rusiya mediasında çoxlu müzakirələrə səbəb olan digər üç məsələdən daha çox narahatdır.

Əvvəla, ukraynalı jurnalistlər bildiriblər ki, iki prezident təkcə ikitərəfli ticarətdən deyil, həm də GUAM qrupuna daxil olan ölkələri bir-biri ilə və Avropa ilə birləşdirəcək yeni nəqliyyat dəhlizinin yaradılmasından danışıblar. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət 20 illik təşkilat Rusiyanın rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinə (MDB) alternativ kimi yaradılıb və fəaliyyətini davam etdirir. Beləliklə, Moskva nöqteyi-nəzərindən bu, anti-Rusiya qruplaşmasıdır. Əgər İlham Əliyev və Zelenski sammitdə bəhs etdikləri dəhlizi yarada bilsələr, bu, Rusiyanın keçmiş sovet məkanında təsirini zəiflədər. Üstəlik, GUAM-daxili tranzit marşrutunun inkişafı bu ölkələrin təkcə Avropa ilə deyil, GUAM məkanında maraqlı olduğunu bildirən Çinlə inteqrasiya imkanlarını da artırar.

İkincisi, İlham Əliyev-Zelenski görüşü Rusiyanın GUAM-ın Türkiyənin keçmiş sovet məkanında öz təsirini genişləndirmək üçün istifadə etdiyi təşkilat olması ilə bağlı çoxdankı qorxularını yenidən canlandırdı. Bu narahatlıqlar gəlir və gedir, lakin Kiyev görüşündən sonra rusiyalı şərhçilər yenidən həyəcan təbili çalırlar. Məsələn, moskvalı hərbi mütəxəssis Aleksandr Jilin bu yaxınlarda verdiyi müsahibədə deyib ki, baş verənlər Ankaranın (Bakının ən yaxın və mühüm müttəfiqi) GUAM ölkələrini “öz ekspansionist planlarına cəlb etmək cəhdidir”. O idida edib ki, İlham Əliyev və Zelenski Türkiyənin GUAM-a üzv olmasını müzakirə edə bilər. Əgər bu baş versə, qrup daha güclü qüvvəyə çevrilər. Çünki o, keçmiş Sovet İttifaqının hüdudlarından kənara çıxacaq və keçmiş Sovet məkanında Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv dövləti birbaşa cəlb edəcək. Belə bir qrup Rusiyaya qarşı, o cümlədən Moskvanın Ukraynadakı qüvvələrinə qarşı istifadə oluna bilər.

Nəhayət, Moskvanın Kiyev görüşü ilə bağlı “əsəbi” olmasının üçüncü və əsas səbəbi Sovet İttifaqının dağılmasından 30 il sonra, keçmiş SSRİ-nin bərpa olunması ilə bağlı fikirlərin yenidən aktuallaşmasıdır.

Bu cür münasibət, xüsusən də ciddi siyasət nəticələri ilə müşayiət olunarsa, təbii olaraq Putinin özünün regional anlayışına və yanaşmasına meydan oxuyur. Odur ki, İlham Əliyev rusiyalı həmkarını sakitləşdirmək üçün nə təklif etsə də, Moskva Kiyev görüşünə təhlükə kimi baxır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin