Azərbaycan-İran əlaqələrində Zəngəzur dəhlizi işarəsi

2022/01/81286-1643105907.jpg
Oxunub: 1207     16:11     27 Yanvar 2022    
Yanvarın 25-də Prezident İlham Əliyev İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

Prezident Zəngəzur dəhlizinin tikintisinin uğurla davam etdiyini, Ermənistanın da öz ərazisində tikintiyə başlamağı planlaşdırdığını bəyan edib.

“Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır. Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək”, - deyə dövlət başçısı bildirib.

İlham Əliyev yaxın gələcəkdə İran şirkətlərinin azad edilmiş torpaqlarda fəal işə başlayacağından əminliyini ifadə edib.

Prezident vurğulayıb ki, Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlər aparılır: “Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır”.

Dövlət başçısı Qarabağdakı son müharibədən sonra Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarından bir daha söz açıb və Ermənistanın artıq Zəngəzur dəhlizi üzərində işə başladığını bəyan edib. Prezidentin İran hökumətlərarası komissiyası ilə söhbəti zamanı bu açıqlamanı verməsi xüsusi diqqət çəkir: “Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır. Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir”.

Yəni Prezident İlham Əliyev İran tərəfinə Zəngəzur dəhlizi məsələsinin artıq həll olunduğunu və işə salınmağa hazır olduğunu işarə edir.

Üstəlik, İran rəsmiləri səfərə işğaldan azad olunmuş bölgələrdən başlayıblar. Təyyarə Füzulidə yeni tikilən hava limanına eniş edib.

“Onu da bildirməliyəm ki, noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir”, - deyə dövlət başçısı bildirib.

Rəsmi məlumatlara görə, tərəflər Şimal-Cənub nəqliyyat dəhlizindən tutmuş Xudafərin Su Elektrik Stansiyası və Astaraçay üzərində yeni körpünün tikintisinə qədər bir sıra iddialı layihələri nəzərdən keçirirlər.

İranlı naziri müharibədən sonra işğaldan azad edilən ərazilərə sərmayə qoyuluşunun mümkünlüyünün gündəmdə olduğunu bildirib.

“Bizim məqsədimiz iki ölkə arasında körpü yaratmaqdır ki, bu da İran və Azərbaycanı arasında tranzit üçün çox vacibdir. Ümid edirik ki, tariflərin azaldılması ilə bağlı saziş imzalanacaq. Biz İran şirkətlərinin Azərbaycandakı layihələrdə iştirakının müzakirə ediləcəyini gözləyirik”, - deyə nazir qeyd edib.

Cəmi iki ay əvvəl bu qonşu dövlət sərhədyanı rayonlarda nümayiş təlimləri keçirib, ictimai ittihamlar səsləndirilib. Ötən ilin payızında Azərbaycan Gorus-Qafan avtomobil yolunun Azərbaycanın azad etdiyi ərazilərindən keçən hissəsində iranlılara vergi tətbiq edib, qanunsuz daşıma həyata keçirən iki sürücünü həbs edib. Daha sonra gərginlik İranın ittihamları ilə artıb.

Noyabrın sonlarında isə bir neçə qarşılıqlı səfərlər və iki ölkə liderlərinin Aşqabad görüşü ilə gərginlik kəskin şəkildə azalıb. Baş verənlərə toxunan iranlı analitik Vəli Kuzegar Kaleci bildirir: “İran gərginliyi artırmamaq qərarına gəldi, çünki bu, regionu daha da alovlandıra, Bakını Türkiyə və İsraillə daha da yaxınlaşdıra bilərdi”.

Analitik bunun arxasında bir sıra amillərin dayandığını qeyd edib. Birincisi, Azərbaycan İranın Qafqazda bir nömrəli iqtisadi və ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarətin həcmi ildə təxminən bir milyard dollar təşkil edir ki, bu da demək olar ki, Ermənistan və Gürcüstanla ticarətin həcminə bərabərdir. Bundan əlavə, Astara-Bakı avtomobil yolu İran üçün Şimali Qafqaza, Rusiyaya, AİB-ə və Gürcüstana yol açaraq, Fars körfəzini Qara dənizə birləşdirmək üçün əlverişli imkan yaradır.

İranlı köşə yazarı İran və Azərbaycan dəmir yollarının əhəmiyyətini də qeyd edir.

“Təəssüf ki, birinci Qarabağ müharibəsindən sonra sovet bölgəsinin dəmir yolları sıradan çıxdı. İran Qafqaza dəmir yolu kəsilən yeganə ölkə olaraq qaldı. İkinci Qarabağ müharibəsindən sonra bölgədə, xüsusən Naxçıvanda, Zəngəzurda, Cəbrayıl, Füzuli, Zəngəlan rayonlarında sovet dövründən qalan dəmir yollarının bərpası məsələsi gündəmə gəldi. Bu yolun açılması vətəndaşların mallarının Cənubi Qafqazda sərbəst və sürətli hərəkətinə zəmin yaradacaq və bu, İrana Culfa-Naxçıvan-İrəvan dəmir yolu xətti ilə Ermənistan-Gürcüstana və Rusiyanın cənub hissəsindən Rusiya dəmir yolu şəbəkəsinə qoşulmağa imkan verəcək”, - deyə analitik bildirib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan   Zəngəzur  


Bizi "telegram"da izləyin