Ermənistan-Türkiyə danışıqlar prosesi: Ən önəmli aktor Azərbaycandır

2021/12/10517-1640340524.jpg
Oxunub: 1283     15:37     26 Yanvar 2022    
Qarabağda 2020-ci il 44 günlük müharibədə misilsiz itkilər Ermənistan üçün qeyri-müəyyənlik və təhlükəsizlik sahəsindəki problemlərlə xarakterizə olunan dövrün başlanğıcı oldu.

Məğlubiyyətin sərt reallığı ilə üzləşən Ermənistan yeni reallığa uyğunlaşmağa və gözlənilməz problemlərin həllinə kömək edə biləcək yeni post-müharibə strategiyasını yaratmağa çalışdı.

Bu fonda Ermənistan qonşu ölkə ilə münasibətlərin “normallaşması” üçün Türkiyə ilə əməkdaşlığı bərpa etmək qərarına gəlib.

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması yeni siyasət deyil, nailiyyətlər də yeni deyil. İki hədəf – sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması – qonşular üçün hər halda sadəcə təməl minimumu əks etdirir.

Üstəlik hər hansı ölkələr arasında sərhədlərin bağlı olması və diplomatik münasibətlərin olmaması böyük gerilikdir.

Normallaşma prosesi barışıq və yaxınlaşma deyil, hərçənd bu, bir neçə nəsli əhatə edəcək daha iddialı hədəflərin təməli ola bilər.

Amma Ermənistan və Türkiyə arasında diplomatik danışıqların yeni raundu təəccüblü dərəcədə sürətli oldu. Müsbət mesajların böyük axını, Ermənistan və Türkiyə liderlərinin 2021-ci il dekabrın ortalarında səsləndirdikləri bəyanatların ardınca sıçrayış baş verdi.

O zaman Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu elan etdi ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması yönündə danışıqları aparmaq üçün səlahiyyətli “xüsusi elçi” təyin edəcək.

Bir həftə keçməmiş hər iki tərəfdən xüsusi elçinin təyin edilməsi yeni siyasi münasibətlərin başlanğıcına çevrildi.

“Ön şərtsiz”

Ermənistanda Çavuşoğlunun bəyanatı Ermənistanla münasibətlərin normallaşdırılmasının lehinə çıxış edən Türkiyənin çox şey vəd edən yeni siyasi iradəsi kimi qəbul edildi.

Bu nöqteyi nəzərdən Ermənistanın “ön şərtsiz” siyasəti Türkiyə ilə ikitərəfli münasibətlərə köklənməkdən ibarətdir. Ermənistan, eyni zamanda Türkiyəyə qarşı irəli sürülə biləcək tələblərin və şərtlərin, ilk növbədə də Türkiyənin qondarma “soyqırımı”nı tanıması ilə bağlı gözləntilərin üzərindən keçir.

Münasibətlərin bərpa olunmasında bu cür taktikaya əl atan Ermənistan Türkiyə tərəfindən də eyni addımı “gözləyir”. Bu isə o deməkdir ki, Türkiyənin son anda irəli sürəcəyi istənilən tələb iki ölkə arasındakı prosesi poza bilər. Bunu İrəvanda olduqca yaxşı hesablayıblar.

“Dərslər öyrənilib”

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasının son raundu yeni müharibədən sonrakı reallıqla müəyyən olunur. Hər iki tərəf 2009-cu ildə baş vermiş, bundan öncəki raundda öyrənilmiş bir neçə dərsdən çıxış edir.

Həmin raund Sürixdə iki protokolun imzalanması ilə nəticələnmişdi, amma Azərbaycanın haqlı olan mənfi reaksiyasından sonra uğursuzluqla başa çatdı.

Bu dəfə ən aydın görünən fərqlərdən biri xüsusi nümayəndələrin birbaşa şəxsi görüşlərinə əsaslanan diplomatik prosesin işə düşməsidir.

2009-cu ildə İsveçrənin vasitəçiliyi ilə davamlı gizli diplomatiya həyata keçirilmişdi, kulminasiya nöqtəsi də Ermənistan-Türkiyə protokolları oldu. Bu dəfə isə Ermənistan və Türkiyənin rəsmi şəxsləri arasına ön təmaslar və ya gizli görüşlər çox azdır.

Bununla əlaqədar ikinci fərq ondan ibarətdir ki, indi əsas diqqət parlament ratifikasiyası olmadan razılaşdırıla bilən praktiki və daha ölçülü tədbirlər haqda danışıqlara ayrılır. Öncəki protokollarda məhz bu, siyasi maneəçilik törətmişdi.

Vəziyyətin həlledici xüsusiyyətləri

Hazırkı raundda yeni müharibədən sonrakı reallığın çərçivələrini aşan bir sıra həlledici fərqlər var.

Əsas fərqlərdən biri Ermənistan və Türkiyə arasında yeni müxtəlifliklərdən ibarətdir.

Ermənistan misilsiz məğlubiyyət və dövlətçiliyin zəifləməsinə baxmayaraq, yenə də ölkə tarixinin ən ciddi maneələrindən birini aşa bildi.

Paşinyan hökuməti 2021-ci ilin iyununda keçirilən növbədənkənar seçkilərdə yenidən seçildi, yeni mandat qazandı və parlament çoxluğunu qorudu.

Ermənistanla münasibətlərin normallaşdırılması Türkiyə hökuməti üçün xarici siyasətdə qələbə və dövlətin müdrikliyini nümayiş etdirmək imkanı ola bilər.

Ermənistan və Türkiyə arasında asimmetriya həm də tərəflərin necə təmsil olunmasında da özünü göstərir.

Türkiyə Ermənistanla danışıqlar üçün təcrübəli diplomat, Türkiyənin Birləşmiş Ştatlardakı keçmiş səfiri Sərdar Kılıçı xüsusi nümayəndə təyin edib.

Ermənistan tərəfi isə həm diplomatiya, həm də danışıqlar aparmaqda az və ya sıfır təcrübəyə malik gənc parlament üzvü – Ermənistan parlamentinin vitse-spikeri 31 yaşlı Ruben Rubinyanı seçib.

Ermənistanın seçimi xüsusən ona görə maraqlıdır ki, ölkədə institusional yaddaş və əvvəlki hökumət zamanı danışıqlarda iştirak etmiş şəxslər yoxdur. Bu da Türkiyənin uzun illərin ənənələrinə və Ermənistanla öncəki danışıqlarda qazanılmış təcrübəsinə əsaslanmaq qüdrəti ilə müqayisədə zəiflikdir.

Amma bu diplomatik uyğunsuzluqda üstünlük də ola bilər.

Məsələn, normallaşma prosesi peşəkar diplomatlarla yox, hər iki ölkənin siyasi rəhbərliyi tərəfindən diqtə edilir. Bu da o deməkdir ki, Türkiyənin yanaşması – hətta xüsusi elçi olduqda belə – bir çox hallarda şəxsən prezident Ərdoğan tərəfindən müəyyən ediləcək. Ölkənin Xarici İşlər Nazirliyi Ermənistana münasibətdə siyasi təşəbbüskar olmasa da, ona tabeçilik rolu verilib.

Ermənistanın xüsusi nümayəndəsi isə diplomat deyil və Ermənistanın baş naziri Nikol Paşinyana birbaşa çıxışı var. Rubinyanın Paşinyanın etibarlı adamı olması faktı ona Türkiyə ilə apardığı işdə hakimiyyət və muxtariyyət verir. Bu isə öz növbəsində çeviklikdə və sürətli reaksiya yarada bilər. Lakin onun Kılıç qarşısında effektiv taktiki gedişlər edəcəyi inandırıcı deyil.

Xarici aktorların rolu

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin birinci rəsmi görüşünün keçirildiyi yer də təsadüfi deyil. Bu görüş Moskvada 2022-ci il yanvarın 14-də keçirilib və prosesdə Rusiyanın hökmranlığını əks etdirib.

Moskvada görüşün keçirilməsi Rusiyanın dəstəyini təmin edir, o cümlədən də onun uğurda maraqlı olduğunu vurğulayır.

Amma ən mühüm xarici amil yenə də Rusiya deyil. Axı məhz Azərbaycan 2009-cu ildə Ermənistan-Türkiyə protokollarını uğurla pozmuşdu.

Məhz Azərbaycan Türkiyənin Ermənistana münasibətində həlledici rol oynayır. Türkiyə Azərbaycanı öz şəxsi “qırmızı cizgisi” hesab edir və bu, onun maraqlarına zərər verməməkdən ibarətdir.

Digər mühüm xarici amillər də var.

Türkiyəni motivasiya edən hərəkətləndirici qüvvə qismində ölkənin NATO alyansı çərçivəsində təcridinin mümkün zəifləməsini və ənənəvi müttəfiqi Avropa İttifaqından uzaqlaşmanın qarşısının alınmasını göstərmək olar.

Üstəlik Ermənistanla münasibətlərin normallaşması eyni zamanda onun özünün İsrail və BƏƏ ilə iddialı barışığı ilə razılaşdırılır və Aİ-dən mühüm diplomatik dividentlər nəzərdə tutur.

Sonra proseslər

Ermənistan və Türkiyə arasında gələcək diplomatik danışıqlar kontekstində iki əsas risk var.

Birincisi, Ermənistan və Azərbaycan arasında gərginlik qaldığı üçün danışıqlar özlüyündə çox həssasdır. Ermənistan qüvvələri tərəfindən sərhəddə təxribatlar baş verir, dinc sakinlərin yaralanması halları davam edir.

İkinci risk Türkiyədə yaxınlaşan seçkilərlə əlaqədardır ki, bu da normallaşdırma perspektivlərini ölkənin daxili siyasi vəziyyətindən daha da asılı edir.

Bununla belə mürəkkəb perspektivlərə baxmayaraq, haqlı nikbinlik də mövcuddur. Normallaşdırma təhlükəli və risklərə məruz qalmış regionda nadir müsbət irəliləyiş ola bilər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin