Paşinyanın kimi seçəcəyi önəmli deyil – Əsas odur ki, o, hakimiyyətini möhkəmlədir

2020/03/00-33-1583395627.jpg
Oxunub: 1043     15:24     25 Yanvar 2022    
Artıq məlum olduğu kimi, Ermənistan Prezidenti Armen Sarkisyan istefa vermək qərarına gəlib.

“Uzun müddətdir düşünürdüm, dörd ilə yaxın aktiv işlədikdən sonra respublika prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Bu qərar heç də emosional deyil, müəyyən məntiqə əsaslanır”, - deyə Armen Sarkisyan qeyd edib.

O vurğulayır ki, ölkə və millət üçün çətin olan indiki dövrdə prezidentin daxili və xarici siyasətdəki proseslərə təsir etmək üçün lazımi alətləri yoxdur.

“Dövlətimiz üçün milli birliyin lazım olduğu bu çətin mərhələdə prezident institutu dedi-qodu və konspiralogiya nəzəriyyələrinin hədəfinə çevrilməməli, bununla da ictimaiyyətin diqqətini ən vacib məsələlərdən yayındırmalıdır”, - deyə Armen Sarkisyan bildirib.

O, ölkəni indiki böhrana aparan siyasi hadisələrə müvafiq alətlər olmadığından təsir göstərə bilmədiyini iddia edir. Armen Sarkisyan qeyd edir ki, o, bir idarəetmə formasından digərinə keçidi deyil, nəzarət və tarazlığa əsaslanan dövlət sisteminin yaradılmasını təklif edib. O, Konstitusiyaya Dəyişikliklər üzrə Komissiyanın yaradılmasını müsbət qarşılayıb və ümid edir ki, nəhayət, prezident və prezident institutu daha tarazlaşdırılmış, əlaqələndirilmiş mühitdə işləyə bilməsi üçün konstitusiya dəyişiklikləri baş verəcək.

Sarkisyan vurğulayır ki, dövlət başçısı, bəzən özü və ailəsi müxtəlif siyasi qrupların hədəfindədir.

Xatırladaq ki, Armen Sarkisyan 2018-ci il martın 2-də Ermənistan parlamenti tərəfindən prezident seçilib. O, bu vəzifəyə aprelin 9-da başlayıb. Sarksiyan bu ilin payızında verdiyi müsahibələrin birində demişdi ki, istər prezident olsun, istər parlament, güc balansı çox önəmlidir

Ermənistan konstitusiyasına görə, prezident istefa ərizəsini parlamentə təqdim edir. İstefa qanunla müəyyən edilmiş qaydada dərc edildiyi andan qəbul edilmiş hesab olunur. Prezident istefa verdikdə, öz vəzifələrini yerinə yetirmək mümkün olmadıqda və ya öldükdə, yeni seçilmiş prezident vəzifəyə başlayana qədər onun səlahiyyətlərini parlament sədri həyata keçirir.

Hər kəsin məntiqi sualı var: Armen Sarkisyan ölkədə hər hansı dəyişiklik etmək üçün o qədər də rıçaqlarının olmadığını niyə 4 il sonra anladı? Yaxud Armen Sarkisyan həqiqətən də daxili və xarici siyasətdəki radikal proseslərə təsir etmək istəsəydi, ən azı müxtəlif məsələlər qaldırar, öz mövqeyini ictimaiyyətə çatdırar, susmaya bilərdi.

Armen Sarkisyan həmişə yüngül ürəkli fiqur olub. Bu onun xarakterinə çox yaxın bir davranışdır.

Ümumiyyətlə, Armen Sarkisyanın vəzifədən uzaqlaşdırılması Ermənistanın daxili siyasətində dərin proseslərin baş verdiyinə işarə ola bilər. Bu uzaqlaşdırmanın Nikol Paşinyanın şantajının nəticəsi olduğunu istisna etmək olmaz, çünki o, Armen Sarkisyanın zəif səlahiyyətləri ilə belə ölkədə total “inhisarçılıq” qurmaq istəyir, çünki prezident imici Paşinyana mane olur.

Hazırda Paşinyanın kimi seçəcəyi önəmli deyil. Bir şey aydındır ki, Paşinyan iqtidarı hakimiyyətini gücləndirməyə hazırlaşır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin