Yunanıstan nəşrinin Zəngəzur dəhlizi narahatlığı – “Onun əhəmiyyəti tərəflər üçün hərbi-stratejidir”

2021/12/89089-1639730832.jpg
Oxunub: 908     16:14     24 Yanvar 2022    
Yunanıstanın nüfuzlu “To Vima” qəzetində Azərbaycan-Türkiyə strateji əməkdaşlığına dair məqalə dərc olunub.

Ordu.az xəbər verir ki, məqalədə Zəngəzur dəhlizi ilə Ermənistan üçün təhlükələr vurğulanır.

Müəllif qeyd edir ki, Türkiyə və Azərbaycanı güclü etnik, mədəni və tarixi bağlar birləşdirir və qarşılıqlı əlaqələri “bir millət, iki dövlət” kimi xarakterizə edirlər. Türkiyə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub və o vaxtdan iki ölkə arasında güclü iqtisadi, siyasi və hərbi əlaqələr yaranıb.

2002-2019-cu illərdə Azərbaycanın Türkiyəyə yatırdığı ümumi sərmayə 19,5 milyard dollar, eyni dövrdə Türkiyənin Azərbaycana yatırdığı investisiyalar isə 11 milyard dollara çatıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə ən böyük xarici investordur. Bundan başqa, Azərbaycanın potensial təbii qaz kəmərləri Türkiyədən keçir. 19 oktyabr 2018-ci il tarixində Türkiyənin İzmir şəhərində 10 milyon ton neft, dizel yanacağı, aviasiya kerosini, mayeləşdirilmiş neft qazı və digər neft məhsulları istehsal edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) STAR neft emalı zavodunun açılışı olub.

Türkiyə həm də hərbi əməkdaşlıq sahəsində Azərbaycanın əsas tərəfdaşıdır. İki ölkə arasında müdafiə əlaqələri iki hüquqi sütuna əsaslanır. Birincisi, 1992-ci ilin yanvarından qüvvədə olan, Azərbaycan hərbçilərinin Türkiyədə təlim keçməsini nəzərdə tutan hüquqi tənzimləmələrdir. Türkiyə əsgərləri və müəllimləri Azərbaycan xüsusi təyinatlılarına təlim keçir. İkincisi, 2010-cu ilin sentyabrında imzalanmış və qüvvədə olma müddəti on il olmaqla daha on il müddətinə uzadılması mümkün olan Hərbi Əməkdaşlıqda Qarşılıqlı Yardım haqqında Sazişdir. Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun Naxçıvandakı orduya dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Silahlı Qüvvələri Türkiyə Silahlı Qüvvələri ilə bir çox sahələrdə sıx əməkdaşlıq edir.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il iyunun 15-də Türkiyə prezidentinin Azərbaycana iki günlük rəsmi səfəri zamanı Şuşada birgə bəyannamə imzalayıb.

Qarabağ müharibəsi başlayandan Türkiyə Azərbaycanı tam dəstəkləyir. 1993-cü ildə Ankara Ermənistan-Türkiyə sərhədini birtərəfli qaydada bağladı. Türkiyə Ermənistanın qondarma “soyqırımı”nın beynəlxalq səviyyədə tanınması prosesini dayandırmaq və qoşunlarını Qarabağdan çıxarmaq şərti ilə açacağını vəd etmişdi. Qarabağ müharibəsinin iknci mərhələsi zamanı Türkiyə Azərbaycana siyasi və hərbi yardım göstərdi.

Müharibəyə son verən üçtərəfli bəyanatın son bəndində deyilir ki, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri blokadan çıxarılmalıdır.

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”, - deyə bəyanatda qeyd olunur

Azərbaycan regionda infrastrukturun blokadan çıxarılması ilə bağlı üçtərəfli bəyannamədən çıxış edərək Zəngəzur dəhlizinin açılmasını tələb edib.

Müəlif iddia edir ki, Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alır, çünki o, gömrük məntəqələri və nəzarət mexanizmləri olan yolu nəzərdə tutmur və bu dəhlizin iki ölkə arasında hərbi əməkdaşlıq üçün istifadə oluna biləcəyini deməyə əsas verir.

“Üstəlik, dəhlizin təhlükəsizliyinin Ermənistan tərəfindən təmin olunmasına imkan verməməklə, onun nə vaxtsa xarici nəzarətçi qüvvələr tərəfindən pozulmayacağına, bununla da bütün Zəngəzur bölgəsinin Ermənistandan, sonuncunun İranla əlaqəsindən kəsilməyəcəyinə əmin olmaq olmaz. Ona görə də bu Azərbaycan-Türkiyə proqramının məqsədləri iqtisadi deyil, siyasidir, onun əhəmiyyəti hər iki tərəf üçün hərbi-stratejidir.

Yekun olaraq qeyd edək ki, əgər Türkiyə əvvəllər Ermənistanla sərhədin açılması üçün ilkin şərtlər, o cümlədən Qarabağ məsələsi (eləcə də “soyqırımı”nın beynəlxalq səviyyədə tanınmaması məsələsi) irəli sürürdüsə, indi o, buna Zəngəzur dəhlizini də əlavə edib”, - deyə məqalədə bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Zəngəzur  


Bizi "telegram"da izləyin