Erməni prezidentin bir həftə vaxtı var| O, hansı taleyüklü sənədləri imzalamaq istəmir? (ƏTRAFLI)

2021/02/armen-1614537729.jpg
Oxunub: 1238     14:55     24 Yanvar 2022    
“Ermənistan prezidenti Armen Sarkisyan bir həftə ərzində istefa ərizəsini geri götürməsə, onun səlahiyyətlərinə xitam verilməsi haqqında protokol tərtib edilərək parlamentin sədri tərəfindən imzalanacaq və onun istefası dərc edildiyi andan qəbul edilmiş sayılacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentin sədri Alen Simonyan parlamentin iclasında ölkə prezidentinin istefa ərizəsi ilə bağlı açıqlama verərkən bildirib.

O qeyd edib ki, Ermənistan konstitusiyasının 142-ci maddəsinə və parlamentin nizam-intizam qanununun 147-ci maddəsinin 1-ci hissəsinə əsasən, ölkə prezidenti istefa ərizəsi təqdim edib.

“Parlamentin nizam-intizam qanununa əsasən, istefanın dərcindən sonra bir həftə ərzində müvafiq vəzifəli şəxs yazılı ərizə ilə istefasını geri götürərsə, parlamentin sədri bu barədə bəyanatla çıxış edir. Və əgər o, istefasını geri götürməzsə, o zaman onun səlahiyyətlərinə xitam verilməsi haqqında protokol tərtib edilir və bu protokol parlamentin sədri tərəfindən imzalanır və dərc olunur. Protokol dərc edildiyi andan istefa qəbul edilmiş sayılır”, - deyə Simonyan bildirib.

Baş verənlərlə bağlı erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb ki, Ermənistanda ciddi və sistemli müzakirə aparılmır. “Armen Sarkisyanın istefası zamanı məni onun haqqında deyilən qiymətlər yox, bəzi suallar maraqlandırardı: Niyə indi istefa verdi? Onun razı olmadığı və prezident kimi məsuliyyəti öz üzərinə götürmək istəmədiyi hansı hadisələr gözlənilir? İmzalamaq istəmədiyi hansı mümkün sənəd hazırlanır?”, - deyə o qeyd edib.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan “Facebook” səhifəsində yazıb: “Ermənistan prezidenti vəzifəsini tutan şəxsin xaricdən istefa verməsi biabırçılıqdır. Ümid edirəm ki, o, istefası haqda mətbuatdan xəbər tutmayıb”.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aram Vardevanyan “Facebook” səhifəsində qeyd edib ki, vəziyyətin həqiqətən mürəkkəb olması faktı Ermənistan prezidenti Armen Sarkisyanın istefası ilə təsdiqlənir. “Hesab edirəm ki, istefa mətnindən konkret siqnallar var”, - deyə o bildirib.

Erməni politoloq Karen Köçəryanın sözlərinə görə, düz 25 il əvvəl bu günlərdə Ermənistan Baş naziri Armen Sarkisyan Londondan istefasının mətnini dərc edib. “Bundan bir neçə gün sonra prezident Levon Ter-Petrosyanın fərmanı ilə Robert Köçəryan Ermənistanın Baş naziri təyin edildi. Daha bir il sonra Levon Ter-Petrosyan istefa verdi. Mən heç bir “namyok” vermirəm... Mən bir qoca kimi yaxın keçmişimizin hekayəsini xatırladım. PS. Konstitusiya dəyişikliklərinə start verilib”, - deyə Köçəryan vurğulayıb.

Erməni jurnalist Voskan Sarkisyan “Facebook” səhifəsində bildirib: “Armen Sarkisyan pafoslu mətn yazıb ki, gedir. O, müstəqil dövlət quruculuğuna sadiq olduğunu bildirir. Lakin ailəsi ilə İngiltərədə yaşayıb, onun Ermənistan pasportunu da, əgər varsa, yalnız iki nəfər - Serj Sarkisyan və Nikol Paşinyan görüb. Armen Sarkisyan 2018-ci ilin yazında bilirdi ki, prezidentin konstitusiyaya görə çox cüzi səlahiyyətləri var. Lakin bu vəzifəni üzərinə götürdü. Serj Sarkisyanı onu İngiltərədən dəvət edib ölkəyə prezident təyin etməyə kim məcbur etdi? Armen Sarkisyan bəyan edib ki, müharibə dövründə Azərbaycanın böyük sahibi “British Petroleum” olan neft və qaz kəmərləri vurulmamalıdır. A.Sarkisyan Nikol Paşinyanın yaxın gələcəkdə Azərbaycan və Türkiyəyə çoxlu güzəştlərə gedəcəyini bilərək bunlarda iştirak etməmək üçün gedir”.

Ermənistanın “hetq.am” nəşrinin baş redaktoru Edik Bağdasaryan “Facebook” səhifəsində qeyd edib ki, Armen Sarkisyan heç vaxt həqiqəti deməyə cəsarət etməyib.

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri, ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın sözlərinə görə, Armen Sarkisyan işlədiyi müddətdə təzyiqlər göstərməyə səbəb olacaq addımlar atmayıb. “Mənim üçün bu istefa ən azından gecikmiş idi”, - deyə Vanetsyan vurğulayıb.

Erməni politoloq Ağasi Yenokyan “Facebook” səhifəsində bildirib ki, Ermənistan ictimaiyyətini Sarkisyanın niyə ümumiyyətlə istefa verməsindən çox, niyə məhz indi istefa verdiyi sualı maraqlandırır. “Armen Sarkisyanın istefasını artıq şərh etmək mümkün deyil, çünki Rusiya xüsusi xidmət orqanları onu gələcək fəaliyyətləri üçün qoruyur. O, bacardığını verdi. Nikol mümkün qədər Armen Sarkisyanı korladı, onun gələcəkdəki agentura fəaliyyətini qeyri-mümkün etdi”, - deyə Yenokyan əlavə edib.

Erməni ictimai xadim Vahan Babayan məsələyə toxunaraq qeyd edib: “Hansı prezident? Niyə Ermənistanın prezidenti olub? Öyünəcək heç nə yoxdur, tezliklə prezidentin iqamətgahına piyada yığışacaq və bununla da konstitusiya islahatları adlı yeni şou gündəmə gələcək”.

Erməni politoloq Emil Orduxanyan vurğulayıb ki, Ermənistan prezidentinin bəyanatında istefa verməsinin səbəbləri ilə bağlı bəzi izahatlar var. Onun sözlərinə görə, əsas səbəb isə prezidentin səlahiyyətlərinin məhdudluğudur. “Bunu Armen Sarkisyan indi yox, 2018-ci ildə başa düşməli idi”, - deyə erməni politoloq əlavə edib.

Erməni ictimai xadim Arayik Manukyan “Facebook” səhifəsində yazıb: “Armen Sarkisyan konsertin mövzusunu naməlum mahnı ilə kəsdi. Erməni geni bu gecə dəhşətli döyüşə hazırlaşırdı. Prezidentin istefasının uzun mətnində deyilənlə müqayisədə daha çox deyilməyən şey var idi”.

“Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan “Facebook” səhifəsində qeyd edib ki, ölkə prezidenti Armen Sarkisyanın istefası çox ciddi qəbul edilməlidir. “İstisna etmirəm ki, konstitusiya dəyişiklikləri prosesi daha da sürətlənəcək, dövlətimizin idarəetmə sisteminin dəyişdirilməsi məsələsi prioritet məsələlərdən birinə çevriləcək. Bu o deməkdir ki, yarımprezident idarəetmə sisteminə qayıdış həm ölkəmizin siyasi sistemini, həm də inkişaf məntiqini kökündən dəyişəcək. Bir şey aydındır. Armen Sarkisyan bu addımı ilə ictimai həyatımızda siyasi sarsıntı yaratdı, siyasi proseslərin tempini sürətləndirdi, çoxlarını fakt qarşısında qoydu”, - deyə o bildirib.

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində yazıb: “Ermənistanın üzərindən asılmış buludlardan, xarici aləmdən başımıza yeni güclü tufan gələcək, bu ərəfədə Armen Sarkisyan uçmağa qərar verib. Yalançı olduğu və zəif idarəçilik apardığı kimi, yalan və zəif mətnlə də istefa verdi”.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Qazinyan vurğulayıb ki, Ermənistanda dövlətçiliyin mövcudluğu məsələsi ortaya qoyulub. “Bir şey danılmazdır: Ermənistanda siyasi reallıqlar dəyişib və gələcək proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan   İstefa  


Bizi "telegram"da izləyin