Qazaxıstanda iğtişaşlardan sonra 1822 cinayət işi açılıb

2022/01/F6A4B-1642262984.jpg
Oxunub: 636     14:16     22 Yanvar 2022    
Qazaxıstanın hüquq-mühafizə orqanları terrorizm, qətllər, dövlət məmurlarına qarşı zorakılıq tətbiq etmə faktları üzrə 1822 cinayət işi açıb.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dövlət orqanlarının rəhbərləri ilə keçirdiyi müşavirədə daxili işlər naziri Yerlan Turqumbayev bildirib.

Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Saqimbayev terror təhdidlərinin zərərsizləşdirilməsi və gələcəkdə onların qarşısının alınması mexanizminin hazırlanması üzrə tədbirlər haqqında məlumat verib.

Müdafiə naziri Ruslan Jaksılıkov məlumat verib ki, hazırda silahlı qüvvələrin ayrı-ayrı bölmələri daxili işlər orqanları ilə birlikdə terror təhlükəsinin "qırmızı" səviyyədə olduğu bölgələrdə asayişin təmin edilməsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Hərbi obyektlər, o cümlədən silah anbarları gücləndirilmiş mühafizə altındadırlar.

Baş prokuror Gizat Nurdauletov terror və kütləvi iğtişaşlar faktlarının araşdırılması ilə bağlı məruzə ilə çıxış edib. O, həmçinin dövlət başçısının cəzanın ağırlaşdırıcı hallar olmadığı halda yüngülləşdirilməsi ilə bağlı tapşırıqlarının icrası barədə məlumat verib. Təqdim olunan məlumatlara görə, məhkəmələr tərəfindən 3314 nəfər inzibati qaydada həbs edilib.

Prokurorlar tərəfindən cəzanın yüngülləşdirilməsi ilə bağlı 1884 apelyasiya vəsatəti verilib. Onların baxılması nəticəsində 1083 nəfər həbsdən azad edilib. 490 vətəndaşa qarşı isə cərimə cəzası xəbərdarlıqla əvəz edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   İğtişaşlar  


Bizi "telegram"da izləyin