“Sovet ordusunun tərkibində Berlinə kimi mən də getdim” - Fatma Səttarovayla MÜSAHİBƏ

2022/01/6a166-1642836046.jpg
Oxunub: 1160     11:38     29 Yanvar 2022    
Ömür xalq üçün, Vətən üçün, dövlət, dövlətçilik üçün yaşanılan illərdi, aylardı. Hər ayın, hər günün işığı eyni olmur. O işıq ruhun işığına qarışarsa, ruhun işığına sarılarsa, bütövləşərsə, həmin ömür könüllərin əzizinə dönür. Belə ömürlərə duru ömür deyilir. Duru ömür ömürlərdə yaşadıla-yaşadıla tarixləşir, tarixləşdiyinə görə zaman sərhədinə sığmır. On illərdən, yüz illərdən sıyrılan ehtiramın işığı sabahlara aparan ağ işığa dönür - astronomik yozumda da, mənəvi yozumda da. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovayla söhbətləşməyə həyat, yaşam, ömür kəlmələrini şərtləndirən bu düşüncələrin zəmanətiylə gəlmişdim...

- Böyük Vətən müharibəsi başlayanda 18 yaşınız vardı. İsa İsmayılzadə siz yaşda gənclərin müharibəyə getməsini olduqca duyğusal misralarla təqdim edib:

Getdilər, getdilər Berlinə sarı,

Getdilər, getdilər ölümə sarı.

Güllələr demədi: geri qayıdın.

Lülələr demədi: geri qayıdın,

Qəlpələr demədi: geri qayıdın,

Hələ uşaqsınız, nə yaşınız var…


- O illər üçün 18 yaş az deyildi. Müharibəyə gedənlərin ruh qardaşı, ruh bacısı olanlar döyüşləri uzaqlardan izləyə bilməzdi. Onda tibb texnikumunu təzəlikcə bitirmişdim. Həyat yoldaşım Məhəmmədlə İçərişəhərə, hərbi komissarlığa gəldik. Məhəmməd maşınqayırma zavodunun direktoru olduğuna görə - zavod hərbi təyinatlı silah-sursat istehsal etdiyinə görə onu müharibəyə aparmadılar.

İki gündən sonra eşelonlar üzü cəbhəyə yola düşdülər. Hər vaqonda bir tibb bacısı vardı. Biz döyüşçülərin sağlamlığının mühafizləri idik. Əslində, döyüşə çatmamış ehtimal edilən xəstəliklərlə döyüşəcəkdik. Mən ailənin tək övladı idim. Qardaş kəlməsinin nə olduğunu mənə müharibə, döyüşlərə çatmamış yol öyrətdi. Xəstələnənlərə bacı qayğısını da onda duydum.

Döyüşlərə Moskva ətrafında qoşulduq. Komandirimizin dediklərini müharibədən sonra da unutmamışam: Tibb bacısı döyüşçünü döyüşün içindən çıxartmaqla, ona ilkin yardım göstərməklə döyüşçü olur. Siz də döyüşçüsünüz və sizin döyüşünüz də qələbəyə çox gərəklidir.

Yaralıları səngərdən çıxardırdıq. Bu ara tanklar bizə yaxınlaşdı. Səngərdə qalmağa, tankların ötüb-keçməsini gözləməyə məcbur olduq. Nəfəs dərmədən gözlənilən anların sıxıntısı indi də canımdadır...

- Döyüş yolunuz Leninqraddan da keçib...

- Bəli, Leninqrad mühasirədə idi. Bu, müharibədə hərbi vəziyyəti son dərəcə kəskinləşdirmişdi. Ordu komandanının əmri ilə ayrı-ayrı hərbi hissələrimiz Ladoqa gölü ilə ölümün içindən keçərək, ölümün gözünə kül üfürərək şəhərə daxil ola bildilər. Faşistlərin qırıcı-bombardmançı təyyarələri şəhərin giriş-çıxışlarını, şəhərin yan-yörəsini, şəhərin özünü bombalayırdı. Belə bir vəziyyətdə Ladoqa gölü üzərindən salınmış "Həyat körpüsü" ilə şəhərin müdafiəçilərinə ərzaq, dava-dərman daşınmasına mən də cəlb olunmuşdum. Dəfələrlə ölüm bizdən yan keçdi...

- Döyüşlərdə indiyəcən unuda bilmədiyiniz ən ağır anlar…

- Əli adlı bir azərbaycanlı döyüşçü vardı. Onunla hər kəlmələşəndə onsuz da unutmadığımız Azərbaycan yadımıza düşürdü. Əli arada bir-iki ağız bayatı da oxuyurdu. Onda özümü saxlaya bilmirdim. Nəyisə bəhanə edib uzaqlaşırdım. Qayıdanda diqqətlə gözlərimə baxardı. Görürdüm ki, Əlinin də gözləri qan çanağına dönüb. Beləcə, bir-birimizdən gizlədə-gizlədə eyni həsrətin ağrılarını yaşayırdıq. Bir tərəfdən də müharibə.

Döyüş gedirdi. Ağır döyüş idi. Bombalardan dikəlmək olmurdu. Əlinin yaralandığını duyunca özümü ona yetirdim. Sinəsindən yaralanmışdı. Yarasını sarıdım. Qoltuğunun altından yapışıb bir tərəfə çıxartmağa çalışdım. Çətinliklə, "Dayan", - dedi. "Artıq əziyyət çəkmə, el qızı, Səməd Vurğunun bir şeirini desən, bəsimdi...". Dedim. Az sonra Əlinin son nəfəsinə sarıldım.

- Müharibə başa çatdı. Siz də tərxis olundunuz...

- Sovet ordusunun tərkibində Berlinə kimi mən də getdim. "Getdim" ifadəsi indi elə asanlıqla səslənir ki. Döyüşə-döyüşə getdik, döyüşənlərin sağlamlığının döyüşçüsü olaraq. Macarıstanda xəstələndim. 5 ilin ağrı-acılarının, itirdiyimiz döyüş yoldaşlarımıza görə qəhərin nəticəsiydi yəqin. Ciddi etirazlarıma baxmayaraq tibb komissiyasının qərarı ilə ordu sıralarından tərxis edildim. 5 ildə ilk dəfə göz yaşlarımı saxlaya bilmədim.

Fevral ayında yaralıları müşayiət edən eşelonla Bakıya qayıtdım. Müharibə başa çatdı. Moskvaya da, Leninqrada da qəhrəman şəhər adı verildi. O vaxtdan bu günəcən bir ağrı ruhumdan üzülmür: Döyüşən ordunu da, bu sıradan qəhrəman şəhərləri də yanacaqla təmin edən Bakıya qəhrəman şəhər adı verilməməsi milli gözəgötürməzlik deyildimi? 77 ildi bu sualın cavabı qəlbimi ağrıdır. Yaxşılığa bu səviyyədə yamanlıq?

- Müharibədən sonra ali təhsil aldınız.

- Bəli. Komandirimiz bizi, yəni, hərbi hissənin tibb bacılarını balası əvəzi sevirdi. Faşistlər onun biz yaşlarda qızını öldürmüşdülər. Bizi görüncə gözləri dolub-boşalırdı. Mən ona söz vermişdim ki, müharibədən sonra ali təhsil alacam. Bakıya qayıtdıqdan sonra döyüş yoldaşlarım olmuş qızlarla birlikdə Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırova məktub yazdıq. 5 ildə bildiklərimizi də unutmuşduq, üstəlik müharibənin ağrı-acıları. Bizdə qəbul imtahanı verməyə halmı qalmışdı?

Mircəfər Bağırov bizim institutlara imtahansız qəbul olunmağımıza icazə verdi. Mən universitetin iqtisadiyyat fakültəsini seçdim. Eyni zamanda, Plexanov adına institutu da bitirdim. Uzun müddət Bakı şəhərində rəhbər vəzifələrdə işləmişəm.

- Və son illərdə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrisiniz.

- Mənə bu vəzifədə işləmək təklif ediləndə əvvəlcə tərəddüd etdim. Yaş amilinə görə. Sonra düşünüb-daşındım. İctimaiyyətlə daha yaxından əlaqə saxlamağın da əsl vətəndaşlıq olduğuna əmin oldum. Ona da əmin oldum ki, bu təşkilat digər təşkilatlardan məhz bu amilinə görə fərqlənir: milli mentalitetimiz var, ağsaqqal sözü, ağbirçək sözü var. Bir var dövlət strukturunun rəsmi təşkilatının sözü, bir də var bu təşkilat adından sözü ağsaqqal deyə, ağbirçək deyə. 2021-ci ildən bu təşkilatın sədriyəm.

- Təşkilatınızın başlıca vəzifəsi gənclərin hərbi vətənpərvərlik tərbiyəsini formalaşdırmaqdır. Bu istiqamətdə nə kimi işlər görürsünüz?

- Bu ictimai qurum böyük tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq ideologiyasını, məfkurəsini böyük məsuliyyətlə təbliğ etməkdədir. Belə bir mühüm vəzifəni yerinə yetirməklə bərabər, veteranların sosial müdafiəsi məsələlərinin də həllində dönməzliklə fəaliyyət göstərir. Təşkilatımız əsasən gənclərlə işləyir. Yəni, bütün tədbirlərimiz gəncləri əhatə edir. Hər tədbir gənclərin, yeniyetmələrin dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyətə malik olur. Belə tədbirlər, müəyyən mənada, tarix haqqında biliklər aşılama missiyasıdır. Bu biliklər təəssürat biçimində aşılandığına görə daha təsirli, inandırıcılıq amili daha yüksək olur. Tədbirlərdə təşkilatımızın rəsmilərinin çıxışları tədbir iştirakçılarına məlum bir həqiqəti, həm də Məmməd Arazın dediyi bir poetik fikri yenidən yaşadır: Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı.

- Təşkilatınız 2016-cı ilin Aprel döyüşlərində də, 2020-ci ilin İyul döyüşlərində, Vətən müharibəsində də döyüşən ordunun yanında olub.

- Bəli. İstər 2016-cı il döyüşlərində, istər 2020-ci il döyüşlərində, istərsə də Vətən müharibəsində Təşkilatımız döyüşən orduya mənəvi dəstək olub. Ordu hiss edib ki, veteranlar da onlara inanır, güvənir. Onlar bu inamı, güvənci zaman anlamında dünənlərin sabahlara inamı, güvənci biliblər. Döyüşlərdən sonra keçirilən tədbirlərdə iştirak edən döyüşçülər böyük sevgilərlə xatırladırdılar ki, biz sizin nəfəsinizi kürəyimizdə hiss edəndə daha əzmlə döyüşürdük, bizim döyüş əzmimiz, qələbə ruhumuz yüksəlirdi.

Dövlət təşkilatı dövlətin ideologiyasının təbliğatçısıdır. Bu təbliğat vətənsevərliyin mahiyyətindən irəli gəlir. Yəni, bizim fəaliyyətimizin başlıca qayəsi Vətəni daha əhatəli sevdirməkdir.

- Akademik Xudu Məmmədov deyirdi: "Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər".

- Tamamilə doğrudur. Bizim auditoriyamız yeniyetmələrdir, gənclərdir. Yəni, Vətəni tanıyanlardır. Həm də Vətəni sevənlərdir. Biz bu sevgini daha dərindən formalaşdırmağa borcluyuq. Bütün bayramlarda, əlamətdar günlərdə ayrı-ayrı rayon təşkilatları tədbirlər keçirir ki, bunlar da eyni mərkəzdə koordinasiya edilir. Yəni, bütün tədbirlər vahid bir məqsədin şaxələri kimi təzahür edir. Başqa cür də mümkün deyil.

- Böyük tarixi şəxsiyyət Heydər Əliyev hər il Qələbə günündə veteranlarla görüşürdü, sizi dinləyirdi.

- Ulu Öndər hər birimizi şəxsən tanıyırdı. Məndən soruşsalar ki, siz ən böyük azərbaycanlı kimi sevilən dahi rəhbərin hansı xüsusiyyətlərini daha yüksək dəyərləndirirsiniz? Mən bu suala cavab verməyə çətinlik çəkərəm. O əvəzsiz xüsusiyyətləri bir-birindən fərqləndirməyi bacarmadığıma görə. Hüseyn Cavidin bir beytini xatırlayıram:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

Ovaxt Azərbaycan parçalanmaq ərəfəsindəydi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Azərbaycanın dövlətçiliyini xilas etdi, qardaş qırğınının qarşısı alındı. Yəni, "qan tökülməsinə imkan vermədi". Heydər Əliyev dahi idi! Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini labüd təhlükədən xilas etməklə Vətən yaratdı!

- Vətən müharibəsində qazanılan Zəfər sizin fəaliyyətinizin müasir mahiyyətini ifadə edir.

- Vətən müharibəsi tarixi zərurət idi. Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirmirdi. Danışıqlardan yayınırdı, bölgədə status-kvonu saxlamağa çalışırdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri böyük hərbi təxribat törətmək, yeni ərazilər işğal etmək niyyəti ilə hücuma keçdi. Ordu hissələrimiz hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə ordumuz əks-hücuma keçdi. Vətən müharibəsi başladı. Az müddətdə ordumuz düşmənin illərlə yaratdığı, müxtəlif səviyyələrdə və müxtəlif vasitələrlə möhkəmlətdiyi sədlərini darmadağın etdi. Ordumuz Ali Baş Komandanın sərkərdəliyi ilə Zəfər qazandı. Azərbaycan Respublikasının Prezidenti xalqa müraciətində dedi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq".

- Bu Zəfər tarixi Zəfərdir. Təşkilatınız bu qələbənin də mahiyyətinin təbliğatçısıdır.

- Biz fəaliyyətimizi dövlətə, dövlətçiliyə sədaqətlə davam etdiririk. Təşkilatımızın üzvləri böyük tarixi şəxsiyyət Heydər Əliyevin dediyi "Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər... Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, veteranlar bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək, bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının müqəddəs borcudur" fikirlərin işığında cəmiyyətə daha böyük ehtiramla inteqrasiya olunurlar.

- 100 il 1200 aydır, 1200 ay 36 min gündür. Əziz Fatma xanım, "Azərbaycan Ordusu" qəzetinin kollektivi adından Sizin 36001-ci gününüzü təbrik edirik. Əminik ki, hələ neçə illər bu təşkilat Sizin təcrübənizin, vətənsevərliyinizin, dövlətə, dövlətçiliyə sədaqətinizin işığında fəaliyyət göstərəcək.

- Çox sağ olun. Ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında xidmətlərinizə görə kollektivinizə Təşkilatımız adından təşəkkür edirəm.

Rəşid Hüseynov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin