Kremlin sözçüsü Dmitri Peskov iddia edir ki, Rusiya yalnız Şimali Atlantika Alyansının “hərbi infrastrukturunu Rusiya sərhədlərinə qədər köçürməsinə” qarşı çıxmaq və NATO-nun kəşfiyyat təyyarələri və Ukrayna üzərindən uçan PUA-ların qarşısını almaq üçün qoşunlarını Ukrayna sərhəddinə yerləşdirir. Peskov təkid edib ki, Rusiyanın hərəkətləri tamamilə qanunidir.
Ukrayna ilə üz-üzə olan Cənub və Qərb Hərbi Dairələrindəki Rusiya qüvvələri yüksək hazırlıq vəziyyətindədir və hər iki hərbi dairənin mətbuat xidmətləri daim davam edən və üst-üstə düşən hərbçilərin döyüş hazırlığını maksimum səviyyədə saxlamaq məqsədi daşıyan təlimlər barədə məlumat verir. Bu yaxınlarda Cənub Hərbi Dairəsində Ka-52 “Alligator” yeni nəsil kəşfiyyat və hücum helikopterlərindən ibarət eskadriliya yaradıldı. Helikopterlər hərbi-nəqliyyat təyyarəsi ilə Rusiyanın Uzaq Şərqində yerləşən istehsalat fabrikindən yeni il öncəsi gətirilib, Rostov-na-Donu yaxınlığındakı aviabazada yığılıb və artıq döyüşə tam hazırdır. Bu təyyarələr digər helikopterlərlə təlimlərdə iştirak edir. 1-ci Mühafizə Tank Ordusu (Hazırda Rusiya Silahlı Qüvvələrində yeganə səhra tank ordusu) bütün yüksək səviyyəli komandirlərinin, eləcə də komanda və rabitə strukturlarının qərargah təliminə başlayıb. Cənub Hərb Dairəsinin mətbuat xidmətinin məlumatına görə, təlimdə Tank Ordusunun qüvvələrini birləşdirmək və “düşmənə hücum etmək” qabiliyyəti yoxlanılacaq.
2017-ci ildə Minsk rəsmiləri Belarus Silahlı Qüvvələri və Rusiyanın 1-ci Mühafizə Tank Ordusunun “regional ordu qruplaşması”nı yaratdıqlarını elan etdilər. Və bu ay (yanvar 2022-ci il) Moskva və Minskdəki hakimiyyət orqanları hər iki ölkənin “mümkün xarici təcavüzü dəf etməyə və terror fəaliyyətini dayandırmağa” hazırlaşmaq üçün Belarus ərazisində “Müttəfiqlərin Qətiyyəti-2022” (birgə təlimləri keçirəcəklərini bəyan etdilər. “Müttəfiqlərin Qətiyyəti” təlimləri fevralın 10-da başlayacaq və fevralın 20-dək davam edəcək, lakin Rusiya qoşunları artıq yanvarın ortalarında Belarus ərazisinə gəlməyə başlayıb.
Qarşıdan gələn Rusiya-Belarus təlimi güclü şəkildə təbliğ olunur. Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin (Müdafiə Nazirliyinin xarici siyasət idarəsinin rəhbəri) Moskvada xarici hərbi attaşelərə və seçilmiş jurnalistlərə xüsusi brifinq verib. Fomin bildirib ki, Rusiya qoşunları və onlarla yeni Su-35 döyüş təyyarəsi, iki S-400 Zenit-Raket Kompleksi, həmçinin qısa mənzilli “Pantsir-S” zenit sistemləri Şərq Hərbi Dairəsindən Belarusa göndəriləcək. Fomin Belarusa nə qədər Rusiya qüvvələrinin gələcəyini açıqlamayıb. Bəzi məlumatlarda uzaqmənzilli “Smerç” raketlərinin yerləşdirilməsi ehtimalı var. Fominin məlumatına görə, Rusiya və Belarus əsgərləri təlimlərin rəsmi açılışından əvvəl birlikdə döyüşmək üçün təlim keçəcəklər.
Yanvarın 19-da Rusiya ilk qoşunlarının Sakit Okean regionundan dəmir yolu ilə ağır silah və texnika ilə Belarusa gəldiyini elan edib. Rəsmi açıqlamalara görə, bu təlimdə Şərq Hərbi Dairəsi qüvvələrinin NATO təhlükəsi ilə üzləşmək üçün Avropa Rusiyasına köçürülmə qabiliyyətini sınaqdan keçirilib. Bu qüvvələrin Rusiyanın Uzaq Şərqindən Belarusa dəmir yolu ilə çatması üçün bir və ya iki həftə lazım olardı, buna görə də qoşunlar Yeni il günündən dərhal sonra səyahətə başlamalı idi.
Qərb və Ukraynada müşahidəçilər və rəsmilər paytaxt Kiyevə qərbdən və şimaldan hücum etmək üçün Belarus ərazisindən cənuba doğru Rusiya qoşunlarının qəfil müdaxiləsi ilə bağlı qorxularını bildiriblər. Lakin Belarusun cənubu ilə Ukraynanın şimalı arasındakı sərhəd Polesie (Meşəlik) bataqlıqları kimi tanınan təbii maneədən keçir, burada təxminən 104.000 kvadrat mil sıx meşə, bataqlıqlar, göllər və çaylar var. Bir neçə yol (şimal-cənub daxil olmaqla) bu ərazidən keçir və onlar bir-birindən çox uzaqda yerləşir. Rus ordusunun üstünlük verdiyi çevik manevrli zirehli döyüş taktikası üçün ərazi olduqca əlverişsizdir, bura istənilən qüvvənin batması üçün ideal ərazidir. Bundan əlavə, Kiyevin şimalında, Polesie bölgəsində hələ də radioaktiv Çernobıl Atom Elektrik Stansiyasının qadağan zonası təhlükəsi var. Bu zonada bombaların, mərmilərin və ya digər güclü partlayıcı maddələrin hər hansı istifadəsi uzun müddət ərzində yerləşmiş radioaktiv materialı yenidən havaya sovuracaq və küləklər onu asanlıqla Rusiyaya, Ukraynanın dərinliklərinə, Belarusa və ya hətta Avropaya uçura bilər.
Müttəfiqlərin bu addımları gələcək müdaxiləyə həqiqi hazırlıqdan daha çox, Ukrayna ordusunu öz qüvvələrini gələcək əsas mümkün döyüş meydanlarından ayırmağa yönəltmək üçün strateji təxribat və yayındırma kimi görünür. Təbii ki, Su-35 qırıcıları, uzaqmənzilli S-400-lər və digər raketlər Belarusa yerləşdirilə və Ukraynanın dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün istifadə oluna bilər. Əgər Moskva, həqiqətən də, hərbi hücumu ciddi şəkildə düşünürsə, nisbətən kiçik Belarus ordusunu gücləndirmək üçün Sakit okean regionundan öncədən qüvvələr göndərilməsi və 1-ci Mühafizə Tank Ordusunu kütləvi şəkildə hərəkətə gətirilməsi baxımdan məntiqli addımlar atır. Yaxın bir-iki həftə ərzində Rusiya qüvvələrinin hazırlığı zirvəyə çatdığından daha çox aktivlər son hücum mövqeyinə keçə bilər. Bütün bunlar sadəcə olaraq Qərbi və Ukraynanı təslim olmaq üçün qorxutmaq üçün güc nümayişi ola bilər. Lakin bu strategiya uğursuz olarsa, faktiki hücum əmri verilə bilər.
Dəyanət Ağalarlı
Ordu.az