Azərbaycan və Türkiyənin Ermənistanla danışıqları: Beynəlxalq nəşrlərinin gözləntiləri necədir?

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 1337     13:45     22 Yanvar 2022    
Beynəlxalq nəşrlər və beyin mərkəzləri Ermənistan-Türkiyə danışıqlar prosesini işıqlandırır, Moskvada başlayan yeni Ermənistan-Türkiyə danışıqlar prosesinin gələcəyini proqnozlaşdırmağa çalışırlar.

Beynəlxalq Böhran Qrupu bu yaxınlarda dərc olunan geniş məqaləsində Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının siyasi və iqtisadi faydalarından yazıb, habelə risklərdən bəhs edib.

“Ermənistan və Türkiyənin ikitərəfli ticarətə başlamaq fürsətini əldən verməmək üçün ciddi iqtisadi stimulları var. Açıq sərhədlər Türkiyə mallarının, məsələn, tikinti materiallarının daha bahalı Rusiya məhsulları ilə rəqabət aparmasına imkan verəcək. Digər tərəfdən, Ermənistan məhsulları Türkiyə bazarına daxil olacaq. Türkiyənin şərq bölgələri qarşılıqlı ticarətdən faydalanacaq. Ermənistan da daha qısa ticarət yolu əldə edərək dəniz limanlarına çıxış əldə edəcək”, - deyə Qrup bildirib.

Bundan əlavə, Ankara nəqliyyat əlaqələrini və ticarətini genişləndirərək bölgədəki mövqeyini gücləndirməyə çalışır ki, bu da regionda ən böyük olan Türkiyə iqtisadiyyatına fayda verəcək. Məqalə müəllifləri yüksək rütbəli türk diplomatına istinad edərək yazır ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaqla Qafqazda gərginlik ehtimalını minimuma endirməyə ümid edir. Beləliklə, deyə bilərik ki, bu, həmçinin Ankaranın dominant mövqeyə malik olduğu regionun genişmiqyaslı transformasiya proqramının tərkib hissəsidir.

Beynəlxalq Böhran Qrupu Azərbaycanın müharibədəki qələbəsindən sonra kəskin şəkildə dəyişmiş bu prosesdə müsbət mövqeyini bir daha təsdiqləyir. Məqalədə bəzi yüksək vəzifəli Azərbaycan rəsmilərinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, hətta müharibədən sonrakı Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kömək edə biləcəyi ilə bağlı fikirlərindən sitat gətirilir.

Ermənistanın qonşuları ilə münasibətlərinin normallaşması Moskva, Vaşinqton və Avropa paytaxtları tərəfindən dəstəklənir, çünki nəqliyyat yollarının açılması və iqtisadi əlaqələrin genişləndirilməsi regiona sabitlik gətirəcək.

Məqalə müəllifləri yeni erməni-türk dialoquna istinad edərək qeyd edirlər: “Tərəflər və onların xarici tərəfdaşları dərk etməlidirlər ki, proses nə qədər müsbət dəyişikliyə yol verməsə, uğursuzluq ehtimalı bir o qədər çox olar. Müsbət siqnallar xarici aktorlar tərəfindən söndürülə və ya mənimsənilə bilər”.

Ötən həftə Moskvada Ruben Rubinyan-Serdar Kılıç görüşü ilə bağlı Böhran Qrupu yazır ki, tərəflər gələcək dialoq üçün yol xəritəsi hazırlamalıdırlar. Qrupun ekspertlərinin fikrincə, Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq üçün növbəti cəhd müsbət nəticə əldə etmək üçün ən real fürsətdir, diplomatik münasibətlərin qurulacağına və onilliklərlə bağlı olan sərhədlərin açılacağına ümid var.

“The American Interest” jurnalı açıq sərhədlərin faydaları haqqında yazır: “Yalnız qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqla Ermənistan artıq Rusiyadan asılı olmayacaq, regionun iqtisadi potensialından istifadə olunacaq. Gerçəkliyə çevrilsə, Ermənistan Şərqi Asiya ilə Avropa arasında ən sürətli yük marşrutu ola bilər. Cənubi Qafqazda əməkdaşlıq tərəqqiyə töhfə verəcək, region ayaq üstə duracaq”.

Xatırladaq ki, cümə günü Moskvada başlayan Ermənistan-Türkiyə münasibətlərinin yeni normallaşması prosesinin uzunmüddətli məqsədi 30 ildir bağlı olan sərhədi açmaqdır. Təxminən saat yarım davam edən danışıqlardan sonra Ermənistan və Türkiyənin Xarici İşlər nazirlikləri eyni bəyanatla çıxış edərək, nümayəndələrin ilk görüşünü müsbət və konstruktiv qiymətləndiriblər. Xüsusi Nümayəndələr Ermənistan-Türkiyə dialoqu vasitəsilə nizamlanma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar və ilkin şərt olmadan tam nizamlanma üçün danışıqları davam etdirməyə razılaşıblar.

Beynəlxalq ictimaiyyət Moskvada yeni erməni-türk dialoquna müsbət cavab verir. Xüsusən də görüşlərdən sonra çoxlu açıqlamalar verildi. Məsələn, Aİ Xarici İşlər Nazirliyinin mətbuat katibi Peter Stano bəyanat yayaraq bildirib ki, Aİ Ermənistan və Türkiyəni münasibətləri normallaşdırmaq üçün səylərini davam etdirməyə təşviq edir.

“Avropa İttifaqı Türkiyə və Ermənistanın münasibətlərin normallaşması üçün işləməyə, xüsusi nümayəndələr təyin etməyə hazır olmasını alqışlayır”, - deyə spiker bildirib.

Avropa İttifaqı Türkiyə və Ermənistanı bu istiqamətdə daha çox səy göstərməyə təşviq edir: “Münasibətlərin normallaşdırılması üçün istənilən konkret addımlar regional sabitlik, barışıq və iqtisadi inkişaf perspektivləri üçün yaxşı xəbər olacaq”.

Rəsmi bəyanatda bildirilir ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması Aİ-nin bu iki ölkə ilə münasibətlərində əsas əhəmiyyət kəsb edir.

2014-cü ildən bəri Aİ iqtisadiyyat, mədəniyyət, təhsil və kommunikasiya kimi bir sıra sahələrdə münasibətlərin normallaşmasına yol açmaq məqsədi daşıyan layihələrə 4,5 milyon avrodan çox vəsait ayırıb.

Stano deyib ki, Aİ münasibətlərin normallaşdırılması istiqamətində mümkün gələcək addımlar üçün əlavə dəstək verməyə hazırdır.

Aİ ilə yanaşı, NATO da İrəvan və Ankaranın xüsusi nümayəndələrinin Moskvada görüşünü alqışlayıb. NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Piriz “Twitter” səhifəsində yazıb: “NATO regionda sabitliyin bərqərar olmasına kömək edə biləcək münasibətlərin normallaşdırılmasını dəstəkləyir. Biz Ankara və İrəvanı bu istiqamətdə səylərini davam etdirməyə təşviq edirik”.

BBC-yə danışan Karnegi Avropa Fondunun baş elmi işçisi Tomas de Vaal bildirib ki, əvvəlki nizamlanma cəhdlərindən fərqli olaraq, bu dəfə Türkiyə müttəfiq Azərbaycanın razılığını alıb. Onun sözlərinə görə, sərhədlərin açılmasından Ermənistan iqtisadiyyatı daha çox faydalanacaq, çünki Ermənistanın dənizə və Avropaya çıxışı olacaq. Türkiyə bazarı bu təsiri çox hiss etməyəcək, lakin Türkiyənin də Azərbaycanla birbaşa əlaqəsi olacaq.

Türkiyə mətbuatı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini müsbət təqdim edib. Xüsusən də iqtidaryönlü “Yenişafak”, “Sabah”, “Milliyyət” və “Yenicağ” dövri nəşrlərinin manşetlərində bunun Ankara ilə İrəvan arasında son 13 ildə ilk görüş olduğu bildirilir. Türkiyə qəzetləri tərəflərin heç bir şərt olmadan dialoqa razılaşdıqlarını vurğulayır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin