Ağ Ev Kremlin Donbasla bağlı Minsk “sazişləri”nə təkan verir? – ANALİZ (III HİSSƏ)

2022/01/666-1642837698.jpg
Oxunub: 3365     12:37     22 Yanvar 2022    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

ABŞ-ın, yəni Ağ Evin və Dövlət Departamentinin son bəyanatları Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı sözlərin anlaşılmazlığını və/yaxud düzgün istifadə edilmədiyini ortaya qoyur. Bayden administrasiyası ilk növbədə semantika baxımından sürətlə Rusiyaya təslim olur. Administrasiyanın özünə vurduğu məğlubiyyət artıq Ukraynanın hesabına Rusiyaya mahiyyət etibarilə güzəştə çevrilir. Administrasiyanın “MinskSpeak”dan istifadə nümunələri sürətlə genişlənir.

Dekabrın 1-də müttəfiq ölkələrin xarici işlər nazirlərinin Riqada görüşü zamanı dövlət katibi Entoni Blinken Rusiya prezidenti Vladimir Putindən təqdirlə sitat gətirdi: “Putin bu yaxınlarda dedi və mən də sitat gətirirəm: “Minsk razılaşmalarının tam yerinə yetirilməsinə alternativ yoxdur””

ABŞ adından Blinken “bütün tərəfləri atəşkəsi 2020-ci ilin iyul səviyyəsinə qaytarmağa çağırır”. “Hər iki tərəf, Rusiya və Ukrayna Minsk razılaşmaları üzrə öhdəliklər götürüb”. Bu bəyanat yanlış olaraq Minsk “müqavilələri”nin məcburi olduğunu göstərir. Bu, Ukraynanı 7 il ərzində xilas olmaq üçün çox çalışdığı tələdə saxlamağı nəzərdə tutur. Bəyanatın bir hissəsi Rusiya və Ukraynanı münaqişənin tərəfləri kimi tanısa da, digər hissəsi başqa bir şeyi nəzərdə tutur: Ukraynadan razılaşmadan imtina etməsinə baxmayaraq, Rusiyanın Donetsk-Luqansk ilə təzyiq altında qəbul etdirdiyi 2020-ci ilin iyul razılaşmasını bərpa etməyi xahiş edir.

Dekabrın 2-də Blinken Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) illik nazirlər konfransındakı çıxışında bildirib: “[Rusiya xarici işlər naziri] Sergey Lavrov Minsk razılaşmalarının həyata keçirilməsindən danışırdı... Biz buna tam razıyıq”.

Blinken Rusiyanın müəyyən atəşkəs müddəalarını (ağır silahların geri çəkilməsi, ATƏT-in missiyasına tam giriş imkanı, bəzi humanitar jestlər) yerinə yetirmədiyini qeyd edərək, Ukraynanın müəyyən siyasi müddəaların (Donetsk-Luqansk üçün xüsusi status qanunu) qəbulu prosesində olduğunu qeyd edib. Bu çərçivədə Blinken deyib: “Rus və ukraynalı dostlarımızı Minsk öhdəliklərini yerinə yetirməyə çağırırıq […] və Ukraynada yenidən böhranın qarşısını almağın yolu budur””.

Bu nəsihətlər təcavüzkarla qurbanı bərabərləşdirir, Görünür, bu, Bayden administrasiyasının “Normandiya” (Rusiya, Ukrayna, Fransa, Almaniya) formatına paralel ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqlar formatını yaratmaqla bağlı son qərarına uyğundur. Bununla belə, Lavrov bildirdi ki, Minsk sazişləri Rusiyaya heç bir öhdəlik vermir, çünki bütün məsələlər, o cümlədən Blinkenin qaldırdığı məsələlər “Kiyev tərəfindən Donetsk və Luqansk hakimiyyətləri ilə müzakirə edilməli və razılaşdırılmalıdır”. Rusiya xarici işlər naziri özünün sərt konstruktiv iddiasını sübut etmək üçün Blinkenə və ATƏT-in digər iştirakçılarına Minsk “müqavilələri”nin surətlərini təqdim etdi.

Dekabrın 3-də müsahibə verən Blinken Rusiya və Ukraynanın bərabər şəkildə (təcavüzkar-qurban fərqi yoxdur) “öhdəlikləri” haqqında danışdı və adı açıqlanmayan tərəflərdən 2020-ci ilin iyulunda atəşkəs rejimini bərpa etmələrini xahiş edərək, münaqişə tərəflərinin tərifini qarışdırdı.

Dekabrın 6-da Blinken İsveç İctimai Televiziyasına deyib ki, “Minsk razılaşmaları Donbas və ya Ukraynanın şərqi ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün ən yaxşı yoldur”.

Dekabrın 7-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan (həmin gün Bayden-Putin arasında keçirilmiş video-söhbət haqqında mediaya brifinq verərək) administrasiyanın Minsk “razılıqları” üstəgəl “etimad quruculuğu tədbirləri”nin həyata keçirilməsinə dəstəyini təsdiqlədi . Dövlət katibinin müavini Viktoriya Nuland da Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində bu sözləri təkrarladı. Nuland (ovaxtkı dövlət katibi Con Kerri ilə birlikdə) Barak Obama administrasiyası dövründə Kiyevdən “xüsusi status”un qüvvəyə minməsini qətiyyətlə tələb etmişdi.

Dekabrın 9-da Ukraynanı Putinlə iki gün əvvəl apardığı söhbət barədə məlumatlandıran Bayden “ABŞ-ın Minsk razılaşmalarının həyata keçirilməsini irəlilətmək üçün etimadın möhkəmləndirilməsi tədbirlərinə dəstək verməyə hazır olduğunu vurğuladı”.

Dekabrın 13-15-də ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Kiyev və Moskvada danışıqlar aparıb və “Minsk razılaşmalarının həyata keçirilməsi yolu ilə Donbasda münaqişəyə son qoyulması istiqamətində irəliləyiş əldə ediləcəyinə” ümid etdiyini bildirib. O qeyd edib ki, ABŞ Ukrayna və Rusiya ilə sıx əməkdaşlıq edərək onların diqqətini Minsk razılaşmalarının yerinə yetirilməsinə yönəldəcək.

Beləliklə, dövlətlərarası münaqişə zahirən lokal xarakter daşıyır, Rusiya və Ukraynanın isə “bu münaqişəyə son qoymaq” üçün simmetrik öhdəlikləri var. Bu cür simmetriya, əgər Ukrayna “öz” öhdəliklərini yerinə yetirsə, o zaman Rusiya “münaqişəyə son qoymaq” məcburiyyətində qalmaya bilər deməkdir. Bu, Rusiyanın beynəlxalq hüquqa uyğun olaraq “münaqişəyə son qoymaq” öhdəliyini Ukraynanın Donetsk-Luqansk qarşısında, beləliklə, praktikada Rusiya qarşısında mövcud olmayan bəzi “öhdəlikləri” yerinə yetirməsi ilə şərtləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin