"Təcrübəli komandirlərimizin sayəsində düşmənin əks-hücumlarının da qarşısını qətiyyətlə aldıq"

2022/01/17c97-1641634689.jpg
Oxunub: 888     16:22     15 Yanvar 2022    
Böyük Qələbəni bizə yaşadan oğullarla tanış olmaq üçün işğaldan azad olunan rayonlarımızdan birinə yollanırıq. Artıq bir ildən çoxdur ki, Vətən müharibəsinin iştirakçıları ilə həmsöhbət olur, onların döyüş və həyat yolunu qələmə alır, xatirələrini dinləyirik.

Savaş qələbə ilə başa çatıb. Qışın şaxta-sazağında, yayın istisində xidmət edən oğullarımızdan biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rasim Nağıyevdir. Gənc olmasına baxmayaraq kifayət qədər təcrübəli və yüksək hərbi intizama malik müsahibim həm də komandirlərin rəğbət bəslədiyi, qarşıya qoyulan tapşırıqları vaxtında və dəqiq yerinə yetirən hərbi qulluqçulardandır. "Qarış-qarış azad olunan tarixi ərazilərimizi öz qanı və canı ilə Vətən torpağına birləşdirən oğulların ruhu şad olsun, qazilərimizə Allah şəfa versin", - deyə Rasim söhbətə başladı. "O döyüşü yaşayanlar bilirlər ki, hər qarışın azad olunması üçün gecə-gündüz, müxtəlif relyeflərdə, dəyişkən hava şəraitində düşmənə qarşı mübarizə aparılıb. Müharibə filmlərdə görüldüyü kimi deyil. Güc, iradə, cəsarət və ən əsası hazırlıqlı olmaq gərəkdir. Döyüşə hazır olduğun qədər gərək özünü də, şəxsi heyəti də qorumağı bacarasan və hər hansı baş verə biləcək təhlükəyə vaxtında reaksiya verə biləsən. Ərazilər əsasən dağlıq relyef olduğundan, hər hansı iriçaplı mərminin qayaya çırpılması zərərvurma dərəcəsini daha da artırırdı. Ona görə də döyüşün istər düzənlikdə, istərsə də dağlıq ərazidə aparılmasının xüsusi incəlikləri var ki, müharibədə biz bu təcrübələri uğurla tətbiq etdik. Təcrübəli komandirlərimizin sayəsində düşmənin əks-hücumlarının da qarşısını qətiyyətlə aldıq. Hər qoşun növü öz üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəldi. Bir sözlə, rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər birimiz dəmir yumruq kimi birləşdik, bir amal uğrunda döyüşdük - Vətən sevgisi idi bu amalımızın kökündə duran əsas şərtlərdən biri. Heç kim qisasdan, xalqımızın qəlbində qubara çevrilən yurd həsrətinə son qoymaqdan başqa bir şey fikirləşmirdi. Qısa müddətdə döyüş meydanında böyük uğur qazanan rəşadətli ordumuz ərazi bütövlüyümüzü təmin etdi, şəhidlərimizin qisasını aldı. Azərbaycan əsgəri polad iradəsi, yüksək döyüş ruhu ilə qazandığı zəfər nəticəsində təkcə regiona deyil, dünyaya vətənpərvərlik nümunəsi göstərdi. 44 günlük qətiyyətli döyüş Böyük Qələbə ilə tamamlandı".

Hazırda işğaldan azad olunan əzəli və əbədi torpaqlarımızda xidmət etmənin necə bir hiss olduğunu soruşduqda həmsöhbətim qeyd etdi ki, Vətənin hər qarışı gözəldir. Onun bu peşəyə yiyələnməsində birbaşa rol oynayan faktorlardan biri də düşməni torpaqlarımızdan qovmaq istəyi olub. "Gənc yaşlarımdan istər evdə, istərsə də məktəbdə erməni canilərinin vəhşiliklərini dinləmişəm. 44 günlük Zəfər tarixinin kiçik bir parçası olmaq da, işğaldan azad olunmuş səfalı ərazilərimizdən birində xidmət aparmaq da böyük qürurdur. Vətəndəyik... Bu gün şanlı bayrağımız bütün işğaldan azad edilən ərazilərimizdə dalğalanır. Bir vətəndaş olaraq qarşımızda duran əsas məqsədlərdən biri şəhidlərimizin qanı ilə bütünləşən Vətən torpağını göz bəbəyimiz kimi qoruyub, gələcək nəslə ötürməkdir. Bu gün hər bir azərbaycanlı ötən ilin 27 sentyabrında başlayan və 44 gün davam edən qəhrəmanlıq tarixi ilə qürur duyur. Bu gün Ali Baş Komandanımızın və xalqımızın bizə inamı tamdır, biz də öz növbəmizdə göstərilən etimadı layiqincə doğrultmalı, müqəddəs vəzifəyə məsuliyyətlə yanaşmalı, xidmətimizi düzgün təşkil etməliyik".

Xalqın qüruru, inamı olan döyüşçülərimizlə həmsöhbət olduqdan sonra bir daha əmin oluram ki, ürəyi Vətən eşqi ilə döyünənin döyüş meydanında ayağı büdrəməz, biləyi bükülməz. Əziz hərbçilərimiz Qələbə və uğurlarınızın bol olması diləyi ilə...

Fuad Cəfərov "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin