Ermənistan ordusunda itki, yaralanma, qəza və korrupsiya hadisələri – İLLİK HESABAT

2019/12/fe8ad-1577772996.jpg
Oxunub: 3116     15:02     31 Dekabr 2021    
Ordu.az ​2021-ci ilin yanvar ayının 1-dən dekabr ayının 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza, fərarilik və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

İl ərzində olan nəticələrə görə, Ermənistan ordusunda 50 (19-u təxribata cəhd, 6-sı qəza, 6-sı naməlum, 5-i güllələnmə, 5-i silahla davranış qaydalarının pozulması, 4-ü intihar, 1-i döyüş xidmətinin təşkili qaydalarının pozulması, 1-i döyülmə, 1-i qumbara partlayışı, 1-i infarkt, 1-i ürək-ağciyər çatışmazlığı) ölüm hadisəsi qeydə alınıb.

Düşmən ordusunda bu ilin rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 69 nəfər (30-u qəza, 15-i təxribata cəhd, 10-u döyülmə, 4-ü güllələnmə, 4-ü ehtiyatsızlıq, 3-ü intihara cəhd, 2-si partlayış, 1-i naməlum) yaralanıb. Noyabrın 16-da və dekabrın 10-da baş verən təxribatlar zamanı yaralananlar barədə məlumat verilməyib. Mətbuatda yüzlərlə şəxsin yaralandığı və fərarilik etdiyi bildirilir.

Həmçinin 12 fərarilik, 5 cinayət, 3 mənimsəmə faktı aşkarlanıb. Fərarilik, cinayət və mənimsəmə hallarının daha çox olduğu ehtimal edilir.

Qeyd olunan müddət ərzində ona yaxın korrupsiya faktı müəyyən edilib.

13 yanvar

Qarabağın şərq istiqamətində qanunsuz yerləşdirilmiş hərbi hissələrin birində 18 yaşlı hərbi qulluqçu ölüb. İlkin məlumatlara görə, 2002-ci il təvəllüdlü Radik Edqar Tatosyanın ölüm səbəbi ürək-ağciyər çatışmazlığıdır.

15 yanvar

Saat 12:00 radələrində Qarabağda təxribata cəhd edən erməni hərbi qulluqçu yaralanıb. Yaralanan erməni hərbi qulluqçu 2000-ci il təvəllüdlü Vardan Vaçaqan Kirakosyandır.

21 yanvar

Ermənistan silahlı qüvvələrinin əsgəri Qor Asadyan yanvar 21-i tarixində məzuniyyətdən qayıtmalı olduğu halda, bu günədək xidmət yerinə gəlməyib. Fərarilik faktı hüquq-mühafizə orqanlarından gizlədilsə də, hərbi polis əsgərin tapılması və xidmət yerinə qaytarılması ilə bağlı tədbirlər görür.

Bununla yanaşı, Ermənistan ordusunun hərbi hissələrində son vaxtlar tez-tez silah itməsi, yaxud oğurlanaraq satılması qeydə alınıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin 5-ci Ordu korpusunun həmlə-desant taborunda keçirilən yoxlama zamanı bir ədəd atıcı silahın “itməsi” qeydə alınıb.

28 yanvar

Ermənistanın Koxb yaşayış məntəqəsində yerləşən 543-cü əlahiddə motoatıcı alayda insident yaşanıb. Hərbi hissədə gənc əsgərlər və daha çox xidmət edən əsgərlər arasında kütləvi dava baş verib. Hadisəyə səbəb gənc əsgərlərə verilən təzə əşyaların əllərindən alınaraq əvəzinə köhnələrin, hətta istifadəyə yarasız olanların verilməsidir.

Faktla bağlı Ermənistan ordusunun 3-cü ordu korpusunun qərargahından bir neçə yüksək rütbəli zabit təcili olaraq Koxb məntəqəsinə gələrək hadisə ilə bağlı araşdırma aparıb.

8 fevral

Saat 12:40 radələrində müvaqiləli hərbi qulluqçu Edvard Karlen Kirakosyan (1994-cü il təvəllüdlü, Tavuş hərbi komandanlığı) Ermənistanın şimal-şərq hissəsində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində qəfildən ölüb.

11 fevral

Ermənistanda hərbi hissələrindən birində eyni gündə tabor komandiri və bölük komandiri də daxil olmaqla bir neçə hərbi qulluqçu fərarilik edib. Hərbi polis tərəfindən əsgərlərin bəziləri xidmət yerinə qaytarılsa da, hərbi qulluqçular Darnik Saroyan və Henriki Tatevosyanın axtarışları davam edir.

Komandanlıq kütləvi fərarilik faktını ört-basdır etmək məqsədilə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

25 fevral

Ermənistan ordusunda hərbi qulluqçuların müxtəlif vəzifələrə təyin edilməsi üçün böyük miqdarda rüşvət vermələri ilə bağlı çoxlu sayda qalmaqal yaşanır. Sosial şəbəkələrdə paylaşılan məlumatlar onu göstərir ki, erməni ordusunda rüşvətxorluq baş alıb gedir və müdafiə nazirliyi bunun heç cür qarşısını ala bilmir.

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində zabitlərdən yuxarı vəzifəyə təyin olunmaq, tabor komandiri olmaq üçün 7000 ABŞ dolları, bölük komandiri vəzifəsinə təyin olunmaq üçün 2500-4000 ABŞ dolları, müqaviləli hərbi xidmət üçün isə 1000- 2000 ABŞ dolları arasında rüşvət tələb olunur. Sosial şəbəkələrdə yazılan məlumatlarda o da iddia olunur ki, yerindən asılı olaraq qiymətlər dəyişilə bilər. Yəni “yaxşı” yerə təyin olunmaq üçün yaxşı da rüşvət tələb olunur. Maraqlı odur ki, Ermənistan müdafiə nazirliyi həm rüşvətxorluq halları, həm də bununla bağlı yayılan məlumatlara heç bir reaksiya vermir.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin 3 hərbi qulluqçusu hərbi xidmətdən yayınıb. Armavir hərbi komissarlığından hərbi xidmətə çağırılan və manqa komandiri vəzifəsində xidmət edən kiçik çavuş Halbert Msryan fərarilik edib, Vahe Danilyan və Aram Hovanesyan isə məzuniyyətdən qayıtmaqdan imtina ediblər.

18 mart

44 günlük müharibə zamanı Ermənistanın Qarabağda yerləşdirdiyi qanunsuz "hərbi birləşmə"nin hərbi hissələrinin birinin təlim taborunun komandiri tabeçiliyində olan şəxsi heyətin rəisi olmaqla döyüş əməliyyatları zamanı öz birbaşa rəisinin əmrini yerinə yetirməyib. Döyüş zamanı komandir döyüş sahəsini özbaşına şəkildə tərk edib, nəticədə hərbi hissənin təlim taborunun şəxsi heyətindən məcburi müddətli hərbi qulluqçular ölüblər, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və əsir düşüblər, bu şəkildə ağır nəticələr yaranıb.

Əldə edilmiş yetərli qədər sübutların birləşdirilməsi ilə komandir İ.Vahanyana qarşı Ermənistan cinayət məcəlləsinin 356-cı maddəsinin 3-cü hissəsi və 380-ci maddəsinin 1-ci hissəsi ilə ittham irəli sürülüb.

22 mart

Ermənistan MN-dən Cermuk hərbi hissəsindən iki hərbi qulluqçunun itkin düşdüyünü bildiriblər. İtkin düşmüş erməni hərbi qulluqçulardan biri ölüb, digəri xəstəxanadadır. Sonuncunun vəziyyəti ağır olaraq qiymətləndirilir.

3 aprel

Ermənistanın Armavir vilayətində avtoqəza baş verib. Saat 15:40 radələrində Armavir şəhər sakini, 25 yaşlı Karen Manukyan idarə etdiyi VAZ-2108 markalı avtomobillə İrəvan-Armavir avtomobil yolunun 32-ci kilometrliyində hələlik naməlum şəraitdə yolun hərəkət zolağından çıxıb, ağaclara çırpılıb və yanı üstə aşıb.

Qəza nəticəsində sərnişin, Armavir vilayəti sakini, 22 yaşlı Arqam Qriqoryan bədən xəsarətləri ilə "Metsamor" tibb mərkəzinə köçürülüb. Məlumata görə, A.Qriqoryan Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir.

5 aprel

Ermənistanın Kotayk vilayətində, Aramus kəndinin inzibati ərazisində qəza baş verib. Qəza nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları İrəvan sakini, 33 yaşlı Sevak Vahradyan, Gümrü sakini, 34 yaşlı Suren Harutyunyan, Qeğarkunik vilayətinin Kartsağbyur kəndinin sakini, 27 yaşlı Davit Avdalyan, İrəvan sakini, 33 yaşlı Aram Badalyan, Tavuş vilayətinin Berd şəhərinin sakini, 29 yaşlı Levon Mkrtumyan və Tavuş vilayətinin sakini, 23 yaşlı Qarik Antonyandır. Qəza nəticəsində L.Mkrtumyan və A.Badalyan yerində ölüblər.

8 aprel

Ermənistan ordusunun hərbi qulluqçuları arasında son vaxtlar hərbi xidmətdən yayınma, xidmət yerini özbaşına tərk etmə və məzuniyyətdən gecikmə halları artmaqda davam edir.

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin hərbi qulluqçusu xidmət yerindən qaçıb. Qafan ərazisindəki postdan fərarilik edən Orber Ayvazyanın tapılması və geri qaytarılması ilə bağlı komandanlıq tədbir görür.

****

Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birində baş verən hadisə əsgər valideynləri arasında böyük narazılığa səbəb olub. Hərbi hissədə mövcud olan acınacaqlı vəziyyət səbəbindən xidmət etmək istəməyən daha bir erməni əsgər özünü güllələyib.

Yayılan xəbərlərdə deyilir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən, tank taborunun əsgəri Aram Qriqoryan tabeliyində olan silahdan atəş açaraq özünü başından vurub.

****

Ermənistan ordusunun mövcud olan qanunsuzluqlar səbəbindən son vaxtlar hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlər zəminində cinayət hallarının sayı çoxalmaqdadır.

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində tibb məntəqəsinin sürücüsü vəzifəsində xidmət edən Artur Balayan daha çox xidmət keçmiş əsgərlər tərəfindən vəhşicəsinə döyülüb. Müxtəlif bədən xəsarətləri alan A.Balayan tibb məntəqəsinə yerləşdirilib.

16 aprel

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmətə yeni çağrılan 2-ci motoatıcı taborun əsgəri Rafael Minasyan daha çox xidmət edən “ded”lər tərəfindən amansızlıqla döyülüb. Müxtəlif ciddi bədən xəsarətləri alaraq tibb məntəqəsinə yerləşdirilən R. Minasyan yenidən belə təzyiqlərlə üzləşmək qorxusu səbəbindən heç kimdən şikayətçi olmayacağını bildirib.

Hadisəni ört-basdır etməyə çalışan hərbi hissə komandanlığı tərəfindən faktla bağlı hərbi qulluqçunun ailəsinə və hüquq mühafizə orqanlarına məlumat verilməyib.

20 aprel

Ermənistanın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin yaxınlığındakı ərazidə müddətli erməni hərbi qulluqçu Narek Xaçatryan ağacdan asılı vəziyyətdə tapılıb.

21 aprel

Ermənistan müdafiə nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmətə yenicə başlayan gənc əsgərlər Samvel Saakyan və Aleksey Qabrielyan daha çox xidmət edən hərbi qulluqçular tərəfindən dəfələrlə döyüldüyü faktı ortaya çıxıb. Sonuncu dəfə daha amansızlıqla döyülərək müxtəlif ciddi bədən xəsarətləri aldıqları üçün tibb məntəqəsinə müraciət etməyə məcbur qaldıqdan sonra hərbi hissə komandiri hərbi polisə məlumat verib. Lakin yenidən fiziki və mənəvi işgəncələrə məruz qalacaqlarından qorxan S. Saakyan və A. Qabrielyan kimlər tərəfindən döyüldüklərini deməkdən və şikayət etməkdən imtina edirlər.

4 may

Saat 20:00 radələrində Ermənistanın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində növbətçilik zamanı xidmət yoldaşı tərəfindən silahdan istifadə qaydalarının pozulması nəticəsində açılmış atəşdən müddətli hərbi qulluqçu, sıravi Artyom Hovik Melkonyan (2002-ci il təvəllüd, 2020-ci ilin 2-ci hərbi çağırışı, Qeğarkunik vilayəti) ölümcül odlu silah yarası alaraq ölüb.

****

İrəvanda baş vermiş böyük avtoqəza nəticəsində Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində taqım komandiri A.Hovhannisyan, manqa komandiri S.Çobanyan yaralanıb.

20 may

2021-ci il mayın 20-də, saat 19:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin MTLB tipli zirehli texnikası daimi dislokasiya yerindən tətbiq rayonlarına gedərkən Sisian-Mutsk yolunun 15-ci kilometrliyində yoldan çıxıb və təxminən 100 metr dərəyə yuvarlanıb, nəticədə texnikanın mexanik-sürücüsü, məcburi müddətli erməni hərbi qulluqçu Arman Vahram Hambaryan aldığı bədən xəsarətlərindən ölüb, texnikada olan üç məcburi müddətli erməni hərbi qulluqçu və hərbi hissənin zirehli tank xidmətinin rəisi bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

24 may

Saat 17:40 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qulluq edən Mkrtıç Hovhannes Hovhannisyan silahdan istifadə qaydalarını pozması nəticəsində ölüb.

31 may

Gorus rayonu ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus maşının sürücüsünün idarəetməni itirməsi nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində hərbi qulluqçular Emil Ağamalyan və Vağaş Soqomonyan ağır şəkildə yaralanıblar.

7 iyun

Ermənistanın Kirovakan rayonundan xidmətə çağırılan hərbi qulluqçu Martin Saakyan “dedovşina”nın növbəti qurbanı olub. Belə ki, M.Saakyan daha çox xidmət etmiş əsgərlərin göstərişini yerinə yetirməkdən imtina etdiyi üçün vəhşicəsinə döyülüb. Yenidən təhqirlərə məruz qalmaqdan qorxduğu üçün o şikayət etməyib və ciddi xəsarətlər almasına baxmayaraq döyülən hərbçi tibb müəssisəsinə yerləşdirilməyib.

****

Ermənistan ordusunun hərbi hissələrindən birində komandirin vəzifə səlahiyyətlərini aşması səbəbindən baş verən cinayət nəticəsində tabor komandiri gənc zabiti döyüb. Yeni xidmətə başlayan leytenant Armen Xaçatryan tabor komandirinin qanuna zidd hərəkətlərinə və təhqirlərinə etiraz etdiyi üçün döyülüb. Komandanlıq döyülmə faktını ört-basdır etmək istəyir. Fiziki və mənəvi təhqirlərə məruz qalan leytenant A.Xaçatryan xidmət yerinin dəyişdirilməyəcəyi təqdirdə hərbi prokurorluğa şikayət edəcəyini bildirib.

17 iyun

Ermənistan silahlı qüvvələrinin Gorus rayonu ərazisində yerləşən hərbi hissələrindən birində daha bir əsgər nizamnamədənkənar münasibətlər zəminində baş verən cinayətin qurbanı olub. Əsgər Maksim Antonyan daha çox xidmət etmiş hərbi qulluqçular tərəfindən edilən təhqirlərə və nalayiq söyüşlərə etiraz etdiyi üçün vəhşicəsinə döyülüb.

Müxtəlif bədən xəsarətləri aldığı üçün tibb məntəqəsinə müraciət etməsinə baxmayaraq o, qorxduğuna görə şikayət etməyəcəyini deyib. Faktı ört-basdır edən hərbi hissə komandanlığı əsgər M.Antonyanın döyülməsi hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

30 iyun

Ermənistan ordusunun hərbi hissələrindən birində xidmət edən iki hərbi qulluqçunu rüşvət verərək məzuniyyətə getməsi barədə faktın ortaya çıxması valideynlər arasında böyük narazılıqlara səbəb olub. Biabırçı rüşvət faktının ortaya çıxmasına səbəb isə əsgərlərin məzuniyyətdən gecikməsi olub.

Bildirilir ki, əsgər Nver Danielyan və İsxan Sargsyan rüşvət verərək məzuniyyətə gediblər, lakin hərbi hissəyə qayıdarkən hərbi polis tərəfindən sənədləri yoxlanarkən onların məzuniyyətdən bir neçə gün gec qayıtdıqları məlum olub. Hərbçilərin hərbi xidmətdən yayındıqları ilə bağlı məsələ qaldırılarkən, onların rüşvət müqabilində məzuniyyətə getdiyi aşkar edilib.

****

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində daha bir əsgər nizamnamədənkənar münasibətlər zəminində baş verən hadisənin qurbanı olub. Əsgər Artur Petrosyan fiziki və mənəvi təhqirlərə boyun əymədiyi üçün xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb. Bir neçə yerdən müxtəlif xəsarətlər alan hərbi qulluqçu hospitala yerləşdirilib.

8 iyul

Axşam saatlarında Ermənistan ordusunun hərbi hissəsinə məxsus “Niva” markalı 37AA07 dövlət nömrə nişanlı maşının qarşısı naməlum şəxslər tərəfindən kəsilib. “Pajero” markalı maşınla hərbi maşının qarşısını kəsən iki naməlum şəxs qısa mübahisədən sonra müqavimət göstərməyə çalışan “Niva”nın sürücüsü Armen Yegyanı döyərək maşını onun əlundən aldıqdan sonra hadisə yerindən uzaqlaşıblar.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü A.Yegyan mülki şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb. Belə bir cinayətin törədilməsinə səbəb isə maşını sürücünün əlindən zorla alan şəxslərə hərbi hissə komandirinin külli miqdarda pul borclu olmasıdır.

****

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən əsgər müalicəsi bitdikdən sonra hərbi hissəyə qayıtmamaq qərarına gəlib. Əsgər Hrayır Yesoyan hərbi hospitalda müalicəsi sona çatdıqdan sonra xidmət yerinə qayıtmaqdan imtina edərək evlərinə qaçıb.

****

Gorus rayonunda yerləşən Ermənistan ordusunun hərbi hissələrindən birində hərbi qulluqçular arasında kütləvi dava olub. Spirtli içki qəbul edən bir neçə hərbi qulluqçu arasında axşam saatlarında başlayan mübahisə sonradan kütləvi davaya çevrilib. Davaya səbəb isə hərbi qulluqçu Narik Abelyanın xidmət yoldaşlarına qarşı etdiyi nalayiq hərəkət olub. Dava nəticəsində bir neçə hərbçinin müxtəlif dərəcəli xəsarətlər aldığı, Q.Avetisyan soyadlı hərbçinin isə hospitala yerləşdirildiyi məlum olub.

10 iyul

Ermənistanın Ararat vilayətində böyük avtoqəza baş verib. Saat 02:10 radələrində İrəvan-Yerasx avtomobil yolunun 16-cı kilometrliyində 27 yaşlı Ruben Qriqoryanın idarə etdiyi "Opel" markalı avtomobillə Ermənistan Müdafiə Nazirliyinin balansında olan "UAZ Pickup" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində "UAZ Pickup" markalı avtomobil aşıb. Qəza nəticəsində 28 yaşlı X.Narek, 23 yaşlı S.Qrişa, 30 yaşlı T.Hraç, 26 yaşlı S.Seryoja və daha 1 nəfər "Erebuni" tibb mərkəzinə yerləşdirilib. Yaralılardan biri yolda huşunu itirərək ölüb. Məlumata görə, erməni hərbi qulluqçular sərxoş vəziyyətdə olublar.

12 iyul

Ermənistanın Lori vilayətində hadisə baş verib. Saat 18:50 radələrində sakinlər və Ermənistan polisinin Stepanavan bölməsinin icma polis şöbəsinin müfəttişi H.Qazaryan tərəfindən Ermənistan polisinin Stepanavan bölməsinə məlumat verilib ki, gəzinti zamanı bir qrup şəxslər onlara yaxınlaşıblar. Onlar bildiriblər ki, Stepanavan şəhər körpüsünün mərkəz hissəsində bir nəfər sakin körpünün dəmir barmaqlıqlarının təhlükə xəttini keçib və özünü aşağı atmaq istəyir. Polislər intihar etmək istəyən şəxslə bir müddət danışıqlar aparıblar və daha sonra o, bu addımı atmaqdan imtina edib və Stepanavan polis rəisinin müşayiəti ilə Ermənistan polisinin Stepanavan şöbəsinə aparılıb. Məlumata görə, intihara cəhd edən şəxs Ermənistanın Lori vilayətinin 27 yaşlı sakinidir, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir və şəxsi problemlərinə görə bu addımı atmaq istəyib.

14 iyul

Səhər saatlarında dumanlı şəraitdə təhkim edilmiş hərbi avtomobillə hərəkət edən Ermənistanın cənub-şərq istiqamətində yerləşən "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Artur Nalbandyan və sürücü Aramayis Torozyanla əlaqə kəsilib.

15 iyul

Ermənistanın Araqartsotn vilayətində böyük avtoqəza baş verib. Saat 04:00 radələrində Gümrü sakini, 29 yaşlı Gevorq Hakobyan idarə etdiyi “Volkswagen” markalı avtomobillə İrəvan-Gümrü avtomobil yolunun 64-cü km hissəsində yolun hərəkət zolağından çıxıb, yolun kənarında olan daşlara çırpılıb. Qəza nəticəsində sürücü Q.Hakobyan bədən xəsarətləri ilə “Talin” tibb mərkəzinə yerləşdirilib. Məlumata görə, sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

16 iyul

İyulun 16-da Ermənistanın Qeğarkunik vilayətində böyük avtoqəza baş verib. Saat 19:50 radələrində Vanadzor şəhər sakini, 34 yaşlı M.Aren idarə etdiyi "Opel Astra" markalı avtomobillə Sevan-Martuni-Qeğap avtomobil yolunun 8.6-cı km hissəsində hələlik naməlum şəraitdə yolun hərəkət zolağından çıxıb və aşıb. Qəza nəticəsində sürücü M.Aren, sərnişinlər, Vanadzor sakinləri, 31 yaşlı M.Tatev, 7 yaşlı M.Yeva, 3 yaşlı M.Hayk, 58 yaşlı M.Zaruhi, 15 yaşlı S.Yelena, 11 yaşlı S.Hraçya və 32 yaşlı M.Davit bədən xəsarətləri ilə "Sevan" tibb mərkəzinə yerləşdiriliblər. Məlumata görə, sürücü M.Aren Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ximdət edir, sərnişinlər isə onun ailə üzvləridir.

****

İyulun 16-da, saat 21:40 radələrində döyüş növbətçiliyinin yerinə yetirilməsi zamanı silahla davranış qaydalarının pozulması nəticəsində xidmət yoldaşı tərəfindən səhlənkarlıqla açılmış atəşdən Ermənistan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinin məcburi müddətli hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü sıravi Artur Xaçatur Qazaryan ölümcül odlu silah yarası alaraq ölüb.

20 iyul

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində baş verən hadisə nəticəsində daha bir əsgər ağır xəsarət alıb. Park təsərrüfat günündə zirehli texnikaya texniki qulluq zamanı ehtiyatsızlıq səbəbindən baş verən hadisə nəticəsində 2020-ci ildə hərbi xidmətə çağırılmış 3 tabor 9-cu bölüyün əsgəri Hrayr Sarkisyanın sağ ayağı bud nahiyəsindən sınıb. Hərbi hissə komandanlığı baş verən insidenti ört-basdır etməyə çalışsa da, hadisədən xəbər tutan hərbi polis hərbi qulluqçu H.Sarkisyanın xəsarət alması faktı ilə bağlı araşdırmaya başlayıb.

21 iyul

İyulun 21-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələrinin yaraqlılarından biri özünə sui-qəsd edib. Xidmətin çətinliyinə dözməyən hərbi qulluqçu Samvel Dadunts avtomatla özünü qarnından güllələyib.

23 iyul

İyulun 23-ü günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Vayk yaşayış məntəqəsində yerləşən hərbi hissəsində ölüm hadisəsi qeydə alınıb. Hərbi hissədə məsul vəzifələrdən birində xidmət edən erməni zabiti Ararat Mesropyan qəflədən ölüb. Araşdırmalar nəticəsində məlum olub ki, A.Mesropyanyın ölümünə səbəb infarkt keçirməsi olub. A.Mesropyanyın xidmət yoldaşlarının dediklərinə görə, hərbi hissə komandiri ona qarşı zorakılıq tətbiq edərək qeyri-qanuni əməllərə məcbur edirdi. Zabitlər ehtimal edirlər ki, o, məhz bu səbəbdən infarkt keçirərək ölüb.

****

Ağdərə yaşayış məntəqəsində qanunsuz erməni silahlı dəstələrinin minamyot batareyasının komandiri David Mıkırtıçyan silahlanmada istifadəyə yayarsız olan xeyli sayda mərmiləri utilizasiya etmək qərarına gəlib. Şahidlərin sözlərinə görə, mərmi ilə ilə dolu xüsusi qutuların bir ərazidən digər əraziyə daşınması zamanı xidmət yoldaşı ilə mübahisə edən hərbi qulluqçu D.Mıkırtıçyanın sağ əli qutuların arasında qalaraq sınıb.

24 iyul

Saat 05:30 radələrində Ararat vilayətinin sakini 35 yaşlı Arsen Mirzoyan idarə etdiyi “VAZ 2121” markalı avtomobillə İrəvan-Yerasx avtomobil yolunun 51-ci kilometrliyində Ararat kəndinin inzibati ərazisində yolun hərəkət zolağından çıxıb, yolun kənarında olan ağaca çırpılıb və aşıb. Məlumata görə, qəza nəticəsində sürücü A.Mirzoyan yerindəcə ölüb. Qeyd olunur ki, sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində taqım komandiri kimi qulluq edirdi.

26 iyul

İyulun 26-da, saat 22:26 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz "hərbi birləşmə"nin hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Sarkis Jirayr Qriqoryan naməlum şəraitdə ölümcül yara alaraq ölüb.

28 iyul

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 3 hərbi qulluqçusu məhv edilib, 5-i yaralanıb.

****

Ermənistanın Lori vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki erməni hərbçi yaralanıb. Hadisə iyulun 28-də yerli vaxtla sərhər saatlarında Spitak-İrəvan avtomobil yolunun 9-cu km-liyində baş verib. Məlumata görə, Şirak vilayətinin sakini, 30 yaşlı sürücü Mher Qriqoryanın idarə etidiyi BMW markalı avtomobil hərəkətin əks istiqamətindəki zolağa çıxaraq bir neçə dəfə aşıb. Nəticədə nəqliyyat vasitəsindəki 34 yaşlı Artyom Hakobyan və sürücü yaralanıb.

29 iyul

İyulun 29-u Azərbaycanın Ermənistanla dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribat törədən erməni hərbçisi yaralanıb.

****

Ermənistanın Şirak vilayətində İrəvan-Meğri avtomobil yolunun 204-cü kilometrliyində baş verən yol qəzası nəticəsində, müharibə zamanı darmadağın edilmiş “Yeğnikner” hərbi hissəsinin 27 yaşlı zabiti Aram Xaçatryan ağır yaralanıb.

30 iyul

Avtomobil qəzası nəticəsində Ermənistan silahlı qüvvələrinin üç zabitinin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı barədə məlumat ictimaiyyətdən gizlədilir. Rəhbərlik tərəfindən faktın ört-basdır edilməsi narazılığa səbəbə olduğundan, qəza barədə zabitlərin qohumları və hadisənin şahidləri sosial şəbəkələrdə paylaşımlar ediblər. Məlumatda bildirilir ki, avtomobil qəzası nəticəsində yaralanan hərbi hissənin qərargah rəisi və komandirin texnika üzrə müavini ağır vəziyyətdə hospitala çatdırılıb. Üçüncü hərbi qulluqçu isə müayinədən sonra evlərinə buraxılıb. Hadisənin şahidləri bildiriblər ki, qəzaya uğrayan avtomobil tam yararsız hala düşüb.

****

Ermənistan ordusunda hökm sürən xaos, baş alıb gedən nizamnamədən kənar münasibətlər, özbaşınalıq, ruh düşkünlüyü səbəbindən son bir neçə gün ərzində hərbi qulluqçular arasında bir neçə özünəqəsd faktı qeydə alınıb. Hərbi hissələrin birində postda xidmət edən hərbi qulluqçu Karen Ağacanyan ona təhkim olunmuş silahdan atəş açmaqla özünə qəsd edib. Ağır vəziyyətdə hərbi hospitala çatdırılan K. Ağacanyannın nədən bu addımı atdığı araşdırılsa da, faktla bağlı Ermənistan Müdafiə Nazirliyi heç bir rəsmi məlumat verilməyib.

****

Son vaxtlar Ermənistan ordusunda adi hal alan faktlardan biri də rüşvətxorluqdur. Bu günlərdə hərbi hissələrdən birində ortaya çıxan rüşvətxorluq faktı böyük narazılığa səbəb olub. Ararat vilayətinin Armaş qəsəbəsində yerləşən hərbi hissədə qulluq edən hərbçilər ehtiyata buraxılmaları barədə müraciət ediblər. Hərbi qulluqçular Edqar Zavtilyan, Artur Volodyan, Qriqoru Qriqoryandan tərxis olunmaları üçün böyük miqdarda rüşvət tələb olunub. Hərbi qulluqçular hələlik hüquq mühafizə orqanlarına müraciət etməsələr də yaxın vaxtlarda ehtiyata buraxılmasalar, rüşvət tələb edən şəxs barədə hərbi prokurorluğa ərizə yazacaqları haqda komandanlığı xəbərdar ediblər.

****

Ermənistan ordusunun şəxsi heyəti arasında geniş yayılan spirtli içkilərə aludəlik səbəbindən baş verən cinayətlərin sayı artıb. Bu günlərdə Ararat şəhərində içkili vəziyyətdə nalayiq hərəkətlərə yol verən daha bir hərbçi həbs edilərək yerli polis bölməsinə aparılıb. Şəhərdəki kafelərdən birində yüksək dozada spirtli içki qəbul edən Mariam Petrosyan kafe əməkdaşları ilə mübahisə edib. Kafedən qovulduqdan sonra şəhər sakinlərinə qarşı nalayiq hərəkətlər edən M.Petrosyan polislər tərəfindən saxlanılıb. Bölmədə yoxlama zamanı sərxoş şəxsin hərbçi olduğu məlum olduqdan sonra o, hərbi polisə təhvil verilib.

****

İyulun 30-da Ermənistanın Ararat vilayətində avtoqəza baş verib. Saat 01:30 radələrində Norapat-Haykavan avtomobil yolunun 2-ci kilometrliyində 42 yaşlı Qeğam Manukyanın idarə etdiyi Mercedes markalı avtomobillə Qafan şəhər sakini, 42 yaşlı Lazar Qriqoryanın idarə etdiyi “Mitsubishi Galant” markalı avtomobil toqquşub.

Qəza nəticəsində L.Qriqoryanın sərnişinləri, Kotayk vilayəti sakinləri, 47 yaşlı Qriqor Harutyunyan və 21 yaşlı Vahe Harutyunyan bədən xəsarətləri alıblar və “Armavir” tibb mərkəzinə yerləşdiriliblər.

Məlumata görə, qəza nəticəsində ölən sürücülərdən biri, L.Qriqoryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarında qulluq edirdi.

31 iyul

İyulun 31-də, saat 11:30 radələrində axtarış işləri nəticəsində şimal istiqamətində yerləşən hərbi hissələrdən birinin daimi yerləşmə yerindən 2,5 km uzaqlıqda naməlum şəraitdə hərbi hissəni tərk etmiş hərbi qulluqçu, 1998-ci il təvəllüdlü Parqev Nver Marqaryanın cəsədi tapılıb.


8 avqust


Ermənistan silahlı qüvvələrinin zabiti və onun hamilə arvadı ölkənin şimal-qərbində, Gümrü şəhərində yerləşən evlərin birində qumbara partlaması nəticəsində ölüb.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, hadisə yerinə gedən istintaq qrupu Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində kapitan rütbəsi ilə xidmət edən 35 yaşlı hərbçinin və 29 yaşlı hamilə həyat yoldaşının qumbara partlaması üçün xarakterik olan yaralarla meyitlərini tapıb. Hadisə barədə ətraflı məlumat verilməyib.

9 avqust

Ermənistanın Tavuş vilayətində böyük avtoqəza baş verib. İrəvan-İcevan avtomobil yolunun 138-ci kilometrliyində Qandzakar kənd sakini, 49 yaşlı Armen Nalbandyanın idarə etdiyi UAZ markalı avtomobillə Vanadzor sakini, 39 yaşlı Nairi Saruxanyanın idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobil yolun hərəkət zolağından çıxıb, UAZ markalı avtomobil aşıb. Nəticədə 2 sürücü və “Mercedes” markalı avtomobilin sərnişini, Vanadzor sakini, 42 yaşlı Rustam Ağamyan bədən xəsarətləri “İcevan” tibb mərkəzinə yerləşdirilib. Məlumata görə, xəstəxanaya yerləşdirilmiş “Mercesdes” markalı avtomobilin sürücüsü N.Saruxanyan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində komandir müavini, R.Ağamyan isə həmin hərbi hissədə müqaviləli hərbi qulluqçu kimi qulluq edir.

14 avqust

Ermənistanın Araqatsotn vilayətində, saat 06:00 radələrində Ermənistanın Şirak vilayətinin sakini, 23 yaşlı Qaqik Marqaryan idarə etdiyi VAZ 21140 markalı avtomobillə Marqara-Vanadzor-Taşir M-3 avtomobil yolunun 81-ci kilometrliyində yolun hərəkət zolağından çıxıb, böyük daşlara çırpılıb və aşıb. Qəza nəticəsində Q.Marqaryan və onun sərnişini, Ermənistanın Şirak vilayətinin sakini, 24 yaşlı Karen Boyacyan bədən xəsarətləri ilə “Aparan” tibb mərkəzinə yerləşdirilib. Məlumata görə, sürücü və sərnişin Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

18 avqust

Ermənistan ordusunun hərbi qulluqçusu, baş gizir Vahan Tatosyan orduda hökm sürən “dedovşina” nəticəsində ölüb. Tatosyan Aprel döyüşlərinin və 44 günlük müharibənin iştirakçısı olub.

****

Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu odlu silah yarası alıb. Erməni hərbi qulluqçu daxili intriqa nəticəsində yaralanıb.

19 avqust

Saat 02:15 radələrində Ermənistanın cənub-şərq istiqamətində yerləşən "N" saylı hərbi hissəsinin döyüş mövqeyində odlu silah yaraları almış sıravi erməni hərbi qulluqçular 2002-ci il təvəllüdlü Murad Aşot Muradyan, 2002-ci il təvəllüdlü Levon Rafayel Harutyunyan və 2002-ci il təvəllüdlü Qor Artak Sahakyanın meyitləri tapılıb. Onların daxili insident nəticəsində öldüyü ehtimal edilir.

22 avqust

Avqustun 22-də, saat 21:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Artur Boris Davidyan yuxarı komandanlığın icazəsi olmadan daimi yerləşmə yerindən çıxıb, bundan bir müddət sonra onunla əlaqə itib.

28 avqust

Ermənistanda 44 günlük müharibə zamanı fəaliyyətsizlik nümayiş etdirdiyinə görə artilleriyaçı zabit həbs olunub. Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, müharibə zamanı artilleriya diviziyasına cavabdeh olan, 27 sentyabr 2020-ci ildə elan edilmiş hərbi vəziyyət zamanı mayor rütbəsi daşıyan zabit həbs edilib. O, şəxsi maraqlarına və öz həyatını xilas etməyə görə fəaliyyətsizlik göstərməkdə təqsirli bilinib.

30 avqust

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı qruplaşmanın hərbi qulluqçusu Argişti Tiqran Şahnazaryan yaralanıb. Onun daxili intriqa nəticəsində yaralandığı bildirilir.

1 sentyabr

Ermənistanın cənub-qərb istiqamətində yerləşən hərbi hissələrin birində daha bir erməni hərbi qulluqçunun cəsədi tapılıb. 1982-ci il təvəllüdlü erməni hərbi qulluqçu, kiçik çavuş Geğam Lyova Sahakyanın daxili insident nəticəsində öldüyü ehtimal edilir.

3 sentyabr

Ermənistan-Azərbaycan sərhədinin Arazdəyən sektorunda erməni hərbi qulluqçu yaralanıb. İlkin məlumatlara görə, erməni əsgər öz səhlənkarlığı nəticəsində yaralanıb.

4 sentyabr

Ağadərəsi (Kotayk) bölgəsində atışma və bıçaqlanma baş verib. Saat 20:30 radələrində Abovyan tibb mərkəzində Ermənistan polisinin Kotayk şöbəsinə məlumat daxil olub ki, bir nəfər vətəndaş bıçaqlanmış vəziyyətdə sözügedən tibb mərkəzinə yerləşdirilib. Erməni polis və müstəntiqlər müəyyən ediblər ki, yaralı Ağadərəsi sakini, eyni adlı kənddən xəstəxanaya yerləşdirilmiş 21 yaşlı S.Qriqordur.

Məlumata görə, hadisədə şübhəli bilinən Q.Ara Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edir. O, cinayət aləti olan “Kalaşnikov” avtomatını erməni polislərə təqdim edib.

8 sentyabr

44 günlük müharibə zamanı hərbi təlimlərə cəlb edilmiş Qarabağda yerləşdirilən qanunsuz “hərbi birləşmə”nin “N” saylı hərbi hissəsinin təlim taborunun komandiri həbs edilib.

10 sentyabr

Ermənistan hökumətinin 2021-ci il 2 sentyabr tarixli qərarı ilə 2021-ci il sentyabrın 15-dən dekabrın 15-nə qədər rezerv qoşununun birinci qrupunun birinci kateqoriyasında qeydiyyata alınmış sıravi, gizir və zabit heyətlərinin ehtiyatda olanlarının üç aylıq yeni təlim toplanışları elan olunub. 3 aylıq təlimlərə aparılan ehtiyatda olan erməni hərbi qulluqçular hərbi hissəni tərk ediblər.

Məlumata görə, Ermənistanın hərbi polisi erməni fərarilərə qarşı cinayət işi açılması ilə bağlı prosesə başlayıb.

13 sentyabr

Saat 22:00 radələrində Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb ki, Qafanda yerləşən postlardan birində atəş səsləri eşidilib. Hadisə yerinə getmiş yerli hərbi polis əməkdaşları atışma nəticəsində 1 ehtiyatda olan erməni hərbi qulluqçunun öldüyünü, 1 nəfərin isə odlu silah yarası aldığını müəyyənləşdiriblər. Hadisənin daxili insident nəticəsində baş verdiyi ehtimal edilir.

14 sentyabr

Ermənistanda keçirilən üç aylıq təlim çərçivəsində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi, çavuş, 1978-ci ildə anadan olan Mkrtiç Hovakimyan ölüb.

****

Vedi bölgəsində bir nəfərin asılmış vəziyyətdə meyiti tapılıb. Polis meyitin Əştərək sakini 44 yaşlı Makiç. İ. adlı şəxsə aid olduğunu öyrənib, meyit kabinənin damından metal iplə asılı vəziyyətdə tapılıb.

Məlum olub ki, Makiç İ. Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi.

14 oktyabr

Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilib.

3 noyabr

Ermənistanın Armavir vilayətində fövqəladə hadisə baş verib. Belə ki, barmaqları kəsilmiş erməni əsgər təcili yardım maşını ilə Armavir Tibb Mərkəzinə yerləşdirilib. Məlumata görə, yaralı şəxs əsgərdir və Armavir vilayətində yerləşən poliqonlarından birində ehtiyatsızlıqdan xəsarət alıb.

7 noyabr

Saat 04:20 radələrində Ermənistanın şimal-şərq istiqamətində yerləşən Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin döyüş mövqeyində silahla davranış qaydalarının pozulması nəticəsində erməni hərbi qulluqçu, kiçik çavuş, 2001-ci il təvəllüdlü Qriqor Sahak Vardanyan ölümcül odlu silah yarası alaraq ölüb.

15 noyabr

Ermənistanın Basarkeçər vilayətində yerləşən hərbi hissələrin birində müqaviləli hərbi qulluqçu ölüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Onun silahla davranış qaydalarını pozması nəticəsində öldüyü bildirilir. 29 yaşlı Gevorq Avetyan noyabrın 15-də yaralanıb, xəstəxanaya çatdırılsa da, sağ qala bilməyib.

24 noyabr

Ermənistan ordusunun hərbi qulluqçuları arasında spirtli içkilərə meyllilik artıq adi hal alıb və bu ölkənin hərbi qurumunun baş bəlasına çevrilib. Beləliklə, Ararat şəhərində, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Mariam Petrosyan içkili vəziyyətdə şəhər əhalisinə qarşı nalayiq hərəkətlərə yol verdiyinə görə, sakinlərin şikayətindən sonra polis bölməsinə aparılıb. Hərbçi olduğu bilindikdən sonra M. Petrosyan hərbi polis əməkdaşlarına təhvil verilib.

****

Ermənistanın şimal-şərqində yerləşən döyüş mövqeyində, saat 14:50 radələrində "N" saylı hərbi hissənin hərbi qulluqçusu, sıravi Suren Romani Avetisyanın (2001-ci il təvəllüdlü) başından ölümcül güllə yarası ilə ölü olaraq tapılıb. Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləsə də, faktla bağlı əlavə məlumat yaymayıb.

16 noyabr

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11:00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.

Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ilə sərhəddə baş vermiş hərbi toqquşma zamanı verdikləri itkilər barədə məlumat açıqlayıb. Noyabrın 17-si səhər saatlarına olan məlumata görə, 1 hərbçi ölüb, 13 hərbçi əsir düşüb, daha 24 hərbçinin taleyi barədə heç bir məlumat yoxdur.

Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyanın məlumatına görə isə təxribatlar zamanı Ermənistan ordusunun 15 hərbi qulluqçusu məhv edilib. Mətbuatda əsirlərin sayının daha çox olduğu bildirilirdi.

****

Noyabrın 16-da Ermənistan Hərbi Hava Qüvvələrinin Gümrü bölgəsindəki ixtisaslaşmış bazasının yaxınlığında partlayış baş verib. Nəticədə 2003-cü ildə anadan olmuş T.U. döş qəfəsindən yaralanıb. O, Gümrüdə xəstəxanaya yerləşdirilib.

****

Ermənistan silahlı qüvvələrinin Xndrzoresk yaşayış məntəqəsində yerləşən hərbi hissənin bölmələrindən birinin cavabdehliyində olan mövqedə partlayış baş verib. Güclü partlayış səsi eşidən mülki şəxslər bundan qorxduqları və narahat olduqları üçün rayon rəhbərliyinə və polis şöbəsinə məlumat veriblər. Xəbərdə bildirilir ki, partlayışdan sonra Xndrzoresk yaşayış məntəqəsində yerləşən 2-ci əlahiddə atıcı taborun Artur D. adlı hərbi qulluqçusu hərbi hospitala təxliyyə olunub. Faktla bağlı araşdırma aparılsa da, rəsmi məlumat verilməyib.

5 dekabr

Saat 21:20 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki "qanunsuz hərbi birləşmə"nin müddətli hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Qor Eduard oğlu Martirosyan naməlum şəraitdə odlu silah yarası alaraq ölüb.

8 dekabr

Saat 23:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin cənub-şərq istiqamətində yerləşən "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Senik Arturoviç Saakyan (2003-cü il təvəllüdlü) xidmət yoldaşı tərəfindən güllələnib. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, onun vəziyyəti son dərəcə ağır olub.

10 dekabr

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Ermənistan Azadlıq Hərəkatının lideri Mika Badalyan özünün “Telegram” kanalında 1 erməni hərbi qulluqçunun öldüyünü, 4-nün yaralandığını bildirib. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə isə təxribata cəhd edən 8 erməni hərbi qulluqçu yaralanıb. Onların 6-sının vəziyyəti ağır olub.

14 dekabr

Qarabağın dağlıq hissəsində yerləşən qanunsuz “hərbi birləşmə”nin komandirlərindən biri ümumi olaraq 2,2 milyon dram mənimsəyib.

****

Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətli hərbi qulluqçusu V.Q. hərbi hissənin hamamında öz səhhətinə ziyan vurub, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ülgüclə sağ və sol əllərinin bilək hissələrini kəsib, sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirib.

28 dekabr

Ermənistanın Şirak vilayətində avtomobil qəzası baş verib. Saat 22:30 radələrində Gümrü şəhərinin Xrimyan Hayrik-Xancyan küçələrinin kəsişməsində "Toyota Rav4" markalı avtomobillə Ermənistan Müdafiə Nazirliyinin balansında olan "Kamaz" markalı yük maşını toqquşub. Qeyd olunub ki, zərərçəkən yoxdur, polis sürücülərin kimliyini öyrənir.

29 dekabr

Saat 19:50 radələrində İcevan-Berd avtomobil yolunun 34-cü kilometrliyində "VAZ 21099" markalı avtomobillə Ermənistan Müdafiə Nazirliyinin balansında olan "Kamaz" markalı yük maşını toqquşub. Məlumata görə, qəza nəticəsində 5 nəfər bədən xəsarətləri ilə "İcevan" tibb mərkəzinə yerləşdirilib. Polis və hərbi polis sürücülərin və yaralıların kimliyini müəyyənləşdirir. Qeyd olunur ki, yaralılardan ikisinə "İcevan" tibb mərkəzində lazımi tibbi yardım göstərilib və təcili tibbi yardım maşını ilə İrəvan xəstəxanalarından birinə aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin