İndoneziya Rusiya təyyarələrini almaqdan imtina edir, ABŞ və Fransaya üz tutur

2021/12/DQPP6-1640244173.jpg
Oxunub: 1413     17:21     23 Dekabr 2021    
İndoneziya Rusiyadan döyüş təyyarələrini almaqdan imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Fadjar Prasetyo məlumat yayıb.

Ölkə indi ABŞ-ın “Boeing” şirkətinin F-15EX “Eagle II” və Fransanın “Dassault” şirkətinin “Rafale” qırıcılarından birinə qərar verəcək.

Prasetyo bildirib ki, ölkəsi 4,5 nəsil orta və ya ağır çəkidə qırıcı axtarır. O, İndoneziyanın büdcədən asılı olaraq iki və ya üç eskadrilya dəyərində döyüş təyyarəsi istədiyini bildirib.

Prasetyo həmçinin bildirib ki, İndoneziyanın Su-35 almaq planından imtina etməsi ağır qərardır. Ölkə 2015-ci ildə Rusiyadan iki mühərrikli, tək oturacaqlı qırıcı almağa qərar vermişdi, lakin 2018-ci ildə Rusiya ilə danışıqlar zamanı 11 təyyarənin tədarük edilməsini nəzərdə tutan müqavilə imzalamayıb.

İndoneziya bunu açıq şəkildə deməsə də, Su-35-dən imtina edilməsi ABŞ-ın sanksiyalar vasitəsilə Amerikanın düşmənlərinə qarşı mübarizə qanunu (CAATSA) çərçivəsində sanksiyalara səbəb ola biləcəyindən narahat olması ilə əlaqədardır. Qanun 2017-ci ildə Konqres tərəfindən qəbul edilib və hökumətləri və ya qurumları İran, Şimali Koreya və Rusiya kimi Amerika düşmənlərindən silah, eləcə də hərbi texnika və hissələri əldə etməkdən çəkindirmək üçün nəzərdə tutulub.

Prasetyo qeyd edib ki, İndoneziya F-15EX-i seçərsə, çoxməqsədli qırıcının tədarükü 2027-ci ildə başlaya bilər.

Yeni qırıcı İndoneziyanın F-16C/D və Su-27/30 təyyarələri ilə birlikdə xidmət göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Rusiya   ABŞ   Qırıcı  


Bizi "telegram"da izləyin