Ordu.az xəbər verir ki, Cənubi Uelsdəki “Williamtown” aviabazasında keçirilən vida mərasimində Avstraliya Müdafiə naziri Peter Dutton, Hərbi Hava Qüvvələrinin Baş Marşalı, müxtəlif aviatorlar və sənaye tərəfdaşları iştirak ediblər.
Mərasimdə F/A-18A/B döyüş təyyarələri iştirak edib və uçuşlar həyata keçirib.
Bu bazada yerləşən eskadriliyadakı təyyarələr F-35A qırıcıları ilə əvəz ediləcək. F-35A-ların 2022-ci ildən etibarən gəlməsi gözlənilir.
Rəsmilər “Hornet”lərin təxminən 408.000 uçuş saatına çatdığını və onları F-35A “Lightning II” kimi müasir döyüş şərtlərinə daha uyğun olan döyüş təyyarəsi ilə əvəz etməyin vaxtının gəldiyini bildirib.
Qeyd edək ki, Avstraliya uçuş müddətini başa vurmuş “Mirage III” qırıcılarını əvəz etmək üçün 1980-ci illərdə iki mühərrikli F/A-18A/B “Hornet” döyüş təyyarəsinə üstünlük verib və onu öz inventarına əlavə edib.
Təxminən 2,8 milyard ABŞ dolları dəyərində müqavilə ilə 57 ədəd tək yerlik F/A-18A və 18 ədəd iki yerlik F/A-18B döyüş təyyarəsi Avstraliya ordusuna təhvil verilib.
Sevinc Əliyeva
Ordu.az