NYT: ABŞ İsrailə xəbərdarlıq edir - İranın nüvə proqramına hücumlar məhsuldar deyil

2019/07/15644-1564492938.jpg
Oxunub: 1320     17:20     23 Noyabr 2021    
ABŞ rəsmiləri İsrailə xəbərdarlıq ediblər ki, İranın nüvə proqramına qarşı hücumları məhsuldar deyil və bu hücumlar Tehrana daha səmərli uran zənginləşdirmə sistemini yenidən qurmağa imkan verib.

Ordu.az xəbər verir ki, bu barədə “New York Times” nəşri yazıb.

ABŞ-ın İranı nüvə sazişinə qaytarmağa çalışdığı bir vaxtda Vaşinqton və Təl-Əviv arasındakı pərdəarxası müzakirələrlə tanış olan rəsmilərə istinad edildiyi məqalədə deyilir ki, ABŞ-ın İranı nüvə sazişinə qaytarmağa cəhd etməyə davam etməsi fonunda İsrail rəsmiləri amerikalıların xəbərdarlıqlarını nəzərə almayacaqlarını və hücumlardan imtina etmək niyyətlərinin olmadıqlarını bildiriblər.

Son 20 ayda İranın nüvə obyektlərində İranın nüfuzlu nüvə aliminin öldürülməsi ilə yanaşı, İsrail tərəfindən törədildiyi ehtimal edilən dörd partlayışın baş verdiyinə diqqət çəkən məqalə müəllifi qeyd edir ki, ABŞ rəsmiləri israilli həmkarlarına bu cür addımların ancaq taktiki baxımdan qənaətbəxş ola biləcəyini, lakin son nəticədə məhsuldar olmadığını bildiriblər.

Uranın zənginləşdirildiyi zavodların fəaliyyətinin dayanmasına məcbur edən və onlarla sentrifuqanı məhv edən partlayışlardan sonra amerikalılar qeyd ediblər ki, İran aylar ərzində zənginləşdirməni bərpa etməyi bacarıb və uranı daha sürətli zənginləşdirə bilən yeni maşınlar quraşdırıb.

Bununla belə, rəsmilər bildiriblər ki, İsrailin bu arqumentlərdən təsirlənmədiyi görünür və bu, ABŞ və İsrailin Tehranın nüvə silahı yaratmaq cəhdinin qarşısını almaq səyləri ilə bağlı fikir ayrılığına düşdüyü sahələrdən biridir.

Məqalədə deyilir ki, məsələni daha da çətinləşdirən fakt İranın özünün müdafiəsini, xüsusən də kiber sahədə təkmilləşdirməyə nail olmasıdır. Natanz nüvə zənginləşdirmə sahəsində yerləşdirilən sentrifuqaları bir ildən çox müddətə sıradan çıxaran Stuxnet hücumu kimi kiberhücumlar, iddilara görə, ABŞ-İsrailin birgə səyidir.

İndi əsas narahatlıq İranın nüvə silahı yaratmağa nə qədər yaxınlaşması ilə bağlıdır.

İranın noyabrın 29-da Vyanada dünya gücləri ilə danışıqlara başlaması fonunda Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın yüksək zənginləşdirilmiş uran ehtiyatını yenidən artırdığını bildirib.

MAQATE-nin hesabatında deyilir ki, noyabrın 6-da İranın anbar ehtiyatı dünya gücləri ilə razılaşmada nəzərdə tutulan həddi dəfələrlə üstələyib. Bu cür yüksək zənginləşdirilmiş uran asanlıqla atom silahı hazırlamaq üçün istifadə edilə bilər, buna görə də dünya gücləri Tehranın nüvə proqramını cilovlamağa çalışırlar.

Vyanada yerləşən agentlik üzvlərə bildirib ki, Tehranın bu ilin əvvəlində BMT müfəttişlərinə tətbiq etdiyi məhdudiyyətlər səbəbindən İranın zənginləşdirilmiş uran ehtiyatını hələ də dəqiqləşdirə bilmir.

MAQATE fevral ayından etibarən İranın nüvə obyektlərinin və ya onlayn zənginləşdirmə monitorlarının və elektron möhürlərin müşahidə görüntülərinə daxil ola bilmir.

NYT-nin bazar günü verdiyi xəbərdə deyilir ki, İran razılaşmadan imtina etdikdən sonra bomba əldə etmək müddətini təxminən bir ildən bir neçə həftəyə qədər azaltmağa nail olub. ABŞ rəsmiləri açıq şəkildə xəbərdarlıq ediblər ki, İranın pozuntuları 2015-ci il müqaviləsinə əvvəlki kimi geri dönmə ehtimalını getdikcə çətinləşdirir.

ABŞ son günlər müttəfiqlərini inandırmağa çalışır ki, diplomatiya uğursuz olarsa, başqa variantlar da mövcuddur.

“Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsinin qarşısını almağa sadiqdir. Və biz nüvə məsələsinin diplomatik yollarla həll edilməsinə sadiq qalırıq. Ancaq İran ciddi şəkildə həll etmək istəməsə, o zaman ABŞ-ın təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün variantları nəzərdən keçirəcəyik”, - deyə ABŞ-ın müdafiə naziri Lloyd Oustin Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən keçirilən tədbirdə bildirib.

İsrail isə daha birbaşa davranır, dəfələrlə İranın nüvə proqramına hücum edəcəyi barədə xəbərdarlıq edib və potensial zərbəyə hazırlaşmaq və təlim keçmək üçün orduya milyardlarla dollar ayırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin