Ceyhun Bayramov: "Türk Şurasına üzv olmaq istəyən dövlətlərin sayı artır"

2021/09/mhm-1632733381.jpg
Oxunub: 897     13:13     17 Noyabr 2021    
“Türkiyə-Azərbaycan münasibətləri bütün dünya, o cümlədən türk dövlətləri üçün nümunədir”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Anadolu" Agentliyinə müsahibəsində deyib.

"Biz tarixi bir qərarla Türk Şurasının adını dəyişərək Türk Dövlətləri Təşkilatı qoyduq. Bu təşkilata həm region ölkələrinin, həm də digər ölkələrin marağının artdığını görürük. Bundan əlavə, təşkilata müşahidəçi üzv kimi daxil olmaq istəyən dövlətlərin sayı da artır. Bunun bir çox səbəbi var. Ən vacib və ilk səbəbi isə Türkiyənin artan nüfuzu, çox uğurlu və prinsipial xarici siyasətidir.

Bu, dünya miqyasında mühüm bir amildir və bütün dünya bunu qəbul edir. Türk dünyasındakı ölkələrin yaxınlaşması, daha səmimi əlaqələr qurması, hətta bütün dünya dövlətləri ilə əlaqələri inkişaf etdirməsi çox vacibdir. Mən tərəddüd etmədən deyə bilərəm ki, Türkiyə-Azərbaycan münasibətləri bütün dünya, o cümlədən türk dövlətləri üçün nümunədir. Dünyada eyni dilə, eyni tarixə, eyni mədəniyyətə sahib çoxlu dövlətlər var. Amma Türkiyə-Azərbaycan münasibətləri səviyyəsində ikinci bir nümunə yoxdur və belə bir nümunə göstərilmir. Biz bunu bilirdik, lakin Azərbaycanın Vətən müharibəsində Türkiyənin dəstəyi bunu bir daha sübut etdi. Dolayısı ilə “Bir millət, iki dövlət” sözünün sadəcə bir ifadədən ibarət olmadığı çox aydın şəkildə anlaşıldı və bütün dünya bunu gördü və şahid oldu", -deyə Azərbaycan XİN rəhbəri bildirib.

Ceyhun Bayramov Azərbaycanın Vətənin müdafiəsində başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün türk xalqından dəstək aldığını və bu dəstəyin Azərbaycana böyük güc verdiyini və nəticə etibarilə qələbəyə apardığını bildirib: "Azərbaycanın qələbə əldə etməsi və Türkiyə ilə münasibətləri nəticəsində bu gün Cənubi Qafqazda yeni reallıq yaranıb. Bunu hər kəs qəbul edir və edəcək. Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb. 30 ildir işğal altında olan, yerlə yeksan edilən, 1 milyona yaxın vətəndaşımızın didərgin düşdüyü o torpaqların yenidən qurulması, bərpası, minalardan təmizlənməsi kimi böyük bir iş bizi gözləyir. Bir ildə bu istiqamətdə böyük işlər görülüb. Söhbət illəri əhatə edən tənzimləmələrdən deyil, aylar çəkən işlərdən gedir. Aylar sonra məcburi köçkünlərin ilk hissəsi öz torpaqlarına geri qayıdacaq. Bu mübarizədə də Türkiyə hamıdan əvvəl və ilk gündən etibarən Azərbaycanın yanında oldu. Türkiyədəki dostlarımız, tərəfdaşlarımız və iş adamları həm minaların təmizlənməsində, həm də ərazinin inkişaf etdirilməsində liderlik edirlər. Bundan başqa, Azərbaycana dost olan dövlətlər də bu işlərdə iştirak edirlər".

İyunun 15-də Şuşa şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanan Şuşa bəyannaməsinin Türkiyə-Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdırdığını vurğulayan Ceyhun Bayramov qeyd edib ki, bu, son dərəcə mühüm və tarixi bir hadisədir: "Gələcəkdə bunun nəticəsinin şahidi olacağıq. Mən Türkiyənin həmişə olduğu kimi, bundan sonra da güclü və qüdrətli olmasını istəyirəm. Türkiyənin təkcə regionda deyil, həm də dünyanın qabaqcıl dövlətləri sırasında uğurla irəliləməsini arzu edirəm. Bu, hər birimiz üçün sevinc və qürur mənbəyidir. Bunu həm öz adımdan, həm də Azərbaycanda yaşayan hər bir vətəndaşın adından deyirik və arzulayırıq. Çünki Azərbaycan və türk xalqının ürəyi eyni döyünür”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Türk-Şurası  


Bizi "telegram"da izləyin