“Zəngəzur dəhlizinin yaradılması regionda əməkdaşlığı daha da gücləndirəcək”

2021/09/zenge-1632457453.jpg
Oxunub: 763     12:12     11 Noyabr 2021    
“Bir neçə gün öncə, 8 noyabr tarixində Zəfərimizin birinci ilini qeyd etdik. Münaqişənin başa çatması ilə əlaqədar Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Bundan sonra regionda proseslər yaranmış yeni reallıqlar əsasında inkişaf edəcək. Dünya birliyinin bu inkişafa dəstəyi regionda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edə bilər”.

Xarici İşlər Nazirliyindən (XİN) Ordu.az-a verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı xüsusilə regionda kommunikasiya xətlərinin açılması ilə əlaqədar olan 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatı ilə daha da inkişaf etdirilmiş, regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başlanılıb: “Nəqliyyat, kommunikasiya, infrastruktur layihələri iştirakçı dövlətlərin hər birinin maraqlarına uyğun gəlir. Əminəm ki, bu, regionda sülh, təhlükəsizlik və inkişafa töhfə verəcək və bütün türk dünyası, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaqdır. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən çox önəmli Zəngəzur dəhlizinin yaradılması əməkdaşlığı daha da gücləndirəcək, habelə ticarət dövriyyəsinin artmasına xidmət edəcəkdir. Ümid edirik ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Nazir qeyd edib ki, ölkəmizin işğaldan azad edilmiş ərazilərində irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir: “Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir, bütün bu işləri öz maddi imkanları hesabına görür. Dost ölkələrin şirkətlərinin qeyd olunan yenidənqurma işlərində iştirakı bizim üçün önəm kəsb edir. Bu kontekstdə, cari ilin sentyabrında Bakıda, eləcə də Budapeştdə baş tutmuş Türk Şurasının biznes forumları əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, əsas çətinlik azad edilmiş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. Müharibə bitdikdən bu günə qədər minaların partlaması səbəbindən 33 nəfər həlak olmuş, 134 nəfər isə yaralanmışdır.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması ölkəmizin əsas prioritetlərindəndir, dost ölkələrin şirkətlərinin bu prosesdə yaxından iştirakı önəmlidir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin