Lavrov Azərbaycan və Ermənistandan olan həmkarı ilə nə danışıb?

2021/10/kapak-1633350783.jpg
Oxunub: 1190     15:24     10 Noyabr 2021    
Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı apardı.

Rəsmi açıqlamaya görə, XİN rəhbərləri Qarabağ məsələsini, üçtərəfli bəyanatı müzakirə ediblər.

Lavrov həmin gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla da telefon danışığı aparıb. Nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Rusiya Xarici İşlər naziri Lavrovun həm Ermənistan, həm də Azərbaycanın Xarici İşlər nazirləri ilə telefon danışıqlarına dair rəsmi açıqlamalarında deyilir ki, nazirlər Qarabağ zonasında atəşkəs, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Üçtərəfli Bəyanatın qəbulunun ildönümü ərəfəsində fikir mübadiləsini davam etdiriblər.

Rusiya tərəfinin bildirdiyinə görə, Lavrov və Mirzoyan “Rusiya-Ermənistan müttəfiq əməkdaşlığının aktual məsələləri, regional və beynəlxalq məsələlərin müəyyən aspektləri”nə də toxunublar, Rusiya XİN rəhbəri isə Azərbaycanla “ikitərəfli münasibətlərin aktual məsələləri və regional gündəliyi” müzakirə edib.

Zəfər Günü Azərbaycanda bayram qeyd olunub, hətta Şuşada atəşfəşanlıq olub. Qalib yürüş iştirakçıları Azərbaycanın nəhəng bayraqları ilə küçələrdən keçib. Tədbirlərdə Azərbaycanla yanaşı, Türkiyə, İsrail və Pakistanın da bayraqları azərbaycanlılar tərəfindən qürurla dalğalandırılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi 44 günlük müharibədə qələbənin bir illiyi münasibətilə təbrik edib, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıb. İlham Əliyev bir daha qələbədə Türkiyə prezidentinin qətiyyətli mövqeyini, müharibənin ilk günlərindən verdiyi bəyanatları vurğulayaraq göstərilən dəstəyi yüksək qiymətləndirib. İlham Əliyev bildirib ki, bu bəyanatlar “dünyaya göstərdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır.

Türkiyə Müdafiə naziri Hulusi Akar Bakıda 44 günlük müharibənin nəticələri və regionda yeni dövrün başlanması ehtimalı barədə danışıb. Akarın sözlərinə görə, Azərbaycanın 44 günlük müharibədə qələbə çalmasından sonra Qafqazda davamlı sülhün bərqərar edilməsi məqsədi daşıyan yeni mübarizə başlayıb. Türkiyə Müdafiə nazirinin sözlərinə görə, sülhün daimi bərqərar olması istiqamətində gələcəyə hesablanmış ən mühüm addım 2021-ci ildə imzalanmış “Şuşa bəyannaməsi”dir. Akarın sözlərinə görə, Türkiyə və Azərbaycan prezidentləri sabitlik və əməkdaşlığa əsaslanan yeni dövrün qapısını açıblar.

Akar bu kontekstdə “6-lıq platforması” mövzusuna toxunub.

“Biz gözləyirik ki, Ermənistan hakimiyyəti indiki siyasətlərini bir kənara qoyub bu tarixi fürsəti, o cümlədən bizim “6-lıq Platforma” sı təklifimizi dəyərləndirəcək. Artıq hər kəs bilməlidir ki, nifrət üzərində gələcək qurmaq mümkün deyil. Ermənistan düşmənçilikdən əl çəkməli və gələcəyə baxmalıdır”, - deyə Akar vurğulayıb. O, həmçinin bildirib ki, Türkiyə üzərinə düşən tarixi məsuliyyətə əsaslanaraq, regionda sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirəcək. Akar Türkiyənin qardaş Azərbaycanın yanında olmağa davam edəcəyini də təkrarlamağı unutmayıb.

Azərbaycanda Zəfər Günü tədbirləri keçirilən zaman isə Ermənistanda məğlubiyyət günündə müxalif partiyalar mitinqlər keçirib və Paşinyana qarşı müqavimət hərəkatı formalaşdırılıb.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin