İsrail HHQ-yə daha 3 ədəd F-35I qırıcıları təhvil verilib

2021/09/FAOgD-1632816027.jpg
Oxunub: 957     14:19     29 Sentyabr 2021    
İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) daha üç ədəd beşinci nəsil F-35I “Adir” döyüş təyyarələri təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri “Twitter”dəki rəsmi səhifəsində məlumat yayıb.

Yeni qırıcılar İsrailin cənubundakı Nevatim aviabazasına gəlib. Təyyarələrin hamısı 116-cı “Cənub Aslanları” eskadriliyası tərəfindən istifadə olunacaq və İsrail səmalarını qorumaq missiyasına töhfə verəcək.

2010-cu ilin oktyabrında İsrail ABŞ-la müqavilə imzalayaraq F-35 döyüş təyyarələrini tədarük edən ilk ölkə olub. Ümumilikdə 50 ədəd F-35 sifariş verən İsrail ordusu ilk F-35-i 2016-cı ildə əldə edib. İsrail 50 ədədə əlavə olaraq 25 ədəd F-35 sifariş etməyi planlaşdırır. Ümumilikdə İsrail tərəfindən sifariş edilmiş F-35 təyyarələrinin tədarükünün 2024-cü ilə qədər başa çatdırılması gözlənilir.

“Adir” əsasən F-35A-ya bənzəsə də, İsrailə xas olan bəzi xüsusiyyətləri mövcuddur. Mühərrik və kritik hissələr də daxil olmaqla təyyarələrin öz ölkəsində saxlanılması üçün ABŞ-dan təminat alan tək ölkə İsraildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HHQ   F-35I  


Bizi "telegram"da izləyin