Ordu.az-ın məlumatına görə, Azərbaycan Televiziyasının operatoru.Sirac Abışov 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı şəhərində anadan olub. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb, Sumqayıt şəhərində yaşamağa başlayıb.
O, 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Bir övladı olan Sirac Abışov 4 iyun tarixində Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən partlayış zamanı şəhid olub.
Hadisə zamanı Siracla yanaşı Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub. Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.
Sirac Abışov 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə şəhid jurnalistimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Ordu.az