Ordu.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 102-ci ildönümünü böyük təntənə ilə qeyd edən qalib ölkənin sərhədçilərini peşə bayramı münasibətilə təbrik edib.
Dövlətimizin müstəqilliyinin keşiyində hər zaman şərəflə dayanan Azərbaycan sərhədçilərinin 44 günlük haqq savaşında da Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri, Vətən müharibəsinin ilk günündən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmələri, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmələri, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağımızı sancmaları, Ermənistanla dövlət sərhədində strateji yüksəklikləri azad etmələri, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin azad olunmasında Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və igidlik nümunələri göstərmələri qeyd olunub.
Dünyanın aparıcı ordularının, hərbi-strateji araşdırma mərkəzlərinin tədqiqat mövzusuna çevrilmiş, müasir müharibə aparma təcrübəsində yenilik kimi tarixə düşmüş AN-2 təyyarələrinin modifikasiya olunmaqla pilotsuz uçuş vasitəsi kimi tətbiqi, müasir hərbi texnologiyalar, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarının sinxronlaşdırılmış istifadəsi nəticəsində müharibənin ilk günlərindən Qarabağ səmalarına hakim olmağımız qürurla vurğulanmış, “Açıq səma” adlı bu döyüş əməliyyatının xüsusilə vacib olması qeyd olunub.
Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən "Toçka-U", “Elbrus” (SKAD) operativ–taktiki raket kompleksləri, “S-300”, “KRUQ”, “OSA” “KUB”, “TOR” zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələrinin məhv edildiyi, ümumilikdə 290 düşmən hədəfinin, çoxsaylı canlı qüvvəsinin zərərsizləşdirildiyi qeyd edilib.
Ordu.az